Özünlə şeir apar, Saib...”
Dahi Azərbaycan şairi Mirzə Məhəmməd
Əli Saib Təbrizi dünya ədəbiyyatının
ölməz simalarından olan XVII əsrdə
yaşamış qüdrətli Azərbaycan şairidir. Onun əsərlərində
öz xalqının mənəvi dünyası, bədii
dühası öz əksini tapıb. Tamamilə yeni
üslubda şeirlər yazan Saibin şöhrəti az bir zamanda bütün farsdilli ölkələrə
yayılıb, poeziyası çox yüksək qiymətləndirilib.
XVII yüzillikdə Füzuli ədəbi məktəbinin
davam və inkişaf edilməsində Saib Təbrizinin
böyük xidmətləri olub. Əsərlərini Azərbaycan və
fars dillərində qələmə alan
şair ədəbi mühitdə “Əsrinin Füzulisi”
adlandırılıb. Eyni zamanda təzkirəçi
kimi də tanınıb.
Məhəmməd Əli Saib Təbrizi iki dildə
şeir yazan görkəmli Azərbaycan şairlərindəndir. Şair azərbaycanca
yazdığı qəzəlləri ilə yanaşı, fars dilində yaratdığı sənət
inciləri XVII əsr fars dilli poeziyanın ən yaxşı
nümunələri olduğundan Saibi eyni zamanda İran ədəbiyyatının
da görkəmli nümayəndəsi hesab etmişlər. Saib
Təbrizi XVII əsrdə yaşamış, mənşəcə
Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi
və fars dilində gözəl əsərlər
yaradan klassik Azərbaycan ədəbiyyatının ən
böyük nümayəndələrindən biridir. Bu mütəfəkkir sənətkar hələ
öz sağlığında İranda, Hindistanda,
Əfqanıstanda və Türkiyədə məşhur
olmuş və həmin xalqların ədəbiyyatının
inkişafına böyük təsir göstərmişdir.
Tədqiqatlar nəticəsində Saib Təbrizinin təqribən
300 min misra şeir yazdığı müəyyənləşdirilmişdir. 1975-ci ildə
Hindistanın Lakhnau şəhərinin əlyazmalar xəzinəsindən
şairin 230 min misradan artıq şeirinin
köçürülüldüyü əlyazma nüsxəsi
tapılmışdır. Saib Təbrizi
çoxsaylı qəsidələr, rübailər, qitələr,
məsnəvilər və nəsr əsərləri yazsa da,
Azərbaycan ədəbiyyatı tarixinə məhz müqtədir
qəzəl ustası kimi daxil olmuşdur. Onun
“Qəndəharnamə” məsnəvisi Azərbaycan ədəbiyyatında
epik şeirin qiymətli nümunələrindən biri
sayılır.
Təzkirəçilərin verdiyi məlumatdan aydın
olur ki, Saib xoşxasiyyət, mülayim təbiətli, möhtərəm
bir şəxs olunmuşdur. Lakin məclislərdə
hazırcavab, bədahətən şeir deyən,
müşairəni sevən bir sənətkar imiş.
Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci
ildə Təbriz şəhərində doğulmuş və
ibtidai təhsilini də burada almışdır. Atası Mirzə
Əbdürrəhim tacir idi və məşhur təzkirəçi
Nəsrabadinin yazdığına görə, xalq arasında
yaxşı etibar qazanmışdı. Ata
babası Şəms əd-Din Məhəmməd Təbrizi
Şərq dünyasında “Qələmi şirin” adı ilə
tanınmış çox mahir xəttat idi.
XVI əsrin axırlarında, I Şah Təhmasibin
zamanında Təbriz osmanlılar tərəfindən
işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I
Şah Abbas bir çox təbrizliləri İsfahana
köçürür. Saibin atası da
köçürülənlərin arasında olur. Buna görə də Saib öz təhsilini və
poetik fəaliyyətini İsfahanda davam etdirir. O,
dövrün görkəmli alimlərindən Kaşi və
Şəfaidən dərs alır. Təhsilini
başa vuranda artıq onu İsfahanda savadlı, ziyalı və
istedadlı şair kimi yaxşı tanıyırdılar.
Bundan sonra Saib dövrünün ənənələrinə
uyğun olaraq, təhsilini səyahətlərdə davam
etdirir. O, Məkkə və Mədinə ziyarətində
olur, buradan da Osmanlıya gedir. Osmanlıda o, ölkənin
tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri
aparır.
Saib Təbrizi gənclik illərini doğma şəhəri
Təbrizdə keçirmiş, sonra müəyyən fasilələrlə
yuxarıda adları çəkilən ölkələrə
səfər etmiş, həmin yerlərdə
yazıb-yaratmış və nəhayət, İsfahan şəhərinə
qayıdıb, ömrünün axırına qədər
orada yaşamışdır. O, İran tədqiqatçılarının
“İsfahan üslubu” adlandırdıqları yeni poetik cərəyanın
yaradıcısıdır. Hindistanda isə onu farsdilli poeziyanın
“Hindistan məktəbi”nin banisi kimi
tanıyırlar.
Saib Təbrizi
ədəbiyyata böyük bir poetik irs
qoyub getmişdir. Bəzi tədqiqatçılar
belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil
edib. Görkəmli Azərbaycan alimi Məhəmməd
Əli Tərbiyət “Azərbaycanın görkəmli
adamları” kitabında yazır ki, o, özü Saibin 120 min
beytlik “Divan”ını (poemaları daxil olmadan) gözü ilə
görüb. Şairin müxtəlif mənbələrdə
göstərilən “Mahmud və Ayaz” məsnəvisi isə
dövrümüzə gəlib çatmamışdır.
Saib Təbrizi həm də Azərbaycan ədəbiyyatı
tarixi üçün qiymətli mənbələrdən
sayılan “Səfinei-Saib” adlı cüngün tərtibçisidir. Onun
yaradıcılığı Azərbaycanda, həmçinin
İranda, Türkiyədə, Orta Asiya ellərində,
Əfqanıstanda və Hindistanda farsdilli və türkdilli ədəbiyyatların
inkişafına mühüm təsir göstərmişdir.
Saib Təbrizi vətəni Təbrizdən ayrılıb
uzun illər İsfahanda və qürbət ölkələrdə
yaşadığı müddətdə, həmin ölkələrdə
ədəbi-içtimai fikrin inkişafına böyük təsir
göstərmişdir. Buna baxmayaraq, o, daim Təbrizin havası ilə
qanadlanmış, bu gözəl şəhərin
adını iftixarla çəkmiş, ona mənsub olduğu
üçün fəxr etmişdir:
Sədi əgər
Şirazın boz qumundan yarandı,
Saib doğdu Təbrizin müqəddəs
torpağından.
Şair qürbət ellərdə olarkən Təbrizdə
keçirdiyi xoşbəxt günlərini, ömrünün
bahar çağlarını həsrətlə
xatırlamışdır.
O bahar
ömrümüzün günləri düşdükcə
yada,
Saibin fikri gəzər Təbrizin o cənnətini.
Saib Təbrizi
ədəb-ərkan, cəmiyyətdə məclislərdə
özünü necə aparmaq qaydası, dostluğun məziyyətləri,
düşməni heç zaman aciz saymamaq, böyüyə
hörmət, kiçiklərə örnək olmaq və s.
haqqında onlara şeirlər yazmışdır. Dostluqdan
danışarkən şair deyir:
Ayrılar
dostundan, əlbət olmasa dost mehriban,
Çün sarı yarpaqları bağdan qovar badi-xəzan.
Qətrədən
irmaq olar, irmaq da çayda birləşər,
Tənhalıqdan heç nə hasil etməmiş
ayrı olan.
Müxtəlif
xislətlilər yüz il tanış
olsa, yenə
Xasiyyət tutmursa, onlar ayrılar bir gün inan.
Şair Azərbaycan dilində olan şeirlərinin birində
cavanlara nəsihət edir ki, əgər istəyirsiniz xalq
içərisində hörmətli olasınız, “qocalar qədrini
igidlikdə bilin”. Farsca qəzəlində oxucusuna məclis
qaydalarından danışır:
Çalış
qonaqlığa getmə, əgər gedən olsan,
İtaət
eylə sən hər qaydaya mətanətlə...
Yağ ilə
bal kimi ol cümlə məclis əhliylə,
Üzünü turşudaraq baxma sən küdurətlə.
Biri
danışdı əgər, kəsmə sözün sən
yarıda,
Üyüdər öz dənini xalq həmişə
növbətlə.
Gələndə
məclisə öyrən əvvəl nədir səbəbi,
Soyutma məclisi heç pıçapıç
söhbətlə.
O, məclisə
ki, ora varlılar yığışmışlar,
Gedərsə yoxsul əgər, əyləşər nə
halətə?!
Saib Təbrizinin sənətkarlıqla deyilmiş bu
cür nəsihatəmiz şeirləri çoxdur. Elə buna
görə də, təzkirəçilərin verdiyi məlumatdan
aydın olur ki, Saibin divanlarından seçilib üzü
köçürülmüş gülçinlər o zaman
kitabxanalardan daha çox alimlərin və şeirsevərlərin
evində, hökmdarların saraylarında olurmuş.
İllər keçdikcə Azərbaycanın bu
böyük söz ustadının divanları dünyanın
bir çox mötəbər kitabxana və müzeylərinə
aparılmışdır. Saib Təbrizinin yadigar
qoyub getdiyi ədəbi irsi ilk dəfə Hindistanda,
“Seçilmiş əsərləri” 1927-ci ildə Heydərəli
Kəmali tərəfindən İranda, “Kulliyyat”ı
1954-1957-ci illərdə Əmir Firuzkuhi tərəfindən
Tehranda, Azərbaycan dilində qəzəlləri 1946-cı
ildə ərəb əlifbası ilə ilə akademik
H.Araslı tərəfindən Bakıda, Saibin öz xətti
ilə yazılmış divanın faksimilesi 1971-ci ildə Kəraçidə
nəşr olunmuşdur. Saib Təbrizinin hörmətli
oxuculara təqdim olunan bu kitabında toplanan əsərləri
adlarını çəkdiyimiz divan və külliyatlardan əlavə,
Azərbaycan MEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitunda saxlanılan divanlarından
seçilmişdir. Onun yadigar qoyub getdiyi yüksək
sənət nümunələri, təbliğ etdiyi
böyük bəşəri ideyalar bu gün də çox yüksək
qiymətləndirilməkdədir. Azərbaycanın
bu görkəmli sənətkarı XVII əsrdən bəri
yazılmış minlərlə çiglərdən, təzkirələrdən,
ədəbi və elmi kitablardan oxucuların qəlbinə
köçmüşdür. İndi o,
milyonlarla pərəstişkarının ürəyində
yaşayır. Şair özü də vaxtilə
yazmışdır:
Bu qara
torpağın altındadı Saib,- deyə
siz gəzməyiniz,
Məni bundan sonra gəzsəz, siz ürəklərdə
gəzin.
Şairin “Qəndəharnamə” poeması və “Mahmud və
Ayaz” adlı əsəri də özünəməxsusluğu
ilə seçilir. Saib Təbrizi öz şeirlərilə yanaşı,
istər sələflərindən, istərsə də
müasirlərindən sevib bəyəndiyi 800 şairin
şeirindən 25 min beytlik bir gülçin
hazırlamışdır ki, bu kitab “Səfinəye-Saib”
adı ilə məşhurdur. Ömrünü
şeirə, sənətə həsr etmiş, yarım əsrdən
artıq yaradıcılıq yolu keçmiş Saib Təbrizi
1676-cı ildə İsfahan şəhərində vəfat
etmişdir. İsfahanda məşhur “Saib təksəyində”
dəfn olunmuş bu böyük sənətkarın qəbri
uzun illər gözdən-nəzərdən uzaqda
qalmışdır. Ədəbi ictimaiyyətin
səyi nəticəsində şairin qəbri
tapılmış, ölümünün 300 illiyi münasibətilə
yenidən bina edilmişdir. Saib Təbrizi
yaradıcılığından bəhs edən alimlər onun
yeni söz demək tərzindən, fikir orjinallığından
və üslub xüsusiyyətindən ayrıca
danışmış, şairin bu cəhətini sənətkarlığının
müvəffəqiyyətlərindən hesab etmişlər.
Saib vətəni Təbrizdən
ayrılıb uzun illər İsfahanda və qürbət
ölkələrdə yaşadığı müddətdə
həmin yerlərin ədəbi-ictimai fikrinin inkişafına
böyük təsir göstərmişdir. Şair qürbətdə
olarkən Təbrizdə keçirdiyi xoşbəxt günlərini,
ömrünün bahar çağlarını həsrətlə
xatırlamışdır:
O bahar ömrümüzün günləri
düşdükcə yada,
Saibin fikri gəzər Təbrizin o cənnətini.
Saib ədəbiyyat aləmindəki
müvəffəqiyyətlərini bu doğma şəhərin
adı ilə bağlamış, “Saib, sən gözəl təbinlə
Təbrizi şəhərlər içərisində
başı uca etmişsən”- deyərək doğma anası
qarşısında iftixarla hesabat verən təvazökar bir
oğlu xatırlatmışdır. Lirik şair Saib Təbrizinin
ölümü ədəbiyyat aləmində böyük bir
itki olmuş, onun müasirləri bu böyük ustadın vəfatına
mərsiyələr yazmışlar. Təzkirəçilər
və ədəbiyyatşünaslar onun sənəti
qarşısında öz heyranlıqlarını gizlədə
bilməmişlər. Şair haqqında ilk sözü onun
müasirləri söyləmişdir.
Saibin şeiri verir indi bütün gözlərə
nur,
Görməmişdir belə bir sürmə
İsfahan yuxuda.
Fəqət gözlərə nur
verən bu sənətkar İsfahanda özünə layiqincə
qiymət verilməməsini görürdü. O, yaxşı
bilirdi ki, onun günəş kimi parlaq sənətini pərdələmək,
od-alov saçan şeirlərinin səsini batırmaq
mümkün deyildir. Odur ki, yazırdı:
Küllə məni örtmək diləyən
sadədil insan,
Çaxmaq daşını parçalayan
şölələrim var.
Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində
vəfat edib və orada da dəfn edilib.
Aynur MEHDİ
Azad Azərbaycan.- 2021.- 4 mart.- S.11.