Ədəbi
yaradıcılığa cəmi 3 il əvvəl - 2018-ci ildə
başlamış Hümbət Həsənoğlu (Quliyev)
artıq Azərbaycanda, Türkiyə və Cənubi Azərbaycanda
çap edilmiş, oxucular tərəfindən rəğbətlə,
böyük maraqla qarşılanmış 7 kitabın müəllifidir. Bir həkim-yazıçı kimi
son zamanlar ədəbi ictimaiyyətin və sosial şəbəkə
istifadəçilərınin diqqətini çəkən
Hümbət Həsənoğlu ilk gündən
yaradıcılıq üslubu, həyata, cəmiyyətə və
təbiətə öz fərdi, qeyri-adi baxışı,
müdrik-fəlsəfi düşüncələri, orijinal
deyimləri ilə fərqlənən bir yazıçıdır.
Yaradıcılığı
ədəbi janr müxtəlifliyi ilə seçilən
yazıçının bir sıra maraqlı hekayələr,
esse, oçerk və novellaları, yüksək təfəkkürün
məhsulu olan aforizmləri artıq kitab halında rus dilində
də nəşrə hazırdır. Geniş marağa səbəb
olan, orijinallığı ilə seçilən bir-çox əsərləri
hazırda digər dillərə də tərcümə
edilir.
Hümbət Həsənoğlu
ixtisasca göz həkimidir. Azərbaycan Dövlət Tibb
Universitetinin müalicə-profilaktika və Saratov Tibb
Universitetinin hərbi-tibb fakültəsini bitirib. Moskva vilayətinin
Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında
həkim, baş həkim işləyib. 5 il Almaniyanın
Toypits şəhərində yerləşən Sovet hərbi
qospitalında göz xəstəlikləri şöbəsinin
müdiri olub.
1991-ci ildə
Berlin Biznes məktəbini bitirən Hümbət həkim
1993-97-ci illərdə Sumqayıt Biznes Mərkəzinin təsisçisi
və prezidenti olub. Sonrakı illərdə Azərbaycan
Respublikası Prezidenti Aparatı nəzdində Dövlət
Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin
Departament rəhbəri, Azərbaycan Sahibkarlıq
Konfederasiyasının vitse-prezidenti vəzifələrində
çalışıb.
Aşağıda
qeyri-adi təfəkkürə malik həkim-yazıçı
Hümbət Həsənoğlunun Qarabağ müharibəsinin
doğurduğu, ilk baxışda gözə çarpmayan,
“arxa planda” baş verən hadisələr, sarsıntılarla
baglı çox maraqlı, mənəvi-psixoloji, emosional təsir gücü ilə
seçilən “Qaraqulaq” hekayəsi oxuculara təqdim edilir.
QARAQULAQ
(sənədli hekayə)
Hərbi komandir olan xalam oğlunu layiq görüldüyü döyüş medalı münasibətilə telefonda təbrik etdim və sözgəlişi soruşdum:
- Kəndimizə
bizi nə vaxt aparacaqsan?
O,
kiçik pauza verib dedi:
-
Günü elə sabah. Səhər tezdən gedirəm kəndə,
ancaq yenə təkrar Bakıya qayıtmalıyam, istəsən,
birisi gün gedək.
…Yoldayıq, uzunluğu 28 il olan yolda! Qabaqda, sürücünün yanında oturan xalam oğlu yol boyu ətrafda baş vermiş döyüşlərdən, əsgərlərimizin misilsiz şücaətlərindən söhbət açır. Onun həyəcanlı səsindən hiss edirəm ki, olmuşları o, təkrar yaşayır və beynində səslənən atəş səslərini üstələmək üçün özündən asılı olmayaraq mənimlə qışqıra-qışqıra danışır. Arada susur, ətrafa baxıb, xeyli fikrə dalırdı. Başa düşürdüm ki, bu anlar o, itirdyi əsgər yoldaşlarını düşünür, xatirəsində hər birini dirildir və onlarla xəyalən söhbətləşir. Bilirəm ki, bu müharibə də, onun əsgərləri də ömür boyu iğid zabitimizin içində yaşayacaq. Onun üçün müharibə heç vaxt qurtarmayacaq...
Məni də xatirələr çulğalayır, kəndimizə, xəyalımda hələ də yerində qalan obamıza qayıdıram. Hərçənd ki, viran qalmış kəndimizin, hətta yerlə yeksan edilmiş qəbristanlığımızın videosuna baxmışdım artıq.
Kəndimizlə bağlı bir xatirəmi içimdə bütun ötən illər ərzində ürək ağrısı ilə daşımışam…
…Bibim
oğlu ilə eyni yaşda idik, bir sinfə gedirdik. Bir dəfə
yenə dərsdən sonra yolumu onlardan salmışdım.
Çoxdan doğmuş itlərinin küçüklərini
mənə göstərmək istəyirdi. Küçüklər
çox gülməli idilər, bir-birilə güləşir,
guya boğuşurdular. Onların oyunlarına maraqla, xeyli
tamaşa etdim. Evimizə getmək istəyəndə
küçüklərdən biri arxamca düşdü. Onu
götürüb, geri, “qardaşlarının” yanına qoysam
da, təkrar dalımca düşdü. Bibim oğlu dedi ki,
bura çox adamlar gəlib, ancaq onlar heç kəsin
arxasınca düşməyiblər, bu küçük səni
özü seçdi. Apar, həyətdə itiniz yoxdur,
bir-birinizə həyan olarsınız.
Küçük
dalımca gəldi. Evimiz yaxın idi. Küçük
özü ağ olsa da, sol qulağı qara idi. İlk
ağlıma gələn ad “Qaraqulaq” oldu.
Həyətimizdə
küçüyü görən babam mənə dedi ki, bu həyətdə
əvvəllər də buna bənzər it olub, onun da sol
qulağı qara idi, elə ona da “qaraqulaq” deyirmişlər.
Babama o it haqda suallar verdim. O, fikrə getdi və dedi:
- Bala, it
ömrü uzun olmur, uzağı 15-20 il yaşayırlar.
Onlara vərdiş edirsən, ailənin bir üzvü olur elə
bil, sonra əcəlləri ilə belə ölsələr də,
ağır hisslər keçirirsən. Elə o səbəbdən
də, daha it saxlamırıq.
Babamla
danışıqlara nənəmi də cəlb edəndən
sonra itin qalmağına razılıq aldım. Nənələr
həmişə nəvələrinin tərəfində
olurlar axı.
İtlə
dostlaşdım, dərsdən sonra günüm onunla
keçirdi, məni hətta sözsüz də başa
düşürdü. Hər gün məni məktəbə
qədər yola salıb, geri qayıdırdı.
Birinci
Qarabağ müharibəsi zamanı camaatımıza tez bir
zamanda, təcili çıxmaq göstərişi gələndə
camaatımız özlərini itirdi. Bu qərarı hamı
müvəqqəti sayırdı, tezliklə
qayıdacağımıza hamı inanırdı. Sovetin hələ
güclü olduğuna ümidi olanlar da çox idi.
Şayiə də gəzirdi ki, rayonda çoxlu yeyintilər olub, özümüzünkülər qəsdən ermənini bir- iki günlük rayona buraxacaqlar, sonra erməniləri qovub itkiləri də onların üzərinə yıxacaqlar... Hamı çaşqınlıq içində idi. Mənim dərdim Qaraqulaq idi.
Atam dedi ki, iti götürə bilmərik, Sumqayıtda yaşayan qardaşıgilə, mənim əmimgilə gedəcəyik, onlar da bina evində yaşayırlar, 4-cü mərtəbədə. Dedi ki:
- İt qoy qalsın. Ancaq bağlı qoyma, yanına çoxlu yemək qoy, suyunu da bol elə. Narahat olma, qayıdacayıq.
Demək asandır, indi o sevimli itdən aralan, görüm, necə aralanırsan?!
Qaraqulaq elə bil hər şeyi başa düşmüşdü və təlaş içində məndən bir addım da kənara çəkilmirdi. Elə hey ayaqlarıma sürtüşür, əllərimi yalayırdı. Nəsə düşünməli idim. Bibim oğlunun maşını bizdən bir-neçə saat sonra çıxmalı idi. Ondan xahiş etdim ki, mən iti evə salıb qapını bağlayım, sən isə bizim maşın yola çıxandan bir müddət sonra iti açıb buraxarsan.
Qaraqulaq elə bil mənim fikrimi anlamışdı, evə dalımca girmək istəmirdi. Güc-bəla ilə onu qucaqlayıb, içəri saldım. Onun qapı arxasından zingiltili hürməyini o vaxta qədər heç eşitməmişdim...
Yolda bizə çatmış bibim oğlundan məndən sonra olanları soruşdum. Dedi ki, ilk dəfə idi ki, dəli olmuş it görürdüm. O, qaçaraq, dayanmadan səni hər yerdə axtarır, arada da hər birimizin üzünə baxıb elə bil səni soruşurdu. Qısa bir vaxtda sənin ola biləcəyin hər yerə baş vurdu. Bir müddət maşınımızın da arxasınca qaçdı, amma görünür səni tapmaq və tək qoymamaq ümidi ilə geri döndü.
10 gündən sonra atam dedi ki, ermənilər hələ bizim kəndə girməyiblər, qayıdıb şeylərini götürənlər də var, biz də gedək, maşın danışmışam. Atam kirayə həyət evi də danışmışdı və itimi də gətirəcəyimə çox ümüdli idim. Qaraqulaqdan üzr istəmək üçün, onun könlünü almaq üçün yüz cür şeylər düşünmüşdüm. Onun üçün çoxlu sovqatlar da hazırlamışdım.
Maşın evimizin yanına çatan kimi maşından sıçrayıb düşdüm. Qaraqulaq görünmürdü. Onun üçün düzəltdiyim daxması da boş idi. Onun adını çəkə-çəkə həyətdə ora-bura qaçır, onu axtarırdım. Atam dedi ki, görünür, başqa itlərə qoşulub qaçıb. Və mənə ev şeyləri ilə bağlı tapşırıqlarını verdi. Şeylərimizin bəzilərini daşıya- daşıya gözlərim və qulaqlarım ətrafda idi. Növbəti dəfə evdən çıxanda
Qaraqulağı evimizdən bir az aralı dayanan gördüm və sevincək tez ona tərəf qaçdım. Amma itim mənə tərəf deyil, məndən əks tərəfə qaçdı. Mən dayananda o da dayandı.
Arıqladığı hiss olunurdu, korluq çəkdiyi aydın görünürdü. O, lal-dinməz quyruğunu bulamadan mənə baxırdı.
- Qaraqulaq, mənəm, tanımadın?..
İtdən heç bir səs çıxmırdı. Mənim ona tərəf atdığım addımın sayı qədər də o məndən uzaqlaşır, amma qaçıb getmir, sadəcə üzümə baxırdı.
Axı, mən ona çoxlu yeməklər gətirmişəm, - birdən yadıma düşdü! Qaçıb maşından onun üçün hazırladığım yeməkləri gətirdim, çox sevdiyi “doktorski” kolbasasnı doğranmış halda gətirdiyim paketin üstünə qoydum. İt kolbasaya gözünün ucu ilə belə baxmadı, yalnız mənim gözlərimə baxırdı...Mən paketdən aralandım ki, bəlkə mənsiz yeməyə yaxınlaşa? Qaraqulaq yerindən qımıldanmadı da! O, məndən küsmüşdü və mənim insan yalvarışlarıma baxmayaraq, məni bağışlamamaqda israrlı idi.
Biz yola düşəndə maşının üstünə çıxdım, son dəfə ona baxdım. Maşın aralaşanda, o, yemək dolu paketin yanından saymazyana keçib öz daxmasının yanında dayandı və bütün vücudu ilə mənə göstərdi ki, o heç vaxt buraları atıb getməyəcək və evi də qorumaqda davam edəcək.
…Xalam oğlunun səsi məni elə bil yuxudan oyatdı:
- Bax, bura
sizin evin yeridir…
Gördüyüm
mənzərə acınacaqlı idi, daxilən görəcəklərimə
hazır olsam da, gördüklərimə çox məyus
oldum. Bu səssizlikdə ən böyük mükafatım
itimin səsi olardı, amma itlər bizim kimi
uzunömürlü olmurlar. Allahın onlara verdiyi böyük
lütfdür ki, onlar öz sahiblərinin
ölümünü görmürlər. Ancaq təəssüf
ki, çox zaman itlər insanların onlara xəyanətlərinin
şahidi olurlar.
Xalam
oğlundan xahiş etdim ki, qəbristanlığa və
böyük kəhrizimizə baş çəkək.
Qəbristanlıqda bütün ölənlərimizin ruhu üçün dua oxudum. Qəbir daşlarını sındıranları Allaha tapşırdım. Cəzaların dəqiq ünvanını O, yaxşı bilir! Şəhidlərimiz üçün də dua etdim. Kəhrizin başında əsgərləri gördüm, hər birini qucaqladım, dərin minnətdarlığımı bildirdim hər birinə. Özümlə məhz onlar üçün gətirdiyim sovqatlarla paylaşdım. Uşaq vaxtında olduğu kimi uzanıb baxımsız qalan kəhrizin buz kimi suyundan doyunca içdim.
Bir də gördüm ki, kəhrizə yaxın bir kolun dibində küçüklər oynaşır. Əsgərlər dedilər ki, hər gün onları yedizdirirlər. Küçüklərə yaxınlaşdım. İstənilən heyvanın balaları çox maraqlı, gözəl olurlar. Küçüklərə də gətirdiyim yeməli şeylərdən verdim, buna onlardan daha çox əsgərlər sevindilər.
Mən getmək istəyəndə kolun dibindən bir küçük də çıxdı və hamıya bir-bir yaxınlaşandan sonra gəlib mənim üzümə baxdı və heç kimin gözləmədiyi halda çənəsini ayaqqabımın üstünə qoydu. Küçüyə baxdım, onun sol qulağı qara idi... Onu qucağıma aldım, əsgərlərdən onu özümlə götürməyə icazə istədim, hamısı bir ağızdan buna yalnız sevinəcəklərini dedilər.
Maşına yaxınlaşanda xalam oğlu soruşdu:
- Fikrin nədir?
Dedim:
- Komandir,
bu mənim itimdir, adı da Qaraqulaqdır. Mən kəndimizə
bu itlə dönəcəyəm.
Və
başımı əyib, qucağımda oturmuş
küçüyün məsum gözlərinə baxıb
pıçıldadım:
-
Qaraqulaq, daha səni heç vaxt tərk etməyəcəyəm,
heç vaxt!..
Hümbət HƏSƏNOĞLU
Azad Azərbaycan.- 2021.- 19 noyabr.- S.7.