Dağlar diyarının ilk Əməkdar
jurnalisti
Niyə məhz mayın 5-i?!. Sovet dönəmində
həmin günü Mətbuat bayramı kimi qeyd edərdik. Həmzə
müəllim məhz həmin gün işıqlı
dünyaya vida dedi. Gözləmədiyim, inanmaq istəmədiyim
bu xəbər iliyimə qədər üşütdü məni.
Bizi yaxşı-yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı dostları
seçir.
Şəkər Aslanın bu misraları ürəyimi
üşütsə də, heç nə yaza bilmədim. Qismət Milli Mətbuat gününə imiş.
Özü də 145 illik yubiley gününə. Yəqin ki,
yenə məni ilk təbrik edənlərdən olacaqdı.
Yarıciddi-yarızarafat hər il deyərdi ki, əsl bayram sənindir.
Çünki peşənə sədaqətli qalaraq iş
üstündəsən, biz isə aralanmışıq.
Əslində ömrünün
son aylarına qədər yazdı, yaratdı. Son 20 ildə düz 15 kitab nəşr
etdirdi. “İllərdən qalan izlər”, “İllərin
söz yadigarı”, “Dağdan ağır kişilər”, “Lerik
ünvanlı duyğular”, “Əsgər şöhrəti”,
“Şərəflə yaşanmış ömür”…
doğma yurda sədaqət, ziyalı, zəhmətkeş
insanlara məhəbbət bütün kitablarının ana xəttini
təşkil edir.
***
1995-2002-ci illərdə mənə “bacı” deyən
Novruz Novruzovun icra başçısı olduğu dövrdə
Lerikə tez-tez gedərdik. Bacılarım qədər
mənə əziz olan alim Şaiqə İsgəndərova,
jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavadla
Lerikin əksər tədbirlərinə dəvət olunub
iştirak edərdik. Uzun fasilədən
sonra isə 2015-ci ildə getmişdim. Sıravi
işçidən Ticarət naziri vəzifəsinədək
yüksələn Miri Qənbərovun yubileyinə məni həyat
yoldaşı Tamilla Qənbərova dəvət etmişdi.
Bakıdan, Lənkərandan və digər yerlərdən
xeyli qonaq var idi. Bizi rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov
qarşıladı. Ağsaqqallar
Şurasının sədri olaraq Həmzə müəllim tədbirin
təşkilatçılarından idi. Qızı -
İcra Hakimiyyəti başçısının müavini
Arzu Vəliməmmədova ilə orda tanış
oldum. Tədbirdən sonra “Relaks” İstirahət
Mərkəzindəki ziyafət məclisinə
yığışdıq. Dağların qoynunda
unudulmaz bir gün yaşadıq. Həmin günün təəssüratları
- “Dağlar,
sizə baş əyməyə gəlmişəm”
başlıqlı yazım “Söz”də əbədiləşdi.
Qısa, yığcam, lakin tam əhatəli
yazı xoşuna gəlmişdi. Təcrübəli
redaktorun xoş sözləri mənim üçün meyar
idi.
Sonrakı yayda da Lerikə getdim. Qardaşım Hacı
Nizami ilə gedəc\əyimi bir gün əvvəldən
bilirdi. Gedişimin məqsədi şair-publisist Allahverdi
Məmmədlinin adına verilmiş
küçənin taleyilə bağlı idi. Arzu
xanımla görüşdüm. Küçənin
adıyla bağlı sərəncamı tapdı. Rayonun memarını Arxitektoru
çağırdı. Həmin hissədə
təmir işləri getdiyindən küçəni göstərə
bilmədilər. Küçənin və
“Allahverdi Məmmədli küçəsi” yazılmış
lövhənin şəkillərini çəkdirib mənə
göndərmələrini xahiş etdim. Haqqında
yazdığım kitab üçün istəyirdim. Təəssüf ki, bu günə kimi əlaqədar
təşkilatlardan xəbər yoxdur.
Həmzə müəllimi görmək
üçün Ağsaqqallar Şurasına getdik. Mənim
üçün dağların ətəyindən
üstündə gülləri olan xeyli kəklikotu
yığdırmışdı.
Deyəsən, sonuncu görüşümüz oldu. Telefonla tez-tez
danışdığımızdan, mənə son dərəcə
diqqət göstərdiyindən elə bilirdim, tez-tez
görüşürük.
***
İlin əvvəllərində
özümü yaxşı hiss eləmirdim. O mənada ki,
şəkərim, təzyiqim normadan hədsiz çox olurdu. Hamı xəstəxana şəraitində müalicə
almağımı məsləhət görürdü. Həmin ərəfədə Həmzə müəllim
zəng vurdu. Səsimdən
ağrıdığımı hiss etdi. O da xəstəxana
şəraitində müalicə almağımı tövsiyə
etdi. 5-10 dəqiqə sonra yenə zəng vurdu.
Və bildirdi ki, məndən ötrü lerikli
həkim Qəhrəman Novruzova zəng vurub xəstəxanaya
yerləşdirilməyimə kömək etməsini xahiş
edib. Doğrudur, xəstəxanada cəmi
bir sutka yatdım. Amma Həmzə müəllimin
və həkim Qəhrəman Novruzovun qayğısını
heç vaxt unutmaram.
Bu ilin axır çərşənbəsi idi. Təbrik
üçün zəng vurmuşdu. Səsimin
hüznlü olduğunu o dəqiqə hiss etdi. Nə qədər
soruşdu, “heç nə olmayıb” dedim. Çox
nigaran qaldı. Dedi: “heç nəyə oxşamır”.
Haqlıydı, sevimli anamı itirmişdim. Dünyam
alt-üst olmuşdu. Amma Həmzə
müəllimi narahat etmək istəmədim. İndi də
bilmirəm, düz elədim, ya səhv?.. Düşündüm, Lerikdən durub o boyda yolu Lənkərana
gələcək. 40-a deyəcəyimi qərarlaşdırdım…
Daha bilmədim ki, dünyanı caynağına alan
pandemiyanın sərt rejimi hamımızın əl-qolunu
bağlayacaq.
Qardaşım Yusif 2011-ci ildə Bakıda xəstəxanada
yatdığı günlərdə hər gün zəng
vurub vəziyyətilə maraqlanırdı. Lakin Yusifin dərdinə
əlac tapılmadı. 22 gündən
sonra Lənkərana qayıtdıq. Dəfn
günü Həmzə müəllim birinci gələnlərdən
idi.
2000-ci ilin əvvəllərində Lənkəran
Dövlət Dram Teatrında Şəkər Aslanın yubileyi
keçirilirdi. Aparıcı olaraq səhnədə idim.
Lənkəranın ziyalı
ağsaqqallarından olan Hacı Mirhaşım
Talışlı, Hacı Mirsalam Babayev və İltifat Saleh də
mənim yanımda idilər. Həmzə
müəllimin yubileyə gəldiyindən xəbərsizdim.
Yəqin ki, o zaman Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Yaşar Rzayev dəvət
etmişdi. Amfiteatrda Yaşar müəllimlə
yanaşı oturmuşdu. Əlini
qaldırıb söz istədi. Səhnəyə
dəvət etdik. Çox kövrək
danışdı. Lənkəranı
şeirlərilə dünyaya tanıdan Şəkər Aslan
üçün daha böyük yubileylər keçirilməsini
arzuladı. Və qeyd etdi ki, Sevda xanım
Şəkər Aslanın “qız qardaşı” idi. Mənim isə bacımdır.
***
Həmzə Vəliməmmədov
ata-anasının tək övladı idi. Atası
Ruhulla kişini xatırlaya bilmirdi. Repressiya
onların ailəsindən də yan keçməmişdi.
Böyükxanım ana balaca Həmzəni
götürüb Təlbəyəğ kəndindən
çıxıb Lerikin başqa kəndlərinə üz
tutub. Amma deyirlər, Həmzə müəllim
uşaq yaddaşında yaşatdığı o kəndin gur
çeşməli bulaqlarını, qədim kəhrizlərini,
meyvəli bağlarını heç vaxt unutmazmış.
Həmzə Vəliməmmədov yeddiillik təhsilini
Kəlvəz, Cəngəmiran kəndlərində və orta
təhsilini Lerik qəsəbəsində alır. Sonra Lənkəran Pedaqoji Məktəbində oxuyur.
Lerikin Blaband və Barzavu kəndlərində
müəllim və məktəb direktoru işləyir. İşləyə-işləyə təhsilini Gəncə
Pedaqoji İnstitutunda davam etdirir. Bir qədər
sonra “Bolluq uğrunda” rayon qəzetində şöbə
müdiri kimi fəaliyyətə başlayır. Həmin dövrdə Bakı Ali Partiya Məktəbinin
jurnalistika fakültəsində təhsil alır. Rayon Partiya Komitəsində təlimatçı,
rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət
və turizm şöbəsinin müdiri olur. Son illər
rayon Ağsaqqallar
Şurasının sədri idi. Bir redaktor olaraq dağ
rayonunun qayğı və problemləri, eləcə də
uğurları onun qələmindən
çıxırdı. O illərdə aldığı
“Əməkdar jurnalist”
fəxri adı onun halal haqqı idi.
“Söz” ün hər sayını izlərdi. Üzləşdiyim
çətinliklərdən xəbərdardı. Daimi əməkdaşlarımızdandı. Çalışardı
elə mövzularda yazsın, satışına da köməyi
dəysin.
Kitablarıma da yüksək dəyər
verərdi. İlk kitabımın qəhrəmanı,
ağır illərin, meydan hadisələri
dövrünün naziri, general-mayor Aydın Məmmədov
uzun illər Lerik rayon Partiya Komitəsinin I katibi işləmiş
Sultan Məmmədovun qardaşı olaraq ona da doğma
idi. “İlk poliqrafçı alim” Şəddat Cəfərovu
Azərbaycandan tanısa da, “Ulyanovskaya
Pravda” nəşriyyatının direktoru olanda
daha da yaxınlaşmışdılar. Oğlu Rüfət həmin
dövrdə Ulyanovskda ali təhsil alırdı. Şəddat
Cəfərovun həmin illərdə oğluna xeyirxah
münasibətini Həmzə müəllim uutmurdu. Minnətdarlıq
dolu məktubları Fatma Həsənqızının
“Acılı-şirinli günlər” kitabında dərc
olunub. “Haçandı görüşmürük”
kitabımın qəhrəmanı, şair-publisist Allahverdi Məmmədli
də sevdiyi insanlardan idi.
***
Həmzə Vəliməmmədov ailədə
tək böyüsə də, Tanrı övlad sarıdan onu
bol-bol sevindirmişdi. Sözün həqiqi mənasında qəhrəman
ana olan Səlminaz xanımla 5 qız, 5 oğlan ərsəyə
gətirmişdi. Təəssüf ki, Səlminaz
xanım övladlarının sevincini doyunca görmədi. 54
yaşında bu dünyayla vidalaşdı. Dövlət məmuru,
dövlət xidmətində duran hərbçi, iqtisadiyyat, təhsil
və musiqi ilə məşğul olan övladları ailənin
yaxşı ənənələrini nəvələrə
ötürürlər.
***
82 il - Həmzə Vəliməmmədovun
yaşadığı ömür bu qədər oldu.
Uzunömürlülər diyarı üçün bu rəqəm
çox olmasa da, normal insan ömrü üçün pis rəqəm
deyil. Həmzə müəllimin təhsil illərini nəzərə
almasaq, bütün ömrünü dağlar qoynunda
yaşadı. Dağlar diyarının sakinlərinin maariflənməsinə,
mədəni, bir sözlə, hərtərəfli
inkişafına ömür qoydu.
Deyirlər, dağlar etibarı, sədaqəti
çox sevir. Dağların daş yaddaşı etibarlı
olur. Elə bilirəm, dağlar yurdun qələm
adamını heç vaxt unutmayacaq. Əlaqədar təşkilatlar
isə HƏMZƏ VƏLİƏMMƏDOVun adının əbədiləşdirilməsi
üçün tədbir görəcəklər.
Sevda Əlibəyli
Azad
Azərbaycan.- 2021.- 6 may.- S.10.