Dünya şöhrətli hind müğənnisi: Məhəmməd Rəfi Sahab

 

(Esse)

 

 

Xatirələr işığında

Keçmiş retro hind filmləri yaşlı nəslin uşaqlıq və gənclik illərinin yaddaşlara hopan, heç bir zaman unudulmayan, indinin özündə belə, dünyasını dəyişən, lakin özündən sonra bir iz qoyan böyük aktyorlar nəslinin bizim üçün yadigar qoyduqları sənət abidələridir. Biz yaşda olan nəslin nümayəndələri dünyaya bu retro filmləri ilə göz açmışıq, onlar həyatımıza daxil olub, onlarla boya-başa çatmışıq. Sevməyi, sevilməyi, məhəbbətin ülviliyini, doğruluğu, mətinliyi, səadətə qovuşmaq üçün mübarizliyi, ailə münasibətlərinin möhkəmliyini, ləyaqətli olmağı bu retro filmlərindən öyrənmişik.

Niyə biz bu filmləri belə coşğu, sevgi ilə qarşılayardıq? Bəs bu filmləri bizə bağlayan hansı amillər əsas rol oynayırdı?

Qoy deyim sizə. Birincisi, keçmiş retro filmləri - “Avara”, “Cənab 420”, “Baycu Bavra”, “Sanqam”, “Ana Hindistan”, “Qanqa və Camna”, “Kəşmirdə məhəbbət” sənətkarlıq baxımından çox yüksək səviyyədə çəkilmiş filmlərdir. Bu retro filmlərində hər şey yerindədir: aktyorlar, tərəf müqabillər, rəqslər, rejissor, quruluşçu rejissor, operator işi, ideya, aktyorların seçilməsi və onların tamaşaçını özlərinə cəlb etmə məharəti və sairə...

İkincisi: bu retro filmlərində düzgün seçilmiş aktyorlarla yanaşı, bəstəkar və kadr arxası oxunan mahnıların keyfiyyət məsələsi idi ki, burada da seçim əsas rol oynayırdı. Elə filmin taleyi də bunlardan asılıdır. Yəni, ssenarist, gözəl aktyorlar, bəstəkar və ecazkar səsə malik olan müğənnilər, bütün yaradıcı heyət yuxarıda deyilən şərtləri yerinə yetirərkən film mütləq uğur qazanır.

Gəlin bir qədər tələsməyək. Lənkəranda çıxan ədəbi-bədii, elmi-publisistik jurnal olan “Məşəl”in 2017-ci il N2, 72-79-cu səhifələrində “Multikuluralizm: hind filmlərinin dünəni və bu günü” adlı kinoşünaslıqla bağlı bir məqaləm çap olunmuşdu. Məqalənin son cümləsi belə qurtarırdı: “Əziz kino həvəskarları! Bu, mənim hind bədii filmləri haqqında ilk söhbətimdir. İmkan olarsa, gələcək görüşlərimdə bu mövzuya bir daha qayıdar, multikultural baxışlarımla sizi bir daha tanış edərəm”.

Ancaq üstündən dörd il vaxt keçib və bu müddətdə mən istər “Məşəl” jurnalında və istərsə də, “Azad Azərbaycan” qəzetində bu mövzuda onlarla esselərim çap olunub ki, onların hamısı haqqında oxucuların məlumatı vardır.

Çalışıram ki, qədirbilən oxucular bu maarifləndirmə yolu ilə hind xalqıyla Azərbaycan xalqı arasındakı dostluq və mədəni əlaqələrə bir daha önəm versinlər. Çünki Şərq musiqisi həmişə bizim xalq üçün əziz olub və bu gün də əzizdir.

1954-cü ildə Hindistanla keçmiş SSRİ arasında mədəniyyətlərarası əlaqələr o qədər inkişaf etmişdi ki, dünya şöhrətli aktyorlar və onların mahnılarını kadrarxası səsləndirən müğənnilər o zamankı İttifaqa qonaq gələr, xalqlar arasında əlaqələri daha da möhkəmləndirərdilər. Həmin il ilk dəfə olaraq Hindistandan gələn məşhur aktyorlar - Rac Kapur və Nərgiz (Rita) birlikdə nümayəndə heyəti ilə Tiflisdə olmuşlar. Nümayəndə heyətinə Əhməd Abbas rəhbərlik etmişdir. Qonaqlar Tiflisin görməli yerlərini gəzmiş, üzüm plantasiyalarında olmuş, gürcülərin milli rəqslərinə tamaşa etmişlər. Rəqs edənlərə Rac Kapur və Nərgiz də qoşulmuşdur. Rac Kapur “Cənab 420 “ filmində dəflə küçədə oxuduğu özünəməxsus bir məlahət və məharətlə Mukeşsayağı tamaşaçılar qarşısında ifa etmiş və alqışlarla qarşılanmışdır. Ancaq Rac Kapur təvazökarlıq edərək bildirib ki, onu kino aləmində tanıdan mahnıları ilə kadr arxası müşaiyət edən böyük sənətkar Mukeş olmuşdur və o, bütün nailiyyətlərinə görə bu müğənniyə borcludur.

Tiflisdə olarkən qonaqlar “Otello” tamaşasına da baxmış, gürcü aktyorları ilə tanış olub dostlaşmışlar. Belə bir görüş sonradan 1956-cı ilin noyabr ayında Bakıda olmuşdur. Rac Kapur, Nərgiz və nümayəndə heyətinin digər üzvləri Bakının dağüstü parkında olmuş (indi Şəhidlər Xiyabanı adlanır), oradan Xəzər dənizini və neft mədənlərini seyr etmişlər.

Rac Kapur dünya şöhrətli aktyor idi. 2 iyun 1988-ci ildə dünyasını dəyişən bu aktyoru son mənzilə yola salmaq üçün on minlərlə adam mərasimdə iştirak etmişdir. Onların arasında Bollivudun tanınmış aktyorları, rejissorları, kinoşünasları, sənət adamları, yazıçı və bəstəkarlar, ictimai-siyasi və dövlət xadimləri vardı. Lakin Rac Kapur torpağa tapşırılmadı, adət-ənənəyə uyğun olaraq o, krematsiya edildi. Mərasimə Rac Kapurun oğlu, “Bobbi” filminin baş qəhrəmanı Şişi Kapur rəhbərlik etmişdir (2020-ci ildə vəfat edib).

Rac Kapur vəfat etdikdən sonra onun çəkildiyi dünya şöhrətli “Avara” filmindəki “Avara” mahnısı bir çox müğənnilərin diqqətini çəkmiş, bu mahnını repertuarlarına daxil etmişlər. Tanınmış müğənni Cavad Rəcəbovun 2010-cu ildə oranjeman etdiyi “Avara” mahnısı da bu mənada diqqəti çox cəlb edir. Onun səsindəki plastika, orijinallıqla müğənninin özünü kadrlarda və kadrarxası sintez etməsi o qədər ustalıqla verilmişdir ki, əgər Hindistanda kino şirkətləri Cavad Rəcəbovun səsini yeni “Avara” filmində səsləndirsəydilər onun səsi heç də böyük nəğməkar müğənni Mukeşin səsindən fərqlənməzdi və kinofilmə ancaq uğur gətirərdi.

Göründüyü kimi, kinofilmdə həm bəstəkar musiqisi, həm də müğənninin ifası əsas amillərdən biridir. Hind filmlərini isə musiqisiz təsəvvür etmək qeyri-mümkündür. Elə bir hind filmi yoxdur ki, orada duet olmasın. Elə bir hind filmi təsəvvür etmək olmur ki, orada kütləvi rəqslər olmasın. İstedadlı rejissorlar bütün bu amillərdən məharətlə istifadə edirlər ki, hər bir rəqs hərəkəti və hər bir mahnı yerində olsun. Ən əsası odur ki, mahnısı filmə yazılan müğənni ürəklərə yatan oxusun, qəlbləri riqqətə gətirsin, səsi ilə bütün tamaşaçıları heyran qoysun, kadrarxası harmoniya və bağlılıq pozulmasın. Belə kino müğənnilərindən biri də dünya şöhrətli vokalçı Məhəmməd Rəfidir. Onun səsindəki plastika, şirinlik indi də böyük dinləyici marağına səbəb olur.

Uşaqlığı və gəncliyi

Məhəmməd Rəfi Sahab 24 dekabr 1924-cü ildə İngiltərənin işğalında olan Hindistanın Pəncab ştatının Kotla Sultan Sinx kəndində anadan olmuşdur. O, aşpaz Hacı Əli Məhəmmədin 6 övladından biri idi. Rəfinin dünyaya gəlişindən sonra ailə Pakistanın Loxar şəhərinə köçür. Həmin ev hal-hazırda qorunub saxlanılır.

Rəfi uşaq yaşlarından musiqiyə, oxumağa həvəs göstərir. Məhəllədə oxuduğu mahnılar qonşu və tanışları heyran qoyur. Rəfinin böyük qardaşı və yaxın tanışları Əbdül Həmid Mhəmmədin fitri istedadını görüb onu bir yerə çıxarmaq haqqında düşünürlər. Onlar Rəfinin səsindəki İlahi vergidən vəcdə gəlirlər və onu böyük vokalistlərlə görüşdürürlər. Burada Rəfi klassik hind musiqisi və vokal sənəti ilə tanış olur. O, ustad sənətkarlardan Badə Qulam Əli xan, Əbdül Vahid Xan və sonradan Cavidanla Matti və Füroza Nizamidən mükəmməl dərs alır.

Məhəmməd Rəfinin ilk çıxışı Laxorda baş tutur. O zaman bu gənc istedadın cəmi 13 yaşı vardı.(Bəzi məlumatlarda Rəfinin 15 yaşda olduğu da göstərilir). Həmin konsertdə texniki nasazlıq ucbatından (elektriklə bağlı) müğənni Kundanlala Sayqalı Məhəmməd Rəfi əvəz edir ki, tamaşaçıların aşıb-daşan əsəblərini sakitləşdirsin. Konsertdə tamaşaçı qismində iştirak edən məşhur sənətçi Şam Sundar gənc Rəfinin ifasından məmnun olur və onu Bombeyə dəvət edir, ona izah edir ki, o, kinofilmlər üçün yaranıb, onun yolu oradır, yalnız ora-böyük kino! Beləliklə, birinci yazılış aparılır, kadrarxası duet Zinət Bəyimlə “Gül Baloch” (1941) filmində lentə yazılır. Bədii film 1944-cü ildə nümayişə buraxılır. O zaman SSRİ-də alman-faşistləri ilə ölüm-dirim müharibəsi gedirdi. Həmin illərdə Məhəmməd Rəfi Laxor kinostudiyasına və radio kompaniyaya (Ali İndia Radio) dəvət alır.

İlk uğurlar (Bombey, 1940-cı il)

1944-cü il Rəfi Əbdül Həmidin müşaiyəti ilə Bombeyə gəldikdən sonra onlar birlikdə bir evdə iki otağı kirayə edirlər. Bu, Bendi-Bazar rayonu yaxınlığında yerləşirdi, hansı ki, öz musiqiçiləri ilə məşhur bir yer idi. Burada şair Tanvir Nakvi Məhəmməd Rəfi Sahab ilə tanış olan Şam Sundar Rəfiyə imkan yaradır ki, “Qaom ki, Qori” filmində müğənni Q.M.Durrani ilə “Aji dil ho qaabu mein to didar ki, aisi taisi...” duetini oxusun. Bu, Məhəmməd Rəfinin kino sənəti sahəsində ilk vokal mahnı yazısı idi və çox uğurlu alınmışdı.

Qeyri-adi səs

Məhəmməd Rəfi Sahab yüzlərlə: istər tək və istərsə də duet şəklində mahnı səsləndirməsində iştirak edib. Mən bu filmlərin adlarını rus dilində verəcəyəm, ona görə də oxucularımdan buna görə üzr istəyirəm. Çünki bu filmlərin adları internet səhifələrində rus dilində getdiyindən onları tərcümədə vermək çətinlik törətdiyi üçün rus dilində olduğu kimi saxlamağı məqsədəuyğun hesab etdim.

M.Rəfinin 860 filmindən 55-i onun ölümündən sonra yenidən işlənilib və arxiv yazılarından (mahnılarından) da filmlərin adlarını və tarixlərini nəzərinizə çatdırmaq istəyirəm: “Juğni”(1947), “Leyli i Madjnun” (1949), “Sezon dojdey” (1949), “Brodyaqa” (1951), “Aan” (1952), “Dva biqxa zemli” (1954) , “Jaqriti” (1954), “Shabaab” (1954), “Qospodin 420” (1955), “Jajda” (1957), “Mat İndiya” (1957), “Qanqa i Djamna”(1961), “Lyubov v Kaşmire” (1965), “Moya imya Kloun” (1970), “Abdulla” (1980) və s.

860 bədii filmin adlarını çəksəm, qəzet səhifələrinin də sayı artar. Sizin üçün çox maraqlı olar ki, M.Rəfinin kinofilmlərdə kadrarxası səsləndirdiyi mahnıların bəstəkarları kimlərdir?

Əlbəttə, bu bəstəkarlar filmlərə mahnılar yazarkən məhz M.Rəfini və Lata Mangeskarı nəzərdə tuturdular. Bu bəstəkarlardan Rahil Dev Bamin, Ravi Şankar Şarma, Şankar-Caykişan, Nayşad Əli, Lakşmikant-Pyapelal, Şarda, Rövşən, Şankan-Djaykişan məhz Məhəmməd Rəfi və Lata Mangeskar üçün mahnılar yazmış, onlar da duetlər oxumuşlar.

Mükafatları: Məhəmməd Rəfi Sahabın çoxlu mükafatları var. 2000-ci ildə ictimai sorğu rəylərini əsas götürərək, həmçinin, kinoaktyor Sudipa Pandi, parlament üzvü Şaylendr Kumar, senator və nazir Ram Bilas Pasvan və b. rəsmi şəkildə bəyan etdilər ki, Məhəmməd Rəfi ölümündən sonra ən yüksək vətəndaş mükafatı olan “Bharat Ratna”, o cümlədən də, “Falke” mükafatına təqdim edilsin. Hindistan hökuməti indiyə qədər belə bir mükafat haqqında qərar verməmişdi. M.Rəfi bu mükafatlara layiq sənətkar idi. Onu Şərq musiqisinin Peyğəmbəri adlandırırdılar.

Pəncablı müğənni Məhəmməd Rəfi Sahab “qızıl səs”ə malik olub, kinoda kişi rollarını ifa edən aktyorların mahnılarını kadrarxası səsləndirib. Səsyazma üzrə 5 min vokal partiyaları ilə məşhur olub və kinomatoqrafiya mükafatlarına, o cümlədən, 6 “Filmfare Avard” kişi rollarının vokal musiqi ifaçılığına görə” (1961, 1962, 1965, 1967, 1969 və 1978-ci illərdə) və bir çox dövlət, həmçinin, “Padma Şri” (1967) mükafatlarına layiq görülüb. Cavahirləl Nehru M.Rəfinin sənətini yüksək qiymətləndirmişdir.

Son günləri

Məhəmməd Rəfi Sahab 31 iyul 1980-ci ildə 55 yaşında dünyasını dəyişib. Onun son mənzilə yola salınması mərasimində milyonlarla insan, onun ecazkar, əfsanəvi səsinin pərəstişkarları iştirak edib. Bu dahi sənətkar müsəlman idi. Elə buna görə də Haqqın qapısına aparılarkən müsəlman adət-ənənələrinə və dini qaydalarımıza uyğun olaraq müsəlman kimi dəfn edilib. Orada hər gün sevdalı bülbüllər elə Məhəmməd Rəfi kimi şaqraq səslə oxuyur, sanki onun ruhu ilə duetə girirlər.

Ölməz sənətkar Məhəmməd Rəfi nəinki təkcə hind xalqının, o cümlədən də hind musiqisini sevən azərbaycanlıların da qəlblərində yaşayır. O, özünün vokal sənətində iz qoyub getdiyi zəngin yaradıcılığı ilə əsrlərdən-əsrlərə musiqi körpüsü salacaq, həmişə seviləcək, yad ediləcək.

Hörmətli oxucular! Qəzetin gələcək nömrələrində Məhəmməd Rəfi Sahab ilə kino çəkilişi zamanı mahnı duetlərində tərəf-müqabil olmuş, öz ecazkar və möcüzəli səsi ilə dünya şöhrəti qazanmış vokalist müğənni Lata Mangeskar haqqında da söhbətimi davam etdirəcəyəm. Qəzetin növbəti nömrələrini izləməyi unutmayın.

Allah amanında!

 

Hazırladı: Səyavuş SÜLEYMANLI,

Yazıçı-publisist

Azad Azərbaycan.- 2021.- 18 may. S. 10.