"İrəvan xanlığının bölgə
mətbəxi"ndəki tarixi
həqiqətlər
Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən
hazırlanan "İrəvan
xanlığının bölgə
mətbəxi" kitabının
İstanbulda nəşr
olunması diqqətçəkən
hadisə kimi qarşılanıb.
Kitabın layihə rəhbəri,
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli
AZƏRTAC-a bu mövzuda
danışarkən bildirib
ki, mənfur işğalçı qonşularımız
tarix boyu Azərbaycan mətbəxini
və yeməklərini
də özününküləşdirib
"erməni yeməkləri"
kimi təqdim edir, bu saxtakarlığı
indi də davam etdirməyə cəhd göstərirlər.
O deyib ki, Azərbaycan
Milli Kulinariya Mərkəzi erməni saxtakarlıqlarının ifşa
edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması
istiqamətində mühüm
işlər həyata
keçirir. Mətbəx tarixinin araşdırılması
və milli mətbəximizə aid kitabların
nəşri bu baxımdan xüsusilə təqdirəlayiqdir. İstanbulda
çap olunmuş
"İrəvan xanlığının
bölgə mətbəxi"
kitabı Tahir Əmiraslanovun rəhbərlik
etdiyi Milli Kulinariya Mərkəzinin Azərbaycan gerçəkliklərini
beynəlxalq müstəvidə
yaymaq istiqamətində
atdığı uğurlu
addımların məntiqi
davamı olaraq diqqət çəkir:
"Kitabda ümumilikdə
Qərbi Azərbaycan mətbəxinə aid olan
və həmin bölgənin əhalisinin
yaratdığı maddi
mədəniyyətin qədimliyini
və zənginliyini göstərən çoxsaylı
tarixi-etnoqrafik faktlar toplanıb. Tarixi qaynaqlara və
1500-dən çox etnoqrafik
sorğulara əsaslanan,
erməni iddialarının
əsassızlığını sübuta yetirən bu monoqrafiya azərbaycanlıların qədim
tarixə malik İrəvan bölgəsinin
maddi-mənəvi mədəniyyətinə
dair qiymətli ensiklopedik mənbədir".
Tədqiqat işlərindən aydın
olur ki, hələ 1960-cı ildə
Ermənistan SSR Elmlər
Akademiyası "erməni
yeməklərini bərpa
etmək" məqsədilə
Göyçə və
Zəngəzur mahallarında
azərbaycanlıların yaşadıqları
kənd və qəsəbələrdən toplanılan
materiallar əsasında
ərzaq məhsulları
və yemək növlərinin adlarını,
onların hazırlanma
qaydalarını saxtalaşdıraraq
"Armənskaə kulinariə"
adlı kitab nəşr etdirib.
Lakin
"İrəvan xanlığının
bölgə mətbəxi"
kitabını vərəqlədikcə
məlum olur ki, ermənilərin milli mətbəximizə
aid olan, tarixən İrəvan xanlığının,
hazırda "Ermənistan"
adlanan tarixi torpaqlarımızda yaşayan
azərbaycanlı əhalinin
qida rasionunda yer tutan yemək
və içkiləri
özününküləşdirməyə
və "erməni yeməkləri" kimi tanıtmağa çalışmalarına
baxmayaraq, orada yer alan yeməklərin,
ərzaq məhsullarının,
meyvə-tərəvəzin, ədvaların əksəriyyətinin
adları (boranı, əriştə, xəşil,
küftə, dolma, qovurma,
bozartma, çığırtma,
xaşlama, kətə,
lavaş, gögüplov,
odplov, müəmmərplov,
imam bayıldı və
sair) Azərbaycan dilindədir: "Ermənilər
Azərbaycan mətbəx
terminologiyasındakı yemək-içmək
adlarında bəzi hərfi dəyişiklər
etməklə özlərinə
saxta "mətbəx
mədəniyyəti" yaratmaq
iddiasında olublar. Artıq beynəlxalq ictimaiyyət erməni yalanlarının
üzə çıxmasını
diqqətlə izləyərək
onların necə aradan qaldırıldığının
şahidi olur.
2016-cı ildə UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Hökumətlərarası
Komitəsi ermənilərin
iddiasına rəğmən,
lavaşın türk
xalqlarının çörəyi,
2017-ci ildə dolmanı
Azərbaycana məxsus
mətbəx növü
kimi Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil etməsi buna əyani sübutdur.
"İrəvan xanlığının
bölgə mətbəxi"
kitabının dəyərlərindən
biri də İrəvan xanlığının
mədəni irsini, Azərbaycan və
İslam dini mədəniyyətini
əks etdirən tarixi şəkillərin
- Sərdar Sarayı, İrəvan məscidləri,
karvansara və İrəvan şəhərinin
tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə
göstərən fotosənədlərin
nəşrdə əks
olunmasıdır.
Kitabda İrəvan
mətbəxinə aid çoxsaylı
qida məhsullarının,
zəngin çeşidli
mətbəx ləvazimatlarının,
413 növdə yemək
və içki adları və onların hazırlanması
qaydaları verilir ki, bu da Qərbi
Azərbaycan torpaqlarını
əhatə edən İrəvan xanlığı
ərazisində azərbaycanlıların
yaratdığı mətbəx
və süfrə mədəniyyəti haqqında
əyani təsəvvür
yaradır. Kitab hər bir azərbaycanlını ruhən
doğma yurd yerlərinə aparır,
o torpaqların gözəlliyini,
təndirinin ətrini,
yeməklərinin ləzzətini
bir daha yada salır.
"İrəvan xanlığının
bölgə mətbəxi"
kitabının nəşri
COVİD-19 pandemiyası dövrünə
təsadüf etdiyi üçün onun təqdimatı Diasporla İş üzrə Dövlət Komitəsinin
"E-Akademiya" layihəsi
vasitəsi ilə onlayn keçirilib. Videokonfransda Azərbaycan
diasporunun və beynəlxalq təşkilatların
nümayəndələrinin iştirakı ilə kitabın məziyyətləri
və beynəlxalq aləmdə təqdim olunması barədə müzakirələr aparılıb.
Nəşri barədə xəbərlərin
Türkiyə və Fransa mətbuatında yer aldığı "İrəvan xanlığının
bölgə mətbəxi"
kitabı hazırda İsveçdə Alfred Nobelin (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden)
ev-muzeyində sərgilənir.
Kitabın Avropa ölkələrində planlaşdırılmış
təqdimatının postpandemiya
dövründə həyata
keçirilməsi nəzərdə
tutulur.
2021.- 525-ci qəzet.-30
mart.- S.9.