Adına və andına
sadiq qəhrəman
Əliqismət Vətən
üçün böyümüşdü
İnsan dünyaya göz açarkən onu
qarşıdakı həyatda nələr gözlədiyindən
xəbərsiz olur. Eşitdiyi ilk dualar məhz ana laylasında
gizlənir və şirin yuxuya bənzəyir. Bəlkə də
Vətən uğrunda vuruşan, ata, ana, bacı, qardaş
gözünə dik baxmağı bacaran, babaların ruhunu
şad edən, Vətəni sevindirən igid oğulların mənəvi
rahatlığıdır bu laylalar, öyüd-nəsihətlər?
Vətənin bütövləşməsi
uğrunda varlığı ilə döyüşə
atılanların cərgəsində olmaq Əliqismət
Mükafat oğlu Yaqubluya da nəsib oldu. O, 1992-ci ildə Lerik
rayonunun Kələxan kəndində işıqlı
dünyaya göz açdı. Hələ o illərdə
baş verən Qarabağ savaşından xəbərsiz idi.
Axı, o hardan biləydi ki, təcavüzkar düşmənin
işğal etdiyi torpaqları azad etmək 28 ildən sonra onun
qismətinə düşəcək? O, bu şanlı tarixi vəzifəni
icra etməklə bahəm, çox müqəddəs,
qürurverici bir ad alacaq, ucadan-uca bir zirvəyə ucalacaq. Elə
bir zirvəyə ki, o taylı – bu taylı Azərbaycan
bütöv və çox güclü görünəcək.
Ulu fateh Şah İsmayıldan sonra bu bütövlüyə
heç kəs nail ola bilməmişdi...
Dəyərli oxucu, zirvə qartalı,
Qarabağın fatehi, qəlblərdə əbədiyaşar
Əliqismətin həyat dastanı, onun qismətinə
düşən Ömür yolu olduqca maraqlıdır. Gəlin ona həsr elədiyimiz sətirlərin bir
qismi ilə siz də tanış olun.Fədakar eloğlumuzu,
Ordumuzun şöhrətli zabitini, nəhayət, ölməz
ruhu məmləkəti üzərində gəzib-dolaşan qəhrəmanımızı,
onun Vətən üçün böyüyüb, Xilaskar
olacağını siz də bilin.
Vətən müharibəsində torpaq, yurd, məmləkət,
dövlət və onun sərhədlərinin
toxunulmazlığı, suverenliyi uğrunda qəhrəmancasına
vuruşmuş Əliqismət Yaqublunun atası Mükafat
Yaqubov oğlunun şücaətindən iftixarla
danışır:
- Əliqismət oğul övladlarımın
ilki idi. Onun doğum günü sevincimiz yerə-göyə
sığımırdı. Böyüdü, ətə-qana
doldu. Həmişə səliqəli geyinər,
nadinclik etməz, evimizin yaxınlığındakı
uşaq bağçasının həyətində
oynardı. Davalı kinolara xüsusi maraq göstəriridi.
Əliqismət bir gün mənə dedi ki, ata, mənə də
taxtadan tüfəng düzəlt. Dava-dava oynayarıq”. Mən
onun ciddiyyətlə danışdığını
görüb razı oldum. Beləliklə, onun ilk davası beləcə
başladı...
Bəs sonra?.. Əliqismət öz arzusu ilə
2007-ci ildə Naxçıvanski adına Hərbi Liseyə
daxil oldu. Oranı yüksək qiymətlərlə bitirib Heydər
Əliyev adına Ali Hərbi Akademiyanın kursantı oldu, tədris-məşq
proqramını yüksək səviyyədə mənimsədi.
Artıq o, gələcək sənət-peşə yolunu
müəyyənləşdirmişdi. Müəllimləri də
ondan razı idilər, yoldaşları arasında xətir-hörmət
qazanmışdı. Evə gələndə ciynində
parlayan ulduzları görmək arzusunu həvəslə dilinə
gətirərdi.
Beləliklə, Ali Hərbi Akademiyanı fərqlənmə
ilə bitirən Əliqismət Yaqublu Təlim-Tədris Mərkəzində
yeni ixtisas qazandı, hərbi biliyini daha da təkmilləşdirdi.
Bilik və bacarığı ilə fərqlənən on nəfərlə
birlikdə Qobustandakıhərbi hissəyə təyinat
aldı.
2015-ci ildə könüllü olaraq cəbhə
bölgəsində hərbi xidmətini davam etdirir, 2016-cı
ildə isə Füzuli ərazisində xidmətdə olarkən
onun Əliəsgər oğlu anadan olur. Beyləqanda hərbi
birləşmədə ən fəal, cəsur, qorxmaz və hərbin
yeniliklərini, taktika və strategiyasını bilən zabit
kimi tanınır, başqalarına nümunə göstərilir.
Aprel döyüşlərində fəal iştirak edir,
hünər, şücaət göstərir. Aprel
döyüşlərindən sonra yenidən Qobustana göndərilir.
2017-ci ildə isə öz istəyi ilə yenidən cəbhə
bölgəsində, - Ağcabədidə xidmətini davam
etdirir. Bir il sonra XTQ-nin baş leytenantı kimi xidmət rəisi
vəzifəsini icra etməyə göndərilir.
Adına
və andına layiq qəhrəman
2020-ci ilin payızı idi. Müharibənin
başlanmasına sayılı günlər
qalmışdı. Əliqismət Yaqublu
Lerikə gəldi, ata-anası ilə, ailəsi ilə
görüşdü. O, gedərkən belə dedi:
- Ata, mən
müharibəyə gedirəm. Bütün şəhidlərimizin
qisasını alana qədər,
işğal edilmiş Vətən torpaqlarını azad edənədək
vuruşmağa and içmişik. Biz
işğalla barışa bilmərik. Axı,
o torpaqlar bizimdir və biz son damla qanımıza qədər
vuruşub onu azad etməliyik. Döyüşdə hər
şey ola bilər. Ona
görə də hər şeyə hazır olun. Əgər şəhid olsam, məni kəndimizdə
- babamın uyuduğu məzarlıqda, onun yanında dəfn
edəsiniz. Sonra da zarafatla:
- Əvvəl-axır, məgər, hamımızın
yeri o torpaq deyil? – dedi.
Və kişi kimi vuruşmağa, Vətəni azad
etməyə, zabit andını şərəflə yerinə
yetirməyə getdi. O, müqəddəs arzusuna
çatdı, düşmənin yuxusuna haram qatdı.
Əliqismət Yaqubludan yüksək rütbəli
komandirlər, zabit yoldaşları, tabeliyindəki şəxsi
heyət və əsgərləri bir kəşfiyyatçı
kimi onun əvəzolunmaz cəsarətindən, Vətənə
sevgisindən, döyüşdəki şücaətindən
saatlarla danışırlar. Onlar deyirlər:
- Əliqismət olduqca cəsarətli, bacarıqlı,
savadlı, heç zaman qorxu hissi olmayan bir komandir və
şir ürəkli, mükəmməl bir
döyüşçü idi. Döyüşdə
o özü və qrupunda olan əsgərləri
gözünü qırpmadan yalnız irəliyə -
düşməni məğlub edənədək üzərinə
getmək həvəsində olub. Cəsur
komandir, olduqca vətənpərvər, ləyaqətli insan
kimi tabeliyindəki əsgərlərlə münasibətdə
diqqətli idi. Döyüşdə
yaralanan əsgər və zabit yoldaşlarına kömək
edir, onları sanitar qrupuna çatdırmağa
çalışardı. Kəşfiyyatçı
olduğu üçün fəaliyyətini qapalı
saxlardı. Həmişə deyərdi ki, kəşfiyyatçı
görünmədən görmək, ölmədən
dönməkdir...
Əsgərlərin
xilaskarı
Çox vaxt döyüşçülər
sıldırım qayalarda, çətin keçilən
meşələrdə gedirdi. Belə mürəkkəb
relyefə malik ərazidə qətiyyətli həmlə etməklə
düşmənə sarsıdıcı zərbə vurmaq qəhrəmanlıq
nümunəsi idi. Əliqismət ən
çətin anlarda belə, əsgərləri uğurlu
döyüşlərə, daim irəliyə, qələbəyə
ruhlandırırdı.
Zabit
yoldaşı C.Təhməzov deyir: “Mən döyüş
zamanı yaralanmışdım. Güllə, mərmi
yağmasına baxmayaraq Əliqismət Yaqublu
yaralanmağımı bilərək mənə ilkin tibbi
yardım göstərdi, çiyninə alıb tibbi heyətə
təhvil verdi, sonra isə
döyüşü davam etdirdi. Əgər bu
yardımı almasaydım indi həyatda yoxdum. Sağ
qalmağım üçün qardaşım Əliqismətə
borcluyam”.
Döyüşlər zamanı əsgərlərdən
biri ağır yaralanır. Bunu görən
Əliqismət onun köməyinə çatır. Görür ki, mərmi qəlpəsi onun əzalarını
dağıdıb, bərk qan axır. O tez yaralıya
ağrıkəsici vurur, qanaxmanı dayandırmaq
üçün sıxıcıdan (jqutdan) istifadə edir.
Əsgər deyir:
- Komandir,
mən ölürəm?..
- Qorxma,
yaran çox da dərin deyil, sən yaşayacaqsan.
Əsgər
ümidsiz halda:
- Komandir,
mən gedirəm. Heyif ki, gözəl Şuşanı görə
bilmədim… deyir - və gözlərini əbədi olaraq
yumur…
Əliqismət
onun başını dizi üstə qoyaraq yanğı ilə
deyir:
- Xoş
sənin halına, sən bizim hamımızın
arzuladığı yerə getdin, şəhid oldun... – deyir.
Ağbulaq kəndinin həndəvərində
döyüş gedir. Xəbər gəlir ki, bölməyə
silah-sursat çatdırmaq lazımdır. Əliqismət Yaqublu fikirləşmədən
sursat dolu maşınlara bələdçilik etməyi qərara
alır. Hamı bilirdi ki, o, bir XTQ-nin
zabiti, həm də kəşfiyyatçı kimi
Qarabağın işğala məruz qalmış ərazilərinə
yaxşı bələddir (Məhz buna görə də
Əliqismətə “bələdçi Əli” deyirdilər).
Sursat yüklənmiş maşınlar təyin
olunmuş yerə tez çatsın deyə, o,
sürücülərə kəsə yolla getmək barədə
göstəriş verir. Lakin kəsə
yolun üzərindəki kənd hələ ermənilərdə
idi. Baş leytenant Əliqismət Yaqublu
tez mövqe tutmağı əmr edir və taktiki həmlə
ilə kəndi götürür. Sonra rəhbərliyə
məlumat verir: - Komandir, narahat olmayın, az
qüvvə ilə kəndi də aldıq, silah- sursatı da
döyüşən heyətə çatdırdıq.
Bu əhvalatı
komandir çox vaxt məzəli surətdə
danışır və azğın düşməni mükəmməl
planla məğlub edən kəşfiyyatçı komandir
yoldaşını ehtiramla xatırlayır…
Atanın
xəritə qeydləri
Əliqismət Yaqublunun atası Mükafat müəllim
Lerikdə Dövlət Rəsm Qalereyasının direktorudur. Ordumuz hər
dəfə yeni yaşayış məntəqələrinə
girib, şəhər, qəsəbə və kəndləri,
yüksəklikləri azad etdikcə o da həmin yerləri
stolunun üstündəki xəritədə qeyd edir və
sancaq vurur. Artıq Şuşaya
çatmağa sanılı günlər qalmışdı.
Noyabrın əvvəllərindən
Şuşaya hücum başlanmışdı. Ayın 5-də XTQ-nin cəsur igidləri artıq
Şuşanın girişində idilər. Ermənilər cəsur Xüsusi Təyinatlılarla
üz-üzə gəlməkdən çəkinirdilər.
Ona görə də əsasən uzaqvuran
silahlardan istifadə edirdilər. Əlbəyaxa
həmlədə Əliqisməti tanımaq olmurdu. O, həm
vuruşur, həm də yaralılara kömək edirdi. Bir
çox sağ qalan yaralı əsgəri,
zabiti Əliqismət xilas etmişdi. Bəzən
özünü unudaraq, güllədən, mərmi qəlpəsindən
qorxmadan strateji nöqtəyə can atırdı. Verilən tapşırığı, işğaldan
azad olunmalı kəndi, şəhəri, öz canı bahasına
belə, almağa can atırdı. Amma
döyüşə rəhbərliyi mükəmməl həyata
keçirir, məqsədinə nail olurdu. Hər
dəfə yeni ərazilər ermənilərdən
alınanda atası Mükafatla danışır, “Ata, narahat
olma, növbəti hədəfimiz Şuşadır” – deyirdi.
“Oğul, girdiyiniz evlərdə heç nəyə
əl vurmayın, düşmən partladıcı qoya bilər”.
Əliqismət isə: “Ata, ermənilər heç buna macal
da tapmırlar, hər şeylərini qoyub qaçırlar.”
Azərbaycan
Ordusunun Xüsusi Təyinatlı Qüvvələri
Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı rayonlarını qət edərək,
Laçının Güləbirt kəndinə
çatmış, oradan Şuşa ərazisinə keçərək
Daşaltıya qədər piyada yol getmişdilər. Və
ordumuzun bütün bu döyüş yolu Mükafat müəllimin
stolunun üstündəki Azərbaycan xəritəsində
qırmızı sancaqlarla bəzənmişdi…
“ …Sizə
Şuşadan zəng edəcəyəm…”
Noyabrın
1-də atasına zəng edən Əliqismət qısa
danışır: “Ata, salamatçılıqdır, narahat
olma. Ola bilsin ki, bir-neçə gün zəng
edə bilmədim. Set olmayacaq. Bir də,
İnşəAllah, sizə Şuşadan zəng edəcəyəm.
Sağlıqla qalın”, - deyir.
Son telefon
zəngi və atanın ömürlük yaddaşına
hopan, mehriban, sevimli övladının vida sədası…
Daşaltıya hücum başlayır. Ordumuzun bu qədər
irəliləyib uğur qazanması erməni
silahlılarını dəli etmişdi. Bu,
onların məğlubiyyəti demək idi. Ordumuzdan heyif almaq üçün bütün
silahlardan bizim mövqelərimizə fasiləsiz olaraq atəş
açır, namərdcəsinə əsgərlərimizin
mövqelərini bombardman edirdilər. Aydındır ki,
30 ildən bəri Qarabağda səngər, müdafiə
tunelləri, dəmir-beton sədlər tikən, mövqelərini
müxtəlif növlü dağıdıcı silahlarla
dolduran ermənilər insanlığa sığmayan vəhşiliklər
edir, hara gəldi mərmi, güllə, raket atırdılar. Söz yox ki, düşmənin atdığı mərmilər
öz qurbanlarını da tapırdı. Düşmənə
ağır zərbə endirərək Daşaltını alan ordumuz, Şuşaya həmləyə başlayanda,
noyabr ayının 5-də axşamçağı, saat 16-17
radələrində artilleriyadan atılan mərmi Əliqismətin
yaxınlığında partlayır... Onu
qospitala çatdırsalar da, artıq gec idi. Vətən üçün döyünən
ürəyi susmuş, ruhu isə şəhid
qardaşlarının ruhuna qovuşmuş, məkanı cənnət
olmuşdu. Baş leytenanat Əliqismət
Yaqublu əlində silah döyüşərək, öz
canını Vətənə qurban vermişdi. Vətənə tuşlanan düşmən mərmilərini
öz sinəsi ilə qarşılamışdı. Mələk simalı, cənnət vüsallı
Əliqismət Yaqublu bizim ellərin karvanını duman və
qaranlıqlar içindən aparıb işıqlı sabaha
çıxaran bir sarvan oldu. Onun gözlərində,
sözlərində günəşin qüdrəti,
baharın həyat ətri vardı.
Vətən
qəhrəman övladı Əliqismətə layiq olduğu
qiyməti verdi: Azərbaycan Prezidentinin sərəncamı ilə
“Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda”,
“Şuşanın işğaldan azad olunmasına görə”
medalları Qələbənin rəmzitək övladı
Əliqismətin sinəsində parlayır.
ƏBƏDİYYƏT
ELÇİSİ
Qarabağı
əsarətdən azad etmək sənə qismət oldu,
Əliqismət!
Səni döyüşdən-döyüşə, qələbədən-qələbəyə
aparan qüvvə Vətən sevgisi idi. Sənin
qüdrətin, ləyaqətin çatdığı yerə
düşmənin xəyalı da çatmaz.
Böyük Qələbə, Vətənə məhəbbət,
sonsuz iftixarımız həmişə səninlə bir yerdə
olacaq, Sənin zabit şərəfin zaman keçsə də
solmayacaq!
Sən şəhid övladlarının baxışlarında,
onların qan yaddaşında həmişə bizimlə
olacaqsan. Pərvanələr yanacaqlarını bilə-bilə
özlərini oda atırlar. Sənin də
ömrün pərvanə ömrüdür.
Xarı bülbül sənin nəfəsinlə ətirləndi,
qürrələndi, sevincə bələndi. Üzünü
azan səsi gələn minarələrə tutdu. Bu bizim haqq savaşımız idi, sən də
haqlı olduğun üçün qalib oldun, Zəfər
çaldın. Hamı sizdən öyrənəcək,
Mübarizin mübarizə dərsini, Polad tək əyilməzliyini,
yenilməzliyini...
Azərbaycan
qəhrəmanı, döyüş aslanı Əliqismət
Yaqublu, qardaşımoğlu!..
Mən bir yazar olaraq, yurdumuza canını fəda
etmiş, XTQ-nin idarəetmə zabiti, Kimya Xidmət rəisi,
ŞƏHİD baş leytenant Əliqismət Yaqublunu
ƏBƏDİYYƏT ELÇİSİ adlandırardım. Çünki, şəhidlər
əbədi olaraq, elə bir zirvəyə qalxıblar ki,
onları yalnız belə adlandırmaq olar: -
ƏBƏDİYYƏT ELÇİSİ… Vətənin,
Qarabağın nicatı da belə ucalıqlardan keçdi və
şəhid oğullarını ƏBƏDİYYƏTƏ
ELÇİ göndərdi…
Vətən duyğusu o qədər güclü, əzəmətlidir
ki, heç bir duyğuya bənzəməz. Vətən,
dədə, baba əmanətidir,
varlığımızdır. Vətən
xalqın azadlığıdır, müstəqilliyidir. Torpağı, dağı, daşı qoruyanda, yad nəzərdən
hifz edəndə dönüb Vətən olur.
Əliqismət,
Sən Vətəndə yaşadın, Vətəndən
güc aldın, onu sevə-sevə ucaldın, düşməndən
bac aldın.
Əliqismət, Sən zəfər qazandın. Qəhrəmanlıq
dastanı yazdın, əzmini, sorağını bütün
cahan eşitdi. İndi uyuduğun torpaq Sənə
beşikdir! - Sən, - Vətənsən… Vətən sənə
minnətdardır hər zaman, adın yaşayacaq,- ölməz Qəhrəman!
Səninlə qürur duyur Mükafat atan. Anan, qardaşların, səni
sevən həyat yoldaşın, ölçüsüz kədərə
bələnən cüt balaların...
Rahat yat,
Şəhidim… Sən qisas aldın.
Qisasın da alındı… Qarabağ azaddır.
Qarabağ Azərbaycandır! Şuşada Ruhunuza Xarı
bülbül fatihə oxuyur, - Əbədi Ruhunuza şanlı
fatihə…
İdris
ŞÜKÜRLÜ
Azad Azərbaycan.- 2021.- 10 iyun.- S.5.