Vətənə sədaqət nümunəsi

 

Murtuz Çingiz oğlu Abbasov həyatı dərk edən gündən öz xoşbəxtliyini Vətəninə, xalqına nümunəvi xidmətdə görür. Yaxşı işlər görməklə insanlar arasında hörmət qazan bilir. Ürəyi ilahi bir sevgi ilə döyünən bu gənc yalnız gözəl dünyaya, saf məqsədlərə doğru can atır. Qaldı ki, yağı düşmənin əzəli yurd yerimiz olan Qarabağa təcavüzü onu daha çox düşündürür. Mübarizliklə qalib gəlib Vətən torpaqlarını düşməndən azad etməkdən ötrü məqam gözləyir.

M.Abbasov 2016-cı ildə orta təhsilini başa vurub Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. Vətən eşqli, xoş təbiətli, dağların dağ vüqarlı oğlu Murtuz məktəbdə hamı tərəfindən sevilir. Hərb sirlərinə dərindən yiyələnir. Bütün tapşırıqları vaxtında, yüksək keyfiyyətlə yerinə yetirir. Fiziki gücünü, çevikliyini görüb onun nəyə qadir olduğunu yaxşı bilirlər. Bir sözlə, Murtuz Vətəninə layiqli xidmət etmək üçün könül verdiyi işinin kamil bilicisi olur.

2020-ci ildə akademiyanı leytenant rütbəsində bitirən Murtuz Abbasov canından artıq sevdiyi Vətəninin xidmətində durur. Sərhəd Qoşunlarında tağım komandiri vəzifəsində xidmət etməyə başlayır. Daha sonra raket-artilleriya silahlarının istismarı təmiri mütəxəssisi kimi fəaliyyət göstərir. Doğma Azərbaycana əsl oğul məhəbbəti bəsləməklə, onun şərəf, ləyaqətini vicdanla qoruyur.

27 sentyabr İkinci Qarabağ müharibəsi başlananda Vətənin cəsur oğulları haqq savaşımıza atılırlar. Leytenant Murtuz Abbasov da sona qədər döyüşüb yağıdan qisas almağa and içib silaha sarılır. Düşmənə ilk zərbəni Ağdam rayonunda vurur. Məqamında quldurların atəş nöqtəsini susdurub, onun çoxlu canlı qüvvəsini məhv edir. Bu uğurlu əməliyyat nəticəsində rayon qarış-qarış ermənilərdən təmizlənir. Murtuzun rəşadəti yeni-yeni qələbələrə doğru əsgərlərdə böyük inam yaradır. İgid Vətən oğlu əsgər yoldaşları ilə Cəbrayıl istiqamətində yerləşən yaşayış məntəqələrində yüksək fədakarlıq şücaət göstərir. Düşmənin neçə-neçə texnikası sıradan çıxır, ölənlərin sayı da bilinmir. Nəticə Cəbrayılın azadlıq xəbəri bütün Azərbaycanı dolaşır. Artıq darmadağın olmuş düşmən acı məğlubiyyəti bilib qaçmağa üz qoyur.

Murtuz Zəngilan müharibəsində sözün əsl mənasında tarix yazır. 22 oktyabrda rayonunun Ağbənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin Vətən torpağına tuşlanan snayper atəşini öz sinəsi ilə susdurur. Bir igidin qanı torpağa tökülməklə böyük ərazinin azadlıq günəşi doğur.

Bəli, Murtuzun ömür yolu cəmi 22 il oldu. Qaldı ki, öz qani ilə Vətəni yaşatdığı üçün o, milyonların ürəyində əbədi yaşamaq hüququnu qazandı. Dövlət öz sədaqətli oğlunun adını uca tutdu. Murtuz Abbasov ölümündən sonra "Vətən uğrunda", 3-cü dərəcəliVətənə xidmətə görə”, "Zəngilanın azad olunmasına görə" medallarına layiq görüldü.

 

Zəfər ORUCOĞLU

Azad Azərbaycan.- 2021.- 18 may. S. 5.