Vidadi Babanlı: ömrün poeziyası
Vidadi
Babanlı onun oxucularının, eləcə də ədəbi
cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Bu da təsadüfi
deyil. 70 ildən
çox yaradıcılığı dövründə
"Gəlin" povestindən başlayaraq "Bulanlıq
dünya" povestinədək -
"Ana intiqamı", "Müqəddəs ocaq",
"Ömürlük əzab", "Həyat bizi
sınayır", "İnsaf nənə", "Vicdan
susanda" kimi nəsr əsərləri ilə bütöv
bir nəsr xəzinəsi yaratmışdır.
Akademik
Nizami Cəfərov onun yaradıcılığını səciyyələndirərkən
yazır: "Vidadi Babanlı istər 70-ci, istər 80-ci, istərsə
də müstəqillik illərində qələmə
aldığı əsərləri dövrün, zamanın ən
ağrılı, cəmiyyəti ən çox
düşündürən problemlərinə həsr
olunmuşdur. Və ustalıqla
yazılmış həmin əsərlərin də qəhrəmanı
həyatın müxtəlif təzyiqləri
qarşısında öz daxili aləmini bütün
miqyası ilə nümayiş etdirməklə
yaşadığı dövrün "Tərcümeyi-halını
tarixləşdirən İnsandır". Bununla belə,
Vidadi Babanlı adı çəkiləndə ilk növbədə
yada "Vicdan susanda" romanı gəlir və nəsrimizdə az-az əsərlər
var ki, bu qədər populyar olar. Bu roman Azərbaycan
ədəbiyyatında ən çox nəşr olunan əsərlərdən
biridir. Qəribədir, müəllifə
böyük oxucu məhəbbəti, dünya şöhrəti
gətirən bu romanına görə onun çap olunması
üçün Vidadi Babanlının başı nə qədər
ağrılar, bəlalar çəkmişdi. Ancaq sözündən dönməmişdi.
Görkəmli alim, AMEA-nın müxbir üzvü,
Vidadi Babanlının dostu Rafiq Əliyev söyləyirdi ki,
Moskvada olduğu vaxtlarda bir gün şəhərin məşhur
prospektlərindən birində mağaza qarşısında
böyük bir növbəyə rast gəlir. O vaxtlar az
tapılan mallar mağazalarda satılarkən belə hallar
tez-tez olurdu. O da növbə tutaraq nə
satıldığını öyrənmək istəyir. Məlum olur ki, növbə Azərbaycan
yazıçısı Vidadi Babanlının rus dilində nəşr
olunmuş "Vicdan susanda" romanı üçün
düzülüb. "Mən qürur və
sevinc hissi ilə donub qalmışdım. Romanın
rus oxucuları arasında bu qədər populyar olduğunu
bilmirdim".
Müsahibələrindən
aydın olur ki, O, "Vicdan susanda" romanını
yazmamışdan əvvəl 8 ay Neft-Kimya Prosesləri
İnstitutunda kitabxanaçı işləmiş, institutda
çalışan alimlərin, aspirantların, əməkdaşların
qarşılıqla münasibətlərini,
davranışlarını, həyat tərzini öyrənmiş,
"Həyat bizi sınayır" əsərini və bu əsər
əsasında yazdığı ssenari üzərində işləyərkən isə bir
müddət Sumqayıt şəhərində fəhlə
yataqxanasında tərbiyəçi vəzifəsində
işləmişdi. Bu iki fakt onun öz
yaradıcılığına nə qədər tələbkar
yanaşdığını aydın şəkildə
sübut edir. Bu səbəbdəndir ki, onun əsərlərində
həyat qaynayır, necə varsa elə əks olunur, onun qəhrəmanları
canlıdır.
Vidadi Babanlı əsərlərində
yaşadığı dövrün ictimai-siyasi və psixoloji
problemlərini, bu problemlərin həllinə münasibətdə
insan amilini aydın şəkildə təqdim edə bilir. Düşünürəm
ki, təkcə "Vicdan susanda" romanı ilə Vidadi
Babanlı ədəbiyyat tariximizdə həmişəlik
qalacaqdır. Zaman keçir, bu roman öz
aktuallığını, öz müasirliyini itirmir. Bu gün də oxucular tərəfindən oxunur,
sevilir və güman edirəm ki, nə qədər
insanların qəlbində susmayan vicdan var, bu roman
oxunacaqdır.
Ədəbiyyatsevərlərə yaxşı məlumdur
ki, Vidadi Babanlı yaradıcılığa şeirlə
başlamışdır. Hələ 30-cu illərdə, məktəbdə
oxuyarkən şeirləri o vaxtkı "Pioner" qəzetində
çıxanda, heç kəsin ağlına da gəlməzdi
ki, bu kiçik uşaq şeirlərinin müəllifi gələcəkdə
Azərbaycanın görkəmli ədəbiyyat
adamı-nasiri, dramaturqu, tərcüməçisi, şairi,
ssenaristi, publisisti olacaqdır. İlk şeirlərini
Vidadi Şıxlı imzası ilə yazırdı. Lakin sonradan özünü nəsrdə tapdı.
Nəsrə dönüşünü Vidadi müəllim
"Avtoportret" şeirində
belə izah edir:
Yoxdur bir
kimsədən giley-güzarı,
Yazıb-yaratmaqdır dərdi-azarı.
Gördü
ki, tükənir şeirin bazarı,
Sınadı bəxtini romanlarda o.
Ümumiyyətlə,
"Avtoportret" şeiri Vidadi müəllimin bütün
xarakterini özündə əks etdirməklə həm də
onun bütün
şəxsiyyətini və
yaradıcılığını səciyyələndirir:
Dilinə
ömründə yalan dəymədi,
Yaltaqlıq eyləyib üzə gülmədi.
Asan
yaşamağı şərəf bilmədi
İşıqlı yol seçdi dumanlarda o.
Döyüşdü,
çarpışdı daim həyatla,
Hey
qovhaqovlarla, hey çataçatla
Ömür-gün
keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.
Vidadi Babanlının poeziyasının mövzuları rəngarəngdir. Lakin
yaradıcılığında ictimai-siyasi motivlərin daha
qabarıq görünməsi onun vətənpərvərliyindən,
millət, xalq, dövlət, təəssübkeşliyindən,
Vətənimizin taleyi üçün
narahatlığından və mənəviyyatından irəli
gəlir. Bu mövzuda yazdığı ən
yaxşı şeirlərini də Vidadi müəllim
ömrünün artıq müdrik çağında,
90-cı illərdən sonra yaratmağa başladı:
Bu gün
yola salırıq sizi qanlı döyüşə
İstəyirik dağlara, dərələrə ün
düşə.
Dalğalana
vüqarla Qarabağda bayrağım,
Dincəlib rahat yata qana batmış torpağım.
Uğur olsun balalar, zəfərlərlə
qayıdın.
Dünyanı salamlayan səhərlərlə
qayıdın.
Qayıdın
ki, ürəkdə qara qanlar durulsun,
Hər məhlədə, hər evdə toy məclisi
qurulsun.
Çəkilsin
göy üzündən his qoxulu çən-duman,
Sevinməyə, gülməyə qəribsəmişik
yaman.
Gözü
yolda qoymayın, anaları qayıdın,
Dağılsın mənhus şərin yuvaları
qayıdın.
Vidadi
müəlli yaxından tanıyan, onun xarakterinə, mənəviyyatına
və həm də yaradıcılığına bələd
olan adam kimi bilirəm ki, onun məsləki,
amalı paklıqdır, haqq-ədalətdir, mərdlikdir,
halallıqdır. Onun yaratdığı kişi
obrazı ümumiləşmiş Azərbaycan kişisinin
obrazıdır. Elə bu səbəbdən də
Vidadi müəllimin əsərlərində, o cümlədən,
şeirlərində mərdlik, kişilik, qeyrət
qırmızı xətlə keçir. Müəllif
bu səpkili şeirləri ilə kişi
ömrünün poeziyasını yaradır. "Kişilik
haqqında söz" şeiri dediklərimizin əyani və
məntiqi sübutudur. Bu obraz
xalqımızın mənəviyyatının poetik kodeksidir.
Bu şeiri bir çox hallarda kişilik
haqqında himn də adlandırırlar.
Əməlində
saleh, sözünə bütöv,
Bir az sərt, bir az cod, bir az da köntöy
Kişilər
lazımdır xalqa, kişilər,
Rədd
olsun boğaza xalta kişilər!
Bu
şeirin yazılma tarixindən 30 il
keçsə də, bu gün də aktualdır və hələ
uzun illər yenə də zamanla səsləşəcəkdi.
Bu bir həqiqətdir ki, şair bu sətirləri qələmə
alanda məmləkətimizdə kişilikdən əsər-əlamət
qalmamışdı, dostla düşməni tanımaq olmurdu,
hörmət-izzət sərsəri gündə idi, hər
şey satılır və alınırdı, igid
oğullarımız ara yerdə qurban gedirdi,
Qarabağ alver meydanına çevrilmişdi.
Satqınlar
satdılar yurdu-yuvanı,
Batdı ara yerdə igidlər qanı,
Qeyrət
unuduldu, namus atıldı,
Halal nəcabətə, haram qatıldı.
Pozub əxlaqları
zaya döndərdi,
Siyasət oyunu, vəzifə pulu.
Bir yolluq
tükənib bitməzmi bu şər,
Kişilər lazımdı, xalqa kişilər.
Vidadi Babanlının nəsr əsərlərində
olduğu kimi, poeziyasında da özünü yazır, onun
şeirlərinin əsas qəhrəmanı da onun
özüdür. Ədəbiyyatşünas alim, professor
Rüstəm Kamal Vidadi Babanlının
yaradıcılığını incələyərkən
yazır. "Desəm ki,
yazıçının bütün əsərlərində
avtoportret boy verir, yanılmaram, hətta inanıram ki,
"Kişilik haqqında söz" şeirinin də ilk bəndi
özündən bəhs edir". Çox
düzgün vurğulayır Rüstəm müəllim.
Vidadi müəllimin təkcə həmin
şeiri yox, çox şeirlərinin arxasından özü
boylanır. Onun əsərlərini oxuduqca həyatı,
tərcümeyi-halı ilə yaxından tanış
olursan, həyatının nə qədər keşməkeşli,
çətin, mübarizələrlə dolu bir kişi
ömrü yaşadığının şahidi olursan.
Bağladı
dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil,
keç dedilər, saqqal altından,
Qürurlu qəddimi əyə bilmədim.
Məhəbbət
mövzusu Vidadi
Babanlının
yaradıcılığında xüsusi yer tutur. Onun məhəbbət
şeirləri orijinaldır, özü kimi mərdi-mərdanə
və səmimidir, segisini necə yaşayırsa, elə də
ifadə edir, hisslərini aydın şəkildə oxucuya
çatdırır. Bu şeirlər həm də
klassikdir. Şeir səsləndikcə sanki
aşıqların ifasında qoşmaları dinləyirsən.
Mən səni
sevirəm qüdsiyyət ilə,
Rəbbim mələkləri sevdiyi kimi.
Müqəddəs
əhd ilə, qətiyyət ilə,
Qəbrə aparacam bu saf eşqimi.
Qoy
naşı bəndələr gizlin gülərək
Ömür nəşəsini qaxmasın başa.
Hələ
alovlusa, odlusa ürək,
Könül sevdasının nə dəxli yaşa.
Bununla bərabər,
onun təbiət mövzusunda yazdığı şeirlər
də maraqlıdır, cəlbedicidir, təkrarsızdır,
özünəməxsuzluğu ilə fərqlənir, rəssam kimi mənzərə
çəkir. Bu şeirlərdə elat
yaddaşı yaşayır. Vidadi müəllim artıq
70 ildən çox müddət şəhərdə
yaşamasına baxmayaraq, onun elat yaddaşı, etnik
yaddaşı sanki içinə hopub qalıb və istənilən
an müəllifin yaddaşını tərpədə
bilər. Şeirlərində bir sujet xətti var, şeiri
oxuduqca sanki gözlərinin qarşısında hadisə,
proses canlanır. Bu baxımdan onun "Yaylaq gecəsi"
şeiri çox maraqlıdır.
Günəş
batır, şər qarışır, naxır dönür
örüşdən,
Duman gəlir, binə üstə, sallanıb
qarşı döşdən.
Yaxınlarda
göy gurlayır, şimşək çaxır anbaan,
Sellər, sular axır çaya şırhaşırla
hər yandan.
...Artır
yağış, coşur külək, qatılaşır
çən duman,
Çadırlardan
o tərəfdə qoçaq, cəsur bir çoban,
İt
çağırır, haray salır, sayıq durur bu gecə,
Keşik çəkir sürüsünə tufan
ötüb keçincə.
2006-cı ildə Vidadi Babanlının 80 yaşı
tamam olanda "Doxsana doğru" adlı bir şair
yazmışdı. Həmin şeirin birinci bəndində deyirdi:
Deməyin,
səksəndə təbim sönəcək,
Daha əl-ayaqda itəcəyəm mən.
Məsləkim
eşqinə son nəfəsədək
Ötkəm bülbül kimi ötəcəyəm.
Bu yaxınlarda Vidadi müəllim ömrünün
94-cü ilinə qədəm qoydu. Yaşının ixtiyar çağında
olmasına baxmayaraq,
o, bu gün də yazmaq-yaratmaq eşqi ilə yaşayır:
Tamam
düşməmişəm hələ həvəsdən,
Gözüm cavan görür gidi dünyanı.
Könlüm
vəcdə gəlir sevdalı səsdən,
Heyif ki, həyatın boşdur bir yanı.
Düşünürəm. Böyük sənətkarlar
ona görə Böyük olurlar ki, onların
yaratdığı əsrlər zamanın sərt
sınaqlarından keçərək, qərinələrin sərhədlərini
aşır, onun fövqündə dayanır və xoşbəxt
o sənətkarlardır ki, onların sevgisi də, məhəbbəti
də, nifrəti də səmimidir. Bir də
onun şəxsiyyəti, həyatı və
yaradıcılığı vəhdət təşkil edir,
yanaşı addımlayır. Vidadi
Babanlını şəxsiyyəti, həyatı və
yaradıcılığı kimi.
Ramiz GÖYÜŞOV
525-ci qəzet.- 2021.-30
mart.- S.15.