Sumqayıtdakı
“Təfəkkür” ailəsi:
İnam həyatın
sərmayəsidir
Qönçə Səftərova:
“Əsgərlərimizin Vətən Müharibəsindəki qələbəsi,
rəşadəti sübut elədi ki, biz yüksək vətənpərvər
şagirdlər yetişdirmişik”
Sumqayıtda
təhsil ocaqları arasında biri var ki, bura özünəməxsusluğu
ilə daim seçilib. Bəsirə xanım Ağayevanın
rəhbərliyi ilə yarandığı vaxtdan seçilir,
sevilir və hər il təhsilin yekunlarına görə
birincilərdən biri olur. Çoxdan idi ki, bu təhsil
ocağı haqqında yazmaq istəyirdim. Və nəhayət
bu məndə alındı.
Təbii
ki, hər bir müəssisənin ilk uğuru həmin təşkilata
rəhbərlik edən birinci şəxsdən çox
asılıdır. Çünki birinci şəxs savadlı,
təşkilatçı, müasir zamanın tələblərini
yaxşı başa düşən insan olanda və kollektivi
öz ətrafına yaxşı toplayanda, böyük
uğurlara imza atmaq olur. “Təfəkkür” liseyinin direktoru
Qönçə xanım Səftərova kimi. O, bu gün
Liseydə ətrafına çox yaxşı komanda cəlb edə
bilib. Məhz bunun sayəsində Lisey bu gün
özünün inkişaf mərhələsini yaşamaqdadır.
Müsahibəni
başlamamışdan əvvəl belə qərara gəldim
ki, oxucuları ilk öncə Qönçə müəllimə
ilə tanış edim.
Qısa
arayış: Qönçə Tahir qızı Səftərova
1983- cü ilin yanvar ayının 18-də Sumqayıt şəhərində
ziyalı ailədə dünyaya gəlib. Atası Tahir müəllim
uzun illər Sumqayıtda rəhbər vəzifələrdə
işləyib. Bu xidmətlərinə görə ölkə
başçısının sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülüb. Qönçə xanım
Sumqayıtın ən aparıcı təhsil ocağı olan
Təbiət elmləri təmayüllü gimnaziyada təhsil
alıb. Sonra yüksək balla Azərbaycan Xarici Dillər
Universitetinin ingilis dili filologiyası fakültəsinə daxil
olub. Tale elə gətirib ki, o, həmin vaxtlar ulu öndər
Heydər Əliyevlə canlı bir görüşdə də
olub. Həmin görüşü də heç vaxt unutmur
Qönçə müəllimə. 2003-cü ildə bakalavr
təhsilini bitirən Qönçə xanım, elə həmin
il magistr səviyyəsinə daxil olub və 2005-ci ildə
artıq fərqlənmə diplomu ilə magistr dərəcəsini
alıb. 2003- cü ildə bakalavr pilləsini bitirəndən
sonra Qönçə xanım pedaqoji fəaliyyətə
başlayıb. Belə ki, həmin ildən Sumqayıt şəhər
İsmət Qayıbov adına 1 nömrəli məktəbdə
ingilis dili müəlliməsi kimi əmək fəaliyyətinə
başlayıb. On beş il həmin tədris ocağında fəaliyyət
göstərən Qönçə müəllimə, həm
də ingilis dilindən repetitor kimi də öz işini davam
etdirməklə bu dili şagirdlərə yüksək səviyyədə
sevdirib. Çünki müasir günümüzdə ingilis
dilinə maraq çox olduğuna görə Qönçə
müəllimənin şagirdləri də çox olub.
Həmin
vaxt Qönçə Səftərova belə qərara gəlib
ki, pedaqoji fəaliyyətdən uzaqlaşmamaq şərti ilə
öz işini bir qədər də genişləndirsin. Və
bu sahədə inzibati işlə də məşğul
olsun. Həmin vaxtı Təhsil Nazirliyi direktor olmaq istəyənlər
üçün kurs təşkil eləmişdi. O direktor
kursunun müdavimi olmaq üçün də bir sıra
imtahanlarda iştirak eləmək lazım idi. Qönçə
müəllimə həmin imtahanları böyük uğurla
verib, direktorluq kursuna daxil olub. Bu kursu da müvəffəqiyyətlə
bitirərək “Uğur” sertifikatını alıb və sonra
direktor olmaq üçün imtahanda iştirak eləyib. Bu
imtahan da çox məsuliyyətli və bir neçə pillədən
ibarət olan imtahan idi. Ən çətin və məsuliyyətli
hissəsi ikinci hissə idi. Çünki bu müsahibə
hissəsidir. Burada təkcə bilik yox, həm də təfəkkür,
orijinal düşüncə tərzi, gələcəkdə
işləri necə qurmaq, dünya təhsili, həmin təhsilin
hansı hissələrinin Azərbaycan təhsilinə inteqrasiya
etməsi bacarığının yoxlanışı və
sairə cavabdehli işlərdir. Qönçə Səftərova
bu imtahandan da böyük uğurla çıxaraq, Sumqayıt
şəhər “Təfəkkür” liseyinin direktoru vəzifəsinə
təyinat alıb. Beləliklə 2017- ci ilin sentyabr
ayının 1-dən burada uğurla direktor vəzifəsində
işləyir.
- Siz
bu məktəbə təyinat alan gün keçirilən
iclasda demisiniz ki, “gəlin bu məktəbi “Təfəkkür”
ailəsi adlandıraq. Bu fikir nədən yarandı?
- Mən
lap uşaq yaşlarından görürdüm ki, atam harada rəhbər
işləyirdisə, həmin kollektivə də
özünün ailə üzvləri kimi yanaşır və
onların problemini öz ailəsinin problemi bilirdi. Ona görə
də uzun illər rəhbər vəzifədə işlədi
və həmişə də sevildi. Mən də belə qərara
gəldim ki, əgər rəhbər vəzifədə
işləməyə başlayıramsa elə atamın yolunu
davam etdirim. Çünki bu, ən düzgün və
doğru yoldur. Burada təkcə müəllimlər yox, həm
də şagirdlər və valideynlər də hamısı
öz istəyini, arzularını, problemlərini çəkinmədən
gəlib rəhbərə deyə bilirlər. Onu özlərinin
doğması, bilirlər. Rəhbər işçi
üçün də bundan böyük mükafat yoxdur.
- Siz
18 ildir ki, təhsil sahəsində işləyirsiniz. Bir
müəllimə və məktəb direktoru kimi koronavirusun
Azərbaycan təhsilinə vurduğu ziyanlar haqqında nə
deyə bilərsiniz? Sizcə bu pandemiya dövründə təhsilimizi
qorumaq üçün hansı işləri görmək
vacibdir və lazımdır?
-
Heç kim deyə bilməz ki, pandemiya Azərbaycan
üçün fəsadsız olacaq. Təbii ki, fəsadlar
var və böyükdür. Ola bilər ki, illərlə onun əziyyətindən
çıxa bilməyəcəyik. Bu bəla bizim təhsilimizə,
mədəniyyətimizə, idmanımıza, ölkə iqtisadiyyatına,
insanlarımızın güzəranına və
bütövlükdə hər sahəyə özünün
zərbələrini vurub. Bu təkcə bizdə yox,
bütün dünyada belədir. Belə götürəndə
dünyaynın inkişaf etmiş ölkələrinin
çoxundan vəziyyət bizdə daha yaxşıdır.
Amma biz oturub gözləməməliyik ki, nə vaxtsa bu
pandemiya qurtaracaq və biz ondan sonra işləməliyik. Bu əslində
düzgün deyil. Məktəblər 2020-ci ilin mart
ayının 2- dən bağlıdır. Artıq martın
4-dən onlayn dərslərə başlamışıq. Təhsil
Nazirliyinin gözəl bir layihəsi var. Bu platforma üzərində
virtual məktəb layihəsi yer alır. Doğrudan çox
gözəl bir layihədir. Biz o layihədən geniş
istifadə edirik. Sonra mən fikirləşdim ki, “Təfəkkür”
ailəsinin müəllimləri, şagirdləri və
valideynləri özlərini unudulmuş kimi hiss etməsinlər.
Ona görə də sinif rəhbərləri ilə
görüşlərimdə onlara bildirdim ki,onlar sərbəst
şəkildə uşaqlarla, valideynlərlə
maraqlanmalıdır. Qoy şagirdlər və valideynlər
özlərini unudulmuş kimi hiss etməsinlər. Əsasən
də şagirdlər görsünlər ki, biz hər an
onlarla maraqlanırıq. Mən özüm də şagirdlərlə
onlayn görüşlər qururam. Onların bütün
problemlərini öyrənirəm və həll eləməyə
çalışıram. Ona görə də qətiyyətlə
deyə bilərəm ki, şagirdlərimizin ən azından
80 faizi virtual dərslərə cəlb olunublar. Və
böyük həvəslə onlayn dərslərdə
iştirak edirlər. Onu da vurğulayım ki, virtual məktəbin
imkanları çox böyükdür və zəngindir.
Heç bir müəllim də deyə bilməz ki, mən
virtual məktəbi əla bilirəm. Burada müəllimlər
üçün çox böyük bir cavabdehlik var. Burada hər
müəllimin savadı, təfəkkürü, dünya görüşü,
şagirdlərlə davranışı, dərs keçmək
prosesi ortaya çıxır. Deməli, onlayn dərslər hər
bir müəllim üçün gündəlik imtahan deməkdir.
Qalileo Qaliley deyib ki, “öyrənməsən, öyrədə
bilməzsən”. Ona görə də “Təfəkkür”ün
müəllimləri mən başda olmaqla hər gün
axtarışdayıq. Hər gün yeni fikirlər öyrənirik,
virtual məktəbin özəlliklərini axtarıb
tapırıq və onu dərslərimizdə tətbiq edirik.
-
Sizin “Təfəkkür” liseyi Sumqayıtın aparıcı təhsil
ocaqlarındandır. 2020-ci il qəbulunda sizin neçə
şagirdiniz ali məktəblərə qəbul oldu?
-
2019-2020-ci ilin ikinci yarım ili pandemiyaya görə çox
çətin dövr oldu. Amma şükürlər olsun ki,
bizim şagirdlərimiz müəllimlərinin sayəsində
bu işdən böyük uğurla çıxdılar.
Doqquzuncu siniflər üzrə respublika üzrə maksimal nəticə
300 bal idi. Bu il bizim bir şagirdimiz bunu əldə edə
bildi. Alsu Mehdiyeva bu nəticəni bizə göstərdi.
Onunla yanaşı 297, 295, 292 bal nəticələrimiz də
oldu. Bu şagirdlərin də sayı 20-yə yaxındır.
Mən həmişə müəllimlərimizə deyirəm
ki, işin ən əsası odur ki, şagirdə
qarşı qayğı və maraq olsa, həmin uşaqdan
yüksək nəticələr almaq asandır. Çünki
şagird görəndə ki, onu unutmurlar, onun təhsili ilə
maraqlanırlar və mənim nəticəmlə valideynimdən
başqa kimsə maraqlanır, həmin uşaq oxumaq və
qabağa getmək istəyir. Şükürlər olsun ki,nəticələrimiz
də yüksəkdir. Qəbul üzrə də yüz faiz nəticələr
əldə etmişik. Şagirdlərimizdən həm
respublikamızda, həm də xarici ölkələrdəki
ali məktəblərə qəbul olanlar çox oldu. 650-dən
yuxarı bal toplayan şagirdlərimiz də çoxdur.
-
Sumqayıt məktəbləri Azərbaycanın ən
aparıcı təhsil ocaqlarındandır. Bu uğurun əldə
olunmasında təbii ki, Sumqayıtın keçmiş təhsil
şöbə müdirləri və indiki rəhbərliyinin
də zəhməti böyükdür...
- Bəli,
doğru qeyd etdiniz. Zaman dəyişdikcə hər bir
dövrün rəhbəri və iş metodu da müxtəlif
olur. 15-20 il bundan öncə işlədiyi sahədən
asılı olmayaraq rəhbər işçi avtoritar
üsula daha çox üstünlük verirdisə, indiki
dövrdə rəhbər işləməyin də forması
dəyişib. Çünki biz artıq demokratiyanın elə
formasına gəlib çıxmışıq ki, indi
heç kimi avtoritar üsulla idarə etmək mümkün
deyil. Cəmiyyət bunu qəbul etmir və belə olduqda səni
bir rəhbər kimi qəbul etməyəcəklər. Hətta
bu gün biznesdə, menecmentdə belə bir yanaşma var ki,
lider və rəhbər arasında fərq nədədir?
Cavabı belədir. Rəhbər
tapşırığını verir və kənarda
dayanır. Amma lider özü hamıdan qabaqda olur və
hamı da onun ardınca gedir. İndiki Sumqayıt şəhər
Təhsil şöbəsinin müdiri Arzu xanım Alızadə
də bu keyfiyyələr prioritetdir. Mən Arzu xanımı
çoxdan tanıyıram. Biz direktor kursunda da bir yerdə
oxumuşuq. Bir sıra layihələrdə də bir yerdə
iştirak eləmişik. Arzu xanım gözəl insan,
gözəl rəhbər və əsl liderdir. Çünki
öz bacarığı, təfəkkürü və təhsilə
qarşı orijinal düşüncəsi ilə hamıya
örnəkdir. Və mən deməzdim ki, ondan əvvəlki
rəhbərlər pis olub. Xeyir, onlar da öz dövrlərinə
uyğun hərəkət edib və işləyiblər. Ona
görə də Minarə Tahirovanın, Ofelya Babayevanın,
Vidadi Bağırovun, Nizami Namazovun da Sumqayıt təhsilində
xidmətləri çox olub.
- 44
günlük Böyük Vətən Müharibəsi Azərbaycanın
Ali Baş Komandanı İlham Əliyevin və Rəşadətli
Ordumuzun hünərini bütün dünyaya sübut elədi.
Bir ziyalı kimi bu haqda siz nə deyə bilərsiniz?
- Mən
16 yaşımdan Yeni Azərbaycan Partiyasının
üzvüyəm. Bu partiyaya da qəlbən bağlıyam. Həmişə
də Prezidentimizi dəstəkləmişəm və həmişə
də onun yanındayam. Bu, gəlişi gözəl olan
sözlər deyil. Müharibə 54 gün, 204 gün və
daha çox çəkə bilərdi. Amma mən bilirdim ki,
qələbə bizim olacaq. Çünki prezidentimiz cənab
İlham Əliyevə və ordumuza məndə böyük
inam vardı. İnam da həyatın sərmayəsidir.
Bilirsiniz ki, bu gün “mətbəx siyasətçiləri” də
var. Xanımlar və bəylər oturub müzakirə edirlər
ki, “niyə belə elədi? Belə olmamalıdır”. Mən
çalışmışam həmişə belə söhbətlərdən
uzaq olum. Çünki həmişə fikirləşmişəm
ki, bizim bilmədiyimiz şeylər var. Prezidentimiz özü
bilir nə edir. Ona görə də mən arxayın idim ki,
bu məsələnin sonu müsbət olacaq və qələbə
də bizim olacaq. Amma onu deyim ki, bu 44 gün mənim
üçün də çox çətin oldu.
- Niyə?
- Təbii
ki, orada, müharibədə olanlar mənim də balalarım,
qardaşlarımdır. Mən müharibəyə həyat
yoldaşı, övlad göndərməmişəm. Amma
fikirləşirdim ki, mən müharibə üçün nə
etməliyəm? Şükür ki, əlimdən gələni
elədim. Elədiklərimi sadalamaq istəmirəm.
Çünki bunları demək artıqdır. Amma ürəyim
sakitdir ki, mən də bacardığım qədər
müharibə üçün iş görmüşəm.
-
Qarabağ Azərbaycanın cənnətməkan guşəsidir.
Bununla bağlı siz və müəllimləriniz şagirdlər
arasında hansı təbliğatı aparırsınız?
-
Əvvəllər çox vaxt qınaq altında olan təhsil
idi. Amma əsgərlərimizin bu qələbəsi, rəşadəti
sübut elədi ki, biz yüksək vətənpərvər
şagirdlər yetişdirmişik. Onlarda Vətənə
qarşı böyük sevgi aşılaya bilmişik. Deməli,
biz, pis müəllim olmamışıq. Təbii ki, ailə də
uşaqlarda vətənpərvərlik hissləri
yetişdirir. Amma məktəbin rolu daha böyükdür. Mən
18 illik pedaqoji təcrübəsi olan müəllimə kimi
düşünürəm ki, biz çox yaxşı işlər
görmüşük. Qələbədən də sonra
işlərimiz daha çox olacaq. Əvvəllər məktəbdə
daha çox “qara” tədbirlər olurdu. Çünki hər
bir rayonun işğalını, soyqırımı günlərini
qeyd edirdik. Şükürlər olsun ki, onların
hamısı arxada qaldı. İndi qələbə günlərimizi
qeyd edəcəyik. Təhsil Nazirliyinin də bir fəaliyyət
planı məktəblərə daxil olub. Zəfərimizin tədrisdə
əks olunması ilə bağlı. Biz bununla əlaqədar
məktəbdaxili bir plan hazırlamışıq. Bununla
bağlı hətta onlayın tədbirlər keçiririk.
Bizim liseyin 3c sinif rəhbəri Sevinc Əhmədova Qubadlı
ilə bağlı o qədər gözəl dərs
keçib, həmin dərs respublika səviyyəsində
yayılıb. Bütün məktəblər həmin dərs
prosesinə baxıblar. Mən özüm Şuşanı, Kəlbəcəri
görməmişəm. Mənim məktəbli balalarım da
görməyib. Amma onlar internet vasitəsi ilə elə
gözəl faktlar toplayaraq, elə maraqlı videoçarxlar
hazırlayıblar, adama elə gəlir ki, həmin şagirdlər
dünən həmin yerlərdən gəliblər.
Sağlıq olsun, həmin yerlər minalardan təmizlənəndən
sonra “Təfəkkür” liseyinin müəllim və şagird
ailəsi gedib həmin yerləri ziyarət edəcək və
yeni videoçarxları da elə orada canlı-canlı çəkəcəyik.
-
Sumqayıt şəhəri bu gün İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcovun sayəsində
özünün intibah dövrünü yaşayır. Bu bir
həqiqətdir...
- Bir
ziyalı və vicdanlı insan kimi bu haqda danışmamaq
mümkün deyil. Cənab İlham Əliyevin möcüzə
adlandırdığı bizim bulvarımız, dünyada
analoqu olmayan bir yerdir. Əvvəllər Sumqayıtda getməyə
yer yox idi. İndi isə Sumqayıtda gəzməli yerlər həddindən
artıq çoxdur. Elə dənizkənarı parkın
özündə uşaqlarımız üçün
çox gözəl əyləncə məkanları, idmanla
məşğul olmaq üçün trenajor yerləri, mədəniyyət
ocaqları, Muğam evi, kafelər, yeməkxanalar var. Eləcə
də Yeni Azərbaycan Partiyasının binası, Bayraq
meydanı, bir-birindən yaraşıqlı parklar, Şahmat
evi, Musiqi məktəbi və s. Bütün bunların
tacı isə Heydər Əliyev adına muzeydir. Bu, həqiqətən
də arxtektura sahəsində çox nadir bir binadır.
Bütün bunlara görə də biz Zakir müəllimə
borcluyuq. Cənab Zakir Fərəcov gözəl rəhbərdir
və bizim üçün bir rəhbərlik məktəbidir.
Biz onun apardığı iclaslarda iştirak eləyəndə,
onun iş metodu və üsulu mənə çox yaxın
görünür. Deyilən hər bir fikiri çox
asanlıqla əxz eləmək mümkün olur. O, həmişə
deyir ki, “mən işçilərimlə həm dostam, həm
də onların rəhbəriyəm. Dostluq lazım olan yerdə
dostluq edirəm, iş lazım olan yerdə işimi tələb
eləyirəm”. Bax buna da şəhərin indiki vəziyyəti
gözəl sübutdur. Zakir müəllim heç kimdən
mümkün olmayan iş tələb eləmir. Çünki
hər işində və əməlində doğrudur. Bax
belə yerdə Həzrəti İmam Əlinin bu kəlamı
yada düşür: “Özü doğru olanın,
sözü də, əməli də doğru olar”.
- Gələcək
planlarınız barədə əgər sirr deyilsə, nə
deyə bilərsiniz?
-
Böyük ümidlə yaşayırıq ki, bu pandemiya
tezliklə keçib gedəcək. Onun ömrü qısa
olacaq. Amma başa düşürəm ki, reallıq da var. Bu
reallıqdan da qaçmaq olmaz. Bizim hər gün işimiz
var. Bax siz indi məktəbə gəlibsiniz və
görürsünüz ki, məktəb sönük bir vəziyyətdədir.
Müəllimlər, şagirdlər məktəbdə yoxdur.
Məktəbin binası sönük vəziyyətdədir.
Burada bir mənəm və bir-iki nəfər də
işçi. Amma bütövlükdə “Təfəkkür”
liseyi sönük vəziyyətdə deyil. “Təfəkkür”
ailəsi bizik - müəllimlər, şagirdlər.
Hal-hazırda bütün siniflərdə çox ciddi onlayn dərslər,
məşğələlər, virtual görüşlər
gedir. Sentyabrın 15-dən dərs cədvəlimiz necə təsdiq
olunubsa, həmin təsdiq olunmuş cədvəl əsasında
da dərsərimiz böyük ciddiliklə gedir. Harada internet
problemi varsa, həmin dəqiqə onu da həll edirik. Təki
bizim işlərimiz dayanmasın. Təki binada olan
sönüklük, “Təfəkkür” liseyində olmasın.
Həyat davam edir, atalarımız da deyib ki, “çətin
günün ömrü az olar”. Qartal havada havaya, zirvədə
zirvəyə alışdığı kimi, insan da çətin
günlər gördükcə ona alışır və həmin
çətinlikləri də dəf eləyir. Biz, “Təfəkkür”
ailəsi olaraq, öz yolumuzla inamla gedirik. Atalar da deyib ki,
“öz yolu ilə gedən yorulmaz”.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 7.