Bizim Cavad
(Esse)
Görkəmli müğənni Cavad Rəcəbov haqqında mətbuatda çox yazılıb. Mavi ekranda onun konsertlərinə çox baxmışıq. Kliplərinə hətta bütün dünya xalqları baxır. Dövlət tədbirlərində nəğmələrini çox eşitmişik və bu gün də eşidirik. Bu gün mənim bu sənətkar haqqında nə isə tərifli bir söz yazmağıma onun heç ehtiyacı da yoxdur. Səkkiz yaş məndən kiçik olan Cavad Rəcəbovun sənət aləminə gəlişi də gözlərim qabağında olub və mən həmişə fikirləşərdim ki, bu cavan oğlan sənət yolunu tutmasa, özünə xəyanət etmiş olardı. Amma Cavad müəllim fikirləşdiyim kimi vokalist oldu. Əsl novator sənətkar oldu. Heç kim onun ifasından narazı qalmadı, dodaq büzmədi. Qara piyarlar onun kölgəsini belə qamçılamağa cürət etmədilər, ona görə ki, Cavad Rəcəbov sənətə əyri yollarla gəlmədi, öz istedadı ilə, zəhməti hesabına ucaldı və onu dinləyənlərin qəlblərinə yol tapdı, sevildi, bu gün də populyardır, gündəmdədir.
Sənətin
yolu heç də hamar olmur. Təsəvvürünüzə
gətirin ki, atasını 4 yaşında itirən balaca Cavad
büdrəmədən həyat yollarında
addımlarını elə atdı ki, gələcəyə
ümid körpüsü açsın və öz
açdığı cığırla elin gözündə
ucalsın. Ucaldı da! Uca Tanrı bu yolda ona dayaq oldu.
1954-cü
il dekabrın 20-də Lənkəranın Sütəmurdov kəndində
anadan olan Rəcəbov Cavad Hənifə oğlu Xəzərin
qırçın ləpələrinin döyəclədiyi
bir məkanda dünyaya gəlib. Atalı dünyasını
çox az görüb, cəmi 4 il. Bu illəri
ömrünün ən sayılan illəri hesab edib Cavad
müəllim. Müğənni bu barədə xatirələrində
belə deyir: “Atam balıq vətəgəsində
balıqçı idi. O, mənim qürurum, dəyanətim,
evimin çörək gətirəni idi. O zaman mən 4
yaşında olarkən onun dünyaya vida etməsini fələyin
bizə qarşı ədalətsizliyi kimi qiymətləndirir
və hiddətlənirdim. Mən bu itkini ailəmizin
böyük bir faciəsi hesab edirdim. Anamın gəlin
çağında başsız qalmasına faciə kimi
baxırdım. Çox ağır günlər
keçirirdik. Anam bir qədər sonra bizim evin
yaxınlığında yerləşən
“Gülçülük sovxozu”nda işə düzəldikdən
sonra bir balaca dirçəldik. Qənaətlə
dolanırdıq. Ürəyimiz istəyəni ala bilmirdik. Məhəllə
uşaqları ilə dənizə çimməyə gedərdik.
Əksəriyyətimiz kasıb uşaqları idi. Pula həsrət
idik. Dənizin ləpədöyəninə dondurma, cürbəcür
meyvə, qutab, bir də sərin sumağı rəngli limonad
gətirərdilər. O sumağı rəngli limonadı cəmi
bir dəfə içmişdim, elə bilirdim ki, behişt suyu
içmişəm. Pul olmazdı ki, onu alıb qurtum-qurtum
içək. Həmişə gözlərim o limonadı
axtarardı. İndi də bu xoşbəxt günlərimdə
o limonadı axtarıram, rastıma çıxsa, bir çəllək
buzu ilə alıb içərəm, uşaqlıqda o suya
tamarzı qaldığım günlərin əvəzini
çıxardım. Ancaq indi o sumağı rəngli
limonadın dadını heç bir rəngli su vermir. O
sumağı rəngli limonad da acı uşaqlıq xatirələrim
kimi yoxa çıxıb... Ancaq anam gül bağında
işləyə-işləyə biz də əziyyətlərə
alışırdıq. Get-gedə atasızlıq dərdi də
unudulmağa başlayırdı. Anam evin kişisini əvəz
edirdi. İşdən qayıdarkən çox vaxt anamın
qabarlı əllərinin birini bacım, digərini isə mən
ovuşdurar, vazelinlə əllərinin qabarlarını
yumşaldardıq. O, ufuldamasını bizə bildirməzdi.
Amma gecələr yatanda elə hey sızıldayardı. Səhərlər
anam işə gedərkən qapının
açarını üstümüzə bağlayardı,
çünki başqa çarəsi yox idi. Bir də nahar
fasiləsinə gələrkən qapını açar, bizi
yedizdirib yenə də işə gedərdi. Bacımla birlikdə
çox əziyyətli, məşəqqətli günlər
görmüşük. O günləri heç unuda bilmirəm.
Kasıb daxmamızda əziyyət çəkə-çəkə
böyüdük. Keçmişi unutmaq olmaz. Anam o vaxta qədər
işlədi ki, mənim də əlim çörəyə
çatdı. Daha anamın işləməyinə ehtiyac
qalmadı. Çünki artıq məni el
dolandırırdı”.
Cavad
müəllimlə - bu görkəmli müğənni ilə
Lənkəranın gözəl bir guşəsində
çay süfrəsi arxasındayıq. Dostluq etdiyim bu insana
həyatının bəzi məqamları haqqında sual verib
onunla müsahibə aparmaq qərarına gəldim.
- Cavad müəllim, əziz dostum,
necə olub ki, sənətə gəlmisən? Bu işdə
sənə köməklik göstərənlər olubmu?
- Səyavuş
müəllim, mən ifaçılıq məharətimi hələ
5-ci sinifdə oxuyarkən göstərmişəm. İmkan
düşən kimi stolların tinini döyəcləyərək
müxtəlif ritmlər çalırdım. İlk dəfə
“Yenilməz batalyon” filmindəki məşhur mahnını
gözəl ifa etməklə adamların diqqətini cəlb
etmişəm. O zamanlar barmaqla sayılası toy ansamblları
vardı. Bunlara ansambl da demək olmazdı. Sona xanım
bunların arasında ən məşhuru idi.
Dövrünün sənətçisi sayılırdı. Hər
gün də toyu olurdu. Mənim o zamanlar 11 yaşım
olardı. Bir dəfə toyda olarkən Sona xanım məni
yoxladı, mənimlə birgə çaldı. Sona xanım mənim
nağarada çalmağıma valeh oldu.
Üstündən
bir xeyli vaxt keçmişdi. Bir gün bir toy məclisində
məşhur müğənni Teymur Mustafayevlə
tanış oldum. O, mənim ifamı yoxladı, imtahandan
yaxşı çıxdım və elə həmin vaxtdan
Teymur Mustafayevlə beş il el şənliklərində,
konsertlərdə, müxtəlif tədbirlərdə
çıxış etdim. O, bəzən mənə oxumaq
üçün şərait də yaradırdı. Hər
toyda 2-3 mahnı oxuyar, özümü yeni sənətə
hazırlayırdım. Bilirdim ki, sənətin yolu
ziqzaqlıdır, çətindir. Amma hər gün bu ecazkar
sənət yollarında özümü tez-tez
yoxlayırdım. Musiqi texnikasına da hədsiz həvəs
göstərirdim.
İş
elə gətirdi ki, o zamanlar çox məşhur olan Teymur
Mustafayev rayondan Bakıya getməli oldu, mən isə rayonda
qaldım. Dərhal da mənə dəvət gəldi. Məşhur
qarmonçalan Ağadadaş Abdullayev və əfsanəvi
klarnetçi Yüzbaşı Rzayevin kollektivinə dəvət
aldım. Mən bu sənət korifeylərini çox sevirdim.
Bu iki sənətçinin musiqi tariximizdə öz yerləri
var və mən onlardan çox şey öyrənmişəm.
Allah onları rəhmət eləsin!
- Cavad müəllim, yeniyetmə və
gənclik dövrünüzdə çoxlu musiqi müsabiqələrində
iştirak etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- 14-15
yaşlarında mən artıq tanınmışdım.
1968-ci ildə pionerlərin Respublika musiqi müsabiqəsində
iştirak etmişəm, çox fərəh hissi keçirirəm
ki, mən həmin müsabiqədə I yeri tutdum. O zamanlar
yaxşı ənənələr vardı. Müsabiqələrdə
qalib gələnləri mükafatlandırırdılar. Məni
mükafat olaraq ümumdünya “Artek” pioner düşərgəsinə
istirahətə göndərdilər. Eşitmişəm ki,
VIII sinifdə sizi də rəssamlığınıza və
məktəbdəki digər fəaliyyətinizə görə
Leninqrada (indiki Sankt-Peterburqa) mənim kimi istirahətə
göndəriblər. Əlbəttə, o yerləri görməklə
mənim dünyagörüşüm çox artdı.
Mən Lənkəran
1 saylı orta məktəbini bitirərkən ancaq evi
dolandırmaq haqqında düşünürdüm. Beləcə,
illər illərə qovuşdu, neçə payız,
neçə qış, neçə yaz, neçə yay
ötüb keçdikdən sonra nəhayət, Bakı şəhərindəki
Krupskaya adına Mədəni-Maarif texnikumuna qəbul olundum.
1982-ci ildə texnikumu uğurla bitirdim. Bəli, mənim toy
manifestim elə buradan başladı. Artıq mən toylara
nağaraçalan kimi deyil, müğənni kimi gedirdim. Toy mənim
üçün çox ağır keçirdi,
çünki məndə başqa müğənnilərdən
fərqli olaraq qeyri-adilik vardı. Məclisdə çox
çevik və dinamik hərəkətlər edirdim, odur ki, mənim
idarə etdiyim toylarda heç oynamayan da rəqs edirdi.
İnanın ki, toy dəftərçəmdə bir ilin toy
sifarişləri vardı. Çatdıra bilmirdim. Toydan gecədən
xeyli keçmiş yorğun halda evə qayıdardım. Anam
Umuleyla yolumu gözləyərdi. Başımı dizləri
üstünə qoyar və deyərdi: “Cavad, mən
axşamlar gül bağından yorğun-arğın gələrkən
sən hər axşam mənim əllərimi bacınla ovar,
qabarlı barmaqlarıma vazelin sürtərdin. Bunlar heç
yadımdan çıxmayıb, Cavad. İndi isə evimə
çörəyi sən gətirirsən. Bir qədər
başını ovum, dincəl, sonra yaxşı dəmlənmiş
çay içərsən, limonu da yanında”. İndi
anamın o qayğıları yadıma düşdükcə
kövrəlirəm. Anamın yoxluğu məni
sızıldadır. Mənə elə gələrdi ki,
dünya durduqca anam da yaşayacaq. Heç onun
ölümü haqqında düşünməzdim. Sən
demə, fələk bir gün o qarı bizim qapıya da
tökəcəkmiş, nə yazıq ki, 2021-ci ildə
dostum, Respublikanın əməkdar artisti , hamının
sevimlisi Baloğlan Əşrəfov və anam Hacı Umuleyla
xanım əlimdən getdi. Yusif Mustafayev, Elşad Qarayevlə
birgə mən də yetim qaldım. Nə etmək olar? Dahi
müğənni Niyaməddin Musayev demişkən: “Dünya
sənin , dünya mənim, dünya heç kimin...” Fələk
ağır yükünü çiynimə elə qoyub ki, hələ
də belimi dikəldə bilmirəm. Tamaşaçılar mənim
mavi ekranlarda “Ana” mahnısını ifa edərkən gözlərimdən
necə yaş töküldüyünü görüblər.
O göz yaşları gözlərimdən deyil, ürəyimdən
axır, həmişə də axacaq. O əvəzedilməz,
mələk simalı anamın ruhu qarşısında baş
əyirəm. Yuxuma tez-tez girir. Elə Hacıxanım qiyafəsində,
üzügülər, qayğılı görsənir anam.
Elə hey deyir ki, Cavad səndən nigaranam, səndən
narahatam. Deyir ki, necə dolanıram? Mən də əllərindən
öpüb dedim ki, ay Hacıxanım, hamı necə
dolanır, mən də elə dolanıram. Bu pandemiyanın
evi yıxılsın, qapısı bağlansın, yuvası
dağılsın, camaatı çaşbaş salıb,
çox ailələri gözləri yaşlı qoyub.
Müğənnilər də bir təhər dolanirlar.
Heç narahat olma, ana”.
- Allah ananıza rəhmət eləsin!
Mən də mərasimdə iştirak edirdim. Ananıza və
sizə olan el hörmətini də gördüm. Ailənizin
digər üzvləri haqqında da bir qədər məlumat
verin.
- Səyavuş
müəllim, mən şıdırğı toy aparır,
belə ki, rayondan kənara çıxa bilmirdim. Ancaq şəhərdə
apardığım toylarda həmişə hiss edirdim ki,
arxamda iki göz elə hey məni izləyir. İlahi, bu nə
gözlər idi, mənə baxırdı? Axır ki,
mağardan çıxıb onu gördüm. İlk baxışdan
ona vuruldum. Həyatı dərk edəndən təxminən
23-24 yaşında olan gənc oğlan ona verilən bu
İlahi vergidən sonra necə ola bilərdi ki...? Bəli, o
zaman məhəbbət İlahəsi sanki çiyinlərimə
qondu və mən sevginin nə olduğunu dərk etməyə
başladım. Qızın adı Nuranə idi. Mənim məşəqqətli
günlərim bundan sonra başladı. Məsələ onda
idi ki, Nuranə xanım çox imkanlı bir ailədən
idi, mən isə adi bir nağaraçı və müğənni.
Qız məni çox sevirdi. Bu elə mənə kifayətdi.
Anam həmişə deyərdi ki, ay bala, mən də
qızı bəyənmişəm, ancaq bu kasıb daxmaya
heç elə imkanlı ailənin qızını gəlin
köçürərlərmi? Özü də deyirlər həkim
olmaq istəyir. Bunun oxumağı da 7 il çəkəcək.
Sən qocalarsan ki, Cavad? Anam deyən kimi də oldu. Bir dəfə
qızın adamları məni möhkəm döydülər,
sonra da başqa təzyiqlər oldu. Mən Nuranənin sevgisini
qorudum, ona sadiq qaldım, o, Tibb Universitetini bitirdi və
pediatr-uşaq həkimi oldu. Sözümdə möhkəm
dayandım. Varlı-karlı sevgilimə qovuşmağa
ümidim az olsa da, Allahın mən yetimin tərəfində
durduğuna tam əmin idim. İçimdə həmişə
bir səs üsyan edirdi: “Cavad, sən xoşbəxt olacaqsan!” Beləliklə, mən
Nuranə xanımın səyi və möhkəm iradəsi
sayəsində 1981-ci ildə evləndik. İki
övladımız oldu - bir qız, bir oğlan. Oğlum Cavid
oranjemançı kimi uşaqlıqdan məşhurdur. O, həm
bəstəkar, həm rejissor, həm də müğənni
kimi tanınır. İşi başından aşır.
Qızım ailəlidir, oğlumla Bakıda yaşayırlar.
- Cavad müəllim, bir qədər əvvələ
qayıdaq. Siz “Dostluq” istirahət parkında da işləmisiniz,
hətta orada bədii rəhbər vəzifəsini
daşımısınız. Hind musiqisinə də
marağınız güclü olub və novator müğənni
kimi çoxlarının nəzər-diqqətini
özünüzə cəlb etmisiniz.
- Bəli,
Lənkəranın məşhur “Dostluq” parkında bədii rəhbər
vəzifəsində düz 14 il işləmişəm.
İşləyə-işləyə bir ideyamı da həyata
keçirtdim. “Dostluq” instrumental ansamblını yaratdım.
Bilirsinizmi, mən sənətə ilk gəlişimdən
peşəmə qarşı tələbkar olmuşam. O
zamanlar toy aparmaqda məşhur olduğum kimi, bir sahədə
də novator idim. Yəqin ki, vikepediya məlumatlarını
oxuyursunuz. Orada mənim haqqımda belə yazılıb: “Cavad
el şənliklərində, konsertlərdə
özünün qeyri-adi digər istedadı ilə də
tanınmağa başladı. Belə ki, o vaxta kimi heç
bir müğənni ifa edilmiş hansısa məşhur hind
və ya fars mahnısından müğənninin səsini
çıxarıb, təkcə ansamblın ifasını saxlaya,
yerinə isə öz səsini yaza bilmirdi. Ancaq Cavad
bunları 30 il əvvəl və lentli maqnitafonlar vasitəsilə
edirdi. Bu yolla o, İran müğənnisi Ququşun
(“Ayrılıq”), hind müğənnisi Mukeşin (“Avara”
filmindən) və Misir müğənnisi
Ummukülsümün səsini silib onların orkestrində,
onların mahnılarını oxuya bilirdi”.
- Deyirlər ki, siz hətta Özbəkistanın
xalq artisti Batır Zakirovla da görüşmüsünüz
və o, bu görüşdən çox heyrətlənib.
-
İttifaqa daxil olan respublikalar arasında çox möhkəm
mədəni əlaqələr mövcud idi. Namərd
qonşularımız olan ermənilər bizim mahnılar
üçün sinov gedirdilər. Qardaş respublikalardan bizim
ölkəyə çoxlu böyük sənətkarlar gəlirdi.
1979-cu ildə Özbəkistanın xalq artisti Batır Zakirov
Azərbaycana qastrol səfərinə gəlmişdi. Məşhur
sənətçi respublikanın bir neçə rayonunda
olmuş, möhtəşəm konsertlər vermişdi. Mən
də o vaxtlar həm nağara,həm də müğənnilik
istedadımla məşhur idim. Üstəlik əsrin musiqi
texnikası olan fonoqram etmək sahəsində də birincilərin
birincisi idim. (Əgər belə demək mümkünsə).
Batır Zakirov məni dinlədikdən sonra səsimi çox
bəyəndi və mənim digər istedadımla
maraqlandı. Fonoqram etməyimlə tanış olduqdan sonra
heyrətə gəldi. O, Bakıya qayıtdıqdan sonra mənim
qeyri-adi istedadım haqqında müəyyən dairələrdə
danışdıqdan sonra məni dərhal respublika
televiziyasına dəvət etdilər. Vikepediyada bu barədə
yazılıb: “Yalnız başqasının verdiyi yüksək
qiymətdən sonra Cavada diqqət yönəldi və onu
respublika televiziyasına dəvət etdilər. Beləliklə,
Cavad Rəcəbov ilk dəfə 1979-cu ildə Azərbaycan
televiziyasında çıxış etdi.” Həmin illərdə
mən hind mahnılarını da repertuarıma daxil
etmişdim. Dahi Rac Kapur vəfat etdikdən sonra onun çəkildiyi
və rejissoru olduğu dünya şöhrətli “Avara”
filmindəki “Avara” mahnısı (Mukeşin ifasında) bir
çox müğənnilərin diqqətini çəkmiş,
bu gözəl, oynaq mahnını öz repertuarlarına daxil
etmişlər. 2010-cu ildə studiyam olan zaman bu mahnını
oranjeman edərək oxumağa başladım. Səsimdəki
plastika, orijinallıq, dinamiklik kadrlarda və kadr arxası lentlərdə
elə sintez olunmuşdu ki, hamı təəccüb edirdi. Bu
barədə siz bir essenizdə yazmışdınız ki, əgər
Hindistanda kino şirkətləri Cavad Rəcəbovun səsini
yeni “Avara” filmində səsləndirsəydilər onun səsi
heç də böyük nəğməkar Mukeşin səsindən
fərqlənməzdi və yeni filmə ancaq uğur gətirərdi.
- 1980-ci ildə “Gənclik
estradası”sizin yaradıcılığınızda necə
rol oynayıb?
- 1980-ci
ildə artıq televiziya tamaşaçıları
arasında mənim pərəstişkarlarım kifayət qədər
idi. Elə həmin ildə Respublika televiziyasında gənc
istedadların iştirakı ilə “Gənclik estradası”
proqramı yaradılmışdı. Bu proqramda iştirak etmək
üçün xeyli gənc müsabiqəyə
qatılmışdı. Hamı da yüksək yer tutmaq
üçün yorulmaq bilmədən
çalışırdı. Mən də bu proqrama
qatıldım, oxudum və qalib gəldim. Mənə pərəstişkarlarımdan
təxminən 60 min məktub gəlmişdi. Hamı proqramda mənim
çıxışımı bir tapıntı hesab edirdi. Bu
parlaq çıxışıma görə az vaxtda
şöhrətim daha da artdı və hər yerdə mənə
qapılar taybatay açılmağa başladı. Həmin
ildəki uğurum mənə daha yeni uğurlar gətirdi. Belə
ki, Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə
qəbul olundum. Eyni zamanda, universitetin müəllimi Firudin
Hüseynzadənin təşəbbüsü ilə “Nur”
instrumental ansamblı yaratdım. Bu ansamblla fəaliyyətimi
artırmaqla geniş işlər aparır, tələbələr
üçün rəngarəng konsertlər verir, universitetin
adını ləyaqətlə təmsil edirdim. Amma hiss edirdim
ki, bura mənim inkişafım üçün yararlı
deyildir. Ona görə də oradan uzaqlaşmalı oldum.
- Sonrakı taleyiniz “Dan ulduzu” ilə
bağlı olub, bu haqda nə deyərdiniz?
- Vikepediya
səhifələrində sizin sualınıza belə bir cavab
verilib: “Azərbaycan musiqiçisi, pianoçu, əməkdar
incəsənət xadimi (1977), sənətşünaslıq
elmləri namizədi (1986) Gülarə Əziz qızı Əliyeva
(7 oktyabr 1933, Bakı-27 iyul 1991, Bakı) 1984-cü ildə
Cavadı Dövlət İncəsənət İnstitutuna gətirdi.
Cavad uzun müddət Gülarə xanımın rəhbərlik
etdiyi populyar “Dan ulduzu” insrumental ansamblının solisti oldu.
Tanınmış bəstəkarlardan Oqtay Kazımov, Emin
Sabitoğlu və Faiq Sücəddinov onun üçün
bir-birindən gözəl mahnılar yazdılar. Onun ifa etdiyi
mahnıları radionun “Qızıl fondu”na daxil etdilər”.
- “Dan ulduzu”instrumental ansamblında
solist olarkən nə kimi hisslər keçirirdiniz?
- Bu
ansambl populyar idi və mən az qala bütün rayonlarda
repertuarıma daxil olan mahnılarla çıxış edir,
eyni zamanda da öz “Nur” ansamblımla el toylarını idarə
edirdim. Həyatımdan çox razı idim. “Dan ulduzu”
ansamblında Flora Kərimova, Akif İslamzadə,
Yalçın Rzazadə, Hüseynağa Hadıyev və mən
solist kimi fəaliyyət göstərirdik. 1975-ci ildə
SSRİ xalq artisti Zeynəb Xanlarova “Dan ulduzu”yla bir silsilə
proqramla dövlət konsertlərində çıxış
etmişdi. Məmmədbağır Bağırzadə, tarzən
Zakir Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy
ifaçısı Kamil Cəlilov ansamblın üzvləri
idilər. Hərdən öz-özümə fikirləşirəm
ki, mən gör necə korifey sənətkarlarla bir yerdə
işləmişəm! Ancaq fərəhli günlərimiz
arxada qaldı. Gülarə xanımın qəflətən vəfatı,
amansız ölümü məni çox sarsıtdı,
sanki bütün ümidlərim qırıldı, uzun
müddət özümə gələ bilmədim. Başqa
fikirlərə də düşürdüm, istəyirdim ki, sənətdən
ayrılım.Toylara getmir, imtina edir, bir növ
öz-özümə qapanırdım. Mahnılar üzərində
işləyə bilmir, əsəbiləşir, bir yerdə qərar
tuta bilmirdim. Axırda bu əziyyətdən bezikdim və Lənkərana
qayıtdım. Doğma şəhərim mənim
qayğılarımı təmin etdi.
- Cavad müəllim, “Dünya TV”nin
aparıcısı Emin Brend sizin anadan
olmağınızın 65 illiyi haqqında gözəl bir
çəkiliş aparıb. Təntənəli yubiley tədbiri
Lənkəran şəhər Mədəniyyət Mərkəzində
keçirilib. Bu barədə nə deyə bilərsiniz?
- 2019-cu
ildə 65 yaşım Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısı cənab Taleh Qaraşovun
sərəncamı ilə Lənkəran şəhər Mədəniyyət
Mərkəzində təntənəli şəkildə qeyd
olundu. Hörmətli başçımıza söz verilərkən
o, mənim yaradıcılığım haqqında çox
qiymətli sözlər söylədi və dedi ki, bizim Cavad
öz mahnıları ilə həmişə
tamaşaçıları heyrətləndirib. Cavad
Allah-taalanın min bir gözəllik verdiyi Lənkəran
torpağının oğludur. Cənab başçı mənim
sənət uğurlarımdan ürək dolusu
danışaraq 65 illik yubileyim münasibətilə məni təbrik
etdi. Yubiley gecəsində Bakıdan gələn görkəmli
sənətkarlar, qonaqlar öz ürək sözlərini
söylədilər. Tədbirdə sənət dostlarım
Respublikanın xalq artisti Teymur Mustafayev, əməkdar artist
Baloğlan Əşrəfov, əməkdar artist Yusif
Mustafayev, müğənnilərdən Şahin Ağayev,
Elşad Qarayev, şair Şərafəddin İlkin,
İttifaq, Firudin Səfərov, Mətanət Babayeva, Zaur
Babayev, türk müğənnisi Məhmət abi (xeyriyyəçi)
və başqaları çıxış edərək məni
təbrik etdilər.
- Cavad müəllim, nəhayət
ki, sizin mahnılarınız haqqında bir sual vermək istəyirəm.
Mahnılarınız çoxdur, Səsyazma studiyalarında
müxtəlif illərdə xeyli mahnınız
yazılıb. Onların adlarını çəkə bilərsinizmi?
-
Mahnılarım çoxdur, əlbəttə. Səsyazma
studiyalarında müxtəlif illərdə xeyli mahnılar
yazdırmışam və özüm də yazmışam.
“Haidə, sənin üçün ölürdüm” klipimi
dinləməyən tapılmaz. O klip mənim göz
yaşlarımdır. “Ata duası”, “Sevə Allahı əgər”,
“Ey sənəm”,”Nankor insan”, “Züleyxa”, “Mübarək”, “Bu
dünya”, “Leylican”, “Bu yerdədir”, “Milana” “Asha Bhosle”,”Rəna”,”Noz
məkə”, 1 saat 30 dəqiqəlik yığma mahnılarım
( “Bu dünya”, “Avara”, “Əlvida”, “Gözləyirəm”,
“Gülə-gülə gəl”, “Hind popuri”, “İntizar”,
“Mariya”, “Məhəbbət”, “Mən hara, türmə
hara”,”Meyxanədə”, “Milanə”, “Naxirivali”, “Nazlı sənəm”,
“Pərvanə”, “Şəbnəm”, “Soniya”, “Ürəyim
yaralıdır”, “Sevgi nəğməsi-duet”) , 1980-ci ildə
“Zövq” səsyazma studiyası tərəfindən 15
mahnım ( “Leylam”, “Lənkəran-canım mənim”, “Mazandaran
pələngi” k/f. –dən mahnı, “Vaxt ötür evlən
deyir”, “Ay mənim göyçək qızım”, “1-100
yaş”, “Muğam”, “Ana”, “Çəkrə-çəki”,
“Mimino” k/f-dən mahnı, “İtən eşqim”, “İki cavan,
iki aşiq”, “Gözüm yoldadır”, “Zülfiyyə”, “Şən
dostlar”, “Popuri”, 1994-cü ildə yazdığım “Həsrət”
və 1995-ci ildə “Nigarım” adlı musiqi albomlarım və
başqa səs yazılarım mənim sənətimin
yadigarlarıdır.
Səyavuş
SÜLEYMANLI,
Yazıçı-publisist
Azad Azərbaycan.- 2021.- 29 iyul.- S.7.