Qızcığazın
taleyi
(Hekayə)
O, bütün gecəni imtahanlara
hazırlaşdığından yatağına səhərə
yaxın uzanmışdı. Bazar günü olduğundan
günortaya qədər yatacağına qərar vermişdi.
Amma gördüyü yuxu onu bərk sarsıtmışdı
və o üzdən yuxusunu tam ala bilməmişdi.
Yatağından qalxmayaraq yerindəcə gördüyü
yuxunu düşünürdü. Balaca
qızcığazın başına gələn o bədbəxt
hadisə ona çox pis təsir etmişdi. Özünü
yorğun hiss edirdi. Bədənini yumuşaltmaq
üçün bir neçə dəfə gərnəşsə
də, əsnəyərək dərindən nəfəs alsa
da, amma bu heç nəyi dəyişmədi. Ağ mələfəni
burnunun üstünə qədər çəkdi, gözlərini
tavana zilləyərək fikrə daldı. Balaca
qızcığazın sonrakı taleyi onu çox narahat
edirdi...
Telefon zəngi onu fikirlərindən
ayırdı. Ayağa qalxmazdan qabaq divar saatına tərəf
boylandı. Əqrəblər on ikini göstərirdi. Niyazın gəlməsinə hələ düz iki
saat qalırdı. Bəs onda zəng eləyən kim ola bilər,
deyə öz-özünə düşündü.
Ağlına heç kim gəlmədiyindən çiyinlərini
çəkdi, yerindən qalxdı və tələsmədən
telefonun dəstəyini qaldırdı.
- Salam Zəminə. Mənəm ey, Gülər
xala. Necəsən qızım?
- Hə, tanıdım, salam, Gülər
xanım. Çox sağ olun, yaxşılıqdır, təşəkkür
edirəm. Buyurun, eşidirəm sizi.
Gülər xanım, əlli, əlli beş
yaşlarında olsa da, zahirən çox yaşlı
görünürdü. Çoxdan rəng görməyən
saçları ağappaq idi. Həyat onun belini vaxtından
qabaq əymişdi. Belə ki, düz iki il bundan
qabaq qızı ilə kürəkəni rayondan qohumlarının
toyundan qayıdan zaman əyləşdikləri taksinin
sürücüsü qəfildən idarəetməni
itirmiş və maşın körpüdən
aşağı yuvarlanmışdı. Nəticədə
sürücü və sərnişinlərin hər
ikisi yerlərindəcə keçinmişdilər. Elə həmin
gündən də qızının dörd və altı
yaşlı körpələrinə o himayədarlıq
edirdi. Uşaq bağçasında tərbiyəçi kimi
çalışan Gülər xanıma, nəvələri
ilə öz evində yaşamaq rahat olduğundan o,
qızının mənzili boş qalmasın deyə, tələbə
qızlara kirayəyə vermişdi.
- A qızım,
utanıram da deməyə, imkanın varsa bu ayın pulunu
gecikdirmə. Ayın sonu nəvələrimi kəndə
aparacam, istəyirəm onlara bir az əyin-baş alam.
Üst-başları lap nimdaş hala düşüb.
İmkanın yoxdursa...
- Narahat olma, Gülər xanım, evdən pul
göndəriblər - sonra, ani olaraq fikrə getdi, divar
saatına tərəf boylanaraq, dilləndi - saat üçə
qədər çatdıracam.
Zəminə artıq iki ilə
yaxın idi ki, özündən bir kurs yuxarı oxuyan rəfiqəsi
ilə bu mənzildə kirayədə qalırdı. Rəfiqəsi
rayon məktəblərinin birində təcrübə
keçdiyindən, Zəminə mənzildə hələlik
tək qalırdı. Bunu bilən Niyaz dəfələrlə
ona qonaq gəlmək istəsə də, Zəminə qəti
şəkildə razılıq verməmişdi. Amma bu gün o, saat ikidə Niyazı bu mənzildə
qarşılamağa hazırlaşırdı. Dünən Mərkəzi
Kitabxanadan çıxarkən Zəminəni evinə
ötürən Niyaz, ona vacib sözü olduğunu söyləmiş
və bu sözü ona ancaq sabah deyə biləcəyini
vurğulamışdır. Binanın
qarşısında Zəminədən sabahkı
görüş üçün razılıq alan Niyaz, onu
restorana nahara dəvət etdiyini, səhər saat ikidə
dalınca gələcəyini deyib, sevinə-sevinə ondan
ayrılmışdır...
Onlar düz üç il bundandan qabaq Mərkəzi
Kitabxananın pilləkənlərində
rastlaşmışdılar. Sonra belə gözlənilmədən
“rastlaşmalar” tez-tez baş
verməyə başlamışdı. Təsadüfdənmi və
ya zərurətdən, nədənsə çox vaxt Niyaz Zəminənin
oturduğu oxu zalındakı masa ilə yanaşı əyləşirdi.
Beləcə yavaş-yavaş onların ilk
tanışlıqları başladı və bir neçə
aydan sonra özləri də hiss etmədən bu
tanışlıq dostluğa çevirildi. Zəminə “Məktəbəqədər
təlim-tərbiyə və ibtidai təhsil” fakültəsində təhsil aldığından
qrupdakı tələbə yoldaşlarının
hamısı qızlar idi və bu qızlar qiyabi də olsa
Niyazı tanıyırdılar. Memarlıq və İnşaat
Universitetində təhsil alan Niyazı tez-tez Pedoqoji
Universitetin qarşısında görmək olardı.
Onların bir-birilərini sevməsini artıq Zəminənin
tələbə yoldaşları da bilirdilər. Hətta bir dəfə sonuncu zəng vurulanda pəncərədən
boylanan rəfiqələrindən biri, - Yazıq Məcnun yenə də
Leylisini gözləyir, demiş, digər bir qız isə onun
sözünə əlavə etmişdir, - Yox, o,
ağlını itirən Məcnuna heç oxşamır,
görmürsüz yaraşıqlı, ağıllı
və müasir oğlandır?! Heç Zəminə də səhranın
istisində qaralmış Leyliyə qəti bənzəmir. O,
öz gözəlliyi ilə Cülletdaya, Niyaz isə öz
görünüşü ilə Romeoya daha çox uyğun gəlir.
Bu sözlərdən Zəminənin qanı qaralmış,
bir neçə gün sonra tələbə
yoldaşlarına onları nakam sevgililərə bənzətmələrinə
qəti etirazını bildirmişdir...
Zəminə ilk olaraq yatağ
otağını səliqəyə saldı və sonra onsuz
da təmiz olan qonaq otağına əl gəzdirdi. İşlərini
qurtarıb yaxalanmaq üçün vanna otağına daxil
oldu. Saçlarını islatmasın deyə, başına
xüsusi hamam papağını keçirib suyun altında
dayandı. Su onun bədənini islatdıqca ruhunun dincəldiyini,
yorğunluğunun necə aradan qalxdığını hiss edirdi.
Buna baxmayaraq hamam otağında ən çoxu on beş dəqiqə
qalmağa hövsələsi yetdi. O, bir
çox gənc qızlardan fərqli olaraq, nə yuyunan zaman,
nə də ki, hamamdan çıxıb qurulanan zaman heç
vaxt güzgü qarşısında öz bədəninə
baxmağı da xoşlamazdı. Hətta onunla bir otaqda qalan rəfiqəsi
də heç vaxt onu çılpaq halda görməmişdi.
Zəminə bunu utancaqlığı ilə bağlı
olduğunu izah edirdi. Amma saatlarla saçları
ilə oynamaqdan, gün ərzində onların
düzümünü bir neçə dəfə dəyişməkdən
yorulmaz, əksinə bundan zövq alardı. Bu dəfə
saçları ilə məşqul olmağa da nə həvəsi
vardı, nə də ki, vaxtı. Bir azdan Niyaz gəlməli
idi. Mavi rəngli, üstündə zərif
qırmızı gülləri olan, aşırmalı ipək
xalatını geyinib, hamam otağından çıxdı və
mətbəxə keçdi. Çayniki doldurub qaz plitəsinin
üstünə qoydu. Acından ürəyi
üzülürdü. Soyuducudan pendir, yağ, kolbasa
çıxardıb masaya düzdü. Çörəyi
doğramaq üçün bıçağı
götürmək istəyirdi ki, qapının zəngi
çalındı. Tələsmədən qapıya tərəf
getdi. Dəhlizdən asılmış güzgüdə bir
daha barmaqları ilə saçlarına, qaşlarına
toxunub xalatının onsuz da uzun olan ətəyini
aşağı dartdı. Qapını kimin
döydüyünü soruşmadan kilidi açdı, gələn
Niyaz idi.
- Salam. Sən hələ hazır deyilsən,
biz axı, səninlə danışmışdıq.
- Salam Niyaz. Danışmışdıq, amma
bir məsələ var.
Niyaz təəcüblə gözlərini
döydü:
- Nə məsələ? Nə olub ki? Bəlkə
deyəsən?
Zəminə gülümsəyərək əli
ilə onun içəri keçməsinə işarə
verdi:
- Bəlkə içəri keçəsən,
yoxsa elə burda danışaq?
Niyaz Zəminənin gülümsədiyini
görcək bir az toxtadı və ilk dəfə olaraq
çoxdan arzusunda olduğu mənzilə daxil oldu.
Ayaqqablarını soyunub Zəminənin arxasınca bir
başa mətbəxə yollandı. Masanın üstünə
düzülmüş ərzaqları görüb
narazılıqla dilləndi:
- Sən evdə nahar eləmək istəyirsən?
Demişdim axı, bu gün naharımız restoranda, romantik
süfrə arxasında olacaq.
Bunu deyərkən Zəminənin üzündəki
yorğunluğu görən Niyaz narahatlıqla soruşdu:
- Zəminə, bu gün sən nədənsə
çox qayğılı görünürsən, xəstə
deyilsən ki, özünü necə hiss edirsən?
- Hə, elədir, özümü
qayğılı və pis hiss edirəm. Amma xəstə deyiləm,
düşünürəm ki, keçər.
- Nə olub axı?
Zəminə şkafın rəfində olan
kasanın içindən pul götürüb əlində
saxladı:
- Qayğılı görünürəm ona
görə ki, bu pulu saat üçə qədər
küçəmizin o başındakı uşaq
bağçasında işləyən ev sahibəsi Gülər
xanıma çatdırmaq lazımdır.
- Bu məsələ aydındır və
düzələndir. Bu
heç! Bəs özünü niyə pis hiss edirsən?
Zəminə
çay süzmək üçün ayağa qalxmaq istəyirdi
ki, Niyaz onun qolundan tutub qalxmasına mane oldu:
- Yox, heç bir çay olmayacaq,
ilk olaraq əhvalının pis olmağının səbəbini
söylə. Bəlkə, buna səbəbkar mənəm?
- Yox, sən deyilsən. Bu gecə çox pis yatmışam. Buna da səbəb gördüyüm bir yuxu olub və
bu mənə çox pis təsir edib. Hələ
də özümə gələ bilmirəm.
- Danışsana, ürəyimi
üzmə. Yuxunu danış, sonra aparım
Gülər xanımın pulunu verim və mən qayıdana qədər
sən də hazırlaş. Olurmu?
Zəminə
diqqətlə Niyazın üzünə baxıb,
razılıq əlaməti olaraq sakitcə başını tərpətdi
və əllərini sinəsində çarpazlayıb yuxusunu
danışmağa başladı:
- Yuxuda
görürəm ki, mənim dörd yaşım var və biz
uzaq dağ kəndində yaşayırıq. Atam
işdə olduğundan evdə anamla mənəm. Anam tut ağacımızın altında paltar
yumağa hazırlaşır, mən isə ağacdan
asılan yelləncəkdə yellənirəm. Paltarı yumaq üçün qaynar suyu ləyənə
tökən anam mənə qəti olaraq ləyənə
yaxınlaşmamağı tapşırır və
çirkli paltarları gətirmək üçün eyvana
qalxır. Bu vaxt qonşu kənddə
yaşayan uzaq qohumumuz elə mən yaşda olan qızı ilə
darvazadan həyətə daxil olur. Anam gələn
qohumları görüb, əlində olan yuyulası
paltarları ləyənin yanına ataraq, görüşmək
üçün onlara yaxınlaşır. İki qadın bir-birini qucaqlayan anda, onların
ayaqlarına dolaşan həmin o qızcığaz arxası
üstə qaynar su ilə dolu olan ləyənin içərisinə
yıxılır. Mən bunu görsəm də,
qışqıraraq onları xəbərdar edə bilmirəm,
qorxudan səsim çıxmır və qız da bir an çırpınaraq gözlərini yumur. Tez yelləncəkdən düşüb, şoka
düşən qızı ordan çıxartmaq
üçün yaxınlaşanda, qadınlar bu mənzərəni
görürlər. Qızın anası
tez məni kənara itələyib, qızını qaynar ləyənin
içərisindən çıxarır və fəryad edərək
uşaq qucağında kənd xəstəxanasına tərəf
qaçır. Kənd xəstəxanasında
olan vəziyyətdə ki, hamıya məlum olduğundan, kənd
camaatının köməkliyi ilə uşağı rayon xəstəxanasına
çatdırırlar. Nə isə,
qızın yanmasında hamı məni günahkar bilir.
Hətta doğma anam da mənim yelləncəkdə
yellənərkən ayağımın qızın sinəsinə
dəyərək onun ləyənə yıxılması nəticəsində
hadisənin baş verdiyini düşünür. Deyilənə görə qız çox
ağır xəsarət alsa da, amma xoşbəxtlikdən
sağ qalır. Lakin qızın bədəninin
görünməyən hissələrindəki yanıq izlərinin
heç vaxt getməyəcəyi məlum olur. Bir axşam anam bütün bunları atama söyləyəndə,
atamın ona verdiyi cavab məni çox sarsıtdı və
yuxudan ayıldım.
- Hə,
sonra? Bəs, atan nə cavab verdi?
- Atam dedi
ki, bəs o qızın sonrakı taleyi necə olacaq, bədəni
dünya xəritəsini xatırladan bir qızla kim ailə quracaq? Özü nə
qədər ağıllı, savadlı, siması nə qədər
gözəl olsa da, belə bədən heç bir kişiyə
xoş olmaz.
Bax belə... Bu da
qızcığazın taleyi və mənim əhvalımın
korlanmasına səbəb olan yuxu.
Zəminə
susub, üzünü yana çevirdi,
gözlərinin dolmasını Niyazdan gizlətməyə
çalışsa da bu, mümkün olmadı. Niyaz əli ilə
onun saçlarını qarışdırdı:
-Ay dəli,
sən niyə ağlayırsan? Bu sadəcə yuxudur... Hə, yazıq
qızcığaz. Əslində atan da
haqlıdır, məncə nə qədər aralarında
ülvi sevgi olsa da, biləndən sonra heç bir oğlan gələcəkdə
belə qızla ailə qurmağa razı olmaz. O, qız
sadəcə öz həyatını tək yaşamalıdır
və heç bir kişini sonradan seçim
qarşısında qoymamalıdır. Mən
belə düşünürəm. Bəs
sən?
Zəminə
yaşarmış gözlərini silərək gülümsəməyə
çalışdı:
- Mən
bu yuxunu sanki hər gün görürəm deyə, artıq
heç nə düşünmürəm! Yorulmuşam!
Yaxşı, sən get, Gülər xanımla
görüş, mən də hazırlaşım. Pəncərələrim yaman gündədir,
güya bu gün onları silməyi
planlaşdırırdım. Eybi yox, sonra
vaxtım olanda silərəm. Gəl, sənə
bir söz deyim, bəlkə bu günkü
günümüzü evdə keçirək. Heç hara getməyə həvəsim yoxdur. Xudmani süfrəmiz də hazırdır. Məncə belə daha gözəl olar. Necə bilirsən?
Niyaz
heç düşünmədən dilləndi:
- Evdə? Lap yaxşı, olsun
evdə. Amma icazə ver, gələndə
bir şüşə şampan şərabı alım.
Belə bir günü onsuz təsəvvür
etmək çətin və günahdır. Bu gün bizim yaddaşımızda əbədi həkk
olunmalıdır.
Bunu söyləyən Niyaz, cavab gözləmədən
tələsik evdən çıxdı. Bağçaya
dəyib Cülər xanımla görüşdü və
oradan bir başa qastranoma tərəf addımladı.
Yaxınlıqda gül köşkünün olması onun əhvalını
bir az da qaldırdı, gül buketi
bağlatdırmaq üçün daha uzağa getməyə
ehtiyac olmayacaqdı.
Həyətə yaxınlaşanda blokun qabağında
insanların kiminsə başına
yığıldığını gördü və istəməsə
də belə yönünü o tərəfdən saldı,
axı, yaxınlıqdakı bloka girməli idi. Maraq
üçün o da adamların başı üzərindən
ortalığa boylandı. Nə qədər
çalışsa da, şüşə silmək
üçün istifadə olunan bir ədəd göy maye
qabdan və sarı əski parçasından başqa
heç nə görmədi. Azca
aralıda isə meyid gözə dəyirdi. Bir qədər
əvvəl kimsə aşırmalı xalatın
yaxasının açılması səbəbindən
yanıq izləri ilə örtülən sinə və
baldırının görünməməsi üçün
onun üstünə ağ mələfə
çəkmişdi.
Siqnal verərək həyətə
yaxınlaşan təcili yardım maşınını
görən Niyaz, xoş olmayan bu hadisədən
ayrılıb bloka tərəf addımladı. Döş
cibinə qoyduğu qırmızı qaşlı
üzüyün yerində olduğunu barmağının ucu
ilə yoxlayıb, tələsmədən
bloka daxil oldu.
Arif ƏRŞAD
Azad
Azərbaycan.- 2021.- 3 iyun.- S.11.