Xankəndində
Azərbaycan bayrağı mütləq dalğalanacaq
Həmkar
Onunla
iş otağında görüşdük. Otağın
abu-havasından kənar göz belə hiss edər ki,
yaradıcı insanın məkanıdı bura. Eyni
dövrün yetirmələri, eyni ilin həmyaşıdları,
eyni məktəbin məzunlarıyıq. Uzaq 70-ci ilin əvvəllərində:
“Yadda saxla ki, sən ordenli məktəbdə oxuyursan”
süarı asılan məbədin astanasından daxil olub,
divarları arasında təhsil alarkən, kimin aglına gələrdi
ki, sərdənini öz axarı ilə sürən dövran
nə vaxtsa, bizi iki həmkar kimi üz-üzə gətitəcək.
Mən sual verəcəəm, o isə özünəməxsus
pafosla cavablandıracaq. Əslində eyni sinifdə də oxuya
bulərdik, amma bu, ona nəsib olmayıb. Olsaydı, bizim kimi
on illik təhsili doqquz ilə başa vurardı. Bunun da səbəbini
söhbət əsnasında müsahibim özü
açıqlayacaq. Onun bir fikri çox maraqlı səsləndi:
“Təbii ki, mükafat almaq çox xoşdu, lakin bundan
ötrü heç bir addım atmamışam”. Mən də
bunu əlimdə bayraq edib onu nə mükafatları, nə də
fəxrı adı ilə təqdim edirəm, sadəcə
deyirəm ki, “Həmkar”ın bugünkü qonağı
Elçin Şıxlıdı.
MƏN
1957-ci
ilin payız fəslində ziyalı ailəsində bu
dünyanı salamlamışam. 1974-cü ildə 190 saylı
orta məktəbi, 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunu (indiki ADU) ingilis və alman dilləri müəllimi
ixtisası üzrə bitirmişəm. İnstitutun sonuncu
kursundan əmək fəaliyyətinə başlamışam.
Hərbi xidmətə qədər Nazirlər Soveti yanında
Xarici Turizm İdarəsi informasiya-reklam söbəsində
müfəttış vəzifəsində
çalışmışam. Almaniyada hərbi xidməti
başa vurub qayıtdıqdan sonra iş tapmaq problemi
yaşadım. İşlədiyim yerə qayıda bilmədim,
çünki orda artıq mənə dərs deyən müəllim
çalışırdı. İki aydan sonra “İnturist”in
Bakı filialında tərcüməçi kimi fəaliyyətə
başladım. 1981-1990-cı illər arasında Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində
referent, Maarif Nazirliyi Kollegiyasının katibi, Sovet Uşaq
Fondunun Azərbaycan bölməsi üzrə İdarə Heyəti
aparatında baş referent və “Azərbaycan Kommunisti” –
“Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi vəzifələrində
çalışmışam. Jurnalın baş redaktoru Kamran
Rəhimovla əvvəllər bərabər işləmişik
və jurnalistikaya gəlişim də elə burdan
başladı. Jurnaldan ayrıldıqdan sonra “Ayna”-“Zerkalo” qəzetlərində
baş redaktorun müavini, “Ayna Mətbu Evi” şirkətinin
prezidenti, 2001-2014-cü illər arasında “Ayna”-“Zerkalo” qəzetlərinin
baş redaktoru oldum. 2016-cı ildə “ayna.az” saytını təsis
edərək fəaliyyətimi davam etdirirəm. Azərbaycan
Jurnalistlər Birliyinin sədri, Azərbaycan
Yazıçılar Birliyinin üzvüyəm.
OCAQ
Nəslimiz
Qazaxın II Şıxlı kəndindən olan
Şıxlinskilər kökünə bağlıdı.
Müəllim ailəsində doğulan atam İsmayıl
Şıxlı görünür bu xətti davam etdirmək
üçün pedaqoqluğa üstünlük verib. Kosalar kənd
məktəbində müəllimlikdən başlayan yol Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi ad.Azərbaycan
Dövlət Pedaqoji Universiteti) “Xarici ölkələr ədəbiyyatı”
kafedrasının müdiri vəzifəsinədək
uzanıb. Lakin Azərbaycan ictimaiyyəti onu nasir, ədəbiyyatşünas,
yazıçı, ssenerist, ictimai fəal kimi də
tanıyır. Anam Ümidə Şıxlı həkim olub,
lakin əsas yük onun çiynində olduğundan bizə
görə işindən ayrılıb. Atamın yolunu davam
etdirən məndən fərqli olaraq kiçik
qardaşım Fərrux rəssamlığı seçdi. Və
düşünürəm ki, İsmayıl Şıxlı
adına layiq ola bilmişik.
ATA
Mən
atamın kim olduğunu böyüyəndən sonra dərk
etmişəm. Hər ikimiz üçün o, bir ata idi. Bizə
çox diqqət və qayğı göstərib. Atamın
xasiyyətində əzizləyib oxşamaq olmayıb, amma məhəbbətini
həmişə hiss etdirib. Bilirdik ki, nə vaxt əlimizi
uzatsaq, o əli mütləq tutacaq. Əsl dayaq idi atam. Bizim
üçün hər şey edərdi. Yadımdadı,
1969-cu ildə Bakıya möhkəm qar
yağmışdı. Öz əlləri ilə xizək
düzəldib o qarın içində məni həvəslə
gəzdirdi. O zaman motorlu oyuncaq qayıqlar
çıxmışdı. Sanki bir dəb halını
almışdı bütün valideynlər uşaqlarını
bulvardakı Venesiyaya, ya da Malakan bağına gətirərdi.
Atam da bizi gətirib o qayıqları necə suya
buraxmağımızı kənardan ləzzətlə izləyərdi.
Böyük səbrlə dinləməyi bacarırdı, bu da
yəqin pedaqoqluğundan irəli gəlirdi. Həmişə
deyərdi ki, bir işiniz olanda, ora-bura getməyin, gəlin mənə
deyin, məsləhətinizi də alın. Bununla belə, onun
qoyduğu qanunlara mütləq əməl olunardı. İki
yaşından məni rus dayəsi böyüdüb, lakin evdə
ünsiyyət yalnız ana dilində idi. Bizim həyətin
uşaqları ya 190, ya da 132 saylı məktəblərdə
oxuyub. Atam deyərdi ki, əgər mənim övladım
yazdığımı oxuya bilməyəcəksə, onu kimin
üçün yazıram. Heç vaxt bizim üçün
kiməsə nədən ötrüsə ağız
açmayıb. Bunu qəti sevməzdi. Amma məsələ təhsillə
bağlı olanda orda atam mütləq vardı. Məktəbə
gedəndə yeddi yaşıma bir ay dörd gün
çatmırdı. Özüm də “A” sinfində oxumaq istəyirdim.
Atamın qəribə bir prinsipi vardı – nə bir şeir, nə
bir nağıl, nə də bir hərf öyrətmişdi mənə.
Deyirdi ki, bunları mən öyrədəcəyəmsə,
məktəb nəyə lazımdı. Sorğu-sualdan
keçmədiyimə görə məni “A” sinfinə qəbul
etmədilər. Güc-bəla ilə keçəl
haqqında bir nağıldan nəsə danışdım.
“V” sinfinin müəllimi rəhmətlik Hökümə
Qurbanova məni bağrına basıb dedi ki, bu
uşağı mən öz sinfimə götürürəm.
O da birinci gündən Şıxlinski soy adımı
Şıxlı yazdığından onuncu sinfədək elə
də getdi. Məktəbi bitirəndən sonra sənədlərimi
xarici dillərə verdim. Məktəbdə fars dili keçsəm
də, ikinci sinifdən ingilis dili ilə məşğul
olurdum. Sənəd qəbulu zamanı dili bilmə səviyyəmi
yoxladılar. Orda bir müəllimə dedi ki, Moskvaya
üç yer var, sənədlərini ora ver. Sevincimdən
özümə yer tapmadım, 16 yaşlı yeniyetmə,
Moskvada təhsil, bunu ancaq arzulamaq olardı. Bununla belə evdə
məsləhətləşməli idim. Atamın cavabı bu
oldu ki, yaxşı, baxarıq. Bir gündən sonra atam gəlib
dedi ki, oğul, sənədlərini elə bura ver. İllər
sonra atam o yerlərin namizədlərinin artıq bəlli
olduğunu mənə dedi. Birinci kursun əvvəlində məlum
oldu ki, SSRİ-yə İngiltərədən dərs deməyə
beş müəllim gəlib və biri bizim instituta
düşüb. 24 yaşlı gənc bir müəllim idi.
Bir Azərbaycan, bir rus bölməsindən ibarət iki qrup
seçildi. Qrupda mən də var idim. Əvvəl rus bölməsinin
dərsi başladı, biz də həyəcanla onların dərsinin
bitməsini gözləyirdik. Bir də məlum oldu ki, müəllim
Azərbaycan bölməsinə dərs keçməkdən
imtina edir, çünki heç rus dilini bilmir. Dilxor halda gəlib
atama dedim ki, məhz bu ingilisdən dərs almaq
üçün rus bölməsinə keçmək istəyirəm,
çünki bu dili səlis bilirdim. Nəhayət atam nazirin qəbuluna
gedəndən sonra bu məsələ həllini tapdı. Hərbi
xidmət ərəfəsində çox narahatlıq
keçirirdim. Atam bircə kəlmə dedi ki, hara düşəcəksən,
orda da xidmət edəcəksən. Bu sözdən sonra ona nə
demək olardı ki... Hərbi çağırış məntəqəsində
böyük həyəcan içində gözləyirdim. Bir
də gördüm atam gəldi, elə sevindim ki... Mənə
nəzər salmadan içəri keçib beş dəqiqədən
sonra gəldiyi kimi də getdi. Müəmma içində
qalmışdım. Sonra məlum oldu ki, atam gəlib deyib: Mən
xahişə gəlməmişəm. Gəlmişəm deyim
ki, bu uşaq iki xariçi dil bilir, bunu nəzərə
alasız. Və atamın bu gəlişi mənim hərbi xidməti
Almaniyada keçməyimlə nəticələndi. O bizim
üçün həmişə güc mənbəyi olub və
aramızda olan müəyyən pərdəni həmişə
qorumuşuq.
JURNALİST
Elə
bir mühitdə böyümüşəm ki, qələmə
sarılmağım mənə qeyri-adi görünmədi. Mənim
üçün İlyas Əfəndiyev İlyas əmi,
Əliağa Kürçaylı Əliağa əmi, Kamal
Talıbzadə Kamal əmi idi. Bəxtiyar əmi dediyim Bəxtiyar
Vahabzadənin böyük şair olduğunu çox sonralar
bilmişəm. Bu baxımdan qələm mənim
üçün doğma idi. “Azərbaycan Kommunisti”
jurnalında rəhmətlik Rauf Talışinski ilə bir
şöbədə işləyirdik. 1989-cu ilin ortalarından
“Kommersiya xəbərləri” adlı qəzet
buraxırdıq, lakin sahibi biz deyildik. Bu əlavə qazanc idi
bizim üçün. Həmin zaman yenidənqurma dövrü
idi, azadlığın abu-havası gəlirdi. Raufun saysız
ideyaları vardı, lakin qəzetin məsul şəxsi mətbuatdan
uzaq olsa da, özünü qabartmağa üstünlük
verdi, bununla da yollarımız ayrıldı və biz öz
ideyamızın arxasınca getmək qərarına gəldik.
Beləcə, “Ayna-Zerkalo” qəzeti yarandı. Artıq
çalışdığımız jurnaldan ayrılmaq məqamı
çatmışdı. Növbə ilə Kamran müəllimə
yaxınlaşıb ərizələrimizi təqdim edəndə
o, çıxılmaz vəziyyətdə qaldı,
çünki ikimiz də gedirdik. Xeyli tərəddütdən
sonra ondan xeyir-dua da aldıq. Bu, o zaman ilk rus dilli müstəqil
qəzet idi, “Ayna” isə Azərbaycan dilində sayca
beşinci. İşimizi elə qura bildik ki, fərqli bir oxucu
təbəqəsi qazandıq. Sözün həqiqi mənasında
işləyirdik. Ölkədə beş manatlıq reklam
vardısa, onun dörd manatı “Ayna-Zerkalo”nun idi. Əvvəllər
rus dilindəki materialların tərcüməsi ilə
çıxsaq da, 2001-ci ildən “Ayna” müstəqil qəzet
kimi fəaliyyətə başladı. Böyük
yaradıcı heyət var idi. “Ayna”nın uşaqları
“Zerkalo”nun planlaşmasına qulaq asırdı, onlar bizim.
Əməlli rəqabət yaranmışdı, lakin çox
maraqlı idi. Bütün bunları gözü götürməyənlər
oldu, çox hadisələr baş verdi. Sonra
yavaş-yavaş yayım sistemini çökdürməyə
başladılar, reklam verənlərin ayağını kəsdilər,
Rauf Mirqədirov kimi bir jurnalisti həbs etdilər. O zaman
jurnalistlər arasında Qarabağ problemini onun qədər
bilənlər tək-tük idi. Lakin onu susdurdular, bir qism əməkdaşa
yüksək məvacib təklif olundu, bəziləri isə
jurnalistikadan tamam ayrıldı. Və nəticədə 24 il
Azərbaycan mətbuatında külüng çalan qəzeti
bağlamağa məcbur olduq. O zaman yaşadığım
hisslərin sözlə ifadəsi yoxdu, sanki dünya uçub
altında qalmışdım. Ömrümü həsr elədiyim
işi bir göz qırpımında itirmişdim. Mənə
heç kim heç nə verməmişdi. İlk dəfə
ciddi bir məsələdə atamın sözündən
çıxmışdım. Üç ay atam məni
danışdırmadı. Qəzetin ilk nömrəsi
çıxmışdı. Atam evdəkilərlə Qazaxa
gedirdi. Bir nüsxə yoldaşım vasitəsilə atama
çatdırdım. O zaman Ağstafaya təyyarə reysi
vardı, 40-45 dəqiqəlik uçuş idi. Bütün
uçuş vaxtını atam qəzeti oxuyub. Kəndə
bibimgilə çatanda qəzeti stolun üstünə qoyaraq
deyib ki, bu da bizim uşağın buraxdığı qəzet.
Bu cür çətinliklərdən sonra hər şeyin
üstündən bir qələm çəkildi. Qəzet
bağlanandan sonra dedim ki, daha yazmayacam. İki il dediyim kimi
oldu. Lakin bir əzizimi itirəndən sonra yenə də əlim
qələmə sarı uzandı, çünki o
yorulmamışdı. Yorulan zehin idi, tab gətirməyən
isə ürək. Hazırda sayt kimi fəaliyyət göstərsək
də, bu, mənim üçün yanğından sonra
küllə oynamaqdı. Qəzet tamam başqa aləmdi.
Bugünkü platforma daha çevik olsa da, qəzet bir müəssisədi.
O zaman 150 nəfərlə çalışırdım, indi
5 nəfərlə. Bu gün əvvəlki auditoriyanı
qazana bilməmişik. Əvvəla həmin auditoriya yoxdu,
ikinci,qəzet oxuyan yoxdu, çünki ciddi yazı
oxuyanların sayı olduqca azdı. Gənclər ancaq
telefondan asılı vəziyyətdədi, beyni
havalıdı, sarı mətbuata daha çox meyllidilər.
Bu, hamıya aid olmasa da, ümumi kütlədə bu hal
üstünlük təşkil edir.
MEDİA
Etiraf
edm ki, bugünkü jurnalistika məni qane etmir, çünki əksəriyyət
savadsızdı. 10-15 il əvvəl oxucu ciddi, normal yazı
oxuyurdu, boş yazılara əhəmiyyət vermirdi. İndi həmin
oxucu yoxdu və bundan istifadə edən boş yazılar
keçib ön plana, ciddi yazılara məhəl qoyan yoxdu. Bu
gün bizim efir məkanında nələr var? Əksəriyyət
yalan, düz olanlar da zövqsüz. Azərbaycanda efir məkanı
böyük əksəriyyətlə şoudan ibarətdi.
Şou lazımdı, amma bizdə o yoxdu. Dilimizin lüğət
tərkibinə yeni sözlər daxil olub – sənətçi,
bəstəçi. Burda onlarla tam razıyam ki, adlarını
düzgün qoyublar, çünki nə sənətçi sənətkar,
nə də bəstəçi bəstəkar ola bilməz və
bütün bunlara jurnalist adı daşıyanlar,
aparıcılığı ilə öyünənlər
göz yumur. Bu gün hamı sarı mətbuatdan
danışır, əlinə qələm alıb iki
sözü yanaşı yazmağa cəhd göstərənlər
kimisə təhqir edirlərsə, bunu bir fəxr sayırlar.
Jurnalistikada peşəkarlıq olmadığı
üçün təhqirlə tənqidi bir-birindən
ayıra bilmirlər. Halbuki jurnalistika fakültəsində bu
fərqi öyrədirlər. Sarı mətbuat o demək deyil
ki, kimisə təhqir edəsən. Bu mətbuat xaricdə də
var, intəhası onlar peşəkardı. Dünyada ən
böyük sarı mətbuat Almaniyanın “Bild” qəzetidi.
Orda hər yazını əvvəl hüquq şöbəsi
oxuyur, rəy verir, yalnız ondan sonra yazı çapa gedir. Bu
onun üçündü ki, sabah məhkəmə çəkişməsi
yaranarsa, hüquqşünas bu işi udacağını
bilir. Yox, əgər müdafiə edə bilməyəcəksə,
bunu əvvəlcədən baş redaktora bildirir. Bizdə bu
məfhumun nə demək olduğunu belə düzgün
bilmirlər. Hərə əlinə bir telefon alıb, istədiyini
çəkib yayır, adını da qoyub vətəndaş
jurnalistikası. Sual edirəm – vətəndaş həkimliyi,
vətəndaş müəllimliyi, vətəndaş mühəndisliyi
varmı ki, vətəndaş jurnalistikası da olsun?
Jurnalistika peşədi, özü də çox çətin
peşə. Mən həmkarlarıma demək istərdim ki, əgər
jurnalistika onların həyat tərzi deyilsə, işi
buraxsınlar, başqa yolla getsinlər. Jurnalistlər
dördüncü hakimiyyətdi, bu, elə-belə deyilən
bir söz deyil. Səlis və təmiz jurnalistika
olmalıdı ki, idarəetmədə düzgün qərarlar
qəbul edilsin.
VƏTƏN
Vətən
bütün varlığımdı. Nə özümün,
nə ailə üzvlərimin dil problemi yoxdu. Getmək istəsəydim,
bu addımı atardım. Dünyanın çox ölkələrində
olmuşam. Artıq beşinci gün darıxma hissi gəlir,
özünə yer tapa bilmirsən və Bakının o neft
qoxusunu axtarmağa başlayırsan. Hətta rayona gedəndə
belə, çox qala bilmirəm. Baxmayaraq ki, təbiət, hava
hər şey gözəldi, lakin mən dənizsiz qala bilmirəm.
Düzdü, başqa yerdə də dəniz görürsən,
lakin mən özümünkü olanı istəyirəm. Bir
tələbə yoldaşım var. Nyu-Yorkda yaşayır,
Amerika vətəndaşıdı. On il əvvəl orada
onunla görüşdük. Dedi ki, Elçin, hər şey
var. Milyonçu deyiləm, amma heç nəyə də
ehtiyacım yoxdu. Lakin burda mənə heç kim heç vaxt
Aydın müəllim deməyəcək. Vətənsiz olmaq
budu.
HƏMKAR
Sovet
dövrünün yetirməsi olsam da, o zamanlar
üçün indi heyfsilənmirəm. Təbii ki, onun
yaxşı tərəfləri vardı. Yaxşı o idi ki,
cavan idik, dünyanın problemləri çiyinlərimizdə
deyildi və bizim üçün hər şey əla
görünürdü. Təhsili həm yaxşı idi, həm
də fərqli. Məktəbi bitirənə yaxın xatirə
dəftəri olurdu hamıda, biri də məndə vardı.
Son zamanlar səliqə-sahman yaradanda, o dəftər əlimə
keçdi və diqqət etdim ki, o vaxt bir məktəblinin
yazdığı bu günün bəzi fəlsəfə
doktorunun yazdığından üstündü, çünki
bizim dövrümüzdə təmiz, səlis, aydın Azərbaycan
dili vardı. Tamamilə o dövrü silmək düzgün
deyil ona görə ki, o epoxadan çıxanlar arasında
yaxşılar çoxdu. Bunu o zaman dərk etməsək də,
çətin tərəfləri də vardı o
dövrün. 1967-ci ildə Türkiyəyə ilk turist səfəri
idi, gedən yazıçılar arasında atam da vardı.
Anketdə bir qrafa vardı, orada xaricdə qohumlarının
olub-olmamasını qeyd etmək lazım idi. 20-30-cu illərdən
İsmayıl Şıxlının dayıları orada
emiqrant idilər. Atam o zaman onları axtarıb tapmaq istəsə
də, qaçıb gizlənmişdilər. Müstəqillik
illərində köhnə DTK işçilərindən biri
atama demişdi ki, biz sizdən yaxsı bilirdik ki,
dayılarınız hardadı və nə edir. Uzun illər
BDU-da və Slavyan Universitetində dərs demişəm və
bu günün gənclərinin nə istədiyini həqiqətən
bilmirəm. Kimin ağlında nə var anlamaq olmur. Əgər
ailə əvvəllər bizim üçün ciddi bir məsələ
idisə, indi gənclər buna fərqli baxır və nəticədə
də boşananların sayı artır. Etiraf edirəm ki, mən
köhnə kişilərdənəm. Bir dəfə dostum
İbrahim Nəbioğlu ilə çay içməyə
getdik. Ətrafa baxıb gördüm ki, məkanda bizdən
başqa kişi cinsinə mənsub heç kəs yoxdu,
hamısı gənc qızlardı. Yemək istədilər
getdilər restorana, çay istədilər getdilər kafeyə,
təmiz paltar lazımdı maşın bu məsələni
həll elədi. Əslində mən qadınları daha
güclü hesab edirəm. Biz kişilər qoldan güclü
ola bilərik, lakin dözümlülük və bir çox cəhətdən
onlara uduzuruq. Övladın yükünü
daşımağın nə qədər çətin
olduğunu bilirik. Qadın ocağı yaradan və onu
qoruyandı. Və bunları düşünüb indiki gənclərə
baxanda, mənim üçün onları anlamaq çətindi.
Bu gənclərdən ikisi elə öz evimdədi. Mən
onlara lazım olanda, üzümü az-az görürdülər.
Səhər mən işə gedəndə də
yatmış olurdular, gecə işdən qayıdanda da.
Bütün yük, ağırlıq analarının
çiyinlərində idi. Vaxt keçdi, stabillik yarandı,
onlarla ünsiyyət qurmağa çalışsam da: “ata,
işim var, mən qaçdım” deyərək, beləcə
əvəz çıxdılar məndən.
Bacarıqları olsa da, yolumu davam etdirmək istəmədilər.
Deyə bilmərəm ki, ailədən aldıqlarımı
övladlarıma tam ötürə bilmişəm,
çünki onların böyüdüyü mühit də
var. Lakin ötürdüklərim olsa da, zamanla onları bəyənmirlər.
İndi arxaya boylananda yaşadıqlarımı geri
qaytarıb başqa cür ömür sürmək istəməzdim.
Yalnız valideynlərimə qarşı daha diqqətli olmaq
istəyərdim, bu, dəqiqdi, çünki insan özü
yaşlandıqca, hiss edir ki, nəyi isə səhv edib.
QIRX
DÖRD GÜN
Biz
lazım olduğundan artıq gözlədik və ədəb
göstərdik. Lakin artıq ədəb göstərmək
vaxtı deyildi. O zaman gücümüz yox idi. Atamın icazəli
ov tüfəngi vardı, onları da bizlərdən
yığırdılar, halbuki düşmənin topu-tankı
vardı. Onlar illərlə buna hazırlaşanda, bizim
üçün həyat öz axarı ilə davam edirdi.
Lakin artıq səbr kasası deyilən bir şey
qalmamışdı bizlərdə. 1993-cü ildə səkkiz
nəfərdən ibarət kiçik jurnalist qrupunu Amerikaya
aparmışdılar. “San Antonio Express” qəzetində Qarabağ
deməkdən şöbə müdirini təngə gətirdik.
Axırda dilə gəlib dedi ki, məni yaman yorduz, bunu
yazı şəklində versəz, qəzetdə çap edərəm.
Bunu gözləyirmiş kimi, yazını yazdıq, düzəlişləri
etdik, onların ingiliscəsinə tərcümə olunaraq
çapa getdi. Yazıdakı əsas fikir bundan ibarət idi
ki, əgər bizim aramıza heç kəs girməsə,
altı aydan sonra erməni sürünə-sürünə gəlib
deyəcək ki, “kirvə, vəziyyət gərgindi, nə
olubsa, bizi bağışla”. Bumeranq deyilən bir qanun var –
atılan daş mütləq geri qayıtmalıdı və
qayıtdı da. II Qarabağ müharibəsi labüd idi,
çünki dövlət artıq sülh deməkdən
bezdi və Ali Baş Komandan güclü və sərrast
ordusuna hücum əmrini verdi. Nəticə də göz
qabağındadı. Uzun illər biz özümüzü
natamam hiss etmişik, düşünmüşük ki, əlindən
bir şey gəlməyən bir toplumuq. Bu gün beynəlxalq
strukturların araşdırmalarına görə, Azərbaycan
dünya üzrə üçüncü xoşbəxt
ölkə kimi qeydə alınıb. Bu illər ərzində
düşmənin gücü özündə olmayıb
heç vaxt, güclü onun havadarları olub və bu
yazıqlar da, onların kölgəsində
sürünüb. Bundan əlavə dünyanın iri ölkələri
neft və qaz sektorunda Azərbaycana külli investisiya qoyub və
bu baxımdan Azərbaycanın müharibə zonasına
çevrilməsi onlar üçün arzuolunan deyildi. Təbii
ki, burda bizim də iqtisadi marağımız var. Bütün
bunlara rəğmən ölkə rəhbərliyi
atdığı bu addımla bizim də, düşmənin
gücünü dünyaya göstərdi. Erməninin
havadarları özlərini kənara çəkdi və biz
düşmənlə təkbətək qala bildik. Bu otuz ildə
praqmatik siyasət yürüdüldü. Bir var əli
yalınsan və qarşında böyük bir qaya dayanıb.
Sən də onu adlamaq istəyirsən. İrəli gedirsən,
nəticədə başın qayaya dəyib yarılır.
Bir də var, sən o qayanın strukturunu öyrənirsən,
möhkəmlənirsən və anlayırsan ki, qayanın
içindən keçməyə ehyiyac yoxdu, istədiyinə
qayaya dırmanıb aşmaqla da nail olmaq olar. Bizim də
işimiz güc toplamaqdan, müasirləşməkdən və
uyğun olan geosiyasi məqamı gözləməkdən ibarət
oldu. Müharibə böyük bir riskdi, nəticəsi bəlli
olmayan risk. İndi insanlar arasında narazılıqlar var ki,
niyə müharibəni dayandırdıq, gərək
axıra qədər gedəydik. Biz heç nəyə
baxmadan müharibəni davam etdirsəydik, 44 gün ərzində
hərb yolu ilə qazandığımız ugurları itirmək
riski ilə üzləşə bilərdik. Biz kiçik bir
“qurban” verməklə, üç rayonu bir güllə atmadan,
şəhid vermədən geri ala bildik. Qalan bir Xankəndidi,
bir də oyuncaq bir qurumdu ki, qısa bir müddətdən
sonra onları da çıxara biləcəyik. Və qəti əminəm
ki, Xankəndinin ən uca zirvəsində Azərbaycan
bayrağı mütləq dalğalanacaq. Otuz il gözləyən
xalq bir-iki ili də gözləməyə qadirdi.
SÖZ
ARDI
Onunla
ötən il görüşüb söhbətləşsək
də, Yeni ilin ilk müsahibi olmaq həmkarımın
payına düşdü. Çox ağır bir ili yola
saldıq, şəhidlər verdik, lakin sonda Ali Baş Komandan
“QARABAĞ AZƏRBAYCANDIR!” şüarının
dünyanın hər nöqtəsində səslənməsinə
nail oldu. Biz heç zaman nə zəif, nə aciz, nə xain,
nə satqın millət olmamışıq. Məcburiyyət
qarşısında namərd qılıncından daman qana
baxa-baxa qalsaq da, “Haqq incələr, lakin üzülməz” deyən
atalarımızın kəlamlarına güvənmişik. Və
nəticədə atılan daş geri qayıtmaqla, haqqı
nahaqdan ayırd edə bildi.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 4.