Qəhrəman məzunlar: 239 saylı məktəb Şəhidləri ilə fəxr edir

 

Torpaq uğrunda döyüşlərdə düşmənlərə qan udduran, canından keçən Azərbaycan oğlunun döyüş yolunu işiqlandırmaq hamımızın vətəndaşlıq borcudur. Şəhidlər öz canlarından keçərək Vətən uğrunda, torpaq uğrunda adlarını tarixin qızıl səhifələrinə yazıblar…

Vətənpərvərlik böyük məhfumdur. Onun bir çox komponentləri var. Bu komponentlər Vətənə sadiq olmaq, milli dəyərləri qoruyub saxlamaq, orduda layiqli xidmət etmək, torpağı göz bəbəyi kimi qoruyub saxlamaqdan ibarətdir. Şəhidlərimizdə isə bu komponentlərin hamısı birləşib. Ona görə də onlar Allah yanında, bəşər yaddaşında əbədidirlər. Onların göstərdikləri igidliklər heç vaxt unudulmur və şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Səbail rayonunda yerləşən Şəhid T.Məmmədov adına 239 saylı tam orta məktəbdə olarkən məktəbin direktoru, Əməkdar müəllim, bacarıqlı təşkilatçı, uzun illərdir ki, bu məktəbə direktorluq edən Sədaqət Əzimova ilə də elə bu barədə söhbətləşdik.

Sədaqət xanım rəhbərlik etdiyi məktəbin qəhrəman şəhidləri haqqında bizə geniş məlumat verdi.

- 239 mömrəli məktəbin məzunlarından Qarabağ müharibəsində şəhid olan məzunların da adlarını hər zaman qürurla qeyd edirik.

Brinci Qarabağ müharibəsində şəhid olan məzunlarımız:

 

Məmmədov Tofiq Əbülfət oğlu

Ağakişiyev Ələddin Yermak oğlu

Cəfərov Adil Yetim oğlu

Paşayev Nurəddin Paşa oğlu

Ağayev Mirsaleh Mirqasım oğlu

Hüseynov Vasif Qadir oğlu

 

Şəhidlərimizin övladları da harada yaşamasından asılı olmayaraq öz təhsillərini bu məktəbdə davam etdirməyə üstünlük veriblər. Qeyd edim ki, İkinci Vətən müharibəsində də daha iki məzunumuz Şəhidlik zirvəsinə ucalıb:

 

Teymurov Vüsal Zakir oğlu

Həsənov Vüsal Ariz oğlu.

 

Teymurov Vüsal Zakir oğlu - “Vətən uğrunda medalı”, “Qubadlı rayonunun azad edilməsi uğrunda medalı”, Həsənov Vüsal Ariz oğlu - “Vətən uğrunda medalı” ilə təltif olunublar.

Sədaqət xanım məktəbin məzunu şəhid Həsənov Vüsal Ariz oğlu haqqında bizə məlumat verərək bildirdi ki, Vüsal hələ 4-cü sinifdə oxuyarkən atasını itirmiş və evin bütün çətinliyi anasının üzərinə düşmüşdür. Ailənin bu vəziyyəti hələ uşaq ikən Vüsalı narahat edir və fikirləşirdi ki, böyüyüb anasını istədiyi kimi saxlayacaq. Vüsal Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil Dövlət Agentliyi Dövlət Dəmir Yolu Liseyinə qəbul olub. 2015-2016-cı illərdə liseyi bitirib, hərbi xidmətə gedib. O, 2018-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıdır.

Şəhid Vüsal 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq Vətənin müdafiəsinə yollanır. O, sentyabrın 28-nə kimi Pereküşküldə yerləşən hərbi hissədə təlimi başa vurduqdan sonra oradan bir başa müharibəyə göndərilir. Vüsal Füzuli rayonunun Şişqaya kəndində gedən döyüşlərdə oktyabrın 11-də qəhrəmancasına şəhid olub. O, Şabranda dəfn olunub. Vüsal Vətəni sevən, onu canı bahasına qoruyan cəsarətli Azərbaycan oğullarından biri idi. Öz nizam-intizamı, təlim-tərbiyəsi, böyüklə böyük, kiçiklə kiçik olmağı ilə hamının hörmətini qazanmışdı. Onun təkcə ailədə yox, hər yerdə xətri əziz tutulurdu.

Şəhid Vüsal Zakir oğlu Teymurov isə 1991-ci il martın 4 də Bakı şəhərində anadan olmuşdu. 1997-ci ildə 239 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Oxuduğu müddət ərzində çalışqanlığı, səmimiliyi, nizam-intizamı ilə məktəb kollektivinin rəğbətini qazanmışdır. 2008-ci ildə 239 nömrəli məktəbi yaxşı və əla qiymətlərlə bitirmiş, həmin ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gömrük işinin təşkili” fakültəsinə daxil olmuşdu. 2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirib. O, elə həmin ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin manqa komandiri vəzifəsində xidmət etmişdir. Torpaqlarımızın işğal altında olmasına dözə bilməmiş, məhz buna görə də, könüllü olaraq səfərbərliyə yazılmışdı. İkinci Vətən müharibəsi başlayanda, oktyabrın 5-i müharibəyə yollanmışdı. Vüsalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasında onun  payının olması idi. Vüsal yola düşəndə ailəsinə bildirmişdi ki, nə olursa-olsun, Şuşanın alınmasında iştirak edəcək.

Rəbbim Vüsalın arzusunu yerinə yetirdi! Şuşa uğrunda döyüşlərdə, Şuşanın alınmasında sona qədər iştirak etdi. Arzusunda olduğu Qarabağın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa uğrunda döyüşlərdə də qəhrəmancasına Şəhid oldu.

Vüsalı həmişə sevimli məzun kimi xatırlayırdıq. İndi isə onu Azərbaycan xalqının qəhrəman oğulları sırasında olan növbəti Şəhidimiz kimi qəlbimizdə daim yaşadacağıq».

Sədaqət Əzimova onu da bildirdi ki, məktəbin rəhbərliyi mütəmadi olaraq Şəhid ailələri ilə əlaqə saxlayır, Şəhid anaları ilə görüşür onlara mənəvi dayaq olmağa çalışırlar.

Onu da qeyd edək ki, hər iki Şəhid ailələri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun ailələrə göstərdiyi qayğıdan məmnundurlar. Şəhid Teymurov Vüsalın anası Teymurova Nahidə Alim qızı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov haqqında belə dedi: “Vüqar müəllim biz şəhid analarına hər zaman xüsusi diqqət göstərir. Onun tapşırığı ilə rayonun bütün idarə və təşkilatları şəhid ailələrinə dayaq durur, bütün problemlərini həll edirlər. Buna görə bir şəhid anası kimi ona öz təşəkkürümü bildirirəm”.

Badamdar Bələdiyyəsi, Səbail Rayon Bələdiyyəsinin də rayonda olan şəhid ailələrinə göstərdikləri qayğı və diqqət yüksək qiymətləndirildi. Vurğulandı ki, onlar daim şəhid ailələri ilə maraqlanır, onların bütün problemlərini həll etməyə çalışırlar.

 

Hacı Tofiq SEYİDZADƏ

Azad Azərbaycan.- 2021.- 7 yanvar. S. 7.