Füzulidə bayraq asmağa bir hündürmərtəbəli bina tapa bilmədik

 

 

Emil Vəliyev: “Şuşaya girəndə, bu şəhər bizim millətin qeyrət qalası olduğu üçün

hamımız sevincdən ağlayırdıq”

 

Emili hələ məktəb illərindən tanıyıram. Onun atası rəhmətlik Fərman kişi ailəsi ilə Qazax rayonunun Birinci Şıxlı kəndindən Sumqayıta köçmüşdü. Emil də 1993-cü ildə Birinci Şıxlı kəndində anadan olub. O, təhsilini Sumqayıt şəhərindəki 5 nömrəli tam orta məktəbdə alıb. Emilin məktəbdə oxuduğu illərdən sözübütöv, qorxmaz, işgüzar olduğunu və liderlik xüsusiyyətlərini görmüşdüm. Atası Fərman kişi ağır xəstə olduğundan Emil səkkizinci sinifi bitirəndən sonra, ailələrinə kömək etmək məqsədi ilə yeməkxanada işləyib, ailəyə pul gətirir və anasına da bu işdə köməklik edirdi. Sonra Emil 2011-ci ildə ordu sıralarına getdi. Quru qoşunlarında xidmət elədi. Əsgər kimi yaxşı xidmət etdiyinə görə, dəfələrlə komandirləri evlərinə təşəkkür məktubları göndərirlər.

 

 

 

Emil Vəliyev ordu sıralarından qayıdandan sonra qiyabi orta təhsilini davam etdirdi və 2014-cü ildən N saylı hərbi hissədə müddətdən artıq çavuş kimi əmək fəaliyyətinə başladı. Burada da az bir vaxtda komandirlərinin rəğbətini qazandı. Onu hərbi tibb kursuna göndərdilər və öz işini kiçik tibb işçisi kimi davam etdirdi.

 

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan vaxtı Emil də xidmət etdiyi hərbi hissə ilə birlikdə müharibəyə qatıldı. Yaralı əsgər yoldaşlarını döyüş bölgələrindən çıxardı və özü də yeri gələndə həmin qanlı döyüşlərdə iştirak elədi.

 

              

 

Vətən müharibəsindəki böyük qələbəmizdən sonra Emil Vəliyevin xidmət etdiyi hərbi hissə Qarabağda qaldı və torpaqlarımızı yağı düşməndən qorumaq üçün bu gün də düşmənlə üz-üzədirlər.

 

Emilin Qarabağ döyüşlərindəki igidliyinə görə ona bir həftəlik məzuniyyət vermişdilər və o, evlərinə gəlmişdi. Həmin vaxtı onunla görüşmək imkanım oldu. Təbii ki, Vətən müharibəsində döyüşən əsgərlərimiz haqqında çox yazmalı və onların şücaətini gələcək nəsillər üçün saxlamalıyıq.

 

- Emil, Vətən müharibəsi başlayanda sizin hərbi hissə arxa cəbhədə idi. Mühribə başlayanda sizin hərbi hissəni də döyüş bölgəsinə apardılar. Həmin günləri necə xatırlayırsan?

 

 

 

- Biz, müharibənin elə ilk günündən Füzuli uğrunda gedən döyüşlərə qatıldıq. Bu döyüş həqiqətən də çox çətin idi. Çünki ermənilər orada çox möhkəm sədd qurmuşdu. Həmin səddləri keçmək də çox çətin idi. Hava da yağışlı və soyuq olduğundan döyüşmək çətin olurdu. Amma bizdə böyük inam və qorxmazlıq vardı ki, biz onları tezliklə Füzulidən çıxaracağıq. Çünki generallarımız, komandirlərimiz özləri öndə getməklə, hamını döyüşə ruhlandırırdılar. Yaxşı mənada artıq hamımızın gözünü qan tutmuşdu. Həm də artıq Suqovuşan alınandan sonra ermənilərin öz orduları haqqında yaratdıqları mif, güclü ordu olmaları haqqındakı yalanları üzə çıxmışdı. Biz tam başa düşürdük ki, onların nə yaxşı texnikası, nə də döyüşən ordusu var. Ona görə də hamımız var qüvvəmizlə döyüşürdük. Dronlar və başqa texnika ilə ermənilərin səngərləri ordumuz tərəfindən darmadağın olunurdu. Özləri də dəstə ilə ya ölürdülər, ya da əsir düşürdülər. Ona görə də biz, tez bir vaxtda Füzuli şəhərini azad elədik. Füzuli şəhəri azad olunanda, komandirlərimiz başda olmaqla hamımız çox sevindik. Ən əsası da biz bilirdik ki, başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bütövlükdə xalqımız bizim arxamızdadır. Komandirlərimiz də bizə özlərinin doğma övladı kimi baxırdı. Füzulini alandan sonra gördük ki, ermənilər şəhəri xaraba günə qoyublar. Evlərin daşlarını belə daşıyıb aparmışdılar. Üçrəngli bayrağımızı asmağa bir hündürmərtəbəli bina belə tapa bilmirdik. O gavurlar hətta qəbirstanlıqlarımızı da tamamilə dağıtmışdılar. Bütün uca, hündür ağacları belə kəsmişdilər.

 

 

 

- Döyüş vaxtı əsgərlərimizin özünəinamı necə idi?

 

- Səfərbərliyimiz və özümüzə inam çox böyük idi. Füzulini təmizləyəndən sonra döyüşümüzü Yuxarı Aybasanlıda və Aşağı Aybasanlıda davam etdirdik. Orada da ermənilərin çoxlu qüvvəsi və texnikası toplanmışdı. Bunu da bizə əvvəlcədən xəbər vermişdilər. Orada da çox böyük döyüşlər getdi. Biz, çalışırdıq ki, canlı itki vermədən irəliləyək. Ən əsası da döyüş vaxtı elə bil ki, hamı bir-birini yarım sözdən başa düşürdü. Bəzən kimsə yaralanırdısa, biz təcili həmin əsgəri döyüş bölgəsindən çıxarıb, arxaya gətirirdik. Yüngül yaralılar, tibbi müalicə alandan sonra yenidən döyüşə girirdilər. Çox ağır olanları isə hərbi hospitala aparırdılar. Amma bəzən ağır yaralı da öz döyüş yoldaşını qoyub getmək istəmirdi. Bax, bu döyüşlər bizi bir-birimizə belə yaxınlaşdırmışdı. Sizə bir həqiqəti deyim ki, biz öz torpağımız uğrunda döyüşdüyümüzə görə, bizdə inam çox böyük idi. Torpaqları geri alandan sonra, hər birimiz bir ovuc torpaq götürüb, onu sevinc göz yaşları ilə öpürdük. Mən və cəbhə yoldaşlarım bir daha Vətənin böyüklüyünü, müqəddəsliyini həmin döyüş vaxtlarında çox hiss elədik.

 

 

 

- Sonra döyüşləriniz harada oldu?

 

- Aşağı və Yuxarı Aybasanlını ermənilərdən təmizləyəndən sonra biz Yağlıvəndə və Xocavənd istiqamətinə getdik. Xocavəndə də ermənilər çox böyük texnika yığmışdı. Onlar başa düşürdülər ki, biz bu yerləri alandan sonra dayanmayacayıq və Şuşaya doğru gedəcəyik. Ona görə də nə qədər odlu silahları varsa, ondan istifadə etməklə bizim qabağımızı almaq istəyirdilər. Biz də artıq Füzuli şəhərindəki, Aşağı və Yuxarı Aybasanlıdakı qələbəmizdən və Yağlıvənddəki böyük hücumumuzdan sonra daha da bərkimişdik. Bəlkə də bizə bu gücü doğma torpaq hissi və arxadan bizə olan dəstək verirdi. Ən əsası isə generallarımızın, komandirlərimizin özlərinin həmişə qabaqda olması və ən şiddətli döyüşlərdə belə ruhdan düşməməsi, onların özlərinin böyük igidlik göstərməsi bizə daha böyük ruh, inam verirdi. Axı inam, həyatın sərmayəsi və insanın söykənə biləcəyi böyük dağdır.

 

 

 

- Düşmənə başqa hansı istiqamətlərdən zərbələr vururdunuz?

 

- Sonrakı günlərdə Xocavəndin Qayabulaq kəndi istiqamətindən də hücuma keçdik. Düşmən bunu gözləmirdi. Ona görə də pərən-pərən düşdülər. Qorxularından qışqıra-qışqıra qaçırdılar. Biz də onlara aman vermirdik. Sonra biz, Qırmızı bazar tərəfdən hücuma keçdik ki, Şuşaya gedən yolu təmizləyək. Burada da ermənilərin çox böyük texnikasını və çoxlu canlı qüvvəsini məhv elədik. Bütün yuxarıdakı döyüşlərdə biz, həm çoxlu texnika və silah-sursat ələ keçirməklə birlikdə, çoxlu erməniləri də əsir götürdük. Qırmızı bazarda da ermənilər çoxlu canlı qüvvə və silah-sursat toplamışdılar. Onlar inana bilmirdilər ki, biz həmin yeri ala bilərik. Qeyri-bərabər olmayan həmin döyüşdə də biz qələbə çaldıq və artıq Şuşaya yollar açıldı. Sonra bizi Cəbrayıla göndərdilər. Çünki orada erməni səngərlərini yarmaq bir qədər çətin idi. Biz oradakı ordumuza köməklik edib, Daşkəsən kəndini düşməndən azad elədik. Sonra da bütün cəbhə boyu ordumuz hücuma keçib Cəbrayılı azad elədi. Sonra isə istiqamətimiz yenidən Şuşaya və Laçın rayonuna oldu. Şuşanın azad olunmasında biz də iştirak elədik. Laçının bir neçə kəndini azad etdik və sonra noyabr ayının 10-da müharibə qurtardı. Sonra da bizi Laçın azad olunadan sonra burada yerləşdirdilər. İndi, düşmənlə üz-üzə olan ən axırıncı nöqtədəki sərhəddəyik. Vətənimizi göz bəbəyimiz kimi qoruyuruq. Biz, artıq başa düşürük ki, Vətən ata-ana qədər insan üçün ən müqəddəs varlıqdır.

 

 

 

- Döyüş vaxtlarından daha nələr yadında qalıb? Hansı döyüş yoldaşlarının adını çəkə bilərsən ki, onlar böyük qəhrəmanlıq göstəriblər?

 

- Hamı yüksək səviyyədə döyüşürdü. Bir yumruq kimi idik. Ona görə də döyüş yoldaşlarımın heç birini digərindən ayırmaq istəmirəm. Çünki Tabor komandirimiz mayor Əfqan Zeynalov özü igid döyüşçü və qorxmaz insan olduğuna görə, hamını da bu ruha kökləyirdi. Həmişə də döyüşdə özü qabaqda olur və heç bir əsgəri arasında fərq qoymurdu. Hamıya da qayğısı yüksək səviyyədə idi. Yuxarı Aybasanlıda iki zabitimiz - Xırdalandan olan leytenant Fərid Məmmədli və Bakı şəhərindən olan leytenant Siyavuş Muradov şəhid olanda, komandirimiz Əfqan Zeynalov özünə yer tapa bilmirdi. O, çox kövrəlmişdi. Yuxarı Aybasanlıdakı döyüşümüz vaxtı erməni tərəfi daha güclü idi. Çünki onların canlı qüvvəsi və texnikası çox idi. Həm də həmin yer meşəlik olduğuna və düşmənlərimiz bizdən yuxarıda mövqeləndiyi üçün onların şəraiti daha əlverişliydi. Bir də onlar ərazini yaxşı tanıyırdılar. Amma biz böyük inamla döyüşə girdiyimizə görə, cəmi iki şəhid verdik. Düşmənin isə 50-dən artıq əsgərini cəhənnəmə vasil elədik və çoxlu əsir götürdük. Aşağı Aybasanlıda da bir nəfər şəhid vermişdik. Zabit, baş leytenant Tərlan Atakişiyev. O, bizə könüllü gələnlərdən idi. Qayabulaqdakı döyüşlərdə də bir nəfər şəhidimiz oldu. Siyəzəndən Qardaşağa Cəbiyev. O da xidmətdən əlavə gizir idi. Qardaşağa görüb ki, əsgərinin bronjileti yoxdur. Erməni tərəfdən güllə atılanda o, öz əsgərini qorumaq üçün onun üstünə atılmışdı ki, əsgərinə heç nə olmasın. Nə olsa onun özünə olsun. Əsgər sağ qaldı və Qardaşağa qəhrəmancasına şəhid oldu. Biz bu qədər qanlı, çətin döyüşdə cəmi dörd şəhid verdik. Bu qədər az şəhid verməyimiz də komandirimiz, mayor Əfqan Zeynalovun şücaəti nəticəsində oldu. Çünki o, hər bir döyüşdən qabaq kimin harada olacağını, kimin-kimə köməklik edəcəyini, döyüş taktikasını dəqiq seçməyi hamımıza dəfələrlə başa salırdı. Yuxarıda dediyim kimi özü də döyüşə qabaqda gedirdi. Bununla da hamını döyüşə ruhlandırırdı.

 

- Bu 44 günlük müharibə sizin həyatınızda başqa hansı izləri buraxdı?

 

 

 

- Açığı bu müharibə elə bil ki, bizim həyatımızda 44 il kimi qaldı. Çünki bu 44 günlük müharibədə bizim hər günümüz təkcə qanlı, ağır döyüşlər yox, həm də tarixi günlər kimi qalıb. Bir də hava şəraiti də çox pis idi. Yağışlı, qarlı hava döyüşləri istədiyimiz kimi aparmağa mane olurdu. Həm də düşmən artıq həmin yerləri yaxşı tanıyırdı. Hərbi texnikası da çox idi. Xaricdən də çoxlu muzdlular gətirmişdilər. Amma bizim inamımız, döyüş əzmimiz daha güclü idi. Hətta günlərlə yuxusuz qalırdıq. Bəzən yemək vaxtında gəlməsə də, hətta yeməyə vaxt olmasa da heç kim ruhdan düşmürdü. Çiynimizdə 70-80 kiloqramlıq yük olurdu. Çox vaxt da həmin yüklə yüksəkliklərə qalxırdıq. Axı biz, Vətənimizi düşməndən azad edirdik. Ən əsası isə sevinirdik ki, düşmənlər tərəfindən işğal olunmuş həmin yerlərə, Vətən torpağımıza 30 ildən sonra ilk dəfə məhz bizim ayaqlarımız dəyirdi. Bundan da böyük tarixi hadisə və fəxarət ola bilərmi?

 

- Sizin taborda çox adama medallar verilib? Sənə bu şücaətinə görə hansı mükafat verilib?

 

   

 

- Mükafat alanlarımız çoxdur. Hələ yenə də adları mükafatlara göndərilənlər də çoxdur. Sağ olsun Ali Baş Komandanımız, Müdafiə Nazirliyimiz, korpus komandirlərimiz və tabor komandirimiz mənim də əməyimi qiymətləndirdilər. Məni də hərbi xidmətdə fərqləndiyimə görə «Üçüncü dərəcəli dövlətə xidmət» medalı ilə təltif ediblər. Bir də axı biz, medala görə vuruşmurduq. Vətənimizin qədim torpaqları olan Qarabağımızı yağı düşməndən azad etmək, başqa millətlərin yanında başımızı həmişə dik tutub gəzmək üçün vuruşurduq.

 

 

 

- Şuşa alınanda və oradakı döyüşlərdə iştirak edən əsgər kimi, hansı hissləri keçirdin?

 

- Onu sözlə demək çox çətindir. Şuşaya girəndə, bu şəhər bizim millətin qeyrət qalası olduğuna görə demək olar ki, hamımız sevincdən ağlayır, torpağı öpürdük. Üçrəngli bayrağımızın orada sancılmasını görəndə, sevincimizin həddi-hüdudu yox idi. Fikirləşirdik ki, biz, bu möcüzəni necə reallaşdırdıq. Axı düşmənin heç ağlına gələ bilməzdi ki, biz belə az bir vaxtın içərisində Şuşaya girə, onları siçovul kimi qıra bilərik. Onlar bizim Şuşaya girdiyimizi görəndə, hətta bir-birini güllələyirdi. Çoxu da silahlarını atıb, başılovlu Xankəndinə tərəf qaçırdılar. Bizə imkan verilsəyi, bir günə Xankəndini də düşmənlərdən təmizləyəcəydik.

 

- Bəziləri deyir ki, müharibə qurtarandan sonra daha əsgərlərə kömək olmur. Belə şeylər varmı?

 

 

 

- Xeyir, belə sözləri deyənlər və yazanlar düşmən dəyirmanına su tökənlərdir. İndi də bizə Azərbaycanın dövlət başçısı, generallarımız, komandirlərimiz əllərindən gələn köməklikləri eləyirlər. Heç bir problemimiz də yoxdur. Hamımızın bircə arzusu var. Tezliklə, Xankəndi, Xocalı və Xocavənd də erməni gavurlarından, separatçı qüvvələrdən təmizlənsin. Həmin yerlərdə də Azərbaycanın üçrəngli bayrağı dalğalansın. Qarabağın başqa yerlərinə necə ki, ilk ayaqları dəyənlər biz olmuşuq, həmin yerlərə də ilk dəfə biz gedək. Bu, bizim üçün çox böyük fəxarət olacaq. Mən, cəbhə bölgəsində olan əsgər kimi, qətiyyətlə deyirəm ki, həmin günlər heç də uzaqda deyil.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azazd Azərbaycan.- 2021.- 4 mart.- S.5.