SÖHBƏT
(Novella)
- Dədə
hey!.. Ay dədə!.. Dədə!.. Nə yatıbsan? Oyan!
Oyan, ay kişi. Ay tifağı
dağılan kişi... Ay dağdan
ağır kişi... Mənə
sənsiz yaşamaq çox çətindi. Doyunca üzünü görə bilmədim, ay dədə.
Başım qarışdı yeyib-içməyə, qumara,
eyş-işrətə... Axı sən də nə
yaşadın ki? Heç nə. Cəmi
vur-tut səksən il. Nədir ki, bu
yaş sənin kimi dağdan ağır, top kimi sağlam kişi üçün? Araq
içmirdin, siqaret çəkmirdin. Axı sən hələ
bir həştad il də yaşaya bilərdin.
Niyə belə tez getdin bu dünyadan, ay dədə?
Niyə məni sağır qoydun bu zatıqırıq
dünyada zatıqırıqların, simiclərin içərisində...
Adama Allahın bir arağını da
almırlar. Səninləyəm ey, ay kişi.
Niyə məni eşitmirsən? Deyirəm məni niyə sağır qoyub getdin bu
dünyadan? Hə, nə olar. Cavab vermə. Sus, görüm nə qədər
susacaqsan... Elə bu dünyada da belə idin.
Səndən bir sözü maqqaşla da qoparmaq
olmurdu. Elə-belə kirimişcə durub
baxırdan. Əyyub peyğəmbərin səbri
vardı səndə...
Bu sözlərdən sonra Məhəmməd susdu. Ətrafdakı
qəbir daşlarına baxdı. Hava
qaralmağa başlasa da, içdiyi arağın təsirindən
göz qapaqları yavaş-yavaş yumulsa da,
yaxınlıqdakı qəbir daşlarının
üstündəki cavan oğlanların şəklini
gördükdə, o, dərindən nəfəs aldı.
Elə bil bir az ayılan kimi oldu. Yəqin
ki, bu cavanların şəklini görəndə bir az toxdadı. Təsəlli
tapdı. Və birdən təsəvvür
elədi ki, özü də ölüb. Elə
bu qəbir daşlarından biri də onunkudu. Bədəninə üşütmə
düşdü. Elə bil içdiyi arağın təsirindən
bir az ayıldı. Tez qulağını
dartıb, dodağının altında nə isə
pıçıldadı və ucadan bu sözləri dedi:
- Min
şükür sənə ey göydəki kişi.
Burda yatanların çoxu lap cavan, sütül
uşaqlardı. Mən hələ əlli il yaşamışamsa, buna da min
şükür...
Sonra cibindəki yarımçıq araq şüşəsini
çıxartdı. Şüşəni torpağın
üstünə qoyub başqa cibindən bir parça
çörək, bir baş soğan və pendir
çıxartdı. Qəbrin ayaq tərəfində
oturdu. Bir də qəbirstanlığa
göz gəzdirdi. Şüşəni
götürüb başına çəkdi. Bir neçə qurtum içəndən sonra sifətini
turşudub araq butulkasını yerə qoydu. Sonra atasının qəbir daşındakı
ağsaqqal şəklinə baxdı. Elə bil dədəsi
bu şəkildə bir az da yaşından
qoca görünürdü. Və elə bil birdən
dədəsi Məhəmmədə göz vurdu. Məhəmməd gözlərini ovuşdurub, bir də
şəkilə diqqətlə baxdı. O, bu şəkili
gah bir, gah da iki görürdü. Və deyəsən
doğrudan da atası ona gah göz vurur, gah da
gülümsünürdü... Məhəmməd
o biri qəbir daşlarındakı şəkillərə də
baxdı. Deyəsən onlar sakit-sakit ona
baxırdılar. Fikirləşdi ki, onu qara
basır. Ona görə də tez
danışmağa başladı.
- Əgər yaşasaydın, bu gün sənin yüz
yaşın tamam olacaqdı. Əlli yaşlı mən
bədbəxt oğlunu da görəcəydin. Axı bu gün mənim də əlli yaşım
tamam olur. Həmişə səninlə mənim
ad günüm bir yerdə keçiriləndə, evimizdə
bayram olardı. Bacılarım
başıma Tovuz quşu kimi dolanardılar. Amma indi heç birinin məni görməyə belə
gozü yoxdu. Evdə biz cəmi iki kişi
idik. Yeddi bacıdan sonra mən anadan olmuşdum.
Ona görə də məni ərköyün
böyütmüşdün. Hər arzumu
yerinə yetirirdin. Deyirdim dərs oxumaq istəmirəm,
deyirdin oxuma. Deyirdim məktəbə getmək
istəmirəm, deyirdin getmə. Deyirdim mənə
pul ver xərcləyim, deyirdin götür evdən nə qədər
istəyirsən. Sən kolxoz sədri idin.
Pulunun da sayını-hesabını bilmirdin.
Mən də həmin pulları xərclədim qumara,
arağa, çaxıra, arvadlara... İndi nə
savadım var, nə bir işin qulpundan yapışa bilirəm,
nə də mənə pul verən var. Hər kəs öz
kasıbçılığının hayındadı.
Tənbəlliyimin, pulsuzduğumun ucbatından
arvad da qoşuldu başqasıyla getdi. Sən
tikən evi də satıb xərclədim. İndi
qalmağa da yerim yoxdur...
Məhəmməd sözünün ardını deyə
bilməyib qəhərləndi. Ağlamaq istədi.
Bacarmadı. Şüşəni
götürüb bir neçə qurtum da içdi. Pendir, soğan və çörəkdən bir tikə
ağzına qoydu. Sonra o, havanın
qaralmasına tamaşa elədi. Nəyisə
xatırladı. Bığaltı
gülümsündü.
- Vallah ay
dədə, deyəsən axı sən həştad il yaşamaqla əməlli-başlı
ömür sürübsən. Belə qarmaqarışıq həyatda,
it yiyəsini tanımayan zəmanədə bundan sonra mən beş il də yaşaya bilsəm, min
şükür...
O, yenə
də atasının şəklinə baxdı. Bu dəfə
atası başı ilə elə bil “niyə” sualını verdi.
- Demək
istəyirsən niyə? Ona görə ki, ay dədə,
bu gün səhər bazara getmişdim. Fikirləşirdim
ki, əlli yaşımı qeyd eləməkçün bir
yüngülvari bazarlıq eləyim. Bir az
ondan-bundan borc pul tapmışdım... Bazar nə
bazar. Çoxdan idi getmirdim. Nə istəyirsən
var. Ancaq hamısı od qiymətinə. Ay
kişi, o xiyar ki, var ey. Siz
ona yerpənək deyirdiz. Kilosunu qəpik-quruşa satmaq
istəyirdin heç kim almırdı.
İndi o şoğəribin qiyməti bilirsən neçəyə
olub?... Çəki
balığı vardı ha. Sən
gölməçədən səbətlə tutub evə gətirirdin.
Kolxozçular da tutub sənə pay verirdilər. Hər gün polumuzun üstü dolu olurdu çəki
balığı ilə. O qədər çox olurdu ki,
özümüz də yeyirdik, qonşulara da verirdik, hətta
itə, pişiyə də verirdik, yenə də
qurtarmırdı. Qalıb xarab olurdu. Anam duzlayıb taxta boçkalara
yığırdı. Çox vaxt
heç duzdamağa duz da çatdıra bilmirdik. İndi kişisənsə o çəki
balıqlarının lap əl boydasını al ucuz qiymətə
görüm necə alırsan. Köpək
uşaqları dədələrinin də qiymətini qoyurlar o
balığın üstünə. Bayram
günlərisə təkcə dədələrinin yox, nənələrinin,
uşaqlarının da qiymətini qoyurlar o əl boyda çəki
balığın üstünə. Bayram
günü balıq tapan elə sevinir ki, elə bil müharibədə
itkin düşən dədəsini tapıb. Yağlı qoyun əti olardı ha o vaxtlar. Heç neçiyə. Şor
qiymətinə. Tap indi görüm o ətdən
tapırsan ya yox. Tapsan da gərək yarım
aylıq əmək haqqını verərsən bir kilosuna.
O vəzəri, şüyüd, turp vardı ey. Həyətimizdə çürüyüb
qalardı. İndi elə matah olublar... Biz
isə onları mal-qaraya verirdik. Mal-qara dedim
yadıma düşdü, keçmiş naxırlar. Əvvəllər bizim kəndimizdə, otuz evdə
bir sürü mal-qara olardı. Kəndimizdə
dörd çoban, dörd naxırçı vardı. Hər sürüdə də üç yüz
qoyun, iki yüz, iki yüz əlli baş mal-qara. İndi
kəndimizdə heç otuz dənə qotur dana
da yoxdur. İyirmi-otuz qoyun ola, ya olmaya. İndi deyəcəksən niyə? Sən bu sualı verməmişdən qabaq qoy mən
cavabını deyim. Sən hələ
sağ olan vaxdan örüş yerlərini elədilər
üzümlük. Sonra da başladılar
həmin üzümdən araq, çaxır çəkməyə.
Elə bizim kənddə o vaxtlar iki
çaxır zavodu vardı. Biri kəndin
bu başında, biri də kəndin o başında. Kəndin bu başından gələndə də
çaxır zavoduna girib yaxşıca içirdik, kənddən
çıxıb köyşənə mal-qaranı otlağa
aparanda, ya da onları örüşdə çobanlara təhvil
verməyə gedəndə də “başımızı
düzəldirdik”. Bu araq, çaxır da
elə pulsuz idi deyən lümbəlüm vururduq. Bir də
onda gördük ki, bu şoğəriblər bizi kişilikdən
salıb... Sonra da üzümlükləri
tar-mar eləyib, torpaqları satdılar camaata. Camaat da borc-xərcə o yerləri şumlatdırıb,
taxıl, kartof, tərəvəz əkdi. Budur
ha, nə illah eləyirlərsə xərci-borcunu ödəmir.
Nə isə dərdimiz yaman böyükdü, ay dədə…
Məhəmməd şüşəni
götürüb içindəki olan-qalan arağı da
başına çəkdi. Sonra yenə də
sir-sifətini turşudub dodağının altında kiminsə
qarasına bir biədəb rus söyüşü
söydü. Məhəmməd əsgərlikdə
olmamışdı. Lakin on gün Rusiyada
yaşamışdı. Orada da ancaq rus
söyüşlərini öyrənmişdi. Heç rusların özləri bu söyüşlərin
çoxunu bilmirdi. Heç rus dilini
yaxşı bilənlərin çoxunun da bu söyüşlərdən
xəbəri yox idi. Ona görə də
dostları bilərəkdən Məhəmmədi əsəbləşdirirdilər
ki, o, bu rus söyüşlərindən söysün. Özü də bu söyüşlər elə bil
onda çox maraqlı, şirin alınırdı. O,
söyüş söyəndə lap qaraqabaq adam
olsa belə yenə də gülürdü. Çünki
o, dörd-beş söyüşü elə ustalıqla
bir-birinə calayırdı ki, hətta onun
söyüşünü eşidən ruslar da maraqla qulaq
asırdılar. Hə, bu yeddi-səkkiz mərtəbəli
söyüşdən sonra Məhəmməd yenə də
atasının qəbir daşındakı şəklinə
baxdı. Elə bil dədəsi dərindən
“ah” çəkdi.
- Mənim
bayaqdan sadaladıqlarıma görə “ah” çəkirsən?
Ah çəkmək yox, ağlamaq lazımdı kişi. Belə də gün-güzəran olar
biz düşmüşük?.. Sən sevin ki, öz ömrünü kefın istədiyi
kimi sürübsən. Hər şeyin bol
dövrünü, dövranını görübsən.
Sən hətta rus yağının mağazadan
camaat almadığından əriməsini, xarab
olmasını, kolbasanın göyərməsini, qəndin su
salmasını, taxılın kosarada qurd
basdığını, balığın, ətin çox
olmasından itə, pişiyə verildiyini görübsən.
Daha niyə ah çəkirsən, ay kişi?
Hər il Rusiyadakı sanatoriyalara gedib, kef
eləyirdin... Nə isə. Bir sözlə
əsl kişi kimi gen-bol yaşayıbsan. Bax ona görə də burda rahatca yata bilərsən.
Bu vaxt baş daşındakı şəkil elə bil
bir də “ah” çəkdi. Elə bu vaxt Məhəmməd
araq butulkasının boş şüşəsini əlilə
vurub, kənara itələdi. Səndirləyə-səndirləyə
ayağa durdu. Ayağa durandan sonra da səndirlədi.
Hətta az qaldı ki, yıxılsın. Baş daşından tutdu.
- Ay kişi, ağ eləmə. Dedim ki, həştad
il ömür sürübsən, bəsindi.
Rahatca öz kefinlə yat burda. Bir dörd tərəfinə bax. Hamısı cavan-cavan, yeniyetmə, sütül
oğlanlardı. Araqdan vurub, nəşədən
çəkib, miniblər dədələri verən
maşınlara, basıblar qazı axıra kimi. Öz
qazları, maşının qazı qarışıb bir-birinə
və axırda da gəlib burda qazsız, filansız
yatırlar... Sənsə min şükür ki, həştad il ömür sürüb öz əcəlinlə
ölübsən. Daha nə istəyirsən?
Elə bilirsən indi öz əcəli ilə
ölənlər çoxdur? Yox, öz əcəli
ilə ölənlərin sayı indi çox azalıb.
İndi öz əcəli ilə ölmək də
böyük qoçaqlıqdı, ay dədə. Bu gün gəlmişdim sənin üçün
ağlayam. Amma özümə, öz
güzəranıma ağlayıb gedirəm. Ona görə də şaddığına
şittik eləmə. İyirmi ildir necə
yatıbsansa burda, eləcə də rahat yat. Heç nəyin də fikrini çəkmə.
Allah sənə rəhmət eləsin. Özü də hələ bilmək olmaz mən də
bu qəbirstanlığa qismət olacam, ya yox. Bu hərrac bazarında qorxuram mənim
ölümü də satın alıb, lazımlı bədən
üzvlərimi çıxarıb satsınlar. Axı bu
zəmanədə hər şey olar... Allah
axırını xeyir eləsin. Hə, sən
rahat yat, dədə. Mən də öz
günümə, güzəranıma ağlaya-ağlaya gedim.
Görüm başıma haranın külünü
tökürəm…
Məhəmməd səndirləyə-səndirləyə
baş daşına yaxınlaşdı. Dədəsinin
baş daşındakı şəklini öpmək istədi.
Üzünü, dodaqlarını şəkilə
yaxınlaşdıranda, birdən ilan vuran kimi geri çəkildi.
Bir də gözlərini ovuşdurub baş
daşındakı şəkilə baxdı. Diqqətlə baxdı. Bu onun dədəsinin
şəkili deyildi. Höccələyə-höccələyə
baş daşında yazılan adı oxudu.
- Mə-hə-m-m-əd-və-li...
O, bu sözləri
bir neçə dəfə oxudu. Onun
atasının adı isə Məhəmmədəli idi.
Məhəmməd qəbirstanlıqda axırıncı dəfə
üç il bundan qabaq olmuşdu. O vaxt da
möhkəm içmişdi. Gəlib
atasının qəbrinin üstündə çox
ağlamışdı. Bu həmin vaxt idi ki, arvadı
onu atıb, başqasına qoşulub
qaçmışdı... Ötən
üç ildə isə qəbirstanlıq çox
böyümüşdü. Bu müddətə
burada çox adamları dəfn eləmişdilər. O,
ətrafa göz gəzdirdi. Atasının qəbrini
axtardı. Araq isə artıq öz
işini görmüşdü. Məhəmməd
artıq keflənmişdi. O, bir başdaşını
iki-üç görürdü. Hava da artıq
qaralmışdı. Məhəmməd sərxoş
olsa da, bircə bunu başa düşürdü ki, bundan sonra
daha atasının qəbrini tapa bilməyəcək. Ona
görə də düşdüyü vəziyyətlə
razılaşıb, səndirləyə-səndirləyə
atasına oxşar, onun kimi ağ
saqqallı kişinin qəbrindən uzaqlaşıb,
başdaşlarından tuta-tuta qəbirstanlıqdan tozlu yola
çıxdı. Kəndlərinə tərəf
getməyə başladı. O, sərxoş vəziyyətdə,
ayaqları tozlu yolda “səkkiz rəqəmi yaza-yaza” getdikcə
yenə bayaqkı yeddi-səkkiz mərtəbəli rus
söyüşlərini dodağının altında
söyürdü... Amma bu söyüşlərin
kimə aid olduğunu aydınlaşdırmaq çətin
idi. Çətin idi... Çünki bu gün Məhəmmədin
söymək istədiyi o qədər adam
var idi ki... Birdən onun beyninə çox qəribə
bir fikir gəldi. Şahmat oyunundan sonra
Şahı da, piyadanı da bir qutuya qoyurlar. O,
özünün bu tapıntısına
gülümsündü. Elə bil bu fikir onun
üçün bir təsəlli oldu...
Ağalar
İDRİSOĞLU
Azad Azərbaycan.-
2021.- 20 may. S. 11.