Müstəqil
Azərbaycan dövlətinin media quruculuğu salnaməsi
Tanınmış
qələm sahibi, istedadlı şair-publisist, demokratik media
quruculuğunun nüfuzlu rəhbərlərindən biri, Azərbaycan
Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai
Birliyinin sədri Mədət Məmmədovun bu yaxınlarda
“Adiloğlu” nəşriyyatında yüksək poliqrafik səviyyədə
işıq üzü görmüş “Dövlət və
dördüncü hakimiyyət” monoqrafiyası ölkənin
media ictimaiyyətinə dəyərli töhfə, milli
jurnalistika kitabxanamızı zənginləşdirən
fundamental bir nəşrdir.
Azərbaycan
milli jurnalistikasının müstəqillik dövrü
inkişaf meyllərini, problem və uğurlarını əhatəli
şəkildə əks etdirən bu ciddi araşdırma
toplusunun ictimai-kulturoloji mündəricəsi, nəzəri-təcrübi
qənaətləri barədə söz açmazdan əvvəl
bildirim ki, demokratik cəmiyyət quruculuğunda azad
medianın roluna tarixdə olduğu kimi, çağdaş
dünyda da ciddi ictimai-siyasi önəm verilir. Söz
azadlığının gerçəkləşməsi
müstəqillik qazanmış xalqların həyatında
daha zəruri amilə çevrilir. Bu baxımdan
Azərbaycanda azad jurnalistikanın yaranması siyasi suverenliyin
nəticəsi olduğu kimi, ölkəmizin müstəqil
mediasının özü də demokratik dövlət
quruculuğunda dördüncü hakimiyyət rolu oynayır.
“Dövlət və dördüncü hakimiyyət”,
yaxud “Hakimiyyət və media” şəklində qəliblənmiş
ictimai-siyasi tandem çağdaş dünyada insan hüquq və
azadlıqlarının qədərincə təmin edilməsi
baxımından zaman keçdikcə
aktuallığını zərrə qədər itirməyən
anlayışdır. Dünya birliyində layiqincə təmsil
olunmağın əsas göstəricilərindən biri də
məhz hər bir ölkədə dövlətlə media
arasında münasibətlərin demokratik səviyyəsi
sayılır. Təsadüfi deyil ki,
keçmiş sovet məkanında yaranmış müstəqil
dövlətlər Avropa Şurasına qəbul edilərkən
qoyulan tələblər sırasında həmin ölkələrdə
söz azadlığının gerçək vəziyyətinə,
dövlət və media münasibətlərinin sivil normalara
uyğunluğuna önəmli yer ayrılmışdı.
Və bu gün öyünclə xatırlayırıq
ki, 2001-ci ildə Azərbaycan beynəlxalq aləmin bu
nüfuzlu qurumuna qəbul edilərkən ümumi tələblər
sırasında yer almış media azadlığının təmin
edilməsi sahəsində gerçəkləşdirilmiş
tədbirlər müzakirəsiz qəbul edilmişdi. Bu beynəlxalq miqyaslı
uğurun qazanılmasında o zaman rəhbər icra mütəxəssisi
olan, 20 il sonra isə milli jurnalistikamızın bu sıradan
uğurlarına “Dövlət və dördüncü hakimiyyət”
adlı kitabında öyünclə geniş yer
ayırmış Mədət Məmədovun da önəmli
xidməti olmuşdu.
Xatırladaq
ki, Azərbaycan dövləti Avropa Şurasına qəbul edilərkən
ölkəmizdə media azadlığı ilə bağlı
tələbə əməl edilməsini təsdiqləyən
arayışın yeganə müzakirəsiz qəbul edilən
bölmə kimi qəbul edilməsində o zaman müvafiq sənədləri
hazırlamış keçmiş Mətbuat və
İnformasiya Nazirliyində bu işə rəhbərlik
etmiş Kütləvi İnformasiya Vasitələri Baş
İdarəsinin rəisi Mədət Məmmədovun yüksək
nəzəri və təcrübi hazırlığı
öz sözünü demişdi.
“Dövlət və dördüncü hakimiyyət” kimi
diqqətçəkən və ictimai-siyasi tutumlu ad seçilmiş
bu kitab barədə xronikal-siyasi və elmi-nəzəri mənbə
kimi söz açmağa belə bir girişlə
başlamağımız heç də təsadüfi deyil. Buna əsas verən amil
kitab müəllifi Mədət Məmmədovun ictimai-siyasi həyatın
“dövlət və dördüncü hakimiyyət” kimi ciddi və
həssas sferasına dərindən
bağlılığı, belə bir fundamental mövzuda
kitaba müəllif olmaq səlahiyyətini peşəkar və
nüfuzlu jurnalist kimi çoxillik fəaliyyəti ilə
qazanmasıdır.
Əvvəla, Mədət müəllim ölkədə
demokratik cəmiyyət quruculuğunun ilk onilliyində dövlətin
mükəmməl media siyasətinin gerçəkləşdirilməsində
təcrübəli mütəxəssis və bacarıqlı
rəhbər kadr olduğunu sübuta yetirmişdir. İkincisi, o,
sonrakı iki onillikdə mətbuatın fəaliyyətinin
inzibati tənzimlənməsindən ictimai özünütənzimlənməsinə
keçilməsi prosesinin uğurla davam etdirilməsində
müstəqil jurnalist qurumu rəhbəri kimi yaxından
iştirak etmişdir.
Onu da qeyd
edək kimi, ölkəmizdə ümummilli lider Heydər
Əliyevin formalaşdırdığı dövlət media
siyasətinin ardıcıl icra edilməsində dövlət
müstəqilliyinin ilk onilliyində fəaliyyət göstərmiş
Mətbuat və İnformasiya Nazirliyində KİV baş idarəsinin
rəhbərinin bacarığı, məsuliyyəti və təşəbbüskarlığı
o illərdə dərc olunmuş və aktuallığına
görə bu kitaba da daxil edilmiş mətbu yazılardan
aydın görünür. Mədət Məmmədov son 18
ildə də Azərbaycan cəmiyyətində söz
azadlığının təmin edilməsinin yeni səviyyəyə
qaldırılması sahəsində ulu öndərin ən
layiqli davamçısı Prezident İlham Əliyevin müəyyən
etdiyi tədbirlərin həyata keçirilməsində də
Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi
İctimai Birliyinin sədri olaraq fəal iştirak etməkdədir.
Bütün
bunlar təqdim olunan kitabı mövzu, ideya və mahiyyət
baxımdan qısaca səciyyələndirmək
üçün ciddi, tutarlı və rəngarəng bir fon yaradır. Bu nəşr
ölkəmizdə dövlət və dördüncü hakimiyyət
münasibətlərinin aktuallığını, gerçəkləşmə
aspektlərini, ümumi mənzərəsini, uğurlu nəticələrini
və qarşıda duran hədəflərini xronoloji
baxımdan izləmək üçün yetərli nəzəri,
təcrübi və hüquqi bilgiləri əhatə edir.
Kitabın
“Demokratik cəmiyyət və söz azadlığı”
adlı birinci bölməsində müstəqil Azərbaycanda
insan hüquq və azadlıqlarını ali
səviyyəyə qaldıran sivil dövlətin əsaslarının
yaradılması ilə bağlı ümummilli lider Heydər
Əliyevin gergəkləşdirdiyi tarixi tədbirlər silsiləsi,
əvvəlki kommunist jurnalistikasından yeni azad mediaya ahəngdar
və qısamüddətli transformasiyanın təmin edilməsi
prosesi ciddi fakt və arqumentlər əsasında
araşdırılır. Müəllif yeri gəldikcə
ulu öndər Heydər Əliyevin hələ sovet
dövründə Azərbaycana birinci rəhbərliyi zamanı
kütləvi informasiya vasitələrində
aşkarlığın artırılması, cəmiyyət həyatının
mətbuatda və teleradioda doğru-düzgün
işıqlandırılması üçün
yaratdığı üstün şəraitin tarixi önəmindən
də söz açır.
Beləliklə,
milli jurnalistikamızın böyük hamisi və ölkə
jurnalistlərinin ən yaxın dostu olduğunu Azərbaycana
bir qərinəlik rəhbərliyi dövründə müstəsna
liderlik fəaliyyəti və doğru sözə rəğbət
nümunəsi ilə sübut etmiş Prezident Heydər
Əliyevin yeni şəraitdə söz
azdlığının ardıcıl bərqərar olması
üçün gördüyü tarixi işlərin möhtəşəm
mənzərəsi kitabda sistemli əksini tapıb. Müstəqil
dövlətin media siyasətinin özülünü
formalaşdırmış bu tədbirlər sırasında
müəllif Azərbaycanda söz və mətbuat
azdlığının tarixən ilk dəfə ulu öndərin
rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda
layiqincə təsbit olunması, Prezident Heydər Əliyevin
xüsusi fərmanı ilə KİV üzərində
senzuranın ləğvi, ümummilli liderin rəhbərliyi və
tövsiyələri ilə hazırlanmış KİV
haqqında ilk demokrqatik qanunun qəbul edilməsi kimi fundamental
əsasların şərhinə geniş yer ayırır.
Haqlı olaraq, bu nəşrdə Azərbaycanda
senzuranın ləğvi jurnalistika və demokratik dəyərlər
tariximizdə ilk cəsarətli addım kimi dəyərləndirilir. Müəllif
bu hadisəni dünya səviyyəli siyasət və dövlət
xadimi olduğunu dönə-dönə təsdiqləmiş
Heydər Əliyevin Şərqdə ilk dəfə
ölüm hökmünə son qoyması addımına bərabər
tutur. Doğrudan da, ölüm
hökmünün yasaqlanması insana bir dəfə
verilmiş yaşamaq haqqının çoxəsrlik Azərbaycan
tarixində ilk dəfə ən yüksək səviyyədə
təsbit edilməsi idi.
Cəmiyyətdə sərbəst söz demək
hüququ üzərində binadan mövcud olmuş dövlət
nəzərətinin birdəfəlik aradan
qaldırılması isə “həqiqətin dara çəkilməsinə”
sivil cəmiyyətə layiq olmayan bir mənəvi cəza
kimi son qoyulması demək oldu.
Mədət Məmmədov Azərbaycanda demokratik media
quruculuğunun ilk illərinin canlı şahidi və fəal
iştirakçısı kimi KİV-in sonrakı daha yüksək
inkişafı mərhələsi ilə bağlı Ulu
Öndərin böyük yolunun davamından da eyni həvəs
və bələdliklə söhbət
açmışdır. Bununla müəllif həmin alternativsiz siyasi xəttin
modern davamçısı İlham Əliyevin milli
jurnalistikamızın cəmiyyətin hərtərəfli tərəqqisi
dövrünün tələblərinə uyğun
inkişafına yönəlik məqsədyönlü tədbirlər
silsiləsində hər bir addımının rolunu və
önəmini qədərincə incələməyə nail
olmuşdur.
Xatırladaq ki, 2003-cü ildə ulu öndər Heydər
Əliyevin xeyir-duası ilə keçmiş sovet məkanında
medianın ilk özünütənzimləmə qurumu olaraq
Azərbaycan Mətbuat Şurası yaradılmışdı. Bununla
yanaşı, Mədət Məmmədov canlı efir
yayımında ümummilli maraqları təmin edən
Teleradio Şurasının ərsəyə gəlməsini,
KİV-ə dövlət dəstəyi konsepsiyasının
hazırlanıb fəaliyyətə başlamasını da
ciddi arqumentlərə əsaslandırmışdır. Müəllif Azərbaycan dövlətinin bu
demokratik addımlarını Prezident İlham Əliyevin
postsovet məkanda model media quruculuğunu gerçəkləşdirməsinin
tarixi nailiyyəti kimi təqdim etmişdir.
Kitabın
“Media azadlığı və sosial məsuliyyət”
adlandırılan II bölümündə təcrübəli
media qurucusu və eksperti olaraq Mədət Məmmədov əvvəlki
hissədə irəli sürüb-əsaslandırdığı
müddəa və qənaətlərin Azərbaycan
mediasının gündəlik fəaliyyətində necə əksini
tapmasına ayrı-ayrı dövrlərdə KİV-ə
verdiyi açıqlamalarında, həmkarları ilə
müsahibə-söhbətlərində söylədiyi
mülahizələrlə aydınlıq gətirmişdir. Bu yazıların xronoloji ardıcıllıqla, eyni
zamanda, günümüzün tələbləri
baxımından topluya daxil edilməsi ölkəmizdə media
azadlığının ümummilli səviyyədə zəruri
sayılan sosial məsuliyyət anlayışı ilə necə
uzlaşmasını yaxından izləməyə imkan
yaradır.
Təqdir
olunası bir məqam da ondan ibarətdir ki, Mədət Məmmədov
kitaba daxil edilmiş elmi-nəzəri səciyyəli məqalələrində,
eləcə də KİV-ə açıqlama və
müsahibələrində Azərbaycan media quruculuğunun
normativ-hüquqi bazasını təşkil edən rəsmi
dövlət aktlarına və buna bərabər tutulan sənədlərə
ardıcıl olaraq istinad etmişdir. Müəllif
həmin materialların ən mühümlərini həmkarlarının
və jurnalistika tarixi və nəzəriyyəsi ilə
maraqlanan digər oxucuların da geniş istifadə etməsi
üçün topluya daxil etmişdir. Bu sənədlər
Azərbaycan prezidentləri Heydər Əliyevin və İlham
Əliyevin imzaları ilə təsdiq olunmuş media
qanunvericiliyi aktlarını, milli jurnalistika tariximizin əlamətdar
hadisələri ilə bağlı fərman və sərəncamları,
dövlət başçılarının KİV kollektivlərinə
təbrik və müraciətlərindən örnəkləri,
eləcə də jurnalistlərlə müxtəlif
formatlı görüşlərində söylədikləri
qiymətli mülahizələri əhatə edir.
Beləliklə, “Dövlət və dördüncü
hakimiyyət” kitabı ehtiva etdiyi bu iki fundamental
anlayışın Azərbaycan cəmiyyətində
gerçəkləşməsi, dövlət və media
münasibətlərinin sivil əsaslar üzərində
qurulması prosesini əks etdirən samballı və dəyərli
nəşrdir.
Müəllifin
Azərbaycanda azad media quruculuğu barədə bu topluda yer
almış nəzəri və praktik mülahizələri,
ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni
zamanda, jurnalistika ilə sıx bağlı olan digər
mütəxəssislər və oxucular üçün də
gərəklidir.
Bütövlükdə isə Mədət Məmmədovun
“Dövlət və dördüncü hakimiyyət” kitabı
demokratik cəmiyyətdə azad, müstəqil medianın
qoşa qütblərini əks etdirən iki fundamental
anlayışın Azərbaycan gerçəkliyində
dünya çapında qəbul edilən bir mövqe
tutması prosesinə işıq salan ilk dəyərli nəşrlərdən
biri sayılmağa layiqdir. İnanırıq ki,
“Dövlət və dördüncü hakimiyyət” toplusu
ölkəmizdə söz azadlığı prinsiplərinin
bundan sonra da dərinləşməsi və yüksəlişi
prosesinə yaradıcı stimul verəcəkdir.
Nizami CƏFƏROV
Azad Azərbaycan.-
2021.- 20 may. S. 5.