Fotoaparatını süngüyə çevirən
sənətkar
Rasim Sadıqov- 65
(Portret cizgiləri)
Rasim Sadıqov. Bu ad Azərbaycan
mətbuatına, mədəniyyətinə,
incəsənətinə və
bütövlükdə ictimaiyyətinə
çox yaxşı tanışdır. Çünki 45 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi fotoşəkillər
və yazdığı
məqalələr KİV-ləri
bəzəyir. Həmçinin Azərbaycan mədəniyyətində,
incəsənətində onun
çəkdiyi fotoşəkillər,
Tarix, Teatr, İncəsənət muzeylərində
əsas yerləri tutmaqla ən çox baxılan şəkillər sırasındadır.
Məhz buna görə Azərbaycanın
foto və video salnaməsini yaradan Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etməyin zamanıdır.
Qısa
arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı il mart ayının
16-da Bakı şəhərinin
tarixi kəndlərindən
olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib. Sonradan bu ailə Sumqayıta
köçüb və
Rasim Sumqayıt şəhərindəki 12 nömrəli
tam orta məktəbdə
təhsil alıb.
Hələ orta məktəbdə
oxuduğu illərdə
onun çəkdiyi fotoşəkillər və
yazdığı kiçik
məqalələr təkcə
Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında da çap
olunub.
Rasim Sadıqov
əgər desəm ki, həm fotoqraf,
həm də jurnalist kimi həqiqətən bənzərsiz
sənətkardır, burada
heç bir mübaliğə yoxdur. Onun çəkdiyi hər bir fotoşəkil sənət nümunəsi
olaraq, elə bil ki, adamla
danışır... Məhz
buna görə də tanınmış jurnalistlər, ədəbiyyat
xadimləri, siyasi xadimlər, əsl sənətkarlar və hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim Sadıqov fotoaparatını
süngüyə çevirən
əsl sənətkar
jurnalistdir”.
Rasim Sadıqovun
1976-cı ildən başlayaraq
çəkdiyi şəkillər
bu gün Azərbaycan foto və video salnaməsi üçün unikal bir xəzinədir. Bu şəkillər əsrlər
boyu onu həmişə Azərbaycan
mətbuatında və
tarixində layiqincə
yaşadacaq.
Rasim Sadıqovla bizim tanışlığımızın 45 ildən çox tarixçəsi var. Belə
ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib,
Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət
Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam.
Və bir ildən sonra teatrda aktyor
işləməklə paralel
Sumqayıtda “Ümid”
adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası
Cəlil Məmmədquluzadənin
“Kamança” əsəri
1977-ci ilin mart ayının
16-da, yəni mənim
ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” və “Exo Sumqayıta”
qəzetlərindən tamaşa
ilə bağlı şəkillər çəkməyə
göndərilən Rasim
Sadıqovun da məlum
oldu ki, ad günü məhz mart ayının 16-dadır və
məndən 6 yaş
kiçikdir. Bu mənim və onun üçün bir sürpriz oldu. Elə həmin gündən
də biz dostlaşdıq.
1988-ci ilin fevralından
Qarabağda başlayan
müharibə ilə
bağlı Rasim Sadıqov çoxlu unikal fotoşəkillər
çəkib. Həmin təkrarsız şəkillər
Azərbaycanın Qarabağ
müharibəsinin salnamə
fotoşəkilləri kimi
tarixinə düşüb.
Bu gün mənim
də arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər
o illərdən əziz
bir xatirə kimi qalır.
1976-cı ildən başlayaraq
Sumqayıtda çap olunan bütün qəzetlərdə və
respublika qəzetlərinin
bəzilərində “foto
Rasim Sadıqovundur” imzası ilə maraqlı şəkillər
çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, onu həmin vaxtlar respublikada ən məşhur qəzetlərdən olan “Ədəbiyyat və İncəsənət” qəzetinin
baş redaktoru, dəyərli ziyalı, Xalq şairi Nəriman Həsənzadə
qəzetdə işləməyə
dəvət elədi.
O vaxtlar bu qəzetdə məqalə
çap etdirmək və işə düzəlmək çox
çətin idi. Çünki Nəriman müəllimin
böyük səyi və zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min nüsxə
çap olunurdu.
Bundan başqa qəzet həm də Nəriman Həsənzadənin böyük
təşkilatçılığı ilə yüksək tirajla fars
və latın qrafikası ilə də çap olunub, Cənubi Azərbaycana və Türkiyəyə göndərilirdi.
Hər iki qonşu ölkədə bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə də burada müxbir, fotomüxbir işləmək
hər insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük peşəkarlıq
və orijinallıq tələb olunurdu…
1990-cı ilin qanlı
yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən
biri də Rasim Sadıqovdur. O, çox
böyük möcüzə
nəticəsində həmin
vaxt sağ qalıb. Deməli, həmin dəhşətli
hadisələri bu günümüzə ən
tutarlı faktlar kimi gətirmək üçün Böyük
Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən
və sapı özümüzdən olan
baltalardan qoruyub.
Ona görə də biz dostlar Rasim Sadıqova
“Allahın ən sevimli bəndəsi” deyirik.
Eləcə də Xocalı faciəsində çəkilən
unikal şəkillərin
də çoxunun müəllifi Rasimdir. Məhz həmin
nadir şəkillər, videokadrlar
sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin
faşist xislətini dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı
və video kamerası
ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində
olurdu və oradan unikal kadrları
respublika mətbuatında
yayırdı. Qarabağ döyüşlərində
şəhid olan, yaralanan döyüşçülərin
və öz dədə-baba yurdlarından
didərgin düşən
yüzlərlə həmvətənimizin
şəkilləri bu
gün Rasim Sadıqovun arxivində ən müqəddəs əsərlər kimi qorunur. Eləcə də Azərbaycana
gələn dünyanın
bir çox tanınmışlarının da ömürlərinin bir anlıq şəkilləri
onun arxivində həddindən artıq çoxdur.
1988-93-cü illərdəki xaos və vəzifə
davası, torpaqlarımızın
hərraca qoyulması
səhnələrinə həsr
olunan foto və videokadrlar da Rasim Sadıqovun arxivində həddindən
artıq çoxdur. Bunların hamısı
hökmən dövlət
səviyyəsində kitab
kimi çap olunub, gələcək nəsillər üçün
tutarlı sənədlər
kimi qalmalıdır.
Onun 19 il
bundan öncə yaratdığı və bu gün də
böyük uğurla
rəhbərlik elədiyi
“Az.PRESS.az” xəbər saytı
qısa vaxtda oxucularda, tamaşaçılarda
böyük maraq yaradıb. Həm də təkcə
Azərbaycanda yox, dünyada ən çox oxunan saytlarımızdan biridir.
45 ildə yaradıcılıqla
əzmkarlıqla məşğul
olan Rasim Sadıqov həm də yaxşı müəllimdir. O, cəmiyyətimizə
xeyli davamçısını
da yetişdirib. Onlar öz
müəllimlərilə birlikdə
Azərbaycanın foto
və video salnaməsini
yaradırlar. Bu gün bir çox
media orqanlarında Rasimin
onlarla yetirməsi çalışır və
öz müəllimləri
kimi Azərbaycanın
foto-video salnaməsini
yaratmaqla məşğuldurlar.
Rasim Sadıqov 44 günlük Vətən müharibəsi
vaxtı öz tələbələri ilə
birlikdə rəşadətli
ordumuzun igidliklərini,
göstərdiyi böyük
uğurları ən çox lentə alan, onlar
haqqında fotoşəkillər
çəkən sənətkarlarımızdan
biridir. Bu videolentlər
və fotoşəkillər
də gələcək
tariximiz üçün
əvəzsiz işlər
kimi əbədi qalacaq. Müharibədəki
fədakarlıqları qələmə
alan yazarlarımız
da həmin fotoşəkillərdən
layiqincə bəhrələnəcəklər.
Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və bir çox dövlət rəsmisinin,
elm, ədəbiyyat, incəsənət
adamlarının, məşhur
ziyalıların bir-birindən
maraqlı şəkillərinin
müəllifidir. Həmin orijinal
şəkillərin çoxu
ilə biz mətbuatdan
tanışıq. Amma bu şəkillərin müəllifinin
bəzən məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da onun təvazökarlığından irəli gəlir. Yəqin elə buna görə
də onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib.
45 ildən çox
mətbuat sahəsində
şərəflə, peşəkarlıqla,
yüksək vətəndaş
cavabdehliyi və istəyi ilə çalışsa da, ona hələ bu vaxta qədər
fəxri ad verilməyib…
Baharın ilk
ayında, 1956-cı ilin
mart ayının 16-da
dünyaya gələn
dostumu ad günü münasibəti
ilə bir daha onu sevən
və yaradıcılığını
maraqla izləyən insanlar adından təbrik edirəm!
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2021.-
18 mart.- S.11.