102 yaşlı qocaman
Ərtoğrul Cavid
Azərbaycan
şifahi xalq ədəbiyyatının, daha doğrusu, milli dəyərlərimizin
mayasını təşkil edən xalq
mahnılarımızın və milli oyun
havalarımızın tədqiq olunmasında, toplanmasında,
eyni zamanda nota köçürülməsində
böyük xidmətləri olan Ərtoğrul Cavidin 102
yaşı tamam olur. Sovet rejiminin repressiya
qurbanlarından birinə çevrilən Hüseyn Caviddən
sonra "vətən xaininin oğlu” kimi qara ləkəli bir
damğanı çiyinlərində daşımağa məcbur
edilən Ərtoğrul Cavid 24 illik qısa, lakin mənalı
bir ömür yaşadı.
22 oktyabr 1919-cu ildə Bakı şəhərində
anadan olan Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə
1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə
diplomu ilə bitirərək 1941-42-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında böyük Üzeyir
Hacıbəyovun sinfində musiqi təhsilini davam etdirib. Eyni zamanda xalq
üçün, el-oba üçün gərəkli olan bir
işi – xalq mahnılarını, xalq oyun havalarını nota
köçürmək, nağıllarımız,
dastanlarımız haqqında tədqiqat xarakterli məqalələr
yazmaq, gözəl rəsm əsərləri yaratmaq, ruhuna
uyğun şeirlər yazmaq, dünya musiqiçilərinin əsərlərini
dilimizə tərcümə edərək böyük əzmlə
çalışmaq belə cavan yaşda böyük
bacarıq və qüvvə tələb edirdi.
Ərtoğrul o qarmaqarışıq illərdə
durmadan, yorulmadan çalışırdı. Sanki zamanın onun
üçün daraldığını hiss edirdi. Yazıb-yaratdıqları Üzeyir bəy və
Bülbül tərəfindən yüksək qiymətləndirilən
Ərtoğrul Cavidin qəlbində həyat eşqi,
yazıb-yaratmaq eşqi çox güclü idi. Nota
köçürdüyü 200-dən çox el havaları,
mətnləri, yazıya aldığı çoxsaylı
dastan və nağıllar, fortepiano üçün "9
variasiya”,"Sonatina”, prelüdlər, miniatürlər, pyeslər,
musiqi lövhələri, skripka və fortepiano
üçün "Poema”, "Cəbhədən məktub”
simfonik balladası, nəfəsli orkestr üçün
marşlar, klassiklərimizin sözlərinə mahnı və
romanslar, instrumental və kamera əsərləri,
tamamlanmamış
"Şeyx Sənan”, "Məhsəti” operaları
istedadlı bəstəkar Ərtoğrul Cavidin qısa
yaradıcı ömrünün həm məzmun, həm də
forma baxımından böyük dəyərli əsərləridir.
2004-2008-ci illərdə "Ərtoğrul Cavid, yaxud bir
ailənin dramı” mənzum faciəsini yazarkən ciddi
araşdırmalar apardım. Ərtoğrulun o zaman
ata Caviddən sonra himayədarları olmuş Bülbül və
Üzeyir Hacıbəyovun dili ilə onun
yaradıcılığını təqdim etdiyim mənzum
parçanın oxucular üçün maraqlı
olacağını nəzərə alaraq bəzi hissələrini
pyesdən olduğu kimi təqdim edirəm.
Bülbül
– (üzünü Üzeyir bəyə tutaraq təəccüblə):
-
Belə bir kamillik, iyirmi yaşında?
Gör nələr var imiş bunun başında?
Bunlar xalq
mahnısı, xalq deyimidi,
Bunu nota salmaq deyildir adi.
Mahnının dilinə toxunmayıbdı.
Bunlar, not üstündə oxunmayıbdı.
"Üç
gündə bir, beş gündə bir”,
"Uca dağlar”, "Həyətləri
soğanlıq”.
Hələ
dayan bir anlıq.
Bu gün
çətin tapılar,
Belə gənc istedadlar.
"Qaşın-gözün
sürməli”,
"Dağlarda çiçək” də var.
Üzeyir
bəy: -
Ərtoğrul
yaradar,
Cavid nəslidi,
Ərtoğrul - Cavidin elə əslidi.
Çağlayır
qəlbində min arzu- kamı,
Sanki, dağ selidir, coşur ilhamı.
O həm
rəssamdır, həm də bəstəkar,
Hələ o ürəkdə şairlik də var.
Cabbarla
Ələsgər oxuyan zaman,
Nota köçürübdür onları, güman.
Bülbül
– (Əlində baxdığı not kağızlarını
çevirərək)
Aşıqlardan
yazıbdı "Koroğlu ovşarını”,
Sanki, köçürüb bura, təbiət
baharını.
Bu da
"Güllü qafiyə”, "Paşa köçdü”
mahnısı,
Xalqın ruhu duyulur, çox gözəldi hamısı.
Üzeyir
bəy – (Əlindəki not kağızını
Bülbülə uzadaraq)
Hələ
bax, bu mahnıda deyib əsil sözünü,
Tükəzbanla işləyib, o məşhur
"Kürd qızını”.
(Tükəzban
İsmayılova nəzərdə tutulur)
Bülbül : -
Necə
qabil insan, necə bir cavan,
Nə tərif söyləsək, inan, yeridi.
Belə
düşüncəylə, belə ağılla,
Ərtoğrul, Cavidin şah əsəridi.
Bu misralardan da göründüyü kimi, onun həyat
amalı xalqa xidmətdən ibarət idi. Ərtoğrul
Avropa və rus bəstəkarlarının not şəklində
çap olunmuş bir çox mahnılarını və
romanslarını da dilimizə tərcümə edib. Onun qəlbində həyat, yazıb-yaratmaq eşqi
ilə yanaşı, sevib-sevilmək eşqi də
güclü idi. Lakin qəlbində gəzdirdiyi
pünhan sevgisi elə özü ilə pünhan olaraq əbədiyyət
dünyasına köçdü.
Ərtoğrul
Cavidin müxtəlif vaxtlarda qələmə
aldığı "Göyərçinin naləsi”,
"Qalibiyyət nəğməsi”, "Bahar”, "Borjom”,
"Sönük həyat”, "Dalğa”, "Ay”,
"İspan qadının dilindən layla”, "Sənsən”,
"Layla” və başqa şeirləri vardır. Eyni zamanda
onun "Uğursuz gecə”, "Məktub”, "Oxu,
bülbülüm, oxu”, "Gənc qadının ilk
çocuğu ölürkən”, "Vərəmli bir
qız” kimi nəsr əsərləri də vardır.
Ərtoğrul Cavid Pedaqoji İnstitutda (indiki ADPU-da) tələbə
ikən bir sıra dünya klassiklərinin
yaradıcılığı barədə maraqlı referatlar
hazırlayıb ki, bunlar onun geniş mütaliəsindən və
dərin elmi-ədəbi təfəkküründən soraq
verir. O, Musiqi
Elmi-Tədqiqat Kabinetində çalışdığı
vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından
toplanmış müxtəlif janrlı folklor nümunələri,
eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi
tədqiqat əsərləri barədə dəyərli elmi rəylər
də yazıb.
1942-ci ildə ordu sıralarına çağrılan,
lakin "xalq düşməninin oğlu” kimi cəbhəyə
deyil, Gürcüstanda yerləşən fəhlə
batalyonuna göndərilən Ərtoğrul Cavid orada vərəm
xəstəliyinə tutulur. O, 1943-cü il
aprelin 26-da Tiflis xəstəxanasından böyük
müğənni Bülbülə məktub yazır:
"Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş ki, həyat insanlardan da
insafsızdır. Doğrudan da belə
imiş. Tale məni elə bir dərdə
saldı ki, bütün planlarım, arzularım alt-üst
oldu. Qarşıdakı əsas məsələ
möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir.
Bəlkə, kiçicik ömrümə bir
neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər
sinəmdən qan gəldi. Temperaturum səhərlər
38-dən aşağı enmir, gecə isə 40-a qədər
qalxır. Lazımi davacat və yeməyin
olmaması işləri daha da ağırlaşdırır.
Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor
yazmağa icazə vermir. Məktubu gizli,
uzandığım halda yazıram. Vəziyyətin
bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə
mənə daima qüvvət verir. Məni
yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm
inamdır, mən öz məqsədimə – idealıma
çatacağam. O, musiqidir. Anam salamat gəlib
çatdı. Üzeyir bəyin, sizin və
konservatoriyanın mənə yardım etdiklərini söyləyincə
gözlərim yaşardı. Demək, mən
xatirələrdə yaşayıram. Yardımınıza
görə çoxlu-çoxlu təşəkkürlər
edirəm. Sağlıq olsun, heç bir
yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir.
Orda hər bir şey var. Nənəmlə
qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti
maraqlandıran materiallar toplayacağam. Yanımda
xeyli not və yazı kağızı var. Artıq yazacaq bir
şey yoxdur. Vaxt edə bilsəniz cavab
yazın. Yardımınıza görə
yenə də dönə-dönə təşəkkür
edirəm. Məndən hamıya – kabinetin əməkdaşlarına,
müəllimlərimə, xatırlayanların hamısına
salamlar. Əllərinizi sıxıram.
Sizin Ərtoğrul Cavid”.
Bir müddət Tiflis şəhərində müalicə
olunan Ərtoğrul Cavid Əziz Şərifin köməyi ilə
Naxçıvana gətirilir. O, 14 noyabr 1943-cü ildə 24
yaşında vəfat edib və Naxçıvan şəhər
qəbirstanlığında dəfn olunub. Hüseyn Cavidin nəşinin
uzaq Sibirdən, həyat yoldaşı Müşkünaz
xanımın nəşinin Bakıdan və oğlu
Ərtoğrul bəyin nəşinin Naxçıvan şəhər
qəbirstanlığından gətirilib memarlıq
üslubuna görə Naxçıvan şəhərinin ən
gözəl tikililərindən olan məqbərədə bir
yerdə dəfn olunması ümummilli liderimiz Heydər
Əliyevin Cavid Əfəndi və onun ailəsinə verdiyi dəyərin
parlaq ifadəsi idi.
Bu gün
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət
Məktəbinə Ərtoğrul Cavidin adının verilməsi,
iki il bundan əvvəl 100 illik yubileyinin
keçirilməsi haqqında Naxçıvan Muxtar
Respublikası
Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı
və onun həyata keçirilməsi, böyük Hüseyn
Cavidə və ailə üzvlərinə göstərilən
dövlət qayğısının təcəssümü
idi.
"Ərtoğrul Cavid, yaxud bir ailənin
dramı” mənzum faciəsinin əvvəlində ön
söz əvəzi yazmışdım ki, bir ailənin acı
taleyinin həyat dramında aylar və rəqəmlər
ardıcıllığı da insanı heyrətə gətirir.
Hüseyn Cavidin ailə üzvlərinin
doğum tarixinə nəzər salaq: Hüseyn Cavid 24 oktyabr
1882-ci il, Ərtoğrul Cavid 22 oktyabr 1919-cu il, Turan xanım 2
oktyabr 1923-cü il. Yaxud Hüseyn Cavidin
Bakıda yaşadığı evin nömrəsi: 59,
sürgündə vəfat etdiyi yaş: 59 , sürgündəki
ölüm aktının nömrəsi: 59, Sibirdəki qəbrinin
nömrəsi:59. 1937-ci ildə ayrılan ailə üzvləri
də əbədiyyətə qovuşduqdan 59 il sonra
Naxçıvanda görüşdülər. Hüseyn
Cavidin və ailə üzvlərinin həyatında 3 və 13
rəqəmlərinin də sanki sirli şəkildə təkrarı
vardır.
Həyata gəlişləri xəzanlı
payız gününə təsadüf edən ata və
övladların mənalı ömürləri də xəzana
döndü. Payız küləyinin budaqdan qoparıb müxtəlif
yerlərə səpələdiyi saralmış yarpaq kimi…
Bu payız Ərtoğrul Cavidin 102 yaşı tamam olur. Nəzərimizdə
saçı, saqqalı ağarmış bir qoca kişi siması canlanır. Lakin
yaşadığı qısa – 24 ilə nəzər
saldıqda, fikirləşirsən ki, az bir müddət ərzində
bu qədər əsərlər yaradan insan tam bir ömür
yaşamış olsaydı nələr yaratmazdı,
ömür vəfa etsəydi görün musiqi xəzinəmiz
dəyərli əsərlərlə nə qədər zənginləşərdi?..
Həsənəli EYVAZLI
Azad Azərbaycan.-
24 sentyabr.- S.7.