General III Kalbalı xan Naxçıvanski:
1918-1920-ci illərdəki döyüşlər
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
kuliyevm@yandex.ru
Bütün varlığı ilə, necə deyərlər,
iliyinə qədər azərbaycanlı-türk olan III
Kalbalı xan Azərbaycanın ayrılmaz tərkib hissəsi
Naxçıvana sonsuz məhəbbətlə bağlı
idi. Ona görə də erməni daşnaklarının
Naxçıvana qəflətən hücumunu eşidən
kimi Rusiya imperiyasının ordusundan ayrılıb Qafqazın
qarlı aşırımlarını keçərək
doğma Naxçıvanın müdafiəsinə gəlmişdi.
1918-ci ilin martında Naxçıvana gələn III
Kalbalı xanın 27 yaşı vardı. Rütbəsi
isə ştabs-rotmistr idi. Çox gənc
olmasına baxmayaraq, Birinci Dünya müharibəsinin
iştirakçısı olmuş və 5-dən çox hərbi
orden almışdı. Cəbhədə
göstərdiyi qəhrəmalıqlara görə
Qızıl Georgi silahının kavaleri idi.
Axırıncı döyüşdən aldığı yara hələ də
sağalmamışdı. Yaşının az
olmasına baxmayaraq, III Kalbalı xan hərbi aləmdə
bacarıqlı sərkərdə kimi tanınırdı. Ağıllı, ciddi, yüksək hərbi biliyi
olan III Kalbalı xan həmsöhbət olduğu adamlarla
münasibətində iti ağlı ilə seçilirdi.
Ciddi və bir az hirsli görünsə də,
çox təmiz, saf qəlbi vardı. Qarşısındakı
adamla səmimi, doğru-düzgün və açıq
danışırdı. Özünə də
çox tələbkar idi. Ona
doğulduğu, böyüdüyü ailə ocağı,
sonra Tiflisdə Kadet korpusunda, Qafqazın Nikolayevski hərbi məktəbində
təhsil illəri belə xarakter aşılamışdı.
Onun mənsub olduğu Kəngərli
tayfasında artıq Naxçıvanskilər nəsli
yaranmışdı. Bu nəsildə
oğlan uşağı gözünü açandan hərbi
mühitlə nəfəs alır və böyüyüb
dünyanı anlayınca ata və ana babalarının, ulu əcdadlarının
hərbi döyüş zəfərlərinin hünər
salnamələrini dinləyirdilər.
Və III Kalbalı xan da belə olmuşdu. Böyüdükcə
bildi ki, atası Cəfərqulu xan bədənində
müharibə qəlpələri gəzdirir. Taleyin qismət etdiyi bütün imperiyalarda III
Kalbalı xanın əcdadları, ulu babaları, babaları hərb
sənətinin kamil və cəsur bilicisi olmuşlar. Onların mənsub olduqları hərb tarixinin səhifələrində
satqınlıq, xəyanət, qorxaqlıq, yaltaqlıq, məğlubiyyət
böyük eyib və günah sayılırdı. Bu səbəbdən Kəngərli hərb tarixinin
Naxçıvanskilər səhifəsi olduqca
maraqlıdır. Qətiyyət, mərdlik, verdiyi sözə
və içdiyi hərbi anda çox sadiq!
Biz qəhrəman
sərkərdəmizin döyüş yollarından söhbət
açmazdan əvvəl qeyd edək ki, 1958-ci ildən
başlayaraq Sovet tarixçiləri, daha sonra onların
ardıcılları yazdıqları kitablarda III Kalbalı
xanı olduğu kimi yox, tamam bunun əksini təsvir edirdilər.
Onların yazdıqlarından belə çıxırdı
ki, guya gənc sərkərdə dəhşətli bir adam olub...
Bu, Sovet təbliğat maşınının
yaratdığı xülyalar idi. Sadəcə, III
Kalbalı xan bolşevizmi qəbul etməmişdi. O,
siyasətçi deyildi. Vətənpərvər,
cəsur, düşmənə qarşı amansız
süvari döyüşçü idi. İndi
biz sizinlə, əziz oxucular, onun 1918-1920-ci illərdə
Naxçıvanın, Ordubadın, Vedibasarın, Zəngəzurun
qəddar, amansız daşnak quldurlarından qəhrəmanlıqla
müdafiə olunmasında apardığı alovlu
döyüşlərin bəzilətindən söhbət
açacağıq. Və görəcəyik ki, onun
haqqında bildiklərimiz az, bilmədiklərimiz
çoxdur. III Kalbalı xan Naxçıvanski
haqqında isə həqiqəti yazmalıyıq. Əvvəlcə
qeyd edək ki, 1918-1920-ci illərdə Naxçıvanın
müdafiəsinə dair kitablar yazılıb, tədqiqat
işləri aparılıb və aparılan döyüşlər
haqqında az da olsa söhbət
açılıb. Biz istəyirik ki,
açılmamış, yaxud tam aydınlaşmamış səhifələr,
hadisələr haqqında bəzi qeydlərimizi bildirək.
Həmin illərə aid arxiv sənədlərini,
yazılmış gündəlikləri və memuarları, bəzi
kitabları oxuduqca görürük ki, 1918-1920-ci illərdə
Naxçıvan, Ordubad, Şərur və Vedibasar çox məharətlə
qorunub, düşmənlərlə ciddi, qızğın
döyüşlər gedib. Araşdırmalar
göstərir ki, bu döyüşlər kor-koranə
aparılmayıb. Naxçıvan
diyarının hər qarışı uğrunda aparılan
döyüşlərin hamısı diqqətlə hazırlanıb
desək, səhv etmərik. Həmin illəri hər
gün qələmə alan Mirzə
Bağır Əliyevin yazdıqlarından məlum olur ki,
1918-ci ildən başlayaraq III Kalbalı xan 1920-ci ilin iyul
ayının sonuna kimi Naxçıvanın müdafiə məsələlərinə
rəhbərlik edib. Silah-sursatın azlığına
baxmayaraq, o, naxçıvanlı gəncləri gecə-gündüz
hərbi təlimlərə toplayıb və onlara silahla, topla
sərrast atəş açmağı öyrədib. Arxiv sənədlərindən məlum olur ki,
türkiyəli topçu Hüsnü bəy Naxçıvana
gələnə kimi (o, gedəndən sonra da) Kalbalı xan
özü gənclərə müəllimlik edib. III Kalbalı xan həm də özü aparılan
döyüşlərə komandanlıq edib və həmişə
döyüşən taborun özündə olub.
Bir
sıra müəlliflər tədqiqat aparmadan yazırlar ki,
guya III Kalbalı xan Azərbaycan Xalq Cümhuriyyətinin
göstərişlərini nəzərə almayıb,
Bakıdan və Gəncədən göndərilən zabitlərə
məhəl qoymurdu və sair. Bunlar
hamısı igid sərkərdəyə qarşı qərəzli
yazılan yanlış fikirlərdir. Araşdırmalar
göstərir ki, Kalbalı xan Naxçıvanla Azərbaycan
Xalq Cümhuriyyətinin münasibətlərinə çox səmimi
yanaşmış və həmişə, ermənilərin
Naxçıvanı blokadaya almasına baxmayaraq, onun Azərbaycanın
tərkibində olması üçün var qüvvəsi ilə
çalışmışdı. Buna çoxlu
misallar gətirmək olar. Ən bariz nümunə: Azərbaycan
Xalq Cümhuriyyətinin nümayəndəsi
Mirbağırovla Cəfərqulu xanın sarayında
yazılan rəsmi aktdır. Bu aktın yazılmasında və
möhürlənməsində rəsmi olaraq Cəfərqulu
xan Naxçıvanskinin və onun oğlu III Kalbalı xanın
xidmətlərini danmaq günahdır. Çünki
həmin aktda hər ikisinin imzası vardır. Biz məsələni açıq deməliyik ki, Cəfərqulu
xan və oğlu Kalbalı xan Naxçıvanın siyasi
taleyinin başqa dövlətlərə verilməsinin tam əleyhinə
idilər. Bu istiqamətdə ciddi
mübarizə aparırdılar. Belə
bir hal o vaxtlar Naxçıvanda olan bəzi qüvvələrin
etirazına səbəb olurdu. Əvəz
çıxmaq üçün ata və oğul haqqında
müxtəlif şaiyə və böhtanlar yayırdılar.
Sovet hakimiyyəti illərində isə həmin
şəxslərin varisləri ata-babalarının
davasını davam etdirirdilər. Təəssüf
ki, indi də davam etdirənlər var. Amma hamısı
yanlış fikirlərdir. İndi gətirəcəyimiz
bir nümunə III Kalbalı xanın Naxçıvanın
köməyinə gələn zabitlərə necə dərin
qayğı göstərdiyinin ən gözəl sübutudur.
1919-cu ilin yazında Ordubadda erməni quldurlarına
qarşı şiddətli döyüşlər gedib. Burada
daşnak generalı Andronikə və İran quldur dəstələrinə
qarşı döyüşlərdə gənc zabit
Bahadır bəy Vəkilovun komandir olduğu dəstə
sözün əsl mənasında qəhrəmanlıq
göstərir.
Qeyd edək ki, hərbi tədqiqatçı Ş.Nəzirli
"Topoqraf - general İbrahim ağa Vəkilov"
kitabında (Bakı, 2002) kapitan Bahadır bəy Vəkilovun
şücaəti haqqında məlumat verib. Onun
yazdığından məlum olur ki, Bahadır bəy 1889-cu
ildə martın 24-də Qazaxda zadəgan ailəsində
doğulub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci
ildə mayın 15-də yeni yaranan Müsəlman korpusuna
könüllü daxil olub. Həmin ilin
sentyabr ayından piyada qoşunlarında kiçik yunker,
böyük yunker zabitlərində xidmət edib. 1918-ci il noyabrın 18-də Azərbaycan Xalq
Cümhuriyyətinin Gəncə şəhərindəki
praporşiklər məktəbini birinci dərəcə ilə
bitirib və elə məktəbin özündə rota
komandiri kimi vəzifədə çalışıb. Həmin ilin mart ayında cəsur zabit Bahadır bəy
Vəkilov üçüncü Gəncə süvari
alayının tərkibində Naxçıvana, Şərq-Qərb
cəbhəsinə ezam olunub. Bu gənc
zabit Ordubadın müdafiəsində elə qəhrəmanlıqlar
göstərir ki, Naxçıvan və Şərur qəzasının
komandanı III Kalbalı xan Naxçıvanski Bahadır bəyin
döyüşlərini çox yüksək qiymətləndirir.
O, 1919-cu il mayın 9-da Azərbaycan Xalq
Cümhuriyyətinin Baş Qərargah rəisinə göndərdiyi
raportda praporşik Bahadır bəy Vəkilovun qəhrəmanlığı
haqqında yazır: "Martın 17-də Yaycı kəndində
hücum edən səksən nəfərlik İran quldur dəstəsi
yerli əhalinin 275 iribuynuzlu mal-qarasını
oğurlamışdı. Praporşik Vəkilov
mənim əmrimlə 30 nəfər süvari dəstə ilə
onların dalınca gedib quldurları Araz sahilində
yaxalamışlar. Güclü döyüşlərdən
sonra mal-qara geri alınmış və on beş
nəfər quldurun meyiti Araz sahilində qalmışdır. Martın 26-da Parağa kəndinə hücum edən
ermənilər 200 iribuynuzlu mal-qaranı aparmışlar və
7 müsəlman kəndlisini öldürmüşlər.
Səhərisi erməni kəndini süvari dəstəsi ilə
mühasirəyə alan praporşik Vəkilov
tələb etmişdir ki, mal-qara qaytarılsın və cinayətkarlar
cəzalandırılmaq üçün bizə verilsin. Lakin ermənilər atəşlə cavab vermişlər.
Praporşik Vəkilovun cəld və
bacarıqlı komandanlığı sayəsində
üç saatlıq döyüşdən sonra ermənilər
mal-qaranı və cinayətkarları qaytarmışlar.
Döyüşdən sonra məlum olur ki, praporşik
Vəkilovun 3 əsgəri yaralanmışdır.
Aprelin 10-da ermənilərin "qəhrəmanı"
Andronik danışıqlardan sonra Gorusdan Ordubadın 25
kilometrliyindəki Kapçevan kəndinə gəldi. Nizami erməni
dəstəsi Ordubadın ayrı-ayrı kəndlərini zəbt
etmək üçün Nüsnüs kəndinə hücum
etdi. Praporşik Vəkilovun
bacarıqlı döyüş əməliyyatı sayəsində
Nüsnüs kəndi ermənilərdən təmizləndi.
Digər müsəlman kəndləri də erməni
hücumundan xilas oldu.
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi
Ordubadın səkkiz verstliyindəki darvazaya yenidən
hücum etdi.
Erməni hərbi dəstəsinin güclü qüvvə ilə
hücum etməsinə baxmayaraq, 5 saatlıq ara verməyən
döyüşdə düşmənin əksər qüvvəsi
məhv edildi, qalanları isə qaçmağa məcbur oldu.
Bu döyüşdə praporşik Vəkilov Bahadır bəyin
yeddi əsgəri həlak oldu, on iki nəfər isə
yaralandı.
Bütün göstərilənlərdən sonra
xahiş edirəm ki, üçüncü Gəncə
süvari alayının praporşiki Bahadır bəy
döyüşlərdə yüksək səviyyədə
komandanlıq etdiyinə və qəhrəmanlığına
görə ona podporuçik rütbəsi verilsin".
1919-cu il yanvarın axırlarında mübahisə
doğuran məsələlərlə yaxından tanış
olmaq məqsədilə İrəvan quberniyası müsəlmanlarının
həmyerlilər cəmiyyətinin nümayəndəsi
Mirabbas Mirbağırov Azərbaycan Xalq Cümhuriyyətinin
tapşırığı ilə Naxçıvana gəldi.
O, Gəncədə olarkən Naxçıvan Araz-Türk
Respublikasına kömək üçün göndərilən
12 zabit də Mirbağırovla birlikdə Naxçıvana
yola düşdülər. Həmin zabitlərdən
birinin familiyası Ququşov sənədlərdə qeyd
edilib. Yəqin ki, zabitlərə rəhbərliyi
Ququşov edirmiş. Çünki hərbi nazirin 1919-cu il 4 yanvar tarixli əmri ilə Hüseyn bəy
Ququşov (2-ci piyada alayının komandiri təyin
edilmişdi. Sənədlərdə onun hərbi
rütbəsinin podpolkovnik olduğu qeyd olunub. Ehtimal ki, polkovnik rütbəsini sonralar alıb.
III Kalbalı xan Naxçıvanski, 12 nəfər
hərbçi zabiti də səmimi
qarşılamışdı. Ona görə
ki, Naxçıvanın müdafiəsində iştirak etməyə
gəlmişdilər. Amma 1919-cu il
mayın 16-da Azərbaycanın İrəvandakı diplomatk
nümayəndəsi Təkinski Azərbaycan hökumətinə
xəbər verirdi: "İngilislərin əmri ilə bizim
zabitlər Naxçıvanı tərk etdilər". Bu işlərin başında ingilislərin briqada
generalı Devi və ermənilərin baş naziri Q.Xatisov
(Xatisyan) dururdu. General Devi sözdə
ingilislər adından deyirdi ki, Naxçıvan Azərbaycanın
bir hissəsidir. Hətta maliyyə və
silah da vəd edirdilər. Amma
Naxçıvanın daşnak Ermənistanına verilməsi
üçün var gücləri ilə
çalışırdılar. Onlara bu
işdə onlara imkan vermək istəməyən III
Kalbalı xanı zərərsizləşdirmək
üçün onun əleyhinə işləyəcək
adamlar da hazırlayırdılar. III
Kalbalı xan və digər Naxçıvanskilər
bütün bunları yaxşı bilirdilər və III
Kalbalı xanın Naxçıvandan başqa yerə dəyişdirilməsinə
imkan vermirdilər. Bəzi şəxsləri
çıxmaqla naxçıvanlılar hamısı igid sərkərdə
III Kalbalı xana inanır və onun əmrlərini
can-başla yerinə yetirirdilər ki, Naxçıvan erməni
daşnaklarının tapdağı altında qalmasın.
Qeyd edək
ki, 1920-ci ilin martında Qarabağda daşnak erməni
qiyamının yatırılmasında Hüseyn bəy
Ququşovun və III Kalbalı xanın kiçik
qardaşı Cəmşid xan Naxçıvanskinin komandirlik
etdiyi alaylar birlikdə iştirak etmişdilər.
III Kalbalı xan Naxçıvanskinin komandirliyi ilə
naxçıvanlı döyüşçülər Şərur
döyüşlərində, Qurd qapısında, Dəhnə
boğazında, Quşçu Dəmirçi, Maxta kəndləri
yaxınlığında aparılan qızğın
döyüşlərdə erməni quldurlarını igidliklə
darmadağın etmişlər. Bu döyüşlərdə
Yengicə taboru, Şərur batalyonu da igidlik göstərmişdir.
Bu gün də şərurlular igid zabitlər
Yengicə taborunun komandiri Məşədi Ələsgər Həmzəyevi
və Şərur batalyonunun komandiri Kərim xan İrəvanskini
(Kalbalı xanın dayısı - müəllif) hörmətlə
anırlar. III Kalbalı xanın Şərurda,
Şahbuzda, Ordubadda, Naxçıvanda və Şahtaxtıda,
Zəngəzurun Bazar çayı kənarındakı Əngələvid
kəndində apardığı döyüşlər
haqqında əvvəllər yazmışıq. Elə döyüşlər olub ki,
qoşunlarımızın mühasirəyə düşmək
təhlükəsi olanda Naxçıvana köməyə gəlmiş
türkiyəli hərbçi Xəlil bəy Kalbalı
xanı həmin döyüş yerlərinə göndərmişdir.
Kalbalı xan isə yüksək məharətlə
döyüşçülərimizi mühasirədən
çıxarıb. Burada döyüş
bacarığı və hərbi istedadı köməyə
gəlib. Həm də Naxçıvan
dağlarındakı hərbi gediş üçün
dağ cığırlarını yaxşı
tanıdığından döyüş yerinə lazım
olan vaxtda özünü çatdırırmış.
Məsələn, 24 noyabr 1919-cu ildə Zəngəzurun
Əngələvid kəndi ətrafında Naxçıvan
qoşunları ilə daşnak ermənilər arasında gərgin
döyüşlər başladı. Naxçıvanlılar
3 erməni kəndini ələ keçirirlər. Azərbaycan hökuməti köməyə qoşun
göndərmişdi. Türkiyəli
tarixçi S.Atnur bu döyüş haqqında ətraflı
yazıb. O, Türkiyə Hərbi Arxivindən (ATASE-dən)
tapdığı sənədə əsasən qeyd edir ki,
Naxçıvandan alınan bir kəşfiyyat məlumatında
Əli paşa Şıxlinskinin başçılıq etdiyi
Azərbaycan ordusunun ermənilərlə çox ciddi
vuruşmadığı (orada qeyd edilib ki, Əli ağaya
yuxarıdan belə tapşırıq verilibmiş) və buna
görə də bir çox əsgərin edam edildiyi, bir hissəsinin
erməni tərəfinə keçdiyi bildirilirdi. Baş verənlərdən xəbəri olmayan
Naxçıvan qüvvələri tam əsir düşmək
zamanında yüksək döyüş fəndləri
göstərərək mühasirədən çıxa
bilmişdilər. Qoşun Kalbalı
xanın bacarığı sayəsində ermənilərə
əsir düşməmişdir. Bu işdə ona
Keçili kəndinin atlı dəstələri
kömək etmişdilər. Yerindəcə
qeydə edək ki, Keçili kəndi Şahbuz
dağlarında yerləşir və çox qədimdən əhalisi
də kəngərlilərdir. Bu kəndin
bacarıqlı, cəsur döyüşçüləri
olub. Tariximizdə Keçili kəndinin atlı
(süvari) dəstələrinin hünəri indiyədək
yaşamaqdadır. Təəssüf ki, Keçili atlı dəstəsinin fəaliyyəti dərindən
araşdırılmayıb. Bir az irəli
getsək, Sovet hökumətinin sərt tədbirlərlə
apardığı kollektivləşmə illərində
quruluşa qarşı döyüşən Qaçaq
Quşdan III Kalbalı xan Naxçıvanskinin çox ehtiram
bəslədiyi yeniyetmə döyüşçülərdən
olub. O, Qaçaq Quşdanı şəxsən yaxşı
tanıyırdı. Çünki arxiv sənədinə
görə, Keçili kəndindən olan Quşdan Kəngərli
tayfasındandır və onun atası, məşhur
döyüşçü Məhərrəm Cəfərqulu xan
Naxçıvanskinin baş sərkarı olub.
1920-ci il martın 21-də, Novruz bayramı gecəsi
daşnak quldur qoşunları bütün sərhəd boyunca
hücuma keçdilər. Azğın
düşmənin hücumunun qarşısını almaq
üçün Naxçıvan müdafiəçiləri
dörd birləşmiş dəstə yaratdılar. Şahbuzun Kolanı hissəsində qoşunlara III
Kalbalı xan Naxçıvanski komandanlıq edirdi. Kitablarda Kolabad yazılsa da, Naxçıvan Muxtar
Respublikasının Dövlət Arxivindəki sənəddə
Kolanı yazılıb. Araşdırmalar
da bunu təsdiqləyir. Bazalt qayalar
arasında çox gərgin döyüş olub. Bu döyüşdə Naxçıvan
qoşunları azğın düşməni məğlub
edib, Yelli Gədiyə kimi qovalayıblar. Bu
döyüşdə Keçili süvari dəstəsi də
Kalbalı xanın qoşunlarının tərkibində
düşmənlə vuruşurdu.
Qayıdaq əvvəlki mətləbə.
Əngələvid döyüşündəki vəziyyətə
görə Kalbalı xan incimişdi. Bundan
istifadə edən, onu özünə rəqib sayan Cəmillinski
Bakıya məlumat vermişdi ki, Kalbalı xan Xəlil bəyə
elan edib ki, ACX-in müstəqilliyi zahiridir, AXC Zəngəzuru
almaq və Naxçıvanı respublika ilə birləşdirmək
üçün yol açmaq iqtidarında deyildir, guya AXC
"yerli naxçıvanlı müsəlmanları
aldadır" və sair. Məsələ məlumdur.
Bunların hər ikisi Kalbalı xanı özlərinə rəqib
bilir və onun ətrafında söz-söhbətlər
yaradırdılar. Amma Kalbalı xan bilirdi ki, o,
Naxçıvana bu çətin illərdə çox
lazımdır və hər şeyə səbrlə
dözürdü. Ona görə də məsələləri
hərtərəfli və dərindən araşdırmayan bəzi
müəlliflər tariximizdə olan şəxsiyyətləri
- Kalbalı xanı, Xəlil bəyi və
Cəmillinskini qarşı-qarşıya qoymaq məqsədini
güdməsinlər. Çünki bunların
üçünün də Naxçıvanın
daşnaklardan müdafiə olunmasında danılmaz xidmətləri
var. Ən böyük, danılmaz xidmət isə III
Kalbalı xan Naxçıvanskiyə məxsusdur.
Heç təsadüfi deyil ki, məşhur türkiyəli
general Veysəl Ünüvar "Kurtuluş savaşında
bolşeviklərlə sekiz ay (1920-1921)" əsərində
(İstanbul, 1997) III Kalbalı xan Naxçıvanskiyə
yüksək qiymət vermişdir. O yazır: "Mən, vali
Qarabəy, nazir və baş komandan gənc, odlu, cəsur bir
adam olan Kalbalı xan".
III Kalbalı xan haqqında həqiqətləri
yazmaq üçün 1918-1920-ci illərdə gedən hərbi
əməliyyatlarda, Naxçıvan şəhərinin və
bölgənin daxili asayişində Kalbalı xanın fəaliyyəti
dərindən tədqiq olunmalıdır. Naxçıvanda
olan siyasi təşkilatların bir-birini əvəz etməsinə
baxmayaraq, Kalbalı xanı həmişə bir məsələ
düşündürüb: doğma Naxçıvan
diyarını, nəyin bahasına olursa olsun, erməni quldurlara
verməmək! Bu əzmlə qətiyyətlə
döyüşüb qəhrəman sərkərdəmiz! Biz
bilərəkdən yazırıq ki, Cəfərqulu xan
1918-1920-ci illərdə Naxçıvanda olan siyasi hökumətlərin
hamısına (bəzən rəsmi olmasa da)
başçılıq edib. Bu, həqiqətdir.
Çünki Milli Şuraya, Komitəyə və
Naxçıvan Araz-Türk Respublikasına
başçılıq edənlər hər məsələdə
onunla məsləhətləşirdilər. O, Naxşəvanda
söz sahibi idi. Əsas səbəb isə Cəfərqulu
xanın məşhur bir hərbçi olması ilə
bağlıydı. Və naxçıvanlıların onu
ürəkdən sevməsi, inanmağı idi.
III Kalbalı xanla axtarışlarımıza
son nöqtəni qoymuruq. Çünki belə bir cəsur,
odlu-alovlu, vətənpərvər, qeyrətli, mahir süvari
döyüşçü Kalbalı xana mənəvi borcumuz
var. Biz də onun kimi doğma Naxçıvanı, əziz vətənimiz
Azərbaycanı sevməli, qorumalı və bunu gənclərimizə
öyrətməliyik.
Musa Quliyev
525-ci qəzet.-2021.- 30 mart.- S.12-13