Gənc azərbaycanlı
musiqiçiyə Çexiyanın
nüfuzlu mükafatı
verilib
Çex
Respublikasının Plzen Konservatoriyasında təhsil alan gənc
və istedadlı soydaşımız Canel Nəcəfliyə
“Orfeus” (Plzeský Orfeus) mükafatı təqdim edilib.
Bu
barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət
Komitəsindən məlumat verilib.
Mükafatların
təqdimolunma mərasimi Bələdiyyə Sarayının mərasim
salonunda təşkil edilib. Tədbirdə iştirak edən
Pilzen şəhərinin rəsmiləri və “Plzen şəhərinin
700-cü ildönümü” Fondunun nümayəndələri
2020-ci il üzrə klassik musiqi sahəsində uğurlar əldə
etmiş ifaçılara “Plzeský Orfeus” və
“Plzeský Orfeus-junior” mükafatlarını təqdim ediblər.
Adətən
bu nüfuzlu mükafata yerli tələbələr layiq
görülürlər. İstedadlı skripka
ifaçısı Canel Nəcəfli mükafatı alan ilk
xarici tələbədir. Onun 2020-ci il nominasiyasında
iştirak etməsi Plzen Konservatoriyasının rektoru Miroslav
Breyxanın təşəbbüsü ilə baş tutub. Beynəlxalq
mükafatlar laureatı olan Canel Nəcəfli hazırda Plzen
Konservatoriyasında Roman Fedçukun sinfində və Bakı
Musiqi Akademiyasında (qiyabi) təhsil alır.
Qeyd
edək ki, ənənəyə görə fevralda
keçirilən təntənəli mükafatlandırma mərasimi
pandemiya səbəbindən təxirə
salınmışdı.
Azad
Azərbaycan.- 2021.- 3 iyun.- S.11.