Tariximizin
yeni səhifəsində özünə yer alan
ŞƏHİDİM
Müharibənin
bitməsinə cəmi bir neçə saat qalmış şəhid
olan QƏHRƏMANIMIZ
Azərbaycanda
Vətən müharibəsi başlanan gündən Şərur
rayonundan da igid oğullar ölkəmizin müdafiəsinə
qalxdılar. Onların bir şuarı var idi: “Ancaq irəli
getmək, düşməni məhv etmək”. Bu qəhrəman
şəhid oğullarımız, torpağını, Vətənini
canlarından çox sevənlər idilər.
Şərur
rayonundan olan bu şəhid qəhrəmanlar yeni tariximizin səhifəsində
özlərinə yer aldılar. Şəhidlərin
qanını alimlərin mürəkkəbi yuya bilər. Onlar
özlərinin sinəsini qabağa verərək heç nədən
qorxmadan, çəkinmədən torpağımızı
müdafiə etdilər. Həyatda hər şey unudula bilər,
lakin Vətəni, torpağı heç kəs unuda bilməz.
Vətən torpağını da cəsur oğullar qoruyar.
Belə qəhrəman oğlullardan biri də Novruzlu Pərviz
Qorxmaz oğludur. O, 1997-ci ilin oktyabr ayının 15-də
Naxçıvan MR-nın Şərur rayonunun Çərçiboğan
kəndində anadan olmuşdu.
Pərviz
ailənin sonbeşiyi idi, onun iki bacısı, bir
qardaşı var. O, 2004-cü
ildə Çərçiboğan kənd məktəbinin
1-ci sinfinə qəbul olub, 2015-ci ildə elə həmin məktəbin
məzunu olmuşdur. Pərviz 2015-ci ilin oktyabrında
Naxçıvan MR-nın N saylı hərbi hissəsində
xidmətə çağrılır. Qəhrəmanımız
hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il
tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat
qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri
fərmanla təltif olunur. O, 2017-ci il mart ayının 23-də
hərbi xidməti kəşfiyyatçı əsgər kimi
başa vurur.
2016-cı
il oktyabrın 15-də hərbi xidməti dövründə tərkibində
olduğu taborun kollektivi ad günü münasibətilə
Novruzlu Pərvizi təbrik edərək yazmışdılar:
“Arzu edirik növbəti ad gününü ailənizlə
birlikdə işğal olunmuş torpaqlarımızın dilbər
guşələrində qeyd edəsiniz”.
Həqiqətən
də növbəti il olmasa da 4 il sonra 23 yaşını
2020-ci il oktyabrın 15-də döyüş bölgəsində,
daha dəqiq desək, Xocavənddə olarkən
döyüş yoldaşları ilə elə
döyüşərkən qeyd etdi şəhidimiz. O, hardan
biləydi ki, bu doğum günü onun üçün
sonuncu olacaq...
Hərbçi
olmaq uşaqlıqdan arzusu idi Pərvizin. Bunun
üçün əlindən gələni etmişdi. Hətta
müxtəlif hərbi kurslara gedirdi, normativlərdən
uğurla keçirdi. O, 2020-ci ilin iyulun 20-də MAHHXHQ kimi fəaliyyətə
başlamışdı. İki ay sonra 21 gün idi işə
başladığı könüllü olaraq Vətən
savaşına qatılaraq oktyabrın 11-dən noyabrın 9-na
kimi 29 gün qəhrəmancasına savaşdı və
müharibənin bitməsinə cəmi bir neçə saat
qalmış şəhid oldu Pərviz. Cəmi 112 gün hərbçi
ola bildi...
Sonuncu
dəfə 8 oktyabrda evə gəlmişdi, səhəri
günü gedəndə anasına deyir: “Ana mənə isti
paltar, iki günlük yemək qoy, dağa gedəcəyik”.
Müharibəyə yollanandan cəmi üç-dörd dəfə
ailəsi ilə telefon danışığı olub. Ən
son qardaşı ilə oktyabrın 23-də telefonla əlaqə
saxlayıb. Hər dəfə də danışanda bu sözləri
deyirdi: “Narahat olma qaqa, hər şey yaxşıdı”.
Cəbrayıl,
Fizuli, Xocavənd, Laçın və ən son Şuşada
döyüşdü Şəhidimiz. Azərbaycanın ərazi
bütövlüyü uğrunda, Vətən yolunda
canından, qanından keçən şəhidimizdən,
qardaşımızdan, oğlumuzdan biri idi
naxçıvanlı igidimiz…
Novruzlu
Pərviz Qorxmaz oğlu atasının adını mənəviyyatında
daşıyan oğul idi. Düşmənlə
döyüşdə necə şücaət göstərdiyindən
fəxrlə danışırlar döyüş
yoldaşları. Ayrı-ayrılıqda ailəsinin ziyarətinə
gələn bir neçə döyüş yoldaşı da
Pərviz haqqında xatirələrindən
danışırlar. Pərviz əsgər yoldaşlarından
birinə belə deyibmiş: “Mən hiss edirəm ki, şəhid
olacam”.
Pərvizin
ürəyinə daman oldu. Şuşa uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid
olub, o mübarək zirvəyə ucaldı Novruzlu Pərviz
Qorxmaz oğlu.
Şəhidimizin
ən böyük arzusu yaşadığı evi təmir
etdirib ailə həyatı qurmaq idi, amma çox təəssüf
ki, bu ona qismət olmadı. Ondan geri qalan, xoş sözləri,
zarafatları və təbii ki, gülərüzlü, nur
simalı şəkilləridir... Mehriban, əliaçıq,
ürəyitəmiz, hər kəsə yardım əlini
uzadan bir insan idi Pərviz. Hər bir kəsin sevgisini
qazanmağı bacarırdı. Uşaqla uşaq,
böyüklə böyük olurdu, hər hərəkətin
yerini bilən, tərbiyəli, məsuliyyətli, hörmətçil
igid idi. Deyib-gülmək, gəzmək, əylənmək,
vaxtını dəyərli keçirtmək tam onluq idi.
Uşaqlarla oynamağı da çox sevərdi...
Şəhidlər
ölməz, Vətən bölünməz!
Ruhun
şad olsun Pərviz!
Hacı Tofiq
SEYİDZADƏ
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 5.