Əsl teatr rəhbəri

 

 

1973-cü ildən fəaliyyətə başlayan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi yol həm böyük tarix, həm bir nəslin yetişməsində uğurlu deməkdir. Ali məktəbi bitirib, ilk addımlarını bu teatrda atan gənc aktyorlar artıq bu illərdə ustad sənətkarlar olublar. özlərindən sonra neçə-neçə sənətkarların da yetişməsinə köməklik ediblər

 

Bu prortet-oçerk teatrın yaradıcısı, 1973-81-ci illərdə burada ilk bədii rəhbər direktor işləmiş Məbud İbrahim oğlu İsmayılzadə haqqındadır.

 

Azərbaycan teatr sənətinin qocaman, müqtədir nümayəndələri, sənətkarları sırasında, tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadənin layiqli yeri var. O, 1927-ci ildə Zərdab rayonunda anadan olub. Çox çətin, məşəqqətli uşaqlıq illəri olsa da, yaşamaq həvəsi onda həmişə güclü olub. Teatr sənətinə, ədəbiyyata həvəsi onda çox erkən formalaşıb. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, 15 yaşında Zərdab teatrında başlamışdır. Teatr sənətinə böyük maraq, sonra onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə bu institutun rejissorluq fakültəsini bitirən 24 yaşlı Məbud İsmayılzadə, elə həmin il Respublika Xalq Yaradıcılığı evinin direktoru vəzifəsinə təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan, bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud İbrahim oğlu «Çinar», «Şur» kimi onlarla məşhur kollektivlərin, otuzdan çox xalq teatrının yaranmasının, Respublika miqyaslı Novruz bayramı şənliklərinin, Məhsul Mahnı teatrlaşdırılmış bayramlarının, respublika səviyyəli festivalların, baxışların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından rəhbərlərindən biri olmuşdur. Artıq Azərbaycan mədəniyyətinin tarixinə yazılan, 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış «Xalq Yaradıcılığı Bayramı»nın, 1955-ci ildə keçirilən Respublika Bədii Özfəaliyyət Baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyü çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz Məbud İsmayılzadə olmuşdu. Bütün bu tədbirlər haqqında keçmiş Sovetlər Birliyində mətbuatda çox yazılmış, televiziyalarla göstərilmiş, radiolarda səsləndirilmişdi. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə böyük tamaşaçı marağı qazanmışdı. Həmin tədbirlərin başında yüksək təşkilatçı, maraqlı rejissor olan məhz Məbud İsmayılzadə dayanırdı. Amma hansısa bədxahlar ona bu maraqlı işini davam etdirməyə imkan vermədi, mane oldu. Bunu görən Məbud müəllim öz ərizəsi ilə işdən çıxdı. O, 1972-1973-cü illərdə Mədəniyyət Nazirliyində Abidələrin Muzeylərin Qorunması idarəsinin rəis müavini vəzifəsində çalışmışdı.

 

Artıq 1973-cü ildə Lənkəranda yeni Dövlət Dram Teatrının açılması bu teatra kimin rəhbər qoyulması haqqında Mədəniyyət Nazirliyində məsələ qalxanda, nazirliyin əsas aparıcı rəhbərləri yalnız Məbud İsmayılzadənin üstündə dayanıblar. Çünki uzun illər aparı rəhbər vəzifədə işləmiş özünün sənəti rejissorluq olan Məbud müəllimdən yaxşı kadr fikirləşib tapmaq olmazdı. Yeni yaranan teatrı yaşatmaq respublikada tanıtmağı yalnız Məbud İsmayılzadə kimi böyük təcrübəsi olan rəhbər bacarardı. Beləliklə, 1973-cü ildə Məbud İsmayılzadə bu teatrın ilk bədii rəhbəri direktoru oldu. Bununla da onun həyatının ikinci daha maraqlı dövrü başladı. Elə teatrın ilk tamaşalarından olan Nazim Hikmətin «Bayramın birinci günü» tamaşasına da özü quruluş verdi. Əlbəttə, yeni yaranan teatrın qayğıları da həddindən artıq çox idi. İlk növbədə teatra verilmiş Mədəniyyət evi binasını peşəkar teatr binasına uyğunlaşdırmaq lazım idi. Buna görə böyük vəsait, texnika, lazım olan materialları tapıb gətirmək böyük təşkilatçılıq tələb edirdi. Ali təhsil alıb, bütövlükdə bir kursun Lənkərana işləməyə gəlməsi həm sevindirici, həm onların mənzillə təmin olunmasına çalışmaq lazım idi. Bütün bu çətinliklər məhz onun üzərinə düşürdü. Məbud müəllim həmin vaxt Lənkəran rayonunun birinci katibi işləmiş, teatr sənətinə, mədəniyyətə  böyük marağı olan, Sosialist Əməyi Qəhrəmanı İsa Məmmədovun o vaxt Mədəniyyət naziri olan, dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırovun sayəsində bu problemli məsələlərin hamısını həll edə bildi. Aktyorlar hamısı mənzillə təmin olundu. Onlara yüksək əmək haqqı verilməsi bütün sosial qayğılarının həll olunmasında Zakir Bağırov, Məbud İsmayılzadə İsa Məmmədov əvəzsiz işlər gördülər. Lənkəranda həmin vaxtlar professional teatrın açılması Cənub bölgəsi üçün çox böyük bayram tarixi hadisə idi. Teatrın bütün tamaşaları təkcə Lənkəranda yox, bütövlükdə Cənub bölgəsində eləcə Azərbaycanın başqa yerlərində həmişə anşlaqla keçirdi. Hətta Lənkəranda hər bir kənd təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Beləliklə, həmin günlər insanlar böyük bayrama gələn kimi, maşınlarla, gül dəstələri ilə tamaşalara gəlirdilər.

 

Gördüyü bu uğurlu işlərə görə dəfələrlə Məbud müəllimi şəhər Xalq Deputaları Sovetinin deputatı seçmişdilər. O, əvəzsiz xidmətlərinə görə Azərbaycan Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin «Fəxri fərmanları» ilə təltif edilmiş 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.

 

Həmin dövrdə Məbud İsmayılzadə səkkiz ildə, səksən illik gördü Lənkəran Dövlət Dram Teatrı üçün. Artıq teatr Azərbaycan teatr aləmində özünün layiqli yerini tapmışdı. Teatrdakı uğurlu fəaliyyətinə görə, Mədəniyyət Nazirliyi onu Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin etdi. Məbud müəllim uzun illər bu Birliyin həm bədii rəhbəri, həm rejissoru kimi bir çox işlər gördü. Biri-birindən maraqlı teatrlaşdırılmış konsert tamaşaları hazırladı. Bu tamaşa-konsertlərlə təkcə respublikamızda yox, həm Sovetlər Birliyində xarici ölkələrdə xeyli maraqlı konsertlər təşkil elədi. O, burada da bir çox müğənnilərin, musiqiçilərin yetişməsində böyük əmək sərf elədi

 

 Sonralar fəxri təqaüdə çıxan Məbud İsmayılzadə teatrdan ayrılmadı Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun «Bayramın birinci günü» tamaşasına çox maraqlı quruluş verdi. O, 2004-cü ilin sentyabr ayının 17-də dünyasını dəyişib, haqq dünyasına qovuşdu.

 

Cəmi səkkiz il Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən Məbud İsmayılzadə bu gün həmin bölgədə ümumiyyətlə Azərbaycan teatr tarixində maraqlı yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır yad edilir. Belə xatırlanan yad edilən teatr rəhbərləri isə çox azdır. Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir. Bu modelə rəhbərlik etmək, ölkəyə rəhbərlik etmək qədər çətindir. Məhz buna görə , cəmi altı ay bir teatra rəhbərlik etmiş böyük fransız filosofu, yazıçısı tənqidçisi Deni Didro deyib: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı gücləndirmək kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca da aparmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, bu daha doğru olar».

 

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

 Azad Azərbaycan.- 2021.-11 mart.- S.10.