Arzusuna çatan Şəhidim

 

 

 

Şəhidlik zirvəsi uca zirvədir. Ona hər adam yüksələ bilməz. “Torpağa su qatılsa palçıq olar, torpağa şəhid qanı tökülsə Vətən olar”. Bu Vətəni igid Azərbaycan əsgərləri qoruyur. Belə qəhrəmanlardan biri Şəhid kapitan Cabbarov Seymur İlham oğlu idi.

 

Seymur Cabbarov 16 mart 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Çərçiboğan kəndində anadan olub. O,  1993-cü ildə Ramiq Abbasov adına orta məktbin 1-ci sinifinə gedib, 2001-ci ildə həmin məktəbin 8-ci sinifini bitirib. Heydər Əliyev adına hərbi liseydə təhsilini davam etdirib. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub 2008-ci ildə həmin məktəbi bitirib.

 

Seymura 2008-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilib Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin Zabit İxtisas Kursunun dinləyicisi təyin edilib. O, 2009-cu ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin zabit ixtisası kursunu bitirib.

 

 

 

Seymur Cabbarov 2009-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən Gəncə şəhərinin N saylı hərbi hissəsinə 2-ci motoatıcı taborunun tağım komandiri vəzifəsinə təyin edilir.

 

2010-cu ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursunda "Motoatıcı bölük komandiri" kursunu da bitirir. 2011-ci ildə isə Müdafiə nazirinin əmrinə əsasən Seymura Baş  leytenant rütbəsi verilir Gədəbəydə N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun bölük komandiri vəzifəsinə təyin edilir. 2014-cü ildə O, 4-cü motoatıcı tabor komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunur. Seymur 2015-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəsinə bərabər vəzifəyə keçirilir. Həmin ilin avqust ayında isə Müdafiə nazirinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə təyinat alır.

 

Naxçıvan MR- olduğu müddətdə hərbidə qazandığı uğurlara görə Müdafiə nazirinin əmrinə əsasən Seymura kapitan rütbəsi verilir. O, Naxçıvan MR- müxtəlif N saylı hərbi hissələrdə xidmətini davam etdirir. Seymur 2020-ci ildə könüllü olaraq Beyləqan rayon N saylı hərbi hissədə xidmətini davam etdirir.

 

Seymur Cabbarov 27.09.2020-ci ilin sentyabr ayında başlayan İkinci Vətən Müharibəsində qəhrəmancasına şücaətlər göstərir Füzuli uğrunda gedən döyüşlərdə 03.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalır.

 

06.10.2020-ci ildə Şəhid kapitan Seymur Cabbarov Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn edilir. Beləcə Şəhidimiz canından Vətənə can verərək şəhid olur.

 

Şəhid kapitan Cabbarovun həyat yoldaşı onun haqqında belə deyir: «O çox mehriban, gülərüz, zarafatcıl biri idi. Kitab oxumağı çox xoşlayırdı, arzuları çox idi. Ən böyük arzusu da bir ata kimi övladlarını böyütmək idi. Yoldaşımgil ailədə üç uşaq olublar, ən böyüyü Seymur, qardaşı Nicat, bacısı Ruziyyədir. Onlara qardaşlıq etdiyi kimi ətrafındakı hər kəsə qardaşlıq edirdi. 11 ildi ki, Seymuru tanıyıram, mən hələ bir insanın ondan küsüb incidiyini görmədim. Heç vaxt işində olanı evdə deməzdi. Məncə əsl zabitə yaraşan da elə bu idi. Ailəsi olaraq onunla hər zaman qürur duyub fəxr etmişik bu belə davam edəcək».

 

Təbii ki, Azərbaycan xalqının 27 il həsrətində olduğu o torpaqlar belə Şəhid qəhrəmanlarımızın qanları ilə alındı. Ruhlarınız qarşısında baş əyirik, Şəhidlərimiz, haqqınızı bizlərə halal edin!

 

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Hacı Tofiq SEYİDZADƏ

 

 Azad Azərbaycan.- 2021.- 19 yanvar.- S.4.