“Məxmər pərdə”lər
arxasından başlanan dünya
10 Mart Milli Teatr Günüdür
Daş dövründən bu yana insanların
tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət,
əyləncə dolu mərasimlər, məhkəmə və
edam səhnələri, qladiator döyüşləri, hətta
müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş
biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə
köçürdü. Bu səhnədə sevmək də,
ölmək də vardı. Sadəcə pərdələr enəndə
ölənlər diriləcək, tamaşa qansız və
qadasız ötüşəcəkdi. Pərdənin o
üzündəkilər uzun müddət bu sehri “aça”
bilməsələr də, teatra inanmışdılar. O inam,
bu inam, kosmos əsrində belə səhnədə baş verənləri
göz yaşları ilə seyr edənlər, sonuncu pulunu
verib teatra bilet alanlar hələ də var.
Teatrın vətəni qədim Yunanıstan
olsa da, yunan dilində “tamaşa yeri” mənası verən
teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı
çox sevən yunanlar onu həm də “böyüklər
üçün məktəb” adlandırırdılar. Qədim
yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk
traqediyalar adlanan pyeslər yaranırdı. “Traqediya”
sözü isə yunanca “keçilər mahnısı” deməkdir.
Traqediyalarda qəhrəmanlar arasında gedən
mübarizə, onların iztirabları, faciəsi təsvir
edilirdi. Gülməli səhnəciklərdən isə şən
və məzəli pyeslər-komediyalar yarandı. Yenə də
yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı”
deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən
yemək-içmək götürüb teatra
toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya
seyrcilərin rəyini nəzərə alaraq qələbəni
ən yaxşı pyes müəllifinə və ən
yaxşı aktyorlara verərdi. Onlar çələng və
qiymətli hədiyyələrlə
mükafatlandırılardılar.
Teatr sonralar qədim Romada, Şərq
ölkələrində - Çində, Hindistanda, Yaponiyada da
geniş yayıldı. 1948-ci ildə dünya teatr ictimaiyyəti
rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr
İnstitutunu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının
iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk dəfə
konqres toplandı. Konqres iştirakçıları belə
qərara gəldilər ki, dünya teatr xadimləri bir araya
toplandığı həmin tarix Beynəlxalq Teatr Günü
kimi qeyd olunsun. Bəlkə də təsadüfüdür, bəlkə
də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycan
Milli Teatr Günü də mart ayının payına
düşür.
Tariximizi, mədəni təşəkkülümüzü,
milli-mənəvi məfkurəmizi özündə yaşadan
məbədlərdən biri də teatrdır. Dünənimizi,
bu günümüzü canlandırıb gələcəyə
aparan mənəvi yaddaş daşıyıcımız
sayılan səhnə, teatr sənət ocağı olmaqdan
çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməyimizə
xidmət edib. Onun sayəsində mütərəqqi
ideyaları, demokratiya, azadlıq, millilik, və sülh kimi
anlayışları küll olaraq dərk etmiş və
dünyanın bütün tərəqqipərvər
xalqlarına aşılamışıq. Bu bəşəri
ideyaların daşıyıcısı olan Azərbaycan
teatrının bəlkə də ən böyük nailiyyəti
elə budur.
Milli teatrımız öz mənbəyini uzaq
keçmişlərdən alır. Qədim xalq
oyunlarımız və milli bayramlarımızdakı teatr
nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq
yaradıcılığında yaşamış bu sənət
zamanın axarında professionallıq pilləsinə
qalxmışdır. Sənət fədailərinin məbədə
çevirdiyi milli teatrımızın tarixində təbii ki,
ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin
də müstəsna rolu var. Deyirlər ki, hər hansı bir
mədəniyyəti və incəsənəti, onun mənəvi
intellekti haqqında ilk təəssürat əldə etmək
üçün həmin millətlərin teatrına getmək
kifayətdir. Orada hər şey gün kimi aydındır. Belə ki, binanın daxili və xarici arxitektura
baxımından klassik görünümü dövlətin
teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin
professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla
tanışlıq isə həmin xalqın mənəvi
dünyası, həyat tərzi, yaşayışı,
sənətə və sənətkara olan diqqətini
aşkarlamağa imkan verir. Beləliklə, dövrün və
zamanın barometri olan teatr öz xalqının mənəvi
intellektual səviyyəsini, simasını bütün rəngləri
ilə bir görüşdə rəsm etmiş olur.
XX əsrdə Azərbaycanda maarifçiliyin
daha səmərəli və genişmiqyaslı təkamülü
başlandı. Həmin inkişafda müstəsna xidmətli
olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə
Fətəli Axundzadədir. Mirzə Fətəli
həm də milli peşəkar dramaturgiyamızın banisidir.
Ədib 1850-1852-ci illərdə “Hekayəti Molla İbrahimxəlil
kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatət
və dərviş Məstəli şah caduküni-məşhur”,
“Sərgüzəşti-vəziri-xani Lənkəran, “Hekayəti-xırs
quldurbasan”, “Sərgüzəşti-mərdi-xəsis”
(Hacı Qara) və 1855-ci ildə “Mürafiə vəkillərin
hekayəti” komediyalarını yazıb. Dramaturqun
komediyaları hamısı bir yerdə “Təmsilat” adlanır.
Mirzə Fətəli Axundzadə komediyaları
“Təmsilat”ı kapitan Mirzə Fətəli Axundzadə
adı ilə 1859-cu ildə Tiflisdə çapdan
çıxıb. Nəhayət, Mirzə Fətəli Axundzadənin
komediyaları milli peşəkar teatrımızın təşəkkülü
və inkişafı üçün münbit zəmin olub. Milli teatr sənətimizin yaşı əslində
xalqımızın tarixi ilə ölçülməlidir.
Çünki teatr tarximizin qaynaqlarını araşdırarkən
xalq oyunlarından tutmuş teatrlaşdırılmış mərasim
tamaşalarına qədər qədim tarixə malik olan teatr
sənətimizin 100 illiklərə
sığmadığının bir daha şahidi oluruq.
Lakin təməli Mirzə Fətəli Axundzadə tərəfindən
qoyulan milli dramaturgiyamızın yaranışı tarixi bizim
professional teatrımızın yaşıdır.
Teatr sənətimiz hər zaman xalqın
düşünən beyni, vuran ürəyi olub. Zamanla teatr
çox böyük təbliğat və təşviqat
işlərini öz üzərinə götürüb,
ideoloji ideyalar səhnədən daha uca səslə
yayılıb. Teatrımız hər zaman xalqın ayrılmaz
bir hissəsi olub və ona həmişə ləyaqlə xidmət
göstərib.
İncəsənətin yaranma tarixi mövcud
xalqın təfəkkür tərzi, mənəvi təkamülü
ilə bağlıdır. Tarixin “sübh çağı”ndan
insanın birgəyaşayış tərzini sabitləşdirən
“inam” deyimi ilə yanaşı, real aləmə münasibət
özünü ilkin aydın mərasim tamaşalarında əks
etdirmişdir. Ov səhnələrinin məişət prosesi,
təbiətə, ailə-məişət məsələlərinə
baxım, insanın qeyri-təbii qüvvələrə
tapınması kimi amillərin bədii ifadəsi kütləvi
tamaşalarda çəmləşmişdir. Bu tamaşalarda
incəsənətin bir neçə janrının bir-birini
tamamladığını görürük: rəqs, musiqi,
mahnı, xor, danışıq, habelə idman-akrobatik növlər
mövcud tədbirlərin əsasını təşkil
etmişdir.
Xalqımızın milli-mənəvi irsini zənginləşdirən
sərvətlərdən biri də oyun-tamaşa mədəniyyətidir.
Bugünkü peşəkar səhnə sənətimiz məhz
xalq oyun-tamaşalarının, geniş mənada meydan
teatrının zəminində təşəkkül taparaq
böyük inkişaf yolu keçib. İnkişaf yolunu
keçə-keçə formalaşıb. Meydan
teatrı xalqın mənəvi varlığını,
idrakının təkamül mərhələlərini,
dünyanın dərk olunmaz hadisələrinə münasibətini,
əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini
müxtəlif məzmun və formalarla təcəssüm etdirən
oyun vasitələrinin, üslub və janrlarının bədii
toplumudur. Meydan teatrının öz estetikası, öz
poetikası xüsusiyyətləri, öz oyun-üslub parametləri,
ölçüləri, öz səhnə-tamaşaçı,
mətn-ifaçı prinsipləri var. Bu nəzəri əsasların
toplu halında öyrənilməsi, fundamental elmi şəkildə
araşdırılması xalqımızın dərin
qatlı mənəvi-mədəni irsinin zənginliyinə
geniş üfüqlər açır.
Azərbaycanda peşəkar teatr
sənətinin inkişafı Çəlil Məmmədqluzadə,
Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük sənətkarların
xalqımızın tarixi keçmişini, məruz
qaldığı sarsıntıları, xeyirlə şərin
qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri
canlandıran səhnə əsərləri ilə
böyük vüsət aldı.
Azərbaycan Dram Teatrı ilə yanaşı
opera və baletin də qədim tarixi, kökləri vardır.
Muğam sənətimizin uzun inkişaf yolu keçərək
xüsusi ifaçılıq məktəbinə
çevrilmiş, muğam əsasında yaradılmış
tamaşalar meydana çıxmışdır. Bunların
məntiqi nəticəsi olaraq dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun yaratdığı “Leyli Məcnun”
operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda
və bütün müsəlman Şərqində opera sənətinin
təməlini qoydu. Üzeyir Hacıbəyov ilə birlikdə
Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin
bünövrəsini qoyan Müslüm Maqomayevin “Şah
İsmayıl” operasını da muğam operası
janrının incilərindən biri kimi Azərbaycan səhnəsində
həmişəlik yer tutdu.
Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki
fəaliyyəti də milli mədəniyyət tariximizdə
mühüm mərhələ olmuşdur. O, həm bəstəkar,
həm də dramaturq kimi 1909-1913-cü illərdə
yaratdığı əsərləri ilə Azərbaycan
teatrına musiqili komediya janrını gətirdi. Bu janr
sonralar Qara Qarayevin, Rauf Hacıyevin operettaları bir çox
ölkələrdə teatrların repertuarlarına daxil
edildi.
1940-cı ildə ilk milli Azərbaycan
baleti-Əfrasiyab Bədəlbəylinin “Qız qalası”
baleti tamaşaya qoyuldu. 1952-ci ildə isə Qara Qarayevin məşhur
“Yeddi gözəl” baletinin səhnəyə qoyulması
respublikanın mədəni həyatında əlamətdar
hadisəyə çevrildi. Qara Qarayevin bu əsəri, habelə
onun “İldırımlı yollarla” baleti Azərbaycan teatr sənətinin
dünyada şöhrət tapması işinə xidmət
etdi.
Azərbaycanda opera və balet sənətinin
inkişafında görkəmli Azərbaycan dirijoru və bəstəkarı
Niyazinin böyük xidmətləri olmuşdur. Kino sənətimiz
öz tarixini 1898-ci ildən başlasa da, ölkəmizin teatr ənənələri
və təcrübəsindən həmişə bəhrələnmişdir.
Kino sənətinin uğurları ilk növbədə Azərbaycanın
teatr xadimləri və aktyorlarının adları ilə
bağlıdır. Azərbaycan teatr sənətinin sürətli
inkişafı respublikamızda dünya standartlarına cavab
verən müstəqil sənət ocaqlarının
yaranmasına gətirib çıxardı.
Bu gün respublikamızda Milli
Dram Teatr, Opera və Balet Teatrı ilə yanaşı, Musiqili
Komediya Teatrı, Rus Dram Teatrı, Gənc
Tamaşaçılar Teatrı, Kukla Teatrı, Marionet
Teatrı, Pantomima Teatrı, “Yuğ” Teatrı, Bakı Bələdiyyə
Teatrı və başqa teatrlar uğurla fəaliyyət
göstərirlər. İrəvan, Naxçıvan, Gəncə,
Sumqayıt, Lənkəran, Şəki, Salyan, Mingəçevir,
Qazax, Qax, Qusar, Ağdam, Şuşa, Füzuli teatrları və
s. öz tamaşaları ilə teatrsevənlərin dərin rəğbətini
qazanmışlar.
Milli mədəniyyətimizin
inkişafında, vətənpərvərlik hisslərinin
aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin,
milli və ümumbəşəri dəyərlərin təbliğində
müstəna rol oynamış Azərbaycan teatrı
xalqımızın azadlıq və müstəqillik
uğrunda mübarizəsinə də öz böyük
töhfəsini vermişdir. O, öz fəaliyyəti ilə
xalqın milli sərvətinə çevrilmişdir. Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsi ilə milli
teatrımızın inkişafı üçün geniş
perspektivlər açılmışdır. Teatrlar müstəqil
dövlətimizin qarşısında duran mühüm vəzifələrin
yerinə yetirilməsində mühüm rol oynayır və
yaxından iştirak edir.
Martın 10-u təkcə teatrımızın
deyil, həm də mədəniyyətimizin bayramıdır. Həmin
tarix hər il Azərbaycan teatrının yaranması
günü kimi qeyd olunur. Teatrımız uzun yol keçib,
adı, şöhrəti dünyanının
hüdudlarını adlayıb. Bütün
bunlar Azərbaycanda peşəkar dramaturgiyanın təşəkkülünə
və bir qədər sonra dünyəvi teatrın
doğuluşuna səbəb olub...
Bizə qalır belə çətin və
şərəfli vəzifəni yaşadanları təbrik etmək.
Bayramınız mübarək!
Azad Azərbaycan.-
2021.- 11 mart.- S.10.
Aynurə Əliyeva