...Və Ərəstunun iti

 

(Hekayə)

 

Axşam saatlarında əl telefonuma gələn zəngin səsi məni televizorda maraqla baxdığım serialdan ayırdı. Telefonu həvəssiz qaldırdım:

- Alo, eşidirəm.

- Salam, ay qağa.

Eynəksiz olduğumdan səs mənə tanış gəlsə də, telefonda yazılan adı oxuyub ayırd edə bilmədim. Amma zəng vuran adamın mənə “qağa” deyə müraciət etməsindən və eləcə də səsindəki şirinlikdən mənə doğma gəldi.

- Mürvət, sənsən? - soruşdum.

- Hə, mənəm. Nə var, nə yox, necəsən?..

- Yaxşıyam, çox sağ ol. Sən necəsən?

- Mən də yaxşıyam, Allaha şükür, dolanıram. Ay qağa, bilirsən niyə zəng vurmuşam?..

Mürvət mənim uşaqlıqdan bir məhəllədə böyüdüyümüz dostumdur. Gəncliyimiz də bir yerdə keçib deyə bir-birimizin xətrini həmişə çox istəmişik. Əvvəllər tez-tez görüşüb, birlikdə yeyib-içsək də, ya bizdə, ya da onlarda səs-küylə nərd oynasaq da, yaşlandıqca görüşlərimiz yavaş-yavaş səngiməyə başladı. Artıq bir məhəllədə də yaşamırıq, yaşadığımız məhəllə plana düşüb söküldüyü gündən mən şəhərin bu başında, Mürvət isə o biri başında özümüzə ev almışıq. Amma bu heç də o demək deyildi ki, əlaqəni kəsmişik.

Allah bu mobil telefon çıxaranın atasına heç rəhmət eləməsin, qardaşı-qardaşdan, dostu yoldaşdan, qohum-əqrabanı bir-birindən ayırdı, gediş-gəlişi kəsdi, insanların bir-birinə olan münasibətlərini soyutdu...

Mürvətin səsi qulağımda cingildədi:

- Hə, nə deyirsən, gedəcəksən?

Fikirli olduğumdan onun bayaqdan nə danışdığını və sonda verdiyi sualın məğzini anlamadığımdan xəbər aldım:

- Hara gedəcəm?

Onsuz da səbirsiz olan Mürvət bomba kimi partladı:

- Ə, yekə kişisən, bəs mən bayaqdan keşişə söyürəm?

Mən onun könlünü almaq üçün gülə-gülə cavab verdim:

- Vallah, sənin kimə söydüyünü eşitmədim, amma mən bu mobil telefon çıxardan o köpəyoğlunu söyürəm. Deyirəm ki...

Mürvət sözümü kəsdi:

- Ə, kiri sən allah, mən boyda kişi bayaqdan danışıram, sənsə durub Mobili söyürsən. Onunla nə söhbətin var, özün bilərsən, çağır üzünə de. Bir də ki, Mobil kimdir axı?

Mən Mürvətin sözlərinə xeyli güləndən sonra, kimə və nəyə söydüyümü axır ki ona anlada bildim. Mürvət incik halda telefonun o bir başından dilləndi:

- Ə, küt özünsən, bildin?

- İncimə, sözünü de...

- Deyirəm ki, Ərəstunun oğlunun toyuna gedəndə məni də nəzərə al, mən də sənin maşınınla gedəcəm. Yəqin mənə bir yer tapılar da.

- Kim gedir ki? Bir sənsən, bir də Fazil. Yerə nə gəlib, deyəsən elə üçümüzdən başqa toya şəhərdən adam çağırmayıb.

Mürvət Fazilin adını eşidəndə dilxor olmuş kimi dilləndi:

- Baho... baş-beynimiz gedər də, sən canın imkan varsa, o şairi azdır.

Bir yerə düşəndə Mürvətlə Fazilin söhbəti həmişə çəp gəlir. Səbəb də odur ki, alababat şeirlər yazan Fazil yeri gəldi-gəlmədi öz şeirlərini söyləməyi çox sevir və bununla da adamın başını ağrıdır. Məndən fərqli olaraq Mürvət Fazilin yazdığı şeirləri bəyənmir və həmişə də bu barədə mübahisələri düşür. Mürvətə baxanda Fazil xaraktercə mülayim adam olsa da, çox danışandır və bu da Mürvəti əsəbiləşdirir. Fazili də maşınımla rayona toya aparacağımı ona söz verdiyimdən başqa çıxış yolum yox idi. Mürvətin istəyindən asılı olmayaraq onun da bizimlə getməli olacağını bir təhər ona başa saldım. Sabah görüşəcəyimiz yeri və vaxtı Mürvətlə razılaşdırıb, telefonu söndürdüm.

Səhəri gün vədləşdiyimiz yerə yaxınlaşanda Mürvətlə Fazilin orda məni gözlədiklərini görüb, maşını saxladım. Hər ikisi maşına doğru gəlib salamlaşdılar. Fazil qabaqda, Mürvət isə arxa oturacaqda əyləşdikdən sonra maşını toya gedəcəyimiz rayona doğru sürməyə başladım. Mən üç saat dayanmadan maşın sürür, Fazil isə yorulmadan öz şeirləri ilə mənim başımı ağrıdırdı. Mürvət isə həmişəki kimi yol boyu yatmağında idi. Arabir Fazilin salonu başına götürən səsindən yuxudan oyanan Mürvət narazı halda deyinir və:

- Ə, sən dədəvin goru, kiri də, baş-beynimiz getdi ki, - deyib təzədən mürgüləyirdi.

Hətta bir-iki dəfə o, Fazildən danışmamağı, susmağı xahiş etsə də, Fazil bir-iki dəqiqə sakit dayanır, sonra yenidən danışmağa başlayırdı. Düzdür, Fazil hər yeni şeirini başlayanda ancaq mənim eşidə biləcəyim səslə, astadan desə də, sonra cuşa gəlir, uca səslə, əl-qolunu ölçərək davam edirdi.

Artıq Ərəstun yaşayan rayona çatsaq da, gedəcəyimiz dağ kəndinə hələ otuz kilometr yol qalırdı. Mürvət uzaqdan görünən yeməkxananı göstərib dedi:

- Qağa, sən canın, o qabaqdakı yeməkxanada saxla, həm bir stəkan çay içək, həm də bir az başımız dincəlsin də bu şairin səsidən.

- Əə, boş-boş danışma, sən məni eşidirdin ki? Bayaqdan xorultun götürmüşdü aləmi başına. Düz demirəm, qağa, - deyən Fazil özünə havadar axtarırmış kimi mənə baxdı. Mən də hər ikisinə birdən cavab vermək üçün:

- Vallah, mən maşın sürürdüm, heç kəsi eşitməmişəm, - dedim.

Hiss etdim ki, Fazil mənim sözümdən bir qədər pərt oldu, amma salonun güzgüsündən baxanda Mürvətin qımışdığını gördüm.

Maşını yeməkxananın yaxınlığında saxladım. Üçümüz də maşından düşüb, su kranına doğru getdik, əl-üzümüzü yuyub, ağacların altında qoyulmuş masalardan birinə yaxınlaşıb oturduq. Bizim masanın 10-15 metr aralığında iki eşşək sakitcə otlayır, arabir zil səslə "ləzzətlə" anqırırdılar. Fazil üzünü Mürvətə tutub soruşdu:

- Hə, necədi? Bu səs xoşuna gəlir, daha başın ağrımır ki?

Mürvət eşşəyin səsindən həzz alırmış kimi gülümsünərək dilləndi:

- İncimə, şair, vallah, bu eşşəyin səsi sənin səsindən məlahətlidir. Sənin səsin birbaşa mənim başıma düşür ey...

Fazil Mürvətin sözündən incidiyini gizlətmədi:

- Birincisi, mən anqırmıram, şeir deyirəm. İkincisi - sən bunu qanmazsan, mənim soylədiyim şeir başa düşənlər üçündür. Üçüncüsü - mən sənin kimi...

Əlində çaynik və armudu stəkanlarla bizə yaxınlaşan süfrəçini görüb Fazil sözünə ara verdi. Süfrəçi çaylarımızı süzüb, daha nə sifariş verəcəyimizlə maraqlandı. Başqa bir sifarişimiz olmayacağını dəqiqləşdirib, bizdən uzaqlaşdı. O, gedən kimi Fazil sözünə davam etdi:

- Üçüncüsü isə - bundan sonra mən sənin kimi adamla bir də yola çıxmaram...

Fazil, Mürvət və Ərəstun hər üçü məktəbdə məndən iki sinif yuxarı oxuduqlarından onların bir-biri ilə belə zarafat etmələrinin çox şahidi olmuşdum. Amma bu dəfə deyəsən Fazil zarafat edənə oxşamırdı. Qarşısına qoyulan çayı belə içmədən stəkanını ehmalca kənara itələyib, üzünü mənə tutub dedi:

- Qağa, toyda görüşərik. Burdan o yana mən özüm gedəcəm. Təki Mürvətin başı sakit olsun. Hə, bir də gedəndə o eşşəklərdən birini də maşının dalına bağla ki, yolda anqıranda Mürvət onun səsindən feyziyab ola bisin, yol boyu darıxmasın.

Fazilin qarşısını nə qədər almağa çalışsam da, onu fikirindən döndərə bilmədim. "Yox ki, yox", - deyib, kəndə gedən avtobus dayanacağına tərəf addımladı. Dayanacağa yaxınlaşan avtobusa əl edib saxlatdırdı və maşına minən kimi avtobus kəndə doğru yol aldı. Bizim çay içməyimiz yarım saat vaxt apardı və mən həmin müddətdə Fazili küsdürdüyünə görə Mürvəti xeyli danladım. Çayımızı içib ayağa qalxaraq, maşına sarı gedəndə təkərin birinin boşaldığını görüb dedim:

- Görürsən, Mürvət, şairi küsdürdüyündən Allah da bizi cəzalandırdı. Tez ol, kömək elə, təkəri dəyişək.

Mürvət təzə kostyumunun pencəyini çıxardıb maşının təkərinin dəyişdirilməsində mənə kömək eti. Sonra əllərimizi yuyub yola düzəldik.

Biz kəndə çatanda qara zurnanın səsi artıq bütün ətrafı bürümüşdü. Ərəstun qapıda qurulan toy mağarının qarşısında bizi qarşılayıb içəri apardı. Mən mağara nəzər salıb, Fazili orda görəndə sevindim və birbaşa onun oturduğu masaya doğru getdim. Fazil də bizi gözləyirmiş kimi yanında iki boş yer saxlamışdı. Mürvət də mənim arxamca gəlib heç nə olmamış kimi Fazilə “həmişə xeyir işlərdə, toylarda görüşək!” deyib, onun yanında əyləşdi. Mən hiss etdim ki, Fazilin keyfi bir az “yuxarıdı”. Görünür, Fazil yolda olanları unutmuşdu, ya da özünü elə göstərirdi.

Hamısı bir-birinə oxşayan şəhər toylarından fərqli olaraq bu toyda ocaqda bişən qazan yeməklərinin ətri adamı uzaqdan vururdu. Qara zurnanın sədaları altında rəqs edən cavanların “Yallı”sı isə bir ayrı aləm idi. Az sonra biz də hərəyə bir-iki qədəh araq içib Fazilə “çatdıq”. Mürvətin kefi o qədər qalxımışdı ki, deyib-gülür, səsi mağarı başına alırdı. Fazillə mən arabir bir-birimizə baxıb göz vururduq. Bir qədər sonra Mürvət əlinin işarəsi ilə tamadını yanına çağırdı:

- Əə, qağa, bu boyda böyük şair oturub məclisimizdə, bə niyə ona söz vermirsiz ki, bir-iki yaxşı şeir guppuldatsın, biz də feyziyab olaq.

Tamada “baş üstə” deyib öz yerinə keçdi və mikrofonu götürüb, şəhərdən gələn qonaqların şəninə bir-iki ağız tərif deyəndən sonra:

- İndi isə sözü gözəl dostumuz, böyük şairimiz Fazil Eloğluna verirəm, - deyib, Fazili mikrofona dəvət etdi.

Fazil Mürvətin “yaxşı şeir" dedikdə nələri nəzərdə tutduğunu bildiyindən dostluq haqqında olan lap köhnə şeirlərindən birini söylədikdən sonra cavanlara xeyir-dua verərək yanımıza qayıtdı. Mürvət ayağa qalxıb Fazili bağrına basaraq qucaqladı və:

- Qağa, demişəm, hər yerdə də deyəcəm, səndən yoxdu! - deyərək, onun üzündən öpdü.

...Məclis gecədən xeyli keçənə qədər davam etdi. Ərəstun bizim qulluğumuzda daha yaxşı durmaq üçün əldən-ayaqdan gedirdi. O, toyun sonunda mənə yaxınlaşıb bizim tam rahatlığımız üçün dedi:

- Qadanızı alım, sizinçün qardaşımgildə - beş-altı ev aralıdadı - yer saldırmışam. Gedin orda dincəlin. Sabah səhər “xaş”da görüşərik. Qardaşoğlu sizi ötürəcək.

Ərəstun sözünü bitirən kimi 16-17 yaşlarında bir oğlan qabağımıza düşüb, bizi öz evlərinə apardı. Həyətə girən kimi zəncirə bağlanmış nataraz qoyun iti hürərək üstümüzə şığıdı. Oğlan itin üstünə qışqırıb, onu sakitləşdirdi, zənciri bərkitdi və sonra bizi evə dəvət etdi. Bizi çarpayılar qoyulmmuş aynabənddə yerbəyer edəndən sonra:

- Narahat olmayın, evdə heç kəs yoxdu, it də bağlıdır, rahat yata bilərsiz, sabah səhər gələcəm, - deyib getdi. Oğlan həyətdən çıxan kimi it aynabənddəki kölgələrimizi görüb hürməyə başaldı. Üçümüz də yorğun və içkili olduğumuzdan tez də yatağımıza girdik.

...İtin səsi susmaq bilmirdi. Az sonra Mürvətin xorultusu eşidilməyə başladı. Mən də gözlərimi yumub yuxulamağa çalışırdım ki, Fazilin səsini eşitdim:

- Bəxtəvərə bax ey, gör necə şirin-çirin yatır. Yoxsa mənim kimi, balaca bir səs oldusa, öldür, yata bilmirəm.

Mürvəti nəzərdə tutduğunu bilərək, ona cavab verməsəm də, dediklərini eşidirdim. Fazil məndən səs çıxmadığını görüb susdu, amma onun narahatlığını hiss edirdim. İtin səsi isə elə mənim də başıma düşürdü.

İt ara vermədən hürür, Fazil də onun səsinə səs verirmiş kimi donquldanırdı:

- Bahoo, bu it nə yaman çox hürür əəə! Əəə, bu məni yatmağa qoymayacaq. Bəxtəvərlər gör necə yatırlar ey...

Az sonra Fazil yatağından qalxıb pəncərədən itə çəmkirdi:

- İt oğlu it, bəsdi hürdün də. Kəs də səsini! Paşol!

Bu səsə Mürvət də yuxudan oyanıb narazılıqla dilləndi:

- Ə, şair, niyə qoymursan bizi yatmağa? Səsin kəndi başına alıb ey...

- Ə mənim səsim niyə alıb ki? Eşitmirsən, it bayaqdan dayanmadan hürür? Heç gör bir hovur kiriyir? Deyəsən heç bunun kirimək fikiri yoxdur. - Fazil narazılıqla Mürvətə cavab verdi.

Onların səsinə mən də yataqdan qalxıb yerimdə oturdum. Ayaq üstə olan Fazil aynabəndin işıqlarını yandırdı. Fikir verib gördüm ki, Mürvət də yatağında oturaraq başını bulayır.

Mən Mürvətlə Fazilin yenə nəsə bir dava salacaqlaından ehtiyat edib, söhbətə özüm yekun vurmağa çalışdım:

- Şair, işığı söndür, qoy yatağ. İtin peşəsi hürməkdir də, nə qədər hürür, qoy hürsün. Ə, o kirimir-kirimir, heç olmasa sən kiri!

Mürvətlə Fazil mənim dediyimə dinməzcə qulaq verib, bir müddət bir-birlərinə baxdılar, sonra hər iksi mənə tərəf dönüb, qəfildən qəh-qəhə çəkib güldüqlər. Özümü saxlaya bilməyib, mən də onalara qoşulduim. Bizim gülüş səslərimiz aynabənddən həyətə axdıqca it də aram-aram hürərək sonda, səsini kəsib, yuvasına girdi. Dağların arxasında isə dan yeri yavaş-yavaş sökülməyə başlayırdı...

 

 

Arif ƏRŞAD

Azad Azərbaycan.- 2021.- 18 may. S. 11.