Mən onu aldatmamışdım!

 

(hekayə)

 

52 əsgərimin 48-i könüllü idi. Bəzisi idmançı, bəzisi Aprel döyüşləri iştirakçısı olduğuna görə onların hərbi həyata adaptasiyası sürətlə baş verdi. Fiziki hazırlıqları, demək olar ki, yerində idi. Çətin məqam onları psixoloji cəhətdən müharibəyə hazırlaşdırmaq idi. Artıq döyüşə girmə anı yaxınlaşırdı...

Əlahiddə 120 minaatan batareyadazampalitvəzifəsi olmadığı üçün batareya komandiri kapitan Elvin Abdullayev şəxsi heyətin mənəvi-psixoloji hazırlığını mənə tapşırmışdı. Çətin emosional məqamla üzləşmişdim: əsgərlərin hər birinə 2 boş giliz paylamalı idim. O boş gilizlərin hər biri mənə ən iriçaplı mərmidən ağır gəlirdi...

Gizir Elvin Cəfərliyə əsgərləri düzmək əmri verdim. Sıra qarşısında əlimdə 104 boş giliz vardı. Özümü toxtadıb sözə başladım: “... Şanlı Azərbaycan əsgərləri, sizin hərənizə 2 boş giliz verirəm. Hər bir əsgər öz ad soyadını kiçik bir kağıza yazıb bükərək o gilizlərin içərisinə qoyacaq. Gilizin birini kitelin cibinin üzərindəki boşluğa, digərini isə çarpaz olaraq şalvarın dizi üzərindəki cibin boşluğuna qoyacaqsınız.”

Əsgərlər bilirdilər ki, tale ağırlığında olan buboşgilizlər döyüş zamanı tanınmaz dərəcədə ağır yaralananları, parçalanmş bədən tikələrinin sahibini müəyyən etmək üçündür. Odur ki, məlumatlı olduqlarından çox soyuqqanlı qarşıladılar. Mən ruhlandırıcı çıxışıma davam etdirməli idim: “Əziz silahdaşlarım, inşallah, müharibədən qələbə ilə sağ-salamat qayıdıb bu gilizləri nişanlılarınıza, sevdiklərinizə yadigar saxlamaları üçün hədiyyə edəcəksiniz, mən buna əminəm!”.

Hadrutda atəş mövqeyinə çatmalı idik. Bu sürətlə baş verməli idi. Çünki XTQ Hadrutun (Ağoğlanın) içərisini erməni silahlılarından təmizləsə , düşmən hələ şəhəri əhatələyən dağ-təpələrdə pusquda idi. Əsgər sursatla dolu 9 maşında sürətlə irəliləyirdik. Birdən düşmən maşınlarımızdan birini kornetlə- tank əleyhinə idarə olunan raketlə vurdu.

Ağır yaralı əsgərlərimiz arasında ayağı üzülmüş 22 yaşlı gizir Elvin Cəfərli ürəyimi üzdü. Axı mən ona söz vermişdim ki ...

Özümü yalançı hesab edirdim. Bərk qəhərləndim. İçimdə bir cümləni bir dəqiqədəavtomatik rejimdəsürətlə təkrarlayırdım: “Bağışla gizir, yalan danışdım..! Bağışla gizir, yalan danışdım!” .

Ağoğlanın ətrafı igid əsgərlərimizin qoçaqlığı sayəsində düşməndən təmizlənmişdi. Təqribən bir həftə sonra artıq biz Tuğ qəsəbəsinin azad olunma sevincini yaşayırdıq. Bu zaman Hospitaldan xoş xəbər eşitdik: “Elvinin ayağı bərpa olunacaq!” Mərmi Elvinin dizdən aşağı sümüyünü 10 sm dağıtsa da, müasir tibbin nailiyyətləri nəticəsində ayağın bərpası mümkün idi.

Mənim sevincim isə ikiqat idi: “Elvin nişanlısına gilizləri hədiyyə edə biləcəkdi. Mən onu aldatmamışdım!”

 

Vüsal HƏTƏMOV

 Azad Azərbaycan.- 2021.- 4 noyabr.- S.5.