SÖNMƏZ İLHAM

 

Nizami Gəncəvi – 880

 

Azərbaycanın bir çox görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri ilə müxtəlif janrlarda Respublika radiosunda, Azərbaycan televiziyasında, mətbu orqanlarda yaradıcılıq ünsiyyətində olmuşam. Mərhum Rüstəm müəllimlə görüşümüz Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibətilə baş tutdu. O zaman mən üç veriliş hazırladım: radioesse, radiokompozisiya, bir də müsahibə janrlarında.

Müsahibə Rüstəm müəllimlə idi: 30 noyabr 1990-cı ildə saat 16.30-da, efir müddəti 30 dəqiqə. Əməkdar elm xadimi, filologiya elmləri doktoru, şərqşünas Rüstəm Əliyev Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni dünya tədqiqat aləminə ilk dəfə yeni versiyada təqdim edirdi. Hörmətli oxucularımızın nəzərinə çatdırırıq ki, yeni versiyada şeirlər vəznsiz və qafiyəsiz verilir, çünki fikir və ideya, dəqiq tərcümə əsas götürülür. Mətbuatda ilk dəfə dərc olunan bu oçerkimiz də məhz yeni versiya barədədir.

 

***

Bəşər dühasının kəşfolunmaz ilhamı dahi və müdrik Nizaminin əsərlərində öz əksini tapır və dönə-dönə təsdiqlənir. 880 il bundan əvvəl yaşayıb-yaratmış dahinin yaradıcılığında elə bir sirr vardır ki, bu, onun əsərlərinin həmişə müasirliyini, təravətini təsdiq edir. Ulu xalq qaynaqlarından bəhrələnmiş böyük mütəfəkkir xalqını dərin məhəbbətlə sevirdi, elinin-obasının adət-ənənələrini bilirdi. Hər şeydən əvvəl isə qəlbində Böyük Yaradana dəruni bir inam və məhəbbət vardı. Ürəyində Allaha məhəbbət olmayandan təəssübkeş, fədakar, şəhid olmaz. Bu ali duyğu insanı ucaldır, saf amallar uğrunda çarpışmağa sövq etdirir. Daxili dünyasının müqəddəs səsi qəlbini titrədirsə, deməli, vicdanının və Allahın qarşısında təmizsən. Bu fikir və ideyalar ulu babamızın əsərlərinin ana xəttini təşkil edir.

“Sirlər xəzinəsi” əsəri də məhz bu ruhda köklənib. Belə bir ali ideya daşıyıcısı bu baxımdan bütün dövrlərdə tədqiqatçıların diqqətini özünü çəkmiş, çəkməkdə də davam edir.

“Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabının titul vərəqində belə bir cümlə var: “Filoloji tərcümə, izahlar, şərhlər və lüğət professor Rüstəm Əliyevindir”. Bunu oxuyandan sonra qeyri-ixtiyari suallar axınına düşürsən. Həmin suallara cavab almaq üçün professor Rüstəm Əliyevə müraciət etdik.

R.R. - Rüstəm müəllim, bilmək istərdik ki, “Sirlər xəzinəsi”nə yenidən müraciət etməkdə məqsədiniz nədir?

R.Ə. - “Sirlər xəzinəsi”ni vaxtilə rus, ingilis, fransız dillərinə tərcümə ediblər. Lakin “Sirlər xəzinəsi” elə bir sirli xəzinədir ki, onu tam mənasında başqa dilə tərcümə etmək qeyri-mümkündür. Mənim bu tərcüməni etməkdə bir məqsədim olub: Nizaminin dilini olduğu kimi xalqımıza çatdırmaq! İş burasındadır ki, mən nə onun qafiyələrini, nə də vəznini verə bilmişəm. Birinci dəfədir ki, farsdilli ədəbiyyatda o, bu poemanı səri vəznində yazıb. Əlbəttə, bunu olduğu kimi tərcümə etmək olmaz. Bu, mənim imkanlarım xaricindədir. Mən ona çalışmışam ki, Nizaminin həqiqətini xalqımıza çatdırım. Və verim Bəxtiyar Vahabzadə kimi şairlər onun poetik tərcüməsini yazsınlar. Mənim əsas məqsədim bu olub.

İkiüzlüləri məzəmmət haqqında (ixtisarla verilir):

Sənə dost görünən kəsi

Ürəyin inkar edirsə, deməli, o, sənə düşməndir.

Bədən haradan tanıya bilər ki, sənə dost kimdir,

Yalnız ürək agah ola bilər ki, vəfalı dost kimdir.

Sən dostunun cövhərini (zatını) tanımayınca

Öz sirrinin cövhərini ona tapşırma.

R.R. - Tərcümədə yeni versiyanın əvvəlki variantlardan fərqini bir qədər açıqlamanızı xahiş edirik.

R.Ə. - Əvvəlkilərlə indiki tərcümənin fərqi ondan ibarətdir ki, bu dəfə Nizaminin “Sirlər xəzinəsi” əsərinin mətnini bərpa etmişəm. İndiyə qədər Azərbaycanda və İranda olmuş mətnlərin tərcüməsi Nizaminin vəfatından 150-160 il sonra yazılıb. Mənim birinci məqsədim o olub ki, əsərin ən qədim əlyazmalarını tapım. Birinci dəfə “Sirlər xəzinəsi”nin tərcüməsini məşhur İran alimi Rəşid Dəştigərdi çap edib. Sonra Bertesin rəhbərliyi ilə Azərbaycanda Əlizadə bunun mətnini hazırlayıb çap edib. Lakin onların istifadə etdiyi əlyazması 1362-ci ildə yazılmışdır. Bu isə Nizaminin vəfatından gör nə qədər sonradır? Nizami 1202-ci ildə vfat edib. Deməli, 160 il sonra. Mən isə mətnşünas olduğum üçün, katoloqları yaxşı bildiyimə görə bütün dünya katoloqlarını axtardım və ən qədim əlyazmasını - Nizaminin ölümündən təqribən 37 il sonra yazılmış əlyazmasını tapdım. Əvvəlcə monqollar, sonra Cəlaləddin Manqo Berni gəldilər, taladılar. Əlyazmasını yazıb-köçürtmək qabiliyyəti yox idi. Buradan belə nəticəyə gəlmək olur ki, mənim tapdığım əlyazması yəqin ki Gəncədə yazılıb. Mən mətni bunun əsasında hazırladım. İndi bu mətn İranda çap olunur. Bu mətn əsasında əsəri həm Azərbaycan, həm də rus dilinə tərcümə etdim.

R.R. - Əvvəllər dinlə, müqəddəslərlə bağlı hissələri çıxarırdılar. Sizin yeni çevirmənizdə müqəddəslərə olan münasibətiniz və onların tərbiyəvi əhəmiyyəti?

R.Ə. - İş burasındadır ki, dinsiz adamdan heç bir şey gözləmək olmaz. Nizami əsl müsəlman, Allaha xidmət edən olub. Allaha xidmət nə deməkdir? İnsana xidmət, dosta, qonşuya xidmət. Allaha xidmət edən adamın əlindən yalnız yaxşılıq gəlir. Nizami də belə müsəlmanlardan olub. Nizami “Sirlər xəzinəsi”ni yazanda Allaha müraciətlə başlayıb. Onun beş müraciəti olub. Və onun bütün əsərinin məğzini “Allaha qulluq etmək lazımdır” fikri təşkil edir. İnsanpərvərlik, humanizm ideyalarını-insanpərvərliyin mahiyyətini 20 məqalənin içində açır.

R.R. - Rüstəm müəllim, Nizami Gəncəvi əsərini “Sirlər xəzinəsi” adlandırır. Bir alim kimi, “Sirlər xəzinəsi”nin sirrini nədə görürsünüz?

R.Ə. - Nizami bu əsərində insaniyyətin və humanizmin sirrini açmaq istəyib. Bu sirri insanlara başa salmaq istəyib və bunun öhdəsindən gəlib. Bu səbəbdəndir ki, əsər bütün dillərə tərcümə olunub və olunmaqdadır. Əsər öz-özünü yaşadır. Hər əsər bu qədər yaşaya bilməz!

Ədalətli Nuşirəvan və vəzirin hekayəsi

(Bir gün) Nuşirəvan ov ovlayarkən atı

Məiyyətindən (dəstəsindən) uzaqlaşdı.

Şahın yanında təkcə vəzir qalmışdı,

Şah və vəzirdən başqa kimsə yox idi.

Şah ov (çox) olan o nahiyyədə

Düşmən ürəyi kimi xarab bir kənd gördü.

İki bayquş bir-birinə sıxışıb (mırtlaşırdı).

Onların (söhbətinin) qafiyəsi şahın qəlbindən dar idi.

Şah vəzirdən soruşdu: “Onlar nədən dəm vururlar,

Nə barədə bir-biri ilə ulaşırlar?”

Vəzir dedi: “Ey zəmanəmizin şahı,

Deyərəm, əgər şah (nəticə çıxarıb) ibrət götürsə.

...Bu quş öz qızını o biri quşa ərə veribdir,

Sabah süd bahası (başlıq) verməsini tələb edir,

Və deyir: “Gərək bu xaraba kəndi

Və bunun kimi bir neçə xarabazarı bizə verəsən.”

O birisi isə deyir: “Bundan keç,

Şahın zülmünə bax və qəm yemə.

Əgər şah budursa, bir müddətdən sonra

Sənə yüz min bu cür xaraba kənd verərəm.”

Bu sözlər şahı elə tutdu ki,

Ah-əfqan etməyə başladı...

***

Yüz il bundan sonra sorsan: hardadır?

Hər beyti səslənər: “Burda, burdadır!”

- deyən dahi söz ustası əsrləri duyumuyla adlamışdı. Sədası doqquz əsri adlayan əsərlərini İlahi vergisinin hökmü ilə yazdığından hələ də sevilir, hələ də kəşf olunmamış misrası, fikri qalır. Nizami Gəncəvinin dini-fəlsəfi, ictimai-siyasi, humanist fikirlərini nəzəri cəhətdən tam tədqiq etmək üçün yenidən doqquz əsr adlamaq lazımdır. Tükənmir Nizami, usanmır qələmi. Buna görədir ki, “Sirlər xəzinəsi” öz xəzinəsinin qapısını asanlıqla açmır, sirlidir, möcüzəlidir.

 

 

Rafiq RƏHİMLİ,

​Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq

Azad Azərbaycan.- 2021.- 20 may. S. 11.