Sabir Rüstəmxanlı fenomeni və ya zəmanəmizin Zərdüşt atası
Xalq şairi, millət vəkili, dəyərli ziyalı Sabir Rüstəmxanlının 65 illik yubileyinə
Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə, təmasda olanda, nə üçünsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Ulu Zərdüşt atanı görürəm. Bir vaxtlar tamaşaya hazırladığımız, Zərdüşt ata, Sabir Rüstəmxanlının “Uzaq əsrlərin həqiqəti” pyesində el-el, oba-oba gəzərək, əllərini göyə qaldırıb imdad, kömək diləyərək deyirdi:
— Ey, Ulu Tanrı. Bu milləti birləşdirmək üçün yol göstər mənə. Yol göstər, mənə anlat, ən yaxşı həyatın özülü necə qoyulacaq? Ədalət necə qalib gələcək? Zülmkar hakimlərə xalqı sevməyi necə öyrədim? İnsanı yalanla idarə eləyənləri düz yola necə çağırım?
Hara qaçım əyriliyin, namərdliyin, nadanlığın əlindən? Dözüm ver mənə... Yol göstər... Ey millətim, mən düzlük carçısı olduğumdan, Sizi hökmdardan qorxmamağa, düzlüyə, birliyə çağırıram. Bilin ki, milləti dörd amal millət edər:
BİRLİYİ, QEYRƏTİ, QÜDRƏTİ, MƏDƏNİYYƏTİ...
Cəmi 24 yaşında yazdığı “Uzaq əsrlərin həqiqəti” pyesinin baş qəhrəmanı Zərdüşt ata – Sabir Rüstəmxanlı özü idi. Axı elə həmin yaşlarından Sabir Rüstəmxanlı, Doğudan Batıya qədər ölkə-ölkə, oba-oba bütün Türk məmləkətlərini gəzərək, türkləri birliyə, həmrəyliyə çağırır. Cismən bizdən ayrılıb, torpağa qovuşan, dünyasını dəyişən Zərdüşt atanın, Zərdüşt peyğəmbərin ruhu, bizim əsrdə mən belə başa düşürəm ki, Sabir Rüstəmxanlıda yaşayır.
Bu ruh “Ömür kitabı” ilə ömrümüzdən keçən
Vətəni, Vətən
torpaqlarını axtarır...
Zərdüşt ata,
təkcə öz ömrünü yox, Sabir Rüstəmxanlı ilə yeni bir
ömür yaşayır...
Monqolustanda 1300 il bundan qabaqkı ilk yazılı
ədəbiyyatımızın, Orxon-Yenisey abidələrində
kökünü axtarır.
“Tanrı” sözünün,
“Türk” və “Yer” sözünün, “Oğuz” və “Bəy” sözünün
ilk dəfə daşa
köçürülmüş incilərini oxuyaraq, gündoğandan, günbatana
qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı.
Onları HƏMRƏYLİYƏ, TÜRK
XALQLARININ BİRLİYİNƏ çağırır...
Və yenidən
özü boyda bir ocaq olan
Azərbaycana dönür. O, bilir ki, bu
ocaqda çoxlu həqiqət közü yatır. O, bilir ki, bu millətin
tarixi həqiqətlərinə
saysız-hesabsız alabəzək,
qara pərdələr
çəkilib. Əsl
həqiqət isə yadellilərin, işğalçıların
və öz millətinin qanına susamış, onu kölə etmək istəyən, ona tarix boyu zülm
eləyən, həqiqəti
deməyə imkan verməyən qəddar hökmdarların, onların
qulbeçələrinin qılıncları,
top – tüfəngləri ilə
doğranıb, ayaqlar
altında didik – didik, parça-parça olub, külü də göyə sovrulub...
Sabir Rüstəmxanlı – Zərdüşt
ata, uzun illərdir ki, dünya boyda sonsuzluğa səpələnmiş
və tikə-tikə,
parça-parça olmuş
Azərbaycan adlı bir kitabın qırıntılarını, böyük
səbrlə, dözümlə
toplayaraq, vərəq-vərəq
yapışdırıb, bu
millətin “Ömür
kitabı”nı yazır.
Hər əsərində, hər
şeirində, hər
çıxışında.
Tarix dəllalları
ilə vuruşa-vuruşa
bu millətə öz dədə-babasını,
öz kökünü
tanıdır. Öz keçmiş
həqiqətlərini, əsl
tarixini bilməkdə
köməklik eləyir.
Özü də heç
bir tarixi sənədə xəyanət
eləmədən, həqiqəti
olduğu kimi göstərir, yazır, deyir. Bu milləti
özünə tanıtdırır.
Sabir Rüstəmxanlı – Zərdüşt
ata, oba-oba, el-el gəzərək türkləri
Qan yaddaşını
unutmamağa çağırır.
Bunun üçünsə, milləti
HƏMRƏYLİYƏ, BİRLİYƏ çağıraraq,
Ulu Tanrıdan kömək diləyir.
Gözü qarşısında
baş verən haqsızlıqları, tayfabazlığı,
qəddarlığı, qanunsuzluğu,
xalq malının talan edilməsini gördükdə bu dərdlərdən qurtulmaq
üçün ürək
ağrısı ilə
belə deyir:
Yolsuz zirvə, yolsuz dərə,
Ümid olub yol bizlərə,
Allah mənə yol göstərə,
Bu dərdlərdən
qaça biləm...
Bu dərdlərdən qaça bilməyən Sabir Rüstəmxanlı – Zərdüşt ata, oba-oba,
el-el gəzərək, dərdlər, ələmlər içərisində bu millətin adından üsyan eləyərək deyir:
Yurdun sərvətini talayan alçaq,
Onsuz da erməni talayır bizi.
Niyə od vurursan ürəyimizə,
Dərd öz ocağında qalayır bizi.
Rüşvət məzənnəni qovzama belə,
Haramı fikrimə qazıma belə,
Qardaşın qanına susama belə,
Ya çıx qardaşlıqdan, al ayır bizi.
Bu nə vurhavurdu, bu nə qazancdı?
Millətin didərgin, millətin acdı,
Pul hansı hikməti üzünə açdı,
Nadanlıq qurd olub dalayır bizi.
Bu gün gözümüzün qarşısında baş verən, bizi də öz qazanlarında qaynadan, milləti məhvə sürükləyən nadanları, quldurları, qəddarları görən böyük şair-filosof, millətin tarix boyu deyə bilmədiyi dərdlərini, meydanlardan, dövlətin ən mötəbər tədbirlərində, Milli Məclisin xitabət kürsülərindən uca, aydın səslə, dərin ağılla, məntiqli fikirlərlə deyən böyük siyasətçi, millət vəkili Sabir Rüstəmxanlı – Zərdüşt ata, hamımızı, dünyaya səpələnmiş bütün Azəri türklərini – Vətənini, millətini, torpağını təmənnasız sevən insanların ətrafında toplaşmağa, birləşməyə çağırır...
Əgər biz millətiksə, əgər biz Qan yaddaşımızı unutmamışıqsa, biz yenidən torpaqlarımızın birləşməyini, millətin bir olmasını, gələcək nicatımızı istəyiriksə, balalarımızın xoş gələcəyini istəyiriksə, gəlin onun VƏTƏNDAŞ
HƏMRƏYLİYİ çağırışını eşidək. Sabir Rüstəmxanlı – Zərdüşt atanın fikirlərini, istəklərini, ali məqsədini dəstəkləyək və millətin birliyinə, birləşməsinə çalışaq.
Bu müqəddəs yolda mübarizə aparaq. Onunla birlikdə deyək:
— Bu yurd düzlük carçılarının,
yaxşılıq oduna
bürünmüş kişilərin
VƏTƏNİDİR. Babalarımızın ən qədim
andı Günəş
idi. Oda iman gətirmək
idi. Biz də
düzlük carçısı
olan Sizə iman gətirərək, istəyirik ki, odumuz yansın, çörəyimiz olsun,
işığımız gəlsin,
ocağımız sönməsin.
Onu bilin ki, bu
millətin ocağını
söndürmək istəyənlərin
cəzasını yalnız
biz, birlikdə verə
bilərik. Ona görə
də bizim milli birliyimiz lazımdır. Hökmən lazımdır. Milli birliyimiz
olmalıdır. Milli birliyi
olmayan xalqı, tarixlər boyu parçalayıb, kölə
ediblər. Əsarətdə saxlayıblar. Hər bir
millətin böyüklüyü,
qüdrəti onun milli birliyindədir.
Bu sözlərlə
ətrafında toplaşmış
insan axınının,
insan selinin qarşısında, Azadlıq
meydanının ən
uca zirvəsində dayanan Sabir Rüstəmxanlı
– Zərdüşt ata,
onunla həmrəy, həmfikir olan, milyonlarla qan qardaşlarına, can qardaşlarına,
vətənini sevən
kişilərinə rəğbətlə
baxaraq deyir:
— Mənim xalqımın əxlaqı üç sözlə, üç müqəddəsliklə ifadə olunur: Xeyirxah fikir. Xeyirxah söz. Xeyirxah əməl. Biz insan kimi bütöv olmalıyıq. Düşüncəmizlə əməlimiz, sözümüzlə işimiz arasında ayrılıq olmamalıdır. Biz ruhu, qəlbi azad olan adamları sevmişik. Əgər bizim ruhumuz, qəlbimiz azad ola bilsə, əgər biz qəlbimizdən dahi Əfzələddin Xaqaninin dediyi on şeyi – haram, qeybət, kin, paxıllıq, tamah, yalan, riya, həsəd, ədavət və kələyi ata bilsək onda birləşə bilərik. Bir yumruq ola bilərik. Zərdüşt peyğəmbər deyən kimi: “Qoy insan düzlük, paklıq carçısı olsun”.
Onun sözlərinin axırıncı cümləsini bura toplaşan insan seli, insan axını təkrar eləyək deyir:
— Qoy insan düzlük, paklıq carçısı olsun!
Bu sözlər elə ucadan səslənir ki, Azadlıq meydanı lərzəyə gəlir. Vulkan kimi püskürür...
Ürəyimdə, daxilimdə, beynimdə bir inam yaranır. Öz-özümə deyirəm:
— Əgər bu millət bütün kini, küdurəti, cılız hissləri, tayfabazlığı, yerlibazlığı, mənəm-mənəmliyi bir kənara atmaq istəsə birləşə bilər. Keçmiş tariximizdən ibrət dərsi götürüb, birləşə bilər. Və nə qədər ki, birliyimiz olmayacaq, bax beləcə torpağımız, millətimiz, dilimiz, Vətənimiz parçalana-parçalana gedəcək... Əgər belə
olsa,
belə
getsə yer
üzündən Azərbaycan adlı bərəkətli, cənnətməkan bir məmləkətin adı silinəcək. Çünki 4 milyon
500 min kv.km torpağı olan bu məmləkətin 86,6 min kvadrat kilometr torpağı qalıb. Onun da 20 faizi erməni tapdağı altındadır.
Ağalar İDRİSOĞLU
Azad Azərbvaycan.- 2021.- 21 may.- S.20