Bollivud
filmlərinin vokalisti və ulduzu: Lata Mangeskar
(Esse)
Şərq mədəniyyəti dünya
üçün böyük dahilər yetişdirib. Mədəniyyət
və incəsənət, ədəbiyyat və sənətin
müxtəlif sahələrində Şərqin bu günə
qədər dünya sivilizasiyasındakı rolunu yüksək
qiymətləndirmək lazımdır. Eyni
zamanda, Şərq musiqisinin zərif və ecazkar olduğunu da
bildirmək istəyirəm. Xüsusilə, burada
yaşayan xalqların yaratdıqları musiqi bir-birinə o qədər
yaxındır ki, mahnıları anlamaq, onları duymaq, hiss
etmək o qədər də çətin deyildir. Bu dönəmdə
Hindistan, Pakistan və Əfqanıstan xalqlarının istər
xalq mahnıları, istərsə də bəstəkar
mahnıları Azərbaycan xalqının başa düşəcəyi
musiqi elementləri, milli mentalitetimizə yaxın olan
yanaşmalar, musiqi boğazları və sairə həmişə
ruhumuza qida verib, zamanında bu xalqların yaratdıqları musiqi
əsərlərini biz həzm edə bilmişik və indi
onlar bizim musiqi dünyamızda özlərinə ən
layiqli, ləyaqətli yerlərdən birini tutublar.
Mən hind musiqisinin ecazkarlığı haqqında qəzet
və jurnal səhifələrində dəfələrlə
esse və söhbətlərimlə çıxış
etmiş, internet saytlarında esselərim
yayımlanmış, oxucuların maraq dairəsində olan məsələləri
araşdırmalarımla aydınlaşdırmağa
çalışmışam.
Hind
xalqı dünya mədəniyyətinə iki dahi müğənni
əta etmişdir: Məhəmməd Rəfi Sahab və Lata
Mangeskar. Bu müğənnilər dünyaya gəlməsəydi,
hind retro filmlərindəki mahnılar da yaranmazdı. Nə yaxşı ki, hər iki müğənni
sağlıqlarında minlərlə bəstəkar
mahnıları ilə könülləri oxşadılar və
özlərindən sonra böyük bir iz qoydular. «Azad Azərbaycan» qəzetinin son sayında Məhəmməd
Rəfi Sahab haqqında yazım dərc olundu. Bu gün isə onlardan ikincisi - Lata Mangeskar
haqqında sizinlə fikirlərimi bölüşmək istəyirəm.
Dünya kinosunun nadir müğənnisi, ecazkar və əfsanəvi
səsi ilə könüllərdə xoş izlər qoyan
Lata Mangeskar 28 sentyabr 1929-cu ildə Hindistanın ingilis
işğalında olmuş Madxiya-Pradeşdə anadan
olmuşdur.
Lata Hindistanda ikinci müğənnidir ki, ölkənin ən
ali vətəndaş mükafatına
“Bxarat Patna” mükafatına layiq görülüb.
Dünyada elə ailələr olur ki, o ailənin
üzvlərinin hamısı müəyyən bir sənətin
daşıyıcıları olur, yəni aktyor,
yazıçı, rəssam, müğənni və sairə.
Latanın özündən kiçik üç
bacısı olub. Onlar da Lata Mangeskar kimi müğənni və vokalist
olublar: Aşa Bxoşle, Uşa Mangeskar, Mina Mangeskar,
qardaşı Xridayana Mangeskar. Bu vokalistlər də
öz dövrlərində hind xalqının qəlbində
şölə yandırmağı bacarıblar. İlahi vergisindən bəhrələnən
bacılar musiqi aləmində nə qədər
populyarlaşsalar da Lata Mangeskarın yerini verə bilməyiblər,
onun kimi dünya şöhrəti qazanmayıblar,
çünki Lata Mangeskar hind musiqisinin əvəzolunmaz
müğənnisi olmuşdur. O, bir əfsanə idi ki,
bu dünyaya gəldi və getdi.
Vokalist
Lata
Lata Mangeskarın fəaliyyəti 1942-ci ildən
başlayaraq yeddi onilliyi əhatə edir. Bu, elə bir zaman idi ki,
SSRİ Stalinqrad ətrafında alman
işğalçıları ilə ölüm-dirim
döyüşlər keçirirdi və bu döyüşlərdə
xalqımızın qəhrəman oğlu, iki dəfə
Sovet İttifaqı Qəhrəmanı,tank
qoşunları qvardiya general mayoru Həzi Aslanov da iştirak
edirdi. Hindistan isə bu müharibədən
uzaqda idi və hər kəs öz işində-gücündə
idi. Lata Mangeskar da öz sənəti ilə
məşğuldu. O, Bollivud filmlərinə
kadrarxası 1000-dən artıq mahnı
yazdırmışdı. Bunlar Hindistanın 36 region dillərində,
ən çox da hindi dilində olan mahnılardır.
Latanın ecazkar zil səsi hind kinolarının qəhrəmanlarının
dilində eşidilir, xüsusilə, gənc qadınların
(məs: o, Mərcin rolunun ifaçısı sovet-Hindistan birgə
istehsalı olan “Əlibaba və qırx quldurun macəraları”
filmində Xem Malini rolunun kadrarxası qəhrəmanıdır).
Lata Mangeskar həm müğənni, həm kino bəstəkarı,
həm aktrisa, həm də kinoprodüssor kimi fəaliyyət
göstərmişdir. O, “Ginnesin Rekordlar Kitabı”na
düşmüşdür (1974-1991-ci illər). Bu mükafat ona mahnılarının
yazılmasında kəmiyyət göstəricisinə görə
verilib. Əldə edilən məlumatlara görə Lata
1948-1974-cü ilə qədər 25 min solo mahnı, duet və
20 vokal mahnılarını hind dilində lentə, disklərə
və aidividiolara yazdırıb. 1987-ci ilə qədər
bunların sayı 30 minə çatıb. O zamanlar
baxmayaraq ki, görkəmli kino müğənnisi və
vokalisti Məhəmməd Rəfi Sahab Lata Mangeskar ilə
birlikdə kinolarda kadrarxası mahnıların
yazılmasında bir yerdə işləyir, duetlər
oxuyurdular, ancaq Lata mahnıların yazılmasında çox
irəli gedirdi və bu da Məhəmməd Rəfini
yaxşı mənada narahat edirdi.
2018-ci ilə
qədər Latanın kiçik bacısı Aşa Bxoşle
mahnılarına görə (11 min mahnı) “Rekordlar
kitabı”nın müəyyən etdiyi kəmiyyət
həddini keçib. Müqayisə
üçün deyim ki, Azərbaycanda bəstəkar
qıtlığı getsə də, lakin cavan bəstəkarların
meydana çıxması bizi sevindirməyə bilməz.
Bununla belə, gənc müğənnilərin
xalq mahnılarına üstünlük verməsini də
alqışlarla qarşılayıram. Ölkəmizdə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə “Muğam” mahnı müsabiqələri keçirilir.
Və bu müsabiqələrdə oxunan təsniflərin
çoxunun bəstələnməsində Xalq artisti, sevimli
xanəndəmiz Əlibaba Məmmədovun müstəsna və
əvəzolunmaz rolunu görərkən heç də təəccüblənmirik.
Çünki bu böyük sənətkar bəstələdiyi
mahnı və təsnifləri heç bir zaman gözə
soxmayıb və “mən yazmışam” deməyib, həmişə
təvazökar olub.Biz artıq son zamanlarda bilmişik ki, bu
gözəl təsniflər Əlibaba Məmmədovun
imiş. Lakin elə ifaçılar var ki,
bir-iki klip çıxarandan sonra öz-özünə
şişir, ayağının altını görmür,
mavi ekran qarşısına çıxarkən albomlarından,
kliplərindən danışır, özünü reklam
edir. Elə müğənnilər də
var ki, mavi ekranlarda ancaq kölgə kimi görünür, məlum
olur ki, onların səsləri yoxdur, canlı oxuya bilmirlər.
Mikrafonla oxuyanda da səslərinin olmadığı
açıq-aşkar hiss olunur. Belələri
“dayıları”, onlara havadarlıq edənləri vasitəsilə
böyük səhnəyə yol tapır, ondan sonra da
böyük iddialara düşürlər.
Yaxşı yadımdadır ki, Masallının Boradigah
kəndində mərhum xalam oğlu Akif İsmayılovun (O,
sonradan Prezident yanında Xüsusi İdarənin polis polkovniki
və məsul işçisi olub) toyu
çalınırdı. O zaman Xalq artisti İslam Rzayev
çox cavan idi. Elə bizim istedadlı
müğənnimiz Mirələm Mirələmov yaşda
olardı. Onu tarda və kamançada Xalq
artistləri Həbib Bayramov və Tələt Bakıxanov
müşaiyət edirdi.
İslam Rzayev kənddə iki gün qaldı və toyda
iki gün oxudu. Mən o zaman 5-ci sinifdə oxuyurdum, 12
yaşım vardı. Az
yaşımla İslam Rzayevin səsini çox bəyəndim.
Çünki onda İlahi səs var idi. Allah-taalanın verdiyi bu nadir səsi o,
ömrünün sonuna qədər qorudu və onun nə qədər
davamçıları meydana gəldi. Ancaq
müğənni İslam Rzayev də təkrarolunmaz sənətkar
oldu.
Lata Mangeskar və onun bacıları da nadir səsə
malik sənətkarlar olublar.
Filmlərə
həsr edilmiş həyat
Lata
Mangeskar 87 il ömür sürdü. Məhəmməd
Rəfi Sahab isə cəmi 55 il
yaşadı. Onların hər ikisi kino sahəsində
xarüqaladə işlər görmüşlər. İstər Məhəmməd Rəfi və istərsə
də Lata Mangeskar kino mahnılarının lentə
köçürülməsi zamanı filmlərdəki qəhrəmanların
xarakterlərinə, onların əhval-ruhiyyələrinə
uyğun, hadisə və məkan zəminində psixoloji
anları nəzərə alaraq şövqlə oxuyurdular.
Elə buna görə də mahnıların
yazılışı keyfiyyətli və uğurlu
alınmışdır. Nümunə
üçün “Qanqa və Camna” bədii filmindəki
mahnıları misal göstərmək olar. Xuananın öz ocağında oxuduğu kədərli,
eyni zmanda, çox hüzünlü mahnısı gənc qəhrəmanın
düşdüyü əzab-əziyyətlərdən,
Qanqanın həbsxana həyatındakı iztirablarından
keçirdiyi ağır dərdi lirik görüntülərlə
əks etdirir.
Lata Mangeskar Xuana rolunun ifaçısı olan aktrisa və
klassik rəqs ustası Vyjayantimala Balinin sanki təkrarıdır. Onun səsindəki
məlahət, yapışıqlıq, zəriflik,
emosionallıq gözəlliyə bir nümunədir. Lata bu mahnıları özünəməxsus bir
üslubda oxuyur.
Qanqanın
həbsxanadan qayıtması səhnəsində təsvir edilən
kütləvi rəqslər və sola oxuyan Xuana (Lata Mangeskar)
bütün rəqs hərəkətlərində və
sevincində mahnının tamaşaçıya xoş ovqat
bağışlamasına çalışır və buna nail olur. Bu filmdə
Latanın solo mahnıları çoxdur və onların hər
biri şedevr mahnılardır.
Lata Mangeskar dünya şöhrətli hind filmi “Baycu
Bavra” filmində kadrarxası Mina Kumarinin tərəf
müqabili kimi oxuduğu mahnılarla sanki ürəkləri
parçalayır. Müxtəlif epizodlarda verilən bu
ecazkar mahnılar uşaqlıq illərimizi bizi bizə
xatırladır. Yadımdadır ki,
uşaqlıqda bu filmə o qədər tamaşaçı
baxışı vardı ki, sakinlərin xahişi nəzərə
alınaraq səhərə kimi seanslar verilərdi. Bu, əsil sənətin gözəl nümunəsi
və kompleks yaradıcı heyətin uğuru idi. Belə filmlər Azərbaycan kino tarixində də
mövcuddur. Ancaq açıq
danışaq ki, 50-60-cı illərdə hind kinosu dəbdə
idi və onun kifayət qədər tamaşaçısı
vardı. İndi isə yeni hind filmlərinə
maraq çox azalıb, çünki yeni filmlər
könülləri fəth edə bilmir. Gənc
aktyorlar əvvəlki sələflərinin yolunu davam etdirməkdə
çox çətinlik çəkirlər. Elə buna görə də filmlər sönük,
məzmunsuz və ideyasız görünür. Bəzən
belə filmlərə baxanların zövqsüz adam olduğuna heç şübhəmiz
qalmır.
Hindistan filmlərini mahnısız təsəvvür etmək
mümkün deyildir. Hər müğənninin səsi də
kinoya uyğun olmur. Lata isə ömrü
boyu ən yaxşı filmlərə mahnılarını
yazdırmışdır.
Lata həm də bəstəkar idi. Yazdığı
mahnıları həm özü, həm də digər
müğənnilər oxuyurdular. Onun bəstələdiyi
kino mahnıları gecəli-gündüzlü zəhmətinin
bəhrəsidir. Bu gün Lata Mangeskar həyatda
yoxdur. Sanki hind kino musiqisində
durğunluq yaranıb.
Nə qədər gənc müğənnilər musiqi
aləmində özlərini tanıtdırmağa səy
göstərsələr də Kisor Kumar, Mukeş və bir
neçə müğənnidən savayı Lata və Məhəmməd
Rəfi səviyyəsini qalxa bilmədilər. Lata isə əvəzedilməz
və təkrarı olmayan sənətkarlardandır.
Bu gün aidovidiolarda Lata Mangeskarın saysiz-hesabsız
mahnıları yazılmış albomları var. Hər dəfə
bu mahnıları dinləyəndə dinləyicidə xoş
əhval-ruhiyyə oyanır, əhvalı xoşallanır, xəyalı
keçmişlərə qayıdır, musiqi sehrindən
ayrılmaq istəmir.
Mənim yazım çox qısa alındı. Çünki
Lata haqqında çox sözlər yazmaq olar. O, elə
sənətkarlardandır ki, bəlkə də əsrdə
bir dəfə dünyaya gılir. Gözəl sənətkar
ömrünün sonlarında da musiqidən
ayrılmamışdır. Hind milli musiqi
orkestrinin müşaiyyəti ilə oxuduğu mahnılar ona əbədi
şöhrət qazandırıb.
Dahi sənətkar 87 yaşında vəfat etmişdir. Çox mənalı
həyat keçirmiş, ömrünün böyük hissəsini
musiqiyə həsr edən Lata Mangeskar bütün musiqisevərlərin
qəlbində öz zərif, yapışıqlı səsi
ilə həmişə yaddaşlarda qalacaq, hörmətlə
xatırlanacaq.
Hazırladı: Səyavuş
SÜLEYMANLI,
Azad Azərbaycan.-
2021.- 20 may. S. 10.