Ölüm qoy sevinməsin…

Təbiətin dünya şöhrətli alimi

 

Ulu peyğəmbərimiz buyurub ki, insan son mənzilə qədər oxumalı, elm öyrənməlidir. Yaşadığımız elmi-texniki tərəqqi əsrində bu, xüsusilə vacibdir. Axı, indi həyatımızı elmsiz, biliksiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan elmin yükünü öz çiyinlərində ləyaqətlə daşıyan alimlərimizin dəyəri, siqləti, məsuliyyəti tam çılpaqlığı ilə anlaşılır. Təbii ki, Azərbaycan elminə əvəzsiz töhfələr verən elm adamlarımız az deyil. Onlardan biri də tanınmış alim-bioloq, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin professoru Akif Quliyevdir.

 

Akif müəllim geniş elmi fəaliyyəti ilə bərabər həm də böyük pedaqoq idi. Yetşdirdiyi onlarla tələbə-bioloqlar elmin çətin, lakin şərəfli yolunda hazırda uğurla addımlayır, Azərbaycan elminə öz töhfələrini verirlər. Bütün ömrünü elmə və təhsilə həsr edən, bu sahədə özünəməxsus xidmətləri olan Akif Ələkbər oğlu Quliyev 1942-ci il martın 20-də Gəncə şəhərində anadan olmuşdu. 1949-cu ildə o, Gəncə şəhərində 4 saylı məktəbə daxil olmuş və 1959-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Elə həmin il Akif Quliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş və 1961-ci ilədək orada təhsil almışdı. Sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsində davam etdirmişdi. Təhsil aldığı müddətdə özünü bacarıqlı tələbə kimi göstərən Akif Quliyev fakültənin və Universitetin elmi və ictimai həyatında fəal iştirak edirdi. İşgüzarlığını nəzərə alaraq Universitetin rəhbərliyi onu hələ V kursda təhsil alarkən, biologiya fakültəsinin bitki fiziologiyası kafedrasına laborant vəzifəsinə işə götürmüşdü.

 

Akif Quliyev 1964-cü ildə BDU-nun biologiya fakültəsinin müvəffəqiyyətlə bitirmiş və fakültənin Elmi Şurasının zəmanəti ilə aspiranturaya daxil olmuşdu. 1966-cı ildə o, elmi-tədqiqat işlərini yüksək səviyyədə davam etdirmək üçün Avropanın aparıcı universiteti olan Karlov Universitetinə göndərilmiş, orada bir çox yeni metodiki yenilikləri mənimsəmiş və dissertasiya işini yekunlaşdırmışdı. 1967-ci ilin sonlarında Bakı şəhərinə qayıtdıqdan sonra, bitki fiziologiyası kafedrasına assistent vəzifəsinə təyin edilmiş, 1968-ci ilin fevral ayında isə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdi.

 

1968-ci ildə cəmi 26 yaşı olan A.Quliyev biologiya fakültəsinin dekan müavini vəzifəsinə təyin olunmuş və 1973-cü ilə qədər o, bu vəzifədə işləmişdi. Bitki fiziologiyası kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirən A.Quliyev burada assistent, baş müəllim (1969) və dosent (1972) vəzifələrində çalışmışdı. Bu müddət ərzində Akif Quliyev çalışdığı bitki fiziologiyası kafedrasında biokimya yönümlü problem laboratoriyası yaratmış və burada bir qrup gənc mütəxəssislərin məhsuldar fəaliyyətini təşkil etmişdi. Həmin mütəxəssislər sonralar alimin elmi-pedaqoji fəaliyyətinin məntiqi nəticəsi kimi 1972-ci ildə biokimya kafedrasının özəyini yaratmışlar.

 

Biokimya kafedrasının müdiri seçildikdə Akif müəllimin cəmi 30 yaşı vardı. O, respublikanın ən cavan kafedra müdiri idi. Yaradıldığı gündən ömrünün sonuna qədər bu kafedraya Akif Quliyev rəhbərlik edib. Yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin rəhbərliyi onu 1969-1970-ci illər ərzində Universitetdə Tələbə Qəbulu Komissiyasının məsul katibi vəzifəsinə təyin etmişlər. Etibar olunan yüksək vəzifənin məsuliyyətini dərk edən Akif Quliyev bu dövrdə tələbə qəbulu imtahanlarının daha obyektiv və məsuldar aparılmasına ciddi səy və bacarıq nümayiş etdirmişdi.

 

Biokimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən Akif Quliyev kafedranın istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji kadrlarının yüksək ixtisaslara yiyələnmələri istiqamətində əvəzsiz işlər görmüşdür. Kafedranın elmi-tədris laboratoriyalarına müasir avadanlıqlar alınmış və tədris olunan laboratoriya məşğələlərinin, həm də kafedrada həyata keçirilən elmi-tədqiqat işlərinin keyfiyyət zamanın tələbləri ilə uyğunlaşdırılmışdır. Bunlarla yanaşı, Rusiyanın aparıcı elmi mərkəzləri ilə, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu ilə, Moskva Dövlət Universitetinin, həmçinin Çexiya Respublikasının Karlova Universiteti ilə elmi əlaqələr qurmuş, sadalanan elm və təhsil mərkəzlərinə kafedranın gənc əməkdaşlarını ezam etməklə onların bir tədqiqatçı alim və bacarıqlı pedaqoq kimi formalaşmalarına şərait yaratmışdır.

 

Akif müəllimin belə məhsuldar fəaliyyəti universitet rəhbərliyinin diqqətindən yayınmamış və o, 1988-ci ildə biologiya fakültəsinin dekanı seçilmişdir. Fakültə dekanı vəzifəsində Akif Quliyevin yüksək təşkilatçılıq qabiliyyəti daha çox öz bəhrəsini vermiş və burada dərin islahatlar həyata keçirilmişdir. Bu işlərin məntiqi nəticəsi kimi 1990-cı ildə təşkilatçı-alim Bakı Dövlət Universitetinin I prorektoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 1992-ci ilə qədər çalışmış Akif Quliyev həmin dövrdə 8 ay müddətində Universitetin rektoru vəzifəsini də icra etmişdir.

 

Lakin çalışdığı yüksək vəzifələrlə bərabər Akif müəllim elmi-tədqiqat işlərindən heç də uzaqlaşmamış, əksinə, bu sahədə də daha yüksək nəticələrə imza atmışdır. Belə ki, o, 1989-cu ildə ölkəmizdən kənarda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, biologiya elmləri doktoru adına layiq görülmüşdür. Akif müəllim 1990-cı ildən Azərbaycan Dövlət Universitetinin professoru idi.

 

İstedadlı tədqiqatçı, professor A.Ə.Quliyev 150-dən çox elmi əsərin, 5 dərsliyin, monoqrafiyanın və 3 müəlliflik şəhadətnaməsinin (patent) müəllifidir. Onun məqalələri bir sıra dövlətlərin, o cümlədən, Almaniya, Fransa, Cənubi Afrika Respublikası, Çexiya, Bolqarıstan, Misir Ərəb Respublikası, Rusiya, Ukrayna, Gürcüstan və s. kimi ölkələrin məşhur A, B və C kateqoriyalı jurnallarında nəşr edilmişdir. Akif müəllim dövri olaraq Polşa, Macarıstan, Çexiya, Almaniya, Fransa, Belçika kimi dövlətlərdə elmi ezamiyyətlərdə olmuş və müasir biokimya və biotexnologiya elmlərinin aktual problemləri ilə bağlı maraqlı elmi məruzələrlə çıxış etmişdir.

 

Professor A.Ə.Quliyevin rəhbərliyi altında 1 doktorluq və 11 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun yetirmələri arasında Almaniya, Suriya və Misir Ərəb Respublikasının vətəndaşları da olmuşdur. Professor A.Quliyev 1 doktorluq və 3 namizədlik dissertasiyalarına rəhbərlik edib. Rəhbərlik etdiyi aspirantlardan biri İran İslam Respublikasının, biri də Misir Ərəb Respublikasının vətəndaşlarıdır.

 

A.Ə.Quliyevin faydalı əməyi təkcə elmi-pedaqoji sahədə deyil, ictimai-siyasi sahədə də öz bəhrəsini vermişdir. O, 1990-cı ildən Dünyada Sülhü Müdafiə Komitəsi Azərbaycan bölməsinin sədr müavini olmuşdur. Bu fəaliyyəti dövründə professor A.Quliyev Azərbaycan nümayəndə heyəti tərkibində 1990-cı ildə Yaponiyada və Çində müvafiq toplantılarda görüşlər keçirmiş, 1994-cü ilin oktyabr ayında isə Nyu-Yorkda adı çəkilən komitənin xətti ilə BMT-nin iclasında iştirak etmişdir.

 

Respublikada meyvələrin yetişməsi və saxlanılmasının biokimya və fizologiyası sahələrində yeni istiqamətin yaradıcısı olan A.Ə.Quliyev ilk dəfə olaraq etilenprodusentlərlə işlənmiş meyvələrin yetişməsinin tənzimləməsinin fizioloji və biokimyəvi mexanizmlərini izah etmişdir. Sintetik etilenprodusentlərdən biri - hidrel əməkdaşlarla birlikdə, bilavasitə onun iştirakı ilə sintez olunmuşdur. İş prosesində onun tərəfindən müxtəlif metabolik yolların qarşılıqlı əlaqələrinin elmi cəhətdən əsaslandırılmış sxemi təklif edilmişdir. Bu metabolik yollardan bu gün də meyvələrin yetişməsinin genetik proqramının həyata keçməsində və hormonal təmizlənməsində istifadə olunur.

 

Akif müəllim vaxtı ilə rəhbərlik etdiyi kafedrada daha bir elmi istiqamətin əsasını qoymuşdur. Belə ki, ənənəvi turş-süd məhsullarından antimikrob təbiətli təbii qida qoruyucuları (bakteriosin) sintez edən süd turşusu bakteriyalarının izolə edilməsi və onların tətbiq perspektivlərinin araşdırılması məhz biokimya və biotexnologiya kafedrasında həyata keçirilir. Bu sahədə aparılan elmi-tədqiqat işlərinin ən müasir Milli Aqronomik Araşdırmalar Mərkəzinin aparıcı laboratoriyaları ilə əməkdaşlıq edərək son ildə kafedranın müəllimlərini, aspirant və gənc tədqiqatçılarını dövri olaraq adı çəkilən laboratoriyalara ezamiyyətə göndərmiş və uğurlu nəticələr əldə etmişdir. Dünyanın öncül elmi mətbuat orqanlarında bu tədqiqatlarla bağlı artıq 40-a yaxın məqalə nəşr etdirmişdir. Birgə aparılan elmi tədqiqat işləri, həm süd turşusu bakteriyalarının probiotik xassələrini və proteolik fəallıqlarını əhatə etməkdədir.

 

Biokimya və biotexnologiya kafedrası TEMPUS xətti ilə 2003-2005-ci illərdə Londonun Vestimster Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006-2008-ci illərdə “Ekologiya üzrə magistrlərin hazırlanması”, 2007-2010-cu illərdə isə NATO-nun “Elm sülhün keşiyində”, 2010-cu ildən hal-hazıradək TEMPUS proqramı üzrə “Cənubi Qafqazda tibb molekulyar biologiya sahəsində distant və elektron təhsilin inkişaf etdirilməsi” adlı qrant layihələrinin iştirakçısı olan professor A.Quliyev bu layihələrin koordinatoru olmuşdur. Bu layihələr xarici universitetlərdə kafedranın magistr və müəllim kadrlarının təkminlləşdirilməsinə imkan vermiş, həmçinin Universitetin Beynəlxalq imicinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

 

A.Ə.Quliyev 2010-cu ildə yenidən biologiya fakültəsinin dekanı vəzifəsinə seçilərək ömrünün axırına qədər bu vəzifədə çalışmışdır.

 

Akif müəllim qısa zaman kəsiyində fakültədə radikal islahatlar aparmışdır. İnsan və heyvan fiziologiyasının tədris laboratoriyaları yüksək zövqlə təmir olunmuş, yeni cərrahiyə laboratoriyası yaradılmış, Bitki fiziologiyası, Biokimya və Biotexnologiya, Mikrobiologiya, Genetika və təkamül təlimi, Biofizika kafedralarında tədris laboratoriyaları təmir edilmiş və onlar üçün müasir avadanlıqlar alınmışdır. Bundan başqa, TEMPUS proqramının və universitetin birgə maliyyə dəstəyi sayəsində Biokimya və Biotexnologiya kafedrasının nəzdində ən qabaqcıl avadanlıqlarla təchiz olunmuş İmmunologiya laboratoriyası yaradılmışdır. Nəhayət fakültənin nəzdində fəaliyyət göstərən iki laboratoriyanı birləşdirib onların bazasında yüksək səviyyədə təmir olunan Biotexnologiya mərkəzi istifadəyə verilmişdir.

 

Akif müəllimin sadalanan elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti daim Universitetin və Respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. 2007-ci ildə professor Akif Quliyev “İlin müəllimi” fəxri adına layiq görülmüşdür. 2010/11-ci tədris ilində ona“İlin dekanı” fəxri adı verilmişdir. 2008-ci ildə ABŞ-ın “Who, s Who in the world” adlı bioqrafik ensklopediyasında professor A.Quliyev haqqında məlumat dərc edilmişdir. 2009-cu il oktyabr ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə biologiya elmləri doktoru, professor Akif Ələkbər oğlu Quliyevə “Əməkdar Elm Xadimi” fəxri adı, 2019–cu ildə isə Prezidentin fərdi təqaüdü verilmişdir. O, 2011-ci ildə BMT-nin Beynəlxalq Mükafat Komitəsinin elm və təhsil sahəsindəki böyük xidmətlərinə görə “Şöhrət və Vicdan” Avropa Ordeninə, 2012–ci ildə

 

Türk xalqının Araşdırmalar Üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki adına, həmin ildə elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin “Qızıl medal”ına layiq görülmüşdür.

 

Akif Quliyev dəyərli elmi tədqiqatlarla zəngin böyük bir alim, geniş pedaqoji fəaliyyəti ilə diqqət çəkən şərəfli bir müəllim ömrü yaşayıb. Təsadüfi deyil ki, 2012-ci ildə onun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi böyük təntənə ilə qeyd olunub. Yubiley iştirakçıları Akif Quliyevin Azərbaycan elmi, təhsili qarşısında əvəzsiz xidmətlərini diqqətə çatdırıb, müstəqil ölkəmizin tərəqqisi naminə ona uğurlar arzulayıblar...

 

Akif müəllimin qəfil ölümündən təsirlənən Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Ekert fikirlərini bizimlə bölüşərək dedi: “Gratias Agit” mükafatına layiq görülən ilk Azərbaycan vətəndaşı olacağını xəbər verəndə professor A.Quliyevin həm özü, həm də ölkəsi üçün necə şərəf duyduğunu dərhal anladım. Təsəvvürümə gətirməzdim ki, bu, ölkəmi Azərbaycanda tanıtmaq üçün hamıdan çox iş görmüş görkəmli şəxslə çoxsaylı söhbətlərimdən sonuncusu idi. O, 2020-ci il iyulun 19-da qəflətən vəfat etdi.

 

Akif Quliyev 1967/68-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. Bu tədris ili Çex həmkarları ilə tədqiqatlardakı uzun iş birliyinin başlanğıcı ilə yanaşı, Karlov Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında 200-dən çox tələbə və müəllim mübadiləsinin başlanğıcı oldu. Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq, 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacardı. Bu, 4 il sonra Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi.

 

Ölkəmlə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı münasibətlərin dərinləşməsi üzərində işləyərkən Çex səfiri olaraq mənə və sələflərimə daim kömək edirdi: “2020”-ci ilin oktyabrında Praqada Xarici İşlər Nazirliyində baş tutmalı olan mükafatlandırma mərasimi COVID-19 pandemiyasının ikinci dalğası səbəbindən ləğv edildi. Həmin günlərdə İkinci Qarabağ müharibəsi Azərbaycan ərazisində şiddətlənir və çoxsaylı insanların həyatına son qoyurdu. Buna görə Akif müəllim üçün nəzərdə tutulmuş mükafatı bir az sonra qızları Nailə və Nərgizə təqdim etməyə qərar verdim. Onlarla növbəti söhbətim, eləcə də Bakı Dövlət və Karlov universitetlərinin zooloqları tərəfindən planlaşdırılan növbəti birgə ekspedisiya haqqında məlumat məni əmin etdi ki, Akifin qurduğu dostluq çətinliklər qarşısında davam gətirəcək”.

 

Çexiyanın paytaxtında yerləşən Karlova Universitetinin Botanika bağında tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadimi, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi keçirilib. Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə botanik bağının rəhbəri Ladislav Pavlata, Karlov Universitetinin Biologiya fakültəsinin elmi işçiləri və mərhum professorun Çexiyadan olan həmkarları - elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanik bağının kuratoru Tomaş Proxazka və Azərbaycan icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.

 

Tədbir zamanı Eldar Vəliyev Azərbaycanın Qarabağ bölgəsində bitən və o regionun rəmzi olan Xarı bülbül çiçəyini Karlova Universitetinin botanik bağına hədiyyə edib.

 

Bağın müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və söz verib ki, botanik bağ bu gülün Çexiya torpağında bitməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

 

Bu gülün botanika bağının kolleksiyasına daxil olmasına sevindiyini söyləyən bağın kuratoru T.Proxazka təklif edib ki, gələcəkdə botanik bağda Azərbaycanın ən gözəl bitkilərinin təmsil olunması üçün Çexiyadan Azərbaycana botaniklərin səfəri təşkil olunsun.

 

Akif Quliyevin yaxın dostu və həmkarı, elmlər doktoru V.Şvatora professorla bağlı xatirələrini bölüşüb. O, birgə aparılan tədqiqatlardakı uzun iş birliyindən, professorun dəstəyi ilə baş vermiş çex tədqiqatçılarının Azərbaycana səfərlərindən, Karlova Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsindən söz açıb.

 

Daha sonra tədbirə internet vasitəsilə qoşulan professorun qızı Nailə Abdullayeva atasının xatirəsinin yad edilməsindən məmnunluğunu ifadə edib. O, bundan sonra da professorun gördüyü işləri davam etdirmək üçün çalışacağını vurğulayıb.

 

Xatırladaq ki, professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. BDU-nun Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacarıb. Bu, Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi.

 

Bakı Dövlət Universitetinin Biofizika və Biokimya kafedrasının dosenti Nailə Abdullayeva nə qədər ağır olsa da atası haqqında ürək sözlərini diqqətə çatdırıb: «Atamın həyatda yoxluğunu dilə gətirmək mənim üçün çox ağırdır. Bilirsiniz elə adamlar var, onların itkisi həyatda bir boşluq yaradır. Bunu, Akif müəllimin öz atam olduğuna görə demirəm. Axı o, təkcə mənim yox, Azərbaycan elminin atası idi. Məlum olduğu kimi, atamın elmi tədqiqatları biokimya elminə verilən mühüm töhvələrdir. Eyni zamanda atam saysız-hesabsız tələbə - ekoloqların müəllimi olub. Öz elmini, biliyini gələcək alimlərə həvəslə öyrədirdi. Bir alim, təşkilatçı, içtimai xadim kimi onu təkcə Azərbaycanda yox, Respublikamızın hüdudlarından çox-çox kənarda da yaxşı tanıyırdılar. Atam Çexiyada Karlovo Universitetinin fəxri professoru idi. Hazırda həmin universitetin müəllimləri tez-tez mənimlə elmi əlaqə saxlayır, atamın böyük bir alim olduğu barədə öz fikirlərini bölüşürlər. Bir qızı kimi yeganə təsəllim budur ki, atamın elmi–tədqiqat yolunun davamçısıyam. Onun vaxtı ilə böyük çətinliklərlə yaratdığı kafedrada çalışıram. Çalışıram ki, atamın yarımçıq qalmış elmi–tədqiqat işlərini davam etdirim və Azərbaycan elminə öz töhvəmi verim. Bir sözlə, atamın ölümü bizim üçün gözlənilməz idi. Ondan əvvəl isə tanınmış musiqi müəllimi, anam Cənnət xanım dünyasını dəyişmişdi. Ailəmiz üçün bədbəxtlik bədbəxtlik üstünə gəlmişdi. Sevimli Xalq şairimiz Nəbi Xəzrinin bir şeirində deyildiyi kimi:

 

Elə ki, sevincdən qəlbdə iz olmur,

 

Fikirlər, tüstülər duman tək gəlir.

 

Xoşbəxtlik gələndə yel tək duyulmur,

 

Bədbəxtlik gələndə tufan tək gəlir.

 

Ailəmiz indi də şok vəziyyətindədir. Elə bilirəm ki, xalq üçün yaşayanlar ölmür, əbədiyyətə qovuşurlar. Atama gəldikdə isə deməliyəm ki, o, həyatı tərk etsə də, doğma xalqı üçün zəngin elmi irs, bugünkü gənclik üçün isə müqəddəs vətən sevgisini qoyub getdi...»

 

Professor Akif Quliyev 19 iyul 2020-ci ildə dünyasını dəyişdi. Bu kövrək tarixdən təxminən iki ay sonra ikinci Qarabağ müharibəsi başlandı. Böyük alim, ictimai xadim Akif müəllim də bir Azərbaycan vətəndaşı kimi məhz Qarabağ ağrısı ilə yaşayırdı. Çünki tarixi torpaqlarımızın 20%-i itirilmişdi. İşğal altında qalan bu torpaqlarda demək olar ki, ekoloji mühit tamamilə məhv edilmişdir. Erməni faşistləri zəngin təbii sərvətlərə malik təbiətimizə divan tutmuş, qoruqları, yasaqlıqları, meşələrimizi talan edərək daşımışlar. Çox istəyirdi ki, Azərbaycan xalqının Zəfər gününü görsün. Lakin atalar demişkən, «sən saydığını say, gör fələk nə sayır». 44 gün ərzində erməni faşizmi üzərində çalınan böyük qələbəni görmək, xalqının hədsiz sevincinə şərik olmaq səadəti Akif müəllimə müəssər olmadı. Müzəffər Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Tarixi ədalət bərpa olundu. Akif müəllim Qarabağ ağrısını məzara aparsa da, sevincini bizim üçün saxladı. Qarabağ artıq Azərbaycandır. Yəqin ki, dünya şöhrətli alim, görkəmli icimai-xadim, təşkilatçı-pedaqoq Akif Quliyevin də ruhu şaddır. Axı çox sevdiyi doğma xalqı, zaman-zaman yağlı tikə kimi yadellilərin diqqətini çəkən vətəni böyük Zəfər sevinci ilə yaşayır.

 

Bəxtiyar HÜSEYNOV Yazıçı, ekoloq

 Azad Azərbaycan.- 2021.- 18 mart.- S.7.