Mir Cəlalın
satirik hekayələrində gülüş, bu
gülüşü doğuran reallıqlar...
Ötən əsrin 20-ci illərində Azərbaycanda
Sovet hakimiyyəti quruldu. Yeni quruluş yeni dövrün yeni
ab-havasını yaratdı, Azərbaycan ədəbiyyatı
yeni təkamül mərhələsinə qədəm qoydu,
necə deyərlər yeni dövr öz yeni yazarlarını ərsəyə
gətirdi. Qədim Gəncəmizdə – dahi Nizami
yurdunda “Qızıl qələmlər” cəmiyyətinin
filialı fəaliyyətə başladı. “Qızıl
Gəncə” jurnalı Gəncədə qələm
çalan gəncləri gələcəyin görkəmli
şəxsiyyətlərini öz ətrafında cəmləşdirdi.
Uşaqlıq
illərindən bu şəhərə könül
bağlayan, burda yaşayıb təhsil alan gənc Mir Cəlal
da S.Vurğun, H.Araslı, N.Rəfibəyli, Əli Məzhun,
Əli Razi, M.Rzaquluzadə kimi yaradıcı gənclərin cərgəsinə
qoşuldu, ilk qələm təcrübələri ilə
oxucu qarşısına çıxdı. Gəncə
mühiti gənc Mir Cəlalın yazıçı kimi
yetişməsində, ədəbi dilinin formalaşmasında
mühüm rol oynadı. İlk dəfə
yaradıcılığa şeirlə başlayan Mir Cəlal
sonra ədəbi cameədə populyarlıq qazanan hekayələri
ilə sevildi, təqdir olundu. Onun hekayələri
dövrün ictimai-siyasi tələblərinə kor-koranə
baş əyməyən, həyat həqiqətlərini bu tələblərdən
ucada tutan bir yazıçının gəlişini xəbər
verirdi.
Fəhlə, kəndli höküməti yeni
dövrün tələbi olan mövzuları önə
çəkir, “müsbət qəhrəman”
axtarışında bir növ yarışa çıxan gənc
ədəbi qüvvələrə meydan verirdi. Belədə çox zaman
quru, sxolastik ədəbi qəhrəmanlar “yaradılır”,
yazıçılar mövzunun aktuallığı arxasında
gizlənib bədiilik, məzmun rəngarəngliyi, sənətkarlıq
kimi fundamental dəyərləri unudurdular. Mir Cəlal hələ
o zamanlar diqqəti bu məsələyə yönəldərək
yazırdı: “Bir çox əsərlərimizdə təsvir
olunan adamlar real, təbii çıxmır. Nə
üçün? Ona görə ki,
yazıçı onları maraqlı, mürəkkəb həyatı
olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi kimi; sədr,
katib, traktorçu, buruq ustası, müəllim və sair kimi
təsvir edir. Meşin pencəyi əynindən
çıxaran raykom katibi öz obrazını itirmiş
olur”.
Mir Cəlalın yazıçı xoşbəxtliyi onda
idi ki, o həm də tədqiqatçı idi, ədəbiyyatın
haradan gəlib hara gedəcəyini bilirdi, onun incəliklərinə
bələdliyi ilə seçilirdi. O, həm də müəllim kimi bu
incəlikləri tədris edir, öyrədir, öyrədə-öyrədə,
öyrənə-öyrənə yazıb yaradırdı. O, ədəbiyyatımızın
canlı klassikləri Cəlil Məmmədquluzadədən,
Əbdürrəhim bəy Haqverdiyevdən sənət
özgürlüyü əxz eləmişdi. Hekayə
janrının mükəmməl nümunələrini yaradan ədib
bununla öz sənət müəllimlərinə məhəbbətini,
sədaqətini ifadə etməklə yanaşı, ədəbiyyatımızda
bu janrın populyarlığını təmin edir, az sözlə çox mənalar ifadə edən
bu sənət növünün inkişafının təminatçısına
çevrilirdi. Bunu xüsusi qeyd etmək
lazımdır ki, Mir Cəlalın hekayələrində o ədiblərin
az-çox təsiri olsa da, ümumən Mir Cəlal
yaradıcılığı tam orijinal, bənzərsiz bir
yaradıcılıqdır. Mir Cəlalın
ədəbi dili xalqın gen yaddaşından bulaq suyu kimi
axıb gələn dildir. Onun dili
oxucuları ahənruba təsiri ilə özünə çəkir,
hər hansı əsərini oxumağa başlayanda, mütləq
axıra çıxmağa tələsirsən. Təsvirlərin həyatiliyi, hadisələrin
reallığı, obrazların
inandırıcılığı səni çəkib
aparır, yazıçının qarşısına
qoyduğu ideyadan da, əsərin mükəmməl sujet xəttindən
də, personajların təbii davranışından da
zövq alırsan. Deyim ki, Mir Cəlal sənətkarlığının
məziyyətləri, özünəməxsusluğu birinci
növbədə onun hekayələrində, xüsusən də,
satirik hekayələrində araşdırılmalı,
öyrənilməlidir. Biz bu məqaləmizdə
görkəmli ədibin qələmə aldığı
satirik hekayələrə üz tutacaq, onun təhnizlə,
töhmətlə şaxələnən, ironik
gülüşünə, vurub şil-küt edən deyil,
yumorla tərbiyə edən islahedici tənqidinə diqqət
ayıracağıq.
Bu satirik hekayələr mövzu və mündəricə
etibarı ilə reallıqları əks etdirən, həyatın,
zamanın öz diktəsindən doğulan, hər gün
gördüyü, tanıdığı, işləklərinə,
fərqli həyat tərzinə bələd olduğu
insanlardan bəhs edir. Bu mövzular yeni quruluşun mahiyyətindən,
sosialist realizminin tələblərindən yaranan
mövzulardır. Yuxarıdan gələn
tapşırıq və tövsiyyələri kor-koranə qəbul
edən, işdə işgüzar səliqəsi ilə sənədləri
sahmana salıb, rəhbərliyinin qayəsini ancaq bunda görən
hamamlar trestinin başçısı Anketov da (“Anket Anketov”),
bütün həyatının mənasını iclasda,
protokolda, məruzədə və qərarda tapan İclas
Qurusu da (“İclas qurusu”), bir-birinin bostanından,
bağından oğurluq eləyən doğma qardaşlar
Durmuş və Kərbəlayi Tapdıq da (“Bostan oğrusu”),
deklamasiya deyə-deyə gecələr qonum-qonşunu yuxudan eləyən,
ictimai asayişi dəfələrlə pozduğuna görə
rayona, kəndə işləməyə göndərilən
Əntərzadə də (“Mərkəz adamı”), Bəhlul və
anası da (“Təzə toyun nəzakət qaydaları”) müəllifin
gülüş hədəfinə çevrilir. Bu əsərlər ötən əsrin otuzuncu illərində
yazılsa da, onun prototiplərinə XXI əsrin otuzuncu illərində
də rast gəlmək mümkündür. Bu hekayələr indi də maraqla oxunur, bu
günün bədiilik, sənətkarlıq məziyyətlərini
özündə yaşadır. Var-dövlət hərisliyi,
dargözlük, paxıllıq hisləri ilə od tutub yanan Kəmtərovlar
(“Kəmtərovlar ailəsi”) ər və arvad varlanmaq həvəsinə
düşür, təzə ailə qursalar da, hər biri bir
neçə yerdə işə düzəlir, evdə
tapılmırlar, bir-birləri ilə ancaq yazışmalar
vasitəsi ilə əlaqə saxlayırlar. Ə.Haqverdiyevə
ünvanlanmış bu hekayə görün necə bədii
priyomla, orijinal təsvir ilə başlayır:
“- Yallah, yallah! Hardasan? Kefin necədir?
- Sən
nə təhərsən?
- Göz
dəyməsin, qıvraqlaşmısan, rəngin
açılıb.
- Bir
qıvraqlığım yoxdu, işdən baş
açıram ki?
- Neyləyək
bir görüşək?
- Bu
vıxadnoy zanitəm, gələn vıxadnoy bəlkə...
- Sən
evdə olacaqsan?
- Söz
versən gözləyərəm.
- Gözlə,
birtəhər eləyib gələrəm.
Desəm onların ikisi də bir şəhərdə
yaşayır, inanmayacaqsınız, desəm onlar bir evdə
yaşayırlar heç inanmayacaqsınız. “Necə ola
bilər ki, bir yerdə yaşayasan, bir-birindən xəbərsiz
olasan?” – deyəcəksiniz. Desəm onlar ər-arvaddırlar,
təəccüb edib deyəcəksiniz “Nə
danışır bu!”. Nəyə
deyirsiniz and içim ki, bu belədir. Qulam
Kəmtərovla arvadı Leylanın həyatı belədir”.
Bu hekayənin qəhrəmanları gənc ər-arvad
hadisələr davam etdikcə kinayəli, acı
gülüşlə müşayiət olunur, oxucuların
qınaq, töhmət obyektinə çevrilirlər. Kəmrətovlar
hər biri üç-dörd yerdə işləməklə
çoxlu pul qazanmaq istəyirlər, qonşuları
Qıyıq Ələkbərin dəm-dəsgahı, varı,
pulu onların yuxusunu ərşə çəkir. Qulam
deyir: “Qıyıq Ələkbərin nəyi bizdən
artıqdır? Özümüzü oda-közə
vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək.
Qonşular baxsın, yana-yana qalsın.”
Bir evdə
bir-birinin üzünü az-az görən bu ər-arvadın
yazışmaları, məktubları daha maraqlı təsir
bağışlayır: “Leyla səhər işə gedəndə
Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca
kağız yazıb stolun üstünə qoyurdu: “Qulam
qayqanaq bişirəsi olsan, yumurta bufetin alt gözündədir,
yağ da taxçada”.
Qulamın
məktublarından da ələ keçəni bunlardır:
“Qadası mənim sayuz kitabçamı görməmisən,
tapsan stolun üstünə qoy”.
Mir Cəlal – müəllif Qulam və Leylanı hərtərəfli
şəkildə, sadə, saya təhkiyə üsulu ilə
öz oxucularına təqdim edir. Sanki o bu cütlüyün taleyinə
acıyır, onların var-dövlət yığmaq arzusuna
qurban gedən könül xoşluğunun, can
rahatlığının izinə düşür, onları
qınağa çəkir. Oxucularla sual-cavab tərzində
polemikaya keçir. “Bəs bu istəklilər
niyə belə çətin görüşür, az-az
görüşürlər? Mümkün
deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə
yaşayasan həftə ilə görüşməyəsən?
Ürəyinizə şübhə gələ
bilər. “Bəlkə açıq deyilməsi
ayıb olan səbəblər üçün
görüşməyə ehtiyac duymurlar”. Yox, yox, heç də yox”.
Təhkiyəçi – müəllif sual verir. Bəs bizim qəhrəmanların
azarı nədir?
Sonra bu azarı doğuran səbəblərin lap ilk pilləsində
enib, yavaş-yavaş üzüyuxarı qalxır, hekayənin
kulminasiya nöqtəsinə yetişir.
Kəmtərovlar
ailəsi – ər-arvad, Qulam-Leyla gecəli-gündüzlü
rahatlıq bilmədən “çarpışır”, hər
biri üç yerdə işləyə-işləyə
var-dövlət yığmağa, özlərinin dedikləri
kimi qonşuları yandırıb-yaxan “ev” qurmağa
başlayırlar. Lakin bu yöndə
başlarını itirmiş bu cütlüklərin
arzuları gözlərində qalır. İşdə
yuxusuzluq ucbatından səhvə yol verən Qulam əsas
işindən qovulur. Onun başqa yerlərdə
işləməsindən xəbər tutan müdiriyyət
buna da xitam verir. Bəlli yerdə açar
gizlədən ər-arvadın açarını oğurlayan
sarıköynək qadın rahatca bu evə gəlib-gedir.
Evdə yır-yığış edir, təmizlik
işinə baxır. Beləliklə
yavaş-yavaş sil-süpür etdiyi evin bütün qiymətli
əşyalarını, ən çox da Leylanın cehizlərini
“silib-süpürür”.
Bundan baş açmayan ər-arvad itən əşyaların
yerini bir-birindən soruşa-soruşa vaxtı-vədəni,
axtarışın əsil məqamını uduzmuş
olurlar.
Beləliklə mündəricə - kulminasiya nöqtəsinə
çatır.
Oxucu bu məğlub qəhrəmanların həyat tərzinə,
tutduqları səhv yolda başlarına gələn bu olaylara
acı gülüşlə, onların halına yana-yana
gülür.
Əsərin təlqin etdiyi qayə, məqsəd
və ideya çox ibrətamizdir.
Yazıçı təsvir edir, inandırıcı bədii
vasitələrlə göstərir, güldürür,
düşündürür, nəticə
çıxarmağa, ibrət götürməyə səsləyir. Balaca bir hekayənin
bu qədər təsir dairəsi, tərbiyə imkanları
böyük Mir Cəlalın – görkəmli ədibin sənətkarlıq
məziyyətlərini şərtləndirir,
yazıçı obrazının bəlirlənməsinə,
aşkarlanmasına xidmət edirdi. Var-dövlət
hərisliyinə, əşyagirliyə nifrət oyadan yazıçının
qələmə aldığı bu mövzu əslində bu
gün də, hal-hazırkı yaşadığımız bu
dövrdə də aktualdır, müasirdir. Sovet hakimiyyətinin
ilk illərində Kəmtərovlar ailəsi varlanmaq arzusunu
daha çox işləməkdə, bir çox iş yerlərində
çalışmaqda görürdülərsə, indi onu
başqasının cibinə girməkdə,
malını-mülkünü qəsb etməkdə, yüzlərin,
minlərin haqqına girməkdə görürlər.
İndiki “Kəmtərov”lar vacib gəlirli
postlara yiyələnir, xalqın gözündən pərdə
asır, kürsülərdə nitq deyə-deyə,
yalançı vədlər verə-verə öz məqsədlərinə
“nail” olurlar. Əslində sonadək nail ola
bilmirlər. Onların bir çoxu müttəhim
kürsüsündə əyləşdirilir, dar, havasız məhbəslərdə
yediklərini qusmağa məcbur edilirlər. Elə ədibin bu hekayəni yazmaqda məqsədi də
payından artıq yeməyə çalışanların
ifşası idi.
Yazıçının bir-birindən oğurlayan iki
doğma qardaşın sərgüzəştlərindən bəhs
edən “Bostan oğrusu” hekayəsi təsvir və mündəricə
orijinallığı, dil və üslub fərdiliyi ilə
seçilir.
Hekayə o qədər şirin, o qədər poetik bir
dillə nəql olunur ki, təsvirlərin təbiiliyinə,
hadisələrin inandırıcılığına zərrə
qədər şübhə yeri qalmır.
Gecənin
zülmət qaranlıq bir aləmində qardaşı Kərbəlayi
Tapdığın üzüm bağına oğurluğa gedən
Durmuş kişinin “həyəcanı”, “əndişəsi”
oxucuya da sirayət edir. Oxucu bu qeyri-adi,
maraqlı hadisənin axarına düşür. Səbirsiz-səbirsiz Durmuş kişinin gecə
qaranlığında sərbəst addımlarını izləyir,
fəhminə, səbrinə, oğurluq məharətinə, səriştəsinə
“heyran” qalır.
“Durmuş dəyənin yanında barmaqları üstə
yeriyib, xəyal kimi səssizcə Kərbəlayi
Tapdığın yatağına yanaşdı. Kişi
şirincə yuxuda xoruldayırdı. Əyilib
Tapdığın üzünə diqqətlə baxdı.
İnandı ki, “Yeddi gün, yeddi gecə” dev
yuxusuna gedib. Kərbəlayının plov
yeməkdən böyüyən ağzı elə geniş
açılmışdı ki, oraya dolan yuxunu yeddi gün,
yeddi gecədə ancaq həzm edə bilərdi”.
Bu cür
gözəl təsvirlərin aludəçisi kimi, az qala bütöv hekayəni yazacağım məqaləyə
köçürmək həvəsindən özümü
zorla saxlayıram.
Ancaq
fikirlərimin əsasında yazıçının mövzu
və təhkiyəyə uyğun ifadə vasitələri
seçməsindən söhbət gedirsə, yeri gəldikcə
onun öz təsvirlərinə üz tutmaq zərurəti
yaranır: “Kərbəlayi Tapdıq altı tənəkdən
altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz,
ala-qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayi xəbər tutanadək bir salxım
da qalmırdı. Arvad onu çox
danlayırdı. Axırda özü də hirsləndi:
-
Canım – dedi belə şey olmaz axı, görüm bu zəhrimara
dadanan kimdir? Onun qarnını yırtmasam mən
Kərbəlayi Tapdıq deyiləm. Oğlunu,
nökərini də göndərməzdi. Üzümlər gül tökəndə iyun
ayının axırlarında yorğan-döşəyini
götürüb bağda, dəyədə yatardı. Niyə də yatmasın? Qoruya
bilsə, tənəkdə bir pud üzümü var.
Qol-qanad açıb isti torpaqlarda yatan tənəklər
bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını ötən
və baş qaldırıb tac kimi şax
duran yarpaqlar, sanki günəşin almaz zərrələrini,
sabahın ilhamlı təranələrini sorub salxımlara və
şəffaf gilələrə doldurur. Yarpaqlar
yaşıl ətəkləri ilə salxımları
örtüb bəsləyir. Salxımlar isə
pərvazlanmış quş kimi, yuvasına
sığınıb kənara boylanır, quşları
çağırır və bəlkə də yoldan ötənlərin
zavalına gəlirdi”.
Beləliklə, təsvirlərdən doğan
lirik-romantik ovqatla, hadisənin nəticəsi –
üzümün oğurlanması, özü də doğma
qardaş tərəfindən oğurlanması son dərəcə
acı bir gülüşə vəsilə olur.
Yenə də
hekayəyə üz tuturuq: “Durmuş “işini” görüb
bostanına qayıtdı. Üzümü yerbəyer
elədi. Bir gilə də ağzına
qoyub şirinliyindən ağzını
marçıldatdı. Bu üzüm cavan
vaxtlarında min bir qorxu və ürək
döyüntüsü ilə gecə xəlvət
görüşündə nişanlısından
aldığı “haram öpüş” kimi ləzzətli idi.
Həmlələr pozmuş, qoşun
sındırmış, qala fəth etmiş əsgər
sevinci ilə Durmuş yatağına girdi”.
Qardaşından oğurluq eləyən qardaşı,
bax belə təhnizlə, kinayəli yumorla “bəzəyən”
yazıçı həqiqətən də ustad bir müəllim
kimi “dərs” verir. Həyat dərsi, əxlaq dərsi!
Dargözlüyün, paxıllığın, tamahın
qardaş istəyinə, məhəbbətinə üstün
gəlməyi oxucuda acı təəssüf hissi yaradır,
son dərəcə ağrılı təəssürat
doğurur.
Heç üzümü oğurlanan Kərbəlayi
Tapdıq da qardaşı Durmuşa “borclu” qalmır. Elə həmin gecə o, da
yuxudan oyanan kimi onun bostanına sürünür: “Kərbəlayi
Tapdığı elə bil yuxudan oyatdılar. Qaranlıq,
sakitlik, yalnızlıq idi. Nağıllarda
söylənən tilsimli gecələr Tapdığın
yadına düşdü. Göyə
baxdı. Səliqəsiz, səpilmiş
ulduzlar ona qızıl onluqları xatırlatdı. “Nə
ola, bu qızıllar göydən qopa,
qızıl yağışı yağaydı. Nə qapaqap
olardı, fələk! Qıllı
papağımı başıma basıb, bir yüzcə dənə
yığsaydım birtəhər olardım. Şəhərin göbəyində bir mülk
alardım, ya da Namazlıların bağını ələ
keçirərdim. İldə on
beş-iyirmi min manatlıq təkcə “Təbriz
üzümü” satardım. Onda Durmuş
da paxıllığından çatlardı. Qoy onda mənimlə
ha bəhsə girişsin!
Kərbəlayi
Tapdıq bu dadlı xəyalını udmamışdı ki,
nökər qulağına pıçıldadı:
-
Vaxtdır! Vaxt keçir!
O, yerindən
qalxdı, işarə ilə nökərə qandırdı:
“Sən o yandan gəl” özü agacların arasından dərəyə
endi. Durmuşun bostanına keçdi”
Bu qardaşların bir-birinə
paxıllığının kökündə vərəsəlik
hüququnun pozulması, ata mülkündə ədalətli
bölgünün olmaması, halallıq şərtlərinin
pozulması dururdu.
Bölgüdə Durmuş xali yerə, ürəyindən
olmayan yerə sahiblənir. Şikayət edir,
“ovladığı bir qazı ətəyinin altında axunda
peşkəş aparır. Kərbəlayi
Tapdıq da ağzında bir qızıl onluq göstəribmiş.
Bağ davası başlananda axund istiot kimi
tündləşdi. Kərbəlayi
Tapdığın sözünü təstiqlədi.
Durmuşun üstünə qışqırdı:
- Qaz boynu
kimi boynunu uzatma, kişi ağzında
qızıl kimi söz danışır”.
Durmuş
başını aşağı salıb dedi: - Eybi yoxdur! Qoy
böyük qardaş bağa yiyələnsin,
can sağ olar, mən də o xali yerin torpağını
qızıla döndərərəm”.
Zəhmətkeş Durmuş dediyinə əməl edib
“qanqallı, tikanlı, sarmaşıqlı” yerin altını
üstünə çevirib, “yun kimi elədi, arx çəkib
su çıxartdı” yerin ətrafında cərgə ilə
meyvə ağacları əkdi. Yeri isə hər il
dirlik, bostan edib, bol mənfəət götürdü”.
Yazıçı qardaşlar arasında yaranmış
bu ədavətin səbəbini axundun – qərar
çıxaranın rüşvətə boyun əyib ədalətsiz
hökm verməsində – onun tamahında görür. Elə
qardaşların bir-birindən oğurlamasının da
kökündə dayanan nəfsdir, tamahdır.
Kənddə bu oğurluq hadisəsi böyük bir səs-küyə
səbəb olur. Sovet sədri, sahə müvəkkili
işə qarışır. Onların
kimdən şübhələndiklərini soruşurlar. Hər ikisi ayrı-ayrı günahsız
adamların adlarını verirlər.
Tədqiqat başlayır. Nəticədə məlum
olur ki, onların şübhələndiyi adam-ların bir
neçəsi həmin vaxt heç kənddə olmayıb.
Qardaşlar izlənilir, bu şübhəli
oğurluğun sorağına düşürlər. Nəhayət hər ikisi
oğurladıqları məhsullarla vağzalda yaxalanır:
“Durmuş
səbəti yerə qoyub özünü ağacların
arasına verdi. Kərbəlayi Tapdıq
nökərə him elədi:
- Gəldilər.
Özü isə divardan hoppanmaq istəyərkən bir əlin
biləyindən yapışdığını gördü. Bu sovet sədri
idi. Milis Qələndər isə
Durmuşu yaxalayıb gətirirdi.
Onlar bu iki qardaşı üzləşdirməyə, məsuliyyətə
almağa gətirirdilər”.
Mir Cəlal xalqın içindən
çıxmış böyük sənətkar idi. O, bu xalqın həyatını,
məişətini, psixologiyasını, mənəvi
dünyasını dərindən bildiyi qədər də,
onun ayrı-ayrı tiplərinin üzdəniraq cəhətlərinə
də diqqət yetirmiş, insanlarda naqisliyin,
riyakarlığın, tamahkarlığın,
etibarsızlığın insana yaraşmayan sifətlərin
köklü səbəblərini axtarmağa
çalışmış, qələmə
aldığı satirik hekayələrdə bütün
bunları ifşa obyektinə çevirmişdir.
Rauf VƏLİYEV
Azad Azərbaycan.-
2021.- 20 may. S. 7.