Asimana qovuşan müqəddəs ruhlar

 

Könlüm pərvaz etdi qalxdı havaya

Yer üzündən asimana yetişdim...

                             M.P.Vaqif

 

Dahi şairin misralarında eşq şərabı içən lirik qəhrəman həmin sevdanın təsirindən asimana yetişir... Eşq şərabı verilən qəhrəman İlahi eşqə varanda onun ruhu pərvazlanıb asimana yüksəlir. Bu eşqin qaynağı müxtəlif ola bilər: insani eşqdən də göyərə bilər, Vətən eşqindən də... Hər ikisini bəxş edən Uca Tanrıdır. Saflaşan, büllurlaşan eşq Tanrıya yönələrək asimana yüksəlir. Əgər birincilərin qaynağını Uca Tanrı insandan formalaşdırırsa, digəri doğma Vətəndən, məkandan, yer-yurddan qaynaqlanır. Vətən yolunda canlarını fəda edənlərin eşqi də Vətəndən göyərən eşqdir. Vətən üçün alışıb-yanan bu ruhlar asimana ucalanda rahat olurlar, əbədiyyən asimanı özlərinə məkan seçirlər. Yer üzündə qalan, onları daim xatırlayan Vətəninin insanları bu ruhları əzizləyərkən onlar da asimanda daha da qürurla dolanırlar. Bəli, bu ruhlar müqəddəs şəhidlərimizin əbədiyyən Vətən asimanında yaşayacaq ruhlarıdır.

İkinci Qarabağ müharibəsində döyüşən oğullarımız bir daha sübut etdi ki, Vətən aşiqləri məhz Vətən üçün doğulanlardır. Bu igidlərin hərəsinin öz maraqlı taleyi, arzuları var idi. Onların hər birinin bir dünya qədər böyük ürəyi varmış... Elə ona görədir ki, gözlərini belə qırpmadan Vətənə qurban oldular. Vətən üçün əziləni Vətən əzizlər – demiş ulularımız. Onlarsa Vətən üçün əzilmədilər, sözün əslində, Vətənə fəda oldular. Bu hər kəsə nəsib olmayan şərəfdir ki, bu şərəli yolun yolçularından biri də şəhid qəhrəman Asiman Əliyevdir. Vətənin azad asimanında rahat dolaşan Asiman adlı yaraşıqlı, nurlu igidimiz... Adını valideynləri verdi, taleyini Tanrı Vətənə bağladı. İlahidən qəlbə gələn bu ad onun taleyini Vətənin asimanı ilə qovuşdurdu. Bu gün Asimanın müqəddəs ruhu Vətənin azad asimanında rahat dolaşır.

Asiman Əliyev 1987-ci ildə fevral ayının 1-də qədim türk-oğuz yurdu Naxçıvan MR Ordubad rayonunun Düylün kəndində dünyaya gəlmişdir. Ailənin ilk övladı olan Asiman uşaq yaşlarından - məktəbdə oxuduğu 1993-2001-ci illərdən onsuz da Naxçıvan MR məktəblərinin şüarınaçevrilmiş Vətən sevgisinin hədsiz dərəcədə aşılandığı tərbiyənin təsirində böyüyürdü. Bu sevgisi zaman-zaman inkişaf edərək onu hərbi məktəbə gətirdi. Asiman 2001-2004-cü illər ərzində Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldı. Və Vətən sevgisi Asimanı hərbi akademiyayadək apardı. Burada - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı Taqım Komandiri” ixtisasına yiyələnən Asiman 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Zabit” ixtisasına da yiyələnmişdir.

İstər orta məktəbdə, istərsə də hərbi məktəbdə və akademiyada oxuduğu müddət ərzində Asiman öz davranışı, tərbiyəsi, əxlaqı, ələlxüsus da vətənpərvərliyi ilə diqqət önündə idi. Asiman işinə o qədər həssas və sevgiylə yanaşardı ki, bütün bunlar nəticədə onun həmin hərbi məktəbdə müəllim kimi fəaliyyəti ilə nəticələnir. Belə böyük Vətən sevgisi ilə varlığı süslənmiş müəllimin yetirmələri də Vətən aşiqləri idilər. Asiman neçə-neçə qəhrəman və igid hərbiçi yetirməklə onsuz da Vətənə layiqincə xidmət edirdi. Asiman Əliyev həm də aprel döyüşlərinin fəal iştirakçısı olub.

Bütün bunlarla yanaşı Asiman həm də ailəsinə hədsiz dərəcədə bağlı insan idi. Qohumları, yerliləri üçün əlindən gələn yaxşılıqları artıqlaması ilə yerinə yetirdiyi insanlar bu gün Asimanın adı çəkilərkən göz yaşları içində boğulurlar. Çünki Asiman əsl vətənpərvər insan kimi ətrafında ehtiyacı olanlara, ələxüsus da öz həmyerlilərinə yaxşılıq etməkdən zövq alırdı. Asiman əsl vəfalı övlad idi valideynləri üçün. Anası Gülayə xanım üç övladının vətənpərvər ruhda böyüməsi üçün övladlarının atası Vaqif bəylə birgə var qüvvəsi ilə çalışırdı. Övladındakı Vətən sevgisinin ilk bünövrəsini də məhz valideynləri qoymuşdu. Əsasən də Gülayə xanım... Oğlunda bu hissləri tərbiyə edərək onu böyüdən bu xanım ana özü də Vətənə canıyla, qanıyla bağlı qadın idi. Gülayə xanım ailəsinə bağlı olmaqla Vətəninə də bağlı idi. Doğma kəndi Düylündə övladlarını həyat yoldaşı Vaqif bəylə birgə halal zəhmətlə böyütdü. Valideynlərinin onlar üçün çəkdiyi min bir zəhməti hər zaman dəyərləndirən Asiman böyüyüncə bu əziyyətin qarşılığını ödəyəcəyinə söz verdi... Asiman hərbi mətkəbdə işə düzələndən sonra valideynlərini daha zəhmət çəkməyə qoymadı. Yüngülvarı işlərdə çalışmalarına etiraz etməsə də, ailənin əsas ağırlığını öz çiyinlərinə aldı. Asiman həm də gözəl ailə sahibi idi. Üç övlad atası olan qəhrəman övladları ilə sıx ünsiyyətdə ola bilməsə də həyat yoldaşına daim onları vətənpərvər ruhda böyütməsini tövsiyə edirdi. Onsuz da zəhmətkeş, vətənpərvər ailədə böyüyən övlad da məhz bu ailənin güzgüsü olacaq. Necə ki Asiman da zəhmətkeş, saf, vətənsevər ailədən pərvazlanmışdı...

Övladlarının hər birinin öz şirinliyi olsa da, Gülayə xanım Asimana hədsiz dərəcədə bağlı idi. O, susuz səhrada bir damcı su həsrətində olan insanın suyu arzuladığı kimi Asiman uzaqda olanda onu arzulayardı. Hər zaman bu igid övladının yanında olub onun nəfəsini duymaqdan həzz alırdı. Hərbi məktəbdə dərs deyib Vətənə xidmət edən Asiman ikinci Qarabağ müharibəsi zamanı dözə bilmədi. Müharibə bölgəsinə yollandı. Xocavəndin və Şuşanın alınmasında fədakarcasına iştirak etdi. Və.... Yaralandı. Asiman mənfur düşmnənin gülləsinə tuş gəldi. Və bu güllə qəhrəmanı başından yaraladı. Aldığı yaradan şəhid olan igidimizin xəbəri Gülayə ananı sözün əsl mənasında məhv etdi... Gülayə ana açılan hər sabaha nifrət etdi. Çünki bu sabahlarda Asiman yox idi. Vətənin işğaldan azad olması onun yaralı ürəyinə su səpsə də, o Asimansız bu dünyada yaşamağı özünə haram bildi. Belə - belə, qəhrəman igid böyüdən ananın tərtəmiz ruhu oğlunun şəhidlik məqanının 40-cı günüdə onun müqəddəs şəhid ruhuna qovuşdu...

Vətən üçün əsl insan, qəhrəman böyüdən ana özü də oğlunun vasitəsilə Vətənə fəda oldu. Hər iki müqəddəs ruh indi Vətənin asimanında - səmasında rahat-rahat dolaşır. Həm düşmən tapdağından xilas olan torpaqlarımızın azad asimanında gəzdikləri üçün, həm də bir-birinə ayrılmaz sevgi ilə bağlanan ana-oğul azad vətənin azad asimanında bərabər dolaşdıqları üçün... Ruhunuz hər zaman şad olsun!

P.S. Azərbaycan torpaqlarının düşməndən azad olması uğrunda fədakarcasına vuruşan və Şuşanın işğaldan azad olunması zamanı ağır yaralanaraq şəhidlik məqamına ucalan mayor Asiman Əliyev həm vətənpərvərlik və həm də hərbi hissə qarşısında qoyulmuş vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi...

 

Aytən CƏFƏROVA,

​AMEA Naxçıvan Bölməsi, Fil.ü.f.d.

Azad Azərbaycan.- 2021.- 7 yanvar. S. 5.