Heydər Əliyev Sumqayıtda - 20 il əvvəl...

 

Unudulmaz xatirə

 

Yayın qızmar bir günü idi – 2001-ci ilin 7 iyulu. Bütün sumqayıtlılar həmin günü böyük maraqla, səbrsizliklə gözləyirdilər. Şəhərdə hamı qabaqcadan bilirdi ki, yaxın günlərdə ölkə rəhbəri, Ulu öndər Heydər Əliyev Sumqayıta gələcək, Etilen-polietlen zavodunda yeni inşa edilmiş nəhəng, unikal bir enerji qurğusunun – Yaponiyadan iki il əvvəl alınaraq gətirilmiş Buxar-generator Kompleksinin açılşında iştirak edəcək.

...Neçə vaxt idi ki, şəhərdə ölkə rəhbərinin gəlişi münasibətilə geniş hazırlıq işləri görülürdü. Kimyaçılarla yanaşı Sumqayıtın digər sakinləri də dahi rəhbəri salamlamaq, onu yaxından görmək arzusu ilə həmin gün tədbirin başlanmasından hələ xeyli əvvəl zavoda tərəf axışırdı.

O vaxt mən cəmi bir həftə idi ki, çalışdığım “Bakinets” qəzetindən “Azərikimya” Dövlət Şirkətinə Mətbuat xidməti rəhbəri vəzifəsinə işə dəvət olunmuşdum. Həmin gün bizi o tədbirə aparan avtobusda hamının üzündə sevinc və fərəh, respublika başçısı ilə görüşə böyük bir maraq hiss edilirdi. Baxmayaraq ki, əvvəllər də Heydər Əliyev, demək olar ki, hər iki ildən bir Sumqayıta gəlirdi, şəhər sakinlərində onu bu doğma şəhərdə yenidən görmək həvəsi yenə də güclü idi. Və o gün hamı, xüsusilə də gənclər dahi rəhbəri, xalqımızın böyük, müdrik xilaskarını görməyə tələsirdilər. Lakin əvvəlcədən nəzərdə tutulduğu kimi, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulduğundan avtobus bizi ancaq şəhərin İstilik-elektrik stansiyasının yanına kimi apardı. Orda avtobusdan düşərək, piyada  getməli idik. Hava isə çox isti idi - 42 dərəcədən çox olardı. Günəşin yandırıcı şüalarına dözmək asan olmasa da, sumqayıtlılar, o cümlədən “Azərikimya”nın idarə-aparat işçiləri deyə-gülə, əllərində Ulu öndəri salamlayan plakatlar və gül dəstələri yollarına davam etməkdə idilər.

Bir vaxtlar Heydər Əliyevin bilavasitə təşəbbüsü və iradəsi sayəsində Çexoslovakiyadan alınıb, Etilen-polietlen zavodunda quraşdırılaraq fəaliyyət göstərən EP-300 kompleksinin yaxınlığında “Azərikimya”nın tarixində ilk dəfə olaraq inşa edilmiş müstəqil Buxar-generator qurğusunun buraxılışına o gün yalnız kimyaçlar deyil, həm də kimya sənayesi ilə heç bir əlaqəsi olmayan şəhər sakinləri də sevinirdilər. Və buna hər birinin öz haqqı, öz səbəbi vardı. Kimyaçıların sevincinə səbəb bütün “Azərikimya” müəssisələrinin bundan sonra tam fasiləsiz və etibarlı  olaraq həm elektrik, həm də istilik enerçisi ilə təmin olunacağı idisə, şəhər sakinlərinin fərəhi isə əvvəllər kimya müəssisələrini fasiləsiz enerji ilə təmin etmək naminə şəhərin hər iki İstilik-elektrik stansiyasından (İES) mənzillərə verilən elektrik enerjisinin yanacaq qıtlığı üzündən baş verən kəsilmələrinə son qoyulacağı ümidi ilə bağlı idi.

 

Yeni kompleksin inşası hansı zərurətdən yarandı?

 

Məsələ onda idi ki, fəaliyyətdə olan hər iki Sumqayıt istilik-elektrik stansiyası uzun illərin istismarı nəticəsində həm fiziki, həm də mənəvi baxımdan xeyli köhnələrək, sıradan çıxmaqda idi. Son zamanlar vahid elektrik və istilik enerjisi istehsalına sərf olunan yanacaq sərfi isə (əsasən mazut) normadan xeyli artıq idi. Bu isə həm İES-lərin özlərinin, həm da kimya müəssisələrinin məhsul istehsalının maya dəyərinin artmasına, onların ziyanla işləməsinə səbəb olurdu. İES-lərdə yanacaq kimi istifadə olunan mazutun təminatında olan ara-sıra problemlər üzündən kimya müəssisələrinə verilən elektrik enerjisinin tez-tez kəsilmələri kimya məhsullarının keyfiyyətinə də mənfi təsir edir, texnoloji rejimin pozulması nəticəsində çıxdaş, zay məhsulun həcmi artırdı. Keyfiyyətə mənfi təsir edən amillərdən biri isə İES-lərdən kimya zavodlarına nəql edilən istilik enerjisi borularının çox yerdə qəzalı, çürümüş-deşilmiş vəziyyətdə olması, buxar sızmalarının çox olması idi ki, bunun da nəticəsində texnoloji prosesə verilən istiliyin temperaturu nəzərdə tutulduğundan xeyli aşağı olurdu. Bu isə təmiz məhsul çıxımına həm keyfiyyətcə, həm də kəmiyyətcə mənfi təsir göstərirdi.

 

Müəssisələrə İES-lər tərəfindən daha çox diqqət yetirildikdə isə şəhərin ayrı-ayrı mikrorayon və məhəllələrini qış mövsümündə elektrik enerjisi ilə növbə üzrə təmin etmək lazım gəldiyindən sosial təyinatlı müəssisələr, o cümlədən uşaq baxçaları, xəstəxanalar, təhsil müəssisələri bəzən işıqsısz qalır,  əhali arasında haqlı narazılıqlar yaranırdı.

Azərbaycanın hər bir bölgəsi sanki barmaqlarında döyünən, daim öz xalqının qayğıları ilə yaşayan, bütün səyi ilə onun problemlərinin həllinə çalışan Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin çətinliklərinə, ölkənin ağır iqtisadi vəziyyətinə baxmayaraq, sumqayıtlıların, o cümlədən kimyaçıların problemlərinə biganə qala bilməzdi.  Ancaq vəziyyətdən necə çıxmaq olardı? Mövcud olan, lakin dövrün tələblərinə cavab verməyən, mənəvi cəhətdən köhnəlmiş İES-ləri əsaslı təmir etməkmi, yoxsa yeni enerji mənbəyi axtarıb-tapmaq, onun inşasına başlamaqmı? Təbii ki, hər zaman yenilik, mütərəqqi texnologiya tərəfdarı olan müdrik rəhbər birinci yox, ikinci variantı seçəcəkdi. Ancaq o dövrdə ölkənin iqtisadi vəziyyəti o dərəcədə ağır idi ki, bu variantların ən ucuz başa gələnini belə maliyyələşdirməyə respublikanın real imkanı yox idi. O zaman bu sahə üçün investor tapmaq da müşkül məsələ idi. Belə bir vaxtda Heydər Əliyev müdrikliyi bir daha özünü göstərdi. Elm və texnologiyaların son nailiyyətləri əsasında yaradılan, müasir və daha effektli mobil enerji kompleksi almağa qərar verən Ulu öndər bu məqsədlə çox düzgün olaraq üzünü ilk növbədə Qərbə - Avropa ölkələrinə deyil, qoca Şərqin yüksək texnologiyalar vətəni olan Yaponiyaya tutdu. Və bu səbəbsiz deyildi...

 

Yaponiya Şərq dünyasının müdrik oğlunu

böyük maraq və təntənə ilə qarşıladı

 

Hələ respublikaya rəhbərlik etdiyi 1970-75-ci illərdə Heydər Əliyev özünün təşəbbüsü ilə Bakıda Kondisioner zavodunun, Sumqayıtda isə Kompessorlar zavodunun əksər avadanlığının Yaponiyadan alınmasına nail olmuşdu və o vaxtdan etibarən onun Gündoğar ölkənin rəhbərliyi, nüfuzlu şirkət rəhbərləri ilə işgüzar, səmimi münasibətləri vardı. Və dahi rəhbər əmin idi ki, Yaponiya Azərbaycana yüksək texnologiya əsasında hazırlanmış müasir bir enerji kompleksinin kreditlə verilməsinə razı olacaqdır. Belə də olur. 23 fevral 1998-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət başçısı kimi Tokioya yola düşən Ulu öndər orada beş gün ərzində Yaponiyanın İmperatoru əlahəzrət Akixito və o vaxtkı baş nazir R.Haşimoto ilə, həmçinin  ölkənin bir-çox şirkətlərinin, o cümlədən bütün dünyada məşhur olan “Niçimen Korporeyşn” və “Çiyodo Korporeyşn” şirkətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirərək, “Azərikimya” üçün Buxar-generator qurğusunun hazırlanaraq Azərbaycana göndərilməsi üçün razılıq əldə edərək, müvafiq dövlətlərarası sazişin imzalanmasına nail olur.  Heydər Əliyev Tokioda olarkən respublikamızın digər sahələrinin inkişafı üçün də gərgin və səmərəli danışıqlar aparır. Təsadüfi deyildi ki, Yaponiyanın Baş naziri ölkəmizin rəhbəri ilə görüşündə təəccübünü gizlətməyərək demişdi: ”Cənab Prezident Heydər Əliyev, Yaponiyaya bir-çox dövlət başçıları səfərə gəlirlər. Lakin Sizin bu rəsmi səfərinizə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən belə dərin maraq Yaponiyada nadir hallardan biridir. Məndə Sizin kerçirdiyiniz görüşlərin siyahısı vardır. Belə gərgin işiniz məndə heyrət doğurur”. Bu, dünyanın ən qabaqcıl, yüksək inkişaf etmiş bir ölkəsinin başçısının Ulu öndərimizin cəmi beş günlük görüşləri, onun gərgin, yorulmaz fəaliyyəti haqqında söylədiyi fikirlərdir. Və bir azərbaycanlı kimi dahi rəhbərimizin fəaliyyətinin bu cür qiymətləndirilməsinə necə sevinməyəsən, qürur hissi keçirməyəsən?!.

Ulu öndərin Yaponiyaya səfərinin nəticəsi olaraq ilk dəfə xaricdən dövlət zəmanəti, əslində Heydər Əliyev şəxsiyyətinin zəmanəti ilə hazırlanmış unikal enerji kompleksi artıq bir ildən sonra -  1999-cu ilin əvvəllərində Sumqayıta gətirilmişdi. Qurğunun martın 24-də keçirilən təməlqoyma mərasimində iştirak edən Heydər Əliyev tədbirdə sevinc və qürur hissi ilə enerji kompleksinin müstəqil Azərbaycanın tarixində xaricdən alınan ilk qurğu olduğunu qeyd edərək, demişdi: “Bizim məqsədimiz sənaye müəssisələrini müasir tələblərə, bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqdan və bunlara yeni həyat verməkdən ibarətdir”. Və ölkə rəhbəri kimyaçılara və yapon mütəxəssislərinə yeni qurğunun inşasını sürətlə, həm də keyfiyyətlə apararaq, işi uğurla başa çatdırmağı arzulayır. Ulu öndərin bu tövsiyəsini mühüm tapşırıq kimi qəbul edən kimyaçılar yapon mütəxəssislərlə birgə gecə-gündüz çalışaraq, kompleksin tikintisinin sürətlə aparılmasına nail olurlar. Yüzlərlə kimyaçı və inşaatçı, o cümlədən 19 il “Sintezkauçuk” zavodunun baş mühəndisi olmuş texnika elmləri doktoru Əbülfəz Babayev, müxtəlif sahələrin texniki rəhbərləri olan Əziz Nəbiyev, Zakir Əsədov, Nizami Əzizov, Vəli Pənahəliyev, Rza Rzayev və digərləri obyektin tikintisinin, avadanlıqların buraxılış-tənzimləmə işlərinin uğurla başa catdırılması üçün böyük səylə, fədakarlıqla çalışırlar. Və artıq 2001-ci ilin iyulunun ilk günlərində yeni enerji komplesi bütünlüklə istismara hazır olur. İyulun 7-də isə Ulu öndər öz təşəbbüsünün bəhrəsi olan Buxar-generator qurğusunun təntənəli açılışında iştirak etmək, sevincini kimyaçılarla bölüşmək üçün onların dəvəti ilə Sumqayıta növbəti – 15-ci səfərini edir.

 

Ulu öndər sevgisi, onu yenidən görmək arzusu

 

Hamının böyük həvəslə, sevinclə Ulu öndərin görüşünə tələsdiyi anda qəfildən “Azərbaycan kimyaçısı” qəzetinin redaktoru, respublikanın tanınmış yazıçı-publisisti Feyzi Mustafayevin səhhəti günvurmadan pisləşir. Onun irəli getməyə taqəti olmadığını, yerində güclə dayandığını görüb, hamı həyəcanla onun başına yığışdı. Yaxşı ki, bizimlə gedənlərin arasında həkim də vardı və o, cəld Feyzi müəllimə yaxınlaşaraq, lazımi ilkin yardım göstərdi. Hardansa içmək və üzünə vurmaq üçün su da tapıldı. Bir qədər özünə gəldikdən sonra Feyzi müəllim Ulu öndəri bir daha görmək, həm də həmin tarixi tədbirlə bağlı yazı hazırlamaq məqsədilə yoluna davam etmək istədi. Həkim buna qəti etiraz etsə də, həmişə inadkar və qərarında israrlı olan Feyzi müəllim yavaş-yavaş addımlayaraq getməyə başladı. Ancaq hiss olunurdu ki, onsuz da səhhətində problem olan redaktor günəşin yandırıcı şüaları altında yolu axıracan gedə bilməyəcək və onun “tərsliyi” çox ağır nəticələr verə bilər. Axı, o, yolu başa vura bilsəydi belə, hələ qızmar gün altında ən azı bir saat tədbirin gedişini izləməli, çıxışlara qulaq asmalı idi. Onun o cür ağır vəziyyətdə belə “narahat olmayın, ötüb-keçər” deyərək, daha çox inadkarlıq etməsinə səbəb isə həmişə düzgünlük, haqq-ədalət tərəfdarı, zəhmət adamlarının qayğıkeşi, təəssübkeşi kimi tanıdığı Ulu öndərə hələ 1969-cu ildən başlayan sevgisi, böyük ehtiramı idi. Odur ki, özünün tədbirdən kənarda qalmasını düşünmək, təsəvvür etmək belə istəmirdi. Əhvalı getdkcə pisləşsə də, “mən orda olmalıyam” deyib, fikrindən daşınmaq istəyində deyildi...  Nəhayət ki, xeyli dilə tutduqdan sonra - həkimin, həm də dost-tanışların təkidi və məsləhəti ilə onu güclə də olsa maşına oturdaraq, geriyə, evə yola salmaq mümkün oldu. Ancaq açıq-aydın hiss olunurdu ki, səhhəti pis olsa da, onu daha çox məyus edən tədbirə gedə bilməməsi, dahi rəbər Heydər Əliyevi yenidən görmək, onun çıxışını dinləmək şansından məhrum olması idi.

 

Ulu öndərimizin kimyaçılara son töhfəsi

 

...O gün zavoda yalnız tədbirə dəvət edilən şəhər təşkilatlarının nümayəndləri və kimyaçlar vəsiqə ilə buraxılırdılar. Mən isə hələ “Azərikimya”nın vəsiqəsini ala bilmədiyimdən, buraxılış məntəqəsindən keçib-keçməyəcəyimə əmin deyildim. Yaxşı ki, məni “Bakinets” qəzetinin xətti ilə iştirak etdiyim respublika tədbirlərindən yaxşı tanıyan mühafizə dəstəsinin üzvlərindən biri buraxılış postundan redaksianın vəsiqəsi ilə, maneəsiz keçməyimə kömək etdi (buna görə ona bu gün də minnətdaram).

Biz yeni işə salınacaq Buxar-generator kompleksinin ərazisinə çatanda, havanın çox qızmar olmasına baxmayaraq, tədbirə toplaşanlar o qədər çox idi ki, iynə atsaydın, yerə düşməzdi.  Bir azdan Prezidentimizin maşını yeni qurğuya tərəf irəliləyərək, dayandı. Elə həmin andaca gurultulu alqışlar qopdu. Ulu öndər maşından düşərək, əllərini havada yellədərək hamını gülərüzlə salamladı. Alqış sədaları səngimək bilmirdi. Ölkə başçısı qurğunun hazırlanmasını təmin etmiş “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətlərinin rəhbərləri ilə görüşərək, yeni avtonom enerji kompleksinin mərhələlərlə inşasını, onun ayrı-ayrı şöbə və bloklarını və s. əks etdirən foto-ekspozisiyalar vitrini önündən keçərək, oradakı şəkillərə, o cümlədən özünün iştirakı ilə iki il əvvəl keçirilmiş təməlqoyma mərasimindən olan fotolara diqqətlə, maraqla baxdı.  Foto-ekspozisiyalar önündən keçərkən ölkə başçısı onu salamlayanlara, ürək sözlərini eşitdirənlərə xoş təbəssümlə təşəkkürünü bildirir, ona tərəf uzanmış əlləri mehribanlıqla, səmimiyətlə sıxıb, ehtiramını göstərirdi.

Ulu öndər ilk öncə “Azərikimya” və Yaponiya şirkətlərinin rəhbərlərinin müşayiəti və hər zaman xüsusi diqqət yetirdiyi ölkə mətbuatı nümayəndələrinin iştirakı ilə həqiqətən unikal və nəhəng olan enerji qurğusunun əsas korpusu və şöbələrində quraşdırılmış müasir avadanlıqlar və onların işi ilə yaxından tanış oldu. Hiss olunurdu ki, ölkə başçısı öz ideya və təşəbbüsünün bəhrəsi olan bu nəhəng kompleksin inşasının başa çatdırılaraq, istismara hazır olmasından böyük sevinc və fərəh duyur. Buna görə idi ki, o, bəzən qabağa düşərək, hətta çətin keçilən, dar olan yerlərdə labirintli pilləkənlərlə yuxarı qalxaraq, avadanlıqlara maraqla, heyranlıqla tamaşa edirdi. Qurğunun o vaxt yenilik kimi qəbul edilən kompüterlə idarəetmə pultu arxasında dayanmış gənc mütəxəssislərlə görüşən ölkə başçısı onlarla söhbət edərək, öyrənir ki, bu nəhəng kompleksi cəmi bir-neçə nəfər idarə edir. Prezident onların bu adi olmayan, yüksək texniki bilik tələb edən mürəkkəb peşəyə-sənətə harda, necə yiyələndikləri ilə maraqlanır. Onların Yaponiyada xüsusi hazırlıq kursu keçmələrindən məmnunluq duyan Heydər Əliyev qurğunun gələcək uğulu fəaliyyətinin onlardan asılı olduğunu diqqətə çatdıraraq, gənc mütəxəssislərə uğurlar arzulayır.

Qurğu ilə tanışlıqdan sonra minlərlə tədbir iştirakçıları qarşısında çıxış edən dahi rəhbər kimyaçıları yeni enerji kompleksinin istifadəyə veilməsi münasibətilə ürəkdən təbrik edərək deyir:

- Bu gün biz gözəl bir qurğunun açılşının şahidiyik, onun iştirakçısıyıq. Mən çox xoşbəxtəm ki,  bu proseslərin həyata keçirilməsinin təşəbbüskarı, iştirakçısı olmuşam və bu işə rəhbərlik etmişəm. Mən nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi iki il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir kompleks artıq hazırdır, işə düşür. Mən bu qurğunun tikilməsində, başa çatdırılmasında zəhmət çəkmiş adamların hamısına təşəkkür edirəm. Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi fikir veririk, onların müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, qısa bir zamanda biz bunlara da nail olacağıq və Sumqayıt şəhəri Azərbaycan üçün nümunə olacaq, burada adamlar xoşbəxt və firavan yaşayacaqlar.

Sonra Ulu öndər müstəqil Azərbaycanın həyatında əlamətdar olan bu hadisə - Buxar-generator kompleksinin açılışı münasibətilə kimyaçıları təbrik edərək, “Bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə yeni-yeni uğurlar arzulayıram”, - dedi və mərasim iştirakçılarının gurultulu alqışları altında açılış lentini kəsərək, yeni enerji kompleksinin işə salınma düyməsini basdı. Ətrafa sevins doğuran bir uğultu və alqış sədaları yayıldı. Bu böyük, təntənəli açılş  mərasimi münasibətilə “Niçimen Korporeyşn” Şirkətinin prezidenti Akira Vatari xalqımızın dahi oğlu, Azərbaycan Prezidenti Heydər Əliyevə böyük bir ehtiramla Azərbaycan-Yaponiya dostluğunun rəmzi kimi xüsusi olaraq hazırlanmış gözəl bir samuray qılıncı bağışladı. Ulu öndər qılıncı təbəssümlə, məmnuniyyətlə qəbul edib, qınından çıxardaraq, toplaşanların alqışları altında onu Koroğlu, Babək nəslinin davamçısı kimi güç-qüvvət rəmzi olaraq qürurla başı üzərinə qaldırdı.

 

***

Həmin əlamətdar, tarixi gündən sonra mən kompüter dizayneri olan oğlum Azərlə birgə dincəlmək bilmədən gecəli-gündüzlü işləyərək, düz bir ay sonra – avqustun 7-də Heydər Əliyevin Yaponiya səfəri və onun kimyaçılara olan son töhfəsi – Buxar-generator kompleksi ilə bağlı 248 səhifəlik rəngli bir kitab hazırladıq. Onun ilk nüsxəsi 12 sentyabr 2001-ci ildə Prezident Aparatında şəxsən Ulu öndərin özünə təqdim edildi. Kitabı diqqətlə vərəqləyib, onu bəyənən unudulmaz ölkə başçımız elə həmin gün “Azərikimya” müəssisələrinə verilən benzinin qiymətində xeyli güzəşt edilməsi barədə qərar verdi.

Mən bu gün böyük qürur hissi keçirirəm ki, həmin tarixi günün bilavasitə şahidi olmuşam və Ulu öndərimizin kimyaçılara olan son töhfəsi ilə bağlı “H.Əliyev dühasının bəhrəsi – Azərbaycan-Yaponiya dostluğu” kitabını hazırlamışam.

Ruhun şad olsun, Vətənimizin dahi, unudulmaz xilaskar oğlu!

 

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti

 

Azad Azərbaycan.- 2021.- 29 iyul.- S.3.