Ürəklərə
girmək, əsrlərə getmək üçün
Yazıçı-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin
üzvü,
“Qızıl
qələm” media mükafatı laureatı Səyavuş
Süleymanlı ilə söhbət
Səyavuş Süleymanlı:
“Əsl qələm sahibi gərək dözümlü və
fədakar olsun,
özünü
sevdirə bilsin, imzasını, yazısını axtaran olsun”
Onunla
uzun illərdir ki, dostluq edirəm. Qələm dostum kimi də
həmişə yaradıcılığını izləmişəm
və belə qənaətə gəlmişəm ki, dostum bir
sənətkar kimi Allah-taala tərəfindən verilən
vergidən nə isə özünə əxz edib. Bir hədisdə
deyilir ki, Allah gözəldir və gözəl olanı sevir.
Haqqında danışacağım insan ictimaiyyətdə
tutduğu mövqeyinə, dövlətçiliyimizə sədaqətinə,
çoxşaxəli yaradıcılığına və
doğma torpağına sevgisinə, dostluqda sədaqətinə
görə maraqlı adamlardan biridir. Çoxdan idi ki, jurnalist
və ədəbiyyatla bağlı bir adam kimi onun
yaradıcılığı ilə maraqlanırdım. Tez-tez
telefonla əlaqə saxlasaq da az-az
görüşürdük. Nəhayət, anadan
olmasının 75 illiyi ərəfəsində dostumdan
müsahibə almaq arzum reallaşdı.
- Səyavuş
müəllim, ədəbi yaradıcılığa nə
vaxtdan başlamısınız və buna hansı amillər təsir
edib?
- Bu ənənəvi
suala bir cavab verərdim ki, uşaq yaşlarımdan rəssamlığa
çox meyl edirdim və bu sahədə Boradigahda yaşayan 82
yaşlı kinomexanik ramanalı Yaşardan çox şey
öyrəndim, sonradan həvəskar rəssam oldum. Hətta
bu sahədə sonradan bir il də Bakıda oxuyub sənət
qazandım. Orta məktəbin yuxarı siniflərində isə
artıq kiçik hekayələr və mənsur şeirlər
yazırdım. Xatirələr yazmağı daha çox
xoşlayırdım. Hətta bir neçə ümumi dəftəri
də yazıb doldurmuşdum. Ana nəslimdə də ədəbiyyata
meyl edənlər olub . Xalam oğlu Böyükağa
Hüseynbalaoğlu həm kimyaçı-alim, həm də
şair-publisist idi. Bacım Firəngiz İbrahimova isə
filoloq idi. Rəhmətlik anamın gözəl tikmələri
çox evlərdə yadigar qalıb.
-
Uşaqlığınızdan söhbət açın.
Keçmiş xatirələr əsərlərinizdə
öz əksini tapıbmı?
-
Uşaqlığım, həqiqətən, fərəhli
keçib. 50-60-cı illərdə Port-İliçin (indiki
Liman şəhəri) günbatan ərazisində Murdov
gölü vardı. Yay tətilini gecə-gündüz
bostanımızda keçirərdim. Torpaqdan bol məhsul
götürərdik. Bazarda qarpız və yemişi satar,
özümə pal-paltar, dəftər-kitab alardım.
Çayda sürütmə çəkərdik. Torumuza hər
növ balıq düşərdi. Çəki
balıqlarını rus məhəlləmizdəki molakanlara
bağışlayardıq. Çünki bizlər çəki
balığını yeməzdik. Ancaq Simzar xalanın təndirdə
bişirdiyi qurc çəkinin dadını biz yaşlılar
hələ də unutmamışıq. Gecələr babam və
əmilərimlə çardaqda bostanlarımıza keşik
çəkərdik. O günlər, o gecələr
unudulmazdır, həmişə xatirələrimin zirvəsindədir.
Bir çox əsərlərimdə: “Məhəbbət abidəsi”
romanımda, “Burda bir qız yaşardı” ,“Sevgi olarsa...”, “Sərvinazım
mənim”, “Ramanalı Yaşar” povestlərimdə, bir çox
hekayələrimdə və publisist kitablarımda
uşaqlıq xatirələrimdən çox istifadə
etmişəm.
-
Ədəbi yaradıcılığınıza hansı əsərlər
daxildir?
-
Yazıçı və şair öz kitabları ilə
tanınar. Məsələ bundadır ki, mənim iki bədii-publisist
kitabım nəşr olunub. Çox qalın kitablardır.
İkisi bir yerdə 1000 səhifədən ibarətdir və
hər iki kitabım Limanın keçmiş tarixinə və
gününə həsr olunub. Lakin bədii kitabım
çap olunmayıb. Nədənsə, bu barədə
heç fikirləşməmişəm. Ancaq ədəbi
yaradıcılığıma daxil olan roman, povest, hekayə,
pritça, esse, elegiya, kinoşünaslıq və
musiqişünaslıqla bağlı bütün
yazılarım dərgi və qəzetlərdə çap
olunub və indi də çap olunur. Bunlar: iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya
general mayoru Həzi Aslanovun döyüş yolundan bəhs edən
“Tale yolu”, “Məhəbbət abidəsi” və “Səksəkə”
romanlarıdır. “Burda bir qız yaşardı...”, “Nur”,
“Könül əfsanəsi”, “Ramanalı Yaşar”, “Sevgi
olarsa...” ,“Sən hardasan, Şerlok Holms?”, “Məhəbbət
göz yaşı imiş...” povestləri, “Güleyşə”,
“Nuruşun xoruzu”, “Hamam əhvalatı”, “Adıbəyin
dünyası”, “Mamu”, ”Fəti müəllim”, “Unuda bilmirəm”,
“Əhməd”, “Çaşqınlıq”, “Ən böyük
yalançı-Paşik”, ”Xoroşiy”, ”Alma oğruları”,
“Meyvəsiz bağ”, ”Ölüm kabusu”, “Gözlüklü
ilan əhvalatı”,”Kərəmin əhvalatları”, “Qulaq
sırğacıq əti”, “Şərab” və daha onlarla
başqa hekayələrimi yazıb oxuculara
çatdırmışam.
-
Jurnalistlərdən kimlər daha çox ürəyinizə
yatır?
-
“İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin,
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin
Şıxlının, “Azad Azərbaycan” qəzetinin
şöbə müdiri, Əməkdar incəsənət
xadimi Ağalar İdrisoğlunun, “Aşkarlıq” qəzetinin
baş redaktoru Hacı Etibar Əhədovun, Əməkdar
jurnalist, dostum İdris Şükürlünün, Respublika
Jurnalistlər Birliyinin Lənkəran bölgəsinin sədri
Nizami Hüseynovun jurnalistlik fəaliyyətlərini yüksək
qiymətləndirirəm. Onlar öz peşələrinin fədailəridir.
Əsl qələm sahibi gərək dözümlü və
fədakar olsun, özünü sevdirə bilsin,
imzasını, yazısını axtaran olsun.
- Mətbuatla
əlaqələrinizi davam etdirirsinizmi?
- “Lənkəran”,
“Azad Azərbaycan”, “Kaspi”, “Bizim era”, “Prizma”, “Veteran yolu” ,
“Sürət”, “Azad təfəkkür” qəzetlərində,
“Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Alov” və “Məşəl”
jurnallarında yazılarım dərc olunub. Mən
özümü mətbuatsız təsəvvür etmirəm.
Əsərlərim çap olunanda elə bilirəm ki,
yaşayıram, həyat məni özünə daha çox
bağlayır. İki kitabım - “Liman - bir dünya sevgim mənim...”
(2012) və “Dünya xatirəylə girib yuxuma...” (2015)
adlı 1000 səhifəlik iki kitabım nəşr olunub.
-
Beş il öncə 70 yaşınız tamam oldu. Sizi təbrik
edənlər oldumu?
-
Əlbəttə, təbrik edənlər çox oldu. Axı
70 yaş bu dünyada gözəl ömürdür. Hələ
də inana bilmirəm ki, indi mənim 75 yaşım var. Amma bu
keçən beş ilimi də çox maraqlı
keçirmişəm. O zaman təbriklər çox idi.
Ən yadda qalan isə Azərbaycan Jurnalistlər Birliyinin məni
Fəxri fərmanla mükafatlandırması, “Məşəl”
jurnalının yaradıcı heyətinin təbriki, jurnalda
silsilə yazılar dərc etdirməsi, dostlarım,
qohumlarım, qohum-tanışlarımın öz ürək
sözlərini demələri, mənə
cansağlığı arzulamalarıdır. Var
olmağımla Tanrıma şükür edirəm.
-
Dostlarınız çoxdurmu?
-
Əlbəttə, dostlarım çoxdur. Hər birinin mənim
qəlbimdə öz yeri var. Bu uzunömürlü
dostluğumuz haqqında çoxlu xatirələr mövcuddur.
Hər kiçik inciklik uzun illərin dostluğunu poza bilməz.
Buna qətiyyən yol vermək olmaz! Dostluğa dəyər
vermək lazımdır. Məni dostlarıma bağlayan mənəvi
dəyərlərdir. 44 günlük Vətən Müharibəsi
bizə əsl dostlarımızı tanıtdı. Gərək
namərd, riyakar ölkələrlə dostluq edəndə də
ehtiyatı əldən verməyəsən.
- Bir
halda ki, söhbəti Vətən Müharibəsi ilə
bağladınız, o zaman siz nə kimi hisslər
keçirirdiniz?
- Vətən
Müharibəsi başlanan gün mən
yaradıcılığımla əlaqədar Bakı şəhərində
olmalı idim. Amma həmin gün baş verən hadisə ilə
əlaqədar mən rayonda qalmalı oldum. İnanın, bu qəfil
müharibənin erməni gavurları tərəfindən
başlaması mənə çox pis təsir elədi.
Müharibənin necə dəhşətli olduğunu atamdan
çox eşitmişdim. O, 416-cı Taqanroq diviziyasında
vzvod komandiri- leytenant olmuş, alman faşistlərinə
qarşı müharibədə şücaət göstərmiş
və döyüşlərin birində çox ağır
yaralanmışdı. Elə ermənilər də faşistlərin
bir tayı idi. Ancaq Azərbaycan xalqı Vətən
Müharibəsində vahid bir yumruq altında birləşdi,
Ali Baş Komandan İlham Əliyevin və şanlı
ordumuzun mübariz əzmi nəticəsində tarixi qələbə
qazandıq. Şəhidlər verdik, mülki vətəndaşlarımız
ermənilərin təxribatı nəticəsində
dünyalarını dəyişdilər. Ancaq biz
dayanmadıq, daim irəli getdik. Qarşıda bizi zəfər
gözləyirdi. Ona da nail olduq.
Əzizim
Ordubada,
Yol
gedir Ordubada.
Sərkərdə
güclü olsa,
Verməz
ordu bada.
Bəli,
bizim sərkərdəmiz - Ali Baş Komandanımız, həqiqətən
də, çox güclü, ağıllı, savadlı,
böyük uzaqgörən siyasətə malikdir. Allah onu pis
nəzərlərdən qorusun!
Vətən
Müharibəsi başlanan gündən mən də bir
yazıçı-publisist kimi qələmimi süngüyə
çevirdim və “Azad Azərbaycan” qəzetində “Bizim
haqlı müharibəmiz: Bu gün hər bir yazar qələmi
ilə bir əsgərdir” (22 oktyabr 2020, səh. 8) məqaləmlə
yazıçılara müraciət etdim, Qarabağ həyatından
bəhs edən hekayələr çap etdirdim, əksər
hekayələrim və esselərim internet səhifələrində
yayımlandı. Yadıma ataların bir hikmətli
sözü düşür: “Köpək elə köpəkdi,
xaltası qızıl olsa da”. Bu gün ölkəmizlə
işğalçılıq müharibəsində məğlub
olan Ermənistan hər cür şərəfsizliyə, hər
cür alçaqlığa qadir olan bir ölkə kimi
dünya qarşısında özünü biabır etdi.
Onlar özlərinin faşist, vandal, namərd
olduqlarını bir daha dünyaya göstərdilər.
Çox təəssüf ki, bir çox bizi istəməyən
ölkələr hələ də bu faşist erməniləri
müdafiə edir, onlara hərbi yardım göstərməkdən
çəkinmirlər. Ermənistanın ideologiyası
faşist ideologiyasıdır. Bir ölkədə ki,
faşist Almaniyasına nökərlik etmiş,
satqınlığı ilə tarixdə iz qoyan Njde kimi erməniyə
heykəl ucaldıla, o ölkənin səmimiliyinə inanmaq
olarmı?! Görünür, tökülən qanlar əbəs
imiş. Dünya ermənilərin faşizmə rəğbətini
görmürmü? Ona görə də dünyada ədalət
yoxdur.
Biz -
azərbaycanlılar alçaq, riyakar, qaniçən erməniyə
layiq olduğu dərsi verdik. “Zəfər günü”
paradı qələbəmizin nümayişi idi. Mənim
“Şuşada 2050-ci ilin payızlı günləri” adlı
bir elegiyam var. Həmin elegiyada 30 il sonra, yəni 2050-ci ildə
Qarabağımızın dinamik inkişafından
yazmışam. Ömürlük Prezidentimiz seçilmiş cənab
İlham Əliyevin artıq 90 yaşı vardır. Çox
maraqlı yazıdır. İnşaallah onu çap etdirəcəyəm.
-
Sevdiyiniz şair və yazıçılar kimlərdir?
- Səməd
Vurğun və Rəsul Rza ideallarımdır. Anar, Fikrət
Qoca, İntiqam Qasımzadə ağsaqqallarımdır.
Çingiz Abdullayev, Musa Ələkbərli, Baba Vəziroğlu,
Ağacəfər Həsənli, Elşad Səfərli,
Meyxoş Abdullah, Ağamir Cavad, Tərlan Əbilov və
Balayar Sadiq poetik dünyama hakim kəsiliblər. Mənə
belə gəlir ki, bu şair və yazıçılar
çağdaş ədəbiyyatımız üçün
çox işlər görmüşlər və kifayət qədər
də oxucuları var.
-
Sizin anlamınızda sevgi nədir?
- “Azərbaycan”
jurnalının baş redaktoru İntiqam Qasımzadənin
sözləri ilə desəm: “Sevgi göyün yeddinci
qatında olmaqdır. Deməli, xoşbəxtliyin zirvəsidir”.
Ancaq mən əlavə edib deyərdim ki, sevgi bir oddur. Sevgi
bir həsrətdir, bir yanğıdır. Sevgi
qarşılıqlı olanda bu duyğular selində məhəbbət
sanki qidalanır, ona qüvvə gəlir, müsbət enerji
hesabına daha əzəmətli olur və həyat onu
sevgisini qorumaqda sınaqdan çıxarır. Lakin ilk məhəbbət
həmişə uğurlu nəticə ilə bitmir. Məni
sevgi ilə bağlayan qaynar gəncliyimin bu gün pərən-pərən
olmuş keçmiş xatirələrin buzlaşan, heykəlləşən,
lakin könlümdə silinməz izi qalan, həmişə
dilə gələn vicdanımla
çarpışdığım, içimi göynədən,
sızıldadan, sevgi dolu illərimdən yaddaşımda
qalan mənəvi bir borc durur. Bilirəm ki, bu mənəvi
borc Haqqın qapısınadək iç dünyamda mənə
hakim kəsiləcək. İlk məhəbbət qəbir
evinə qədər yol yoldaşıdır mənə, qəbir
evində isə ərşə çıxacaq. Sevgi hər
cür riyadan, hər cür məkrdən uzaq, saf
duyğulardan qidalanmış, Allahın da bəyəndiyi,
qoruduğu bir nemətdir.
- Nəvələrinizi
çox sevirsinizmi?
-
Dünyalar qədər! Dörd nəvəm, iki nəticəm
var: Siyasət, Günay, Tunar, Mehdi, Məhərrəm və
Ayaz. Onların hər birinin qəlbimdə öz yerləri
var. Mənim var-dövlətim nəvələrimdir. Nəvə
və nəticələrim sevgimizin bəzəkli meyvələridir,
bizi yaşadanlardır.
- Siz
2014-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında
çox ağır açıq ürək əməliyyatı
keçirmisiniz. Hətta ürəyinizin aorta qapağı da
biolojik protez qapaqla əvəz edilib. İndi
özünüzü necə hiss edirsiniz? Bu,
yaradıcılığınıza mənfi təsir göstərmir
ki?
- Məni
ikinci dəfə bu həyata dahi ürək cərrahı,
hazırda Milli Məclisin deputatı, həmyerlimiz Rəşad
Mahmudov gətirib. Şükürlər olsun Allaha ki,
yaşayıram. Amma noyabr ayı mənim üçün
çox pis keçdi. Az qala o yanlıq olacaqdım. İndi
özümü yaxşı hiss edirəm. Allah yenə də
mənə mərhəmət etdi. Əlbəttə, gündə
Allaha şükür edirəm ki, ədəbi
yaradıcılığımdan ayrılmamışam. Yoxsa,
çoxdan dünyamı dəyişmişdim. Məni həyata
bağlayan bu amillərdir: ailəm, yaxşı dostlarım,
bir də ədəbi yaradıcılığım. Mən hər
bir əsərimlə yaşayır, keçmişi
xatırlayıb gələcəyə körpü salıram.
Sabaha inamdır, Tanrıya şükranlıqdır məni
yaşadan.
- Sənət
seçərkən yenə də müəllimliyə
qayıdardınızmı?
-
Müəllimlik müqəddəs peşədir. 45 il bu həyatı
yaşamışam. Başdan-ayağadək romantikadır.
Amma hər adam müəllim həyatı yaşaya bilməz.
Müəllim halal çörək yeyir və həmişə
də yediyi çörəyə görə dövlətə
və Tanrıya şükürlər edir. Ən böyük
dahilər və fatehlər də müəllimdən dərs
alıblar. Elə bizim istəkli Prezidentimiz də öz dərsini
müəllimlərdən və Ulu Öndərimizdən
alıb.
-
Musiqiyə marağınız çoxdur. Musiqisiz həyat
olarmı?
-
Əbu Əli İbn Sina çox-çox əvvəllər
musiqini dərman hesab edirdi. Hətta bəzi cərrahi əməliyyatlar
musiqi sədaları altında aparılırdı. Musiqi ruhun
qida mənbəyi, məhəbbətə körpü,
könül oxşayan, xoş ovqat yaradan, bizləri həyata,
cəngavərliyə səsləyən ecazkar səsdir,
soraqdır, təranədir. Mən inanmıram ki, elə bir
adam tapılsın ki, musiqi onun sinirlərinə təsir eləməsin.
Xüsusilə də, muğamlarımızın tayı-bərabəri
yoxdur. Bir sözlə, milli musiqimiz milli-mənəvi dəyərlərimizin
ana xətti, bizi dünyada tanıdan bənzəri olmayan
varlığımızdır. Onu da xatırladım ki, “Məşəl”
jurnalında yeni “Musiqi dünyamız” rubrikası
açmışıq. Bu rubrikada mütəmadi olaraq sənətkarlarımız
haqqında esselərim çap olunur. “Yazıçı
sözü: Şəbnəm Tovuzlu bir dünyadır” essem
artıq çap olunub. “Azad Azərbaycan” qəzetində nəşr
olunan məşhur müğənni Məhəbbət
Kazımov haqqında “Bu nə nalə.., bu nə haray.., bu nə
yanğı.., bu nə fəryaddır, Məhəbbət?!”
adlı essem Vətən Müharibəsi günlərində
respublikamızın oxucularına çatdırıldı.
Bundan başqa respublikamızın Əməkdar artistləri
Baloğlan Əşrəfov, Yusif Mustafayev və başqa
müğənnilər haqqında da araşdırmalar
aparıb esselər yazmışam. Oxucular növbəti
nömrələrdə başqa müğənnilər
haqqında da esselərimlə tanış olacaqlar.
- Ailənizdə
sizin yolunuzu davam etdirən varmı?
-
Əlbəttə, var. Oğlum Anar Süleymanov da çox
gözəl rəssam və həm də istedadlı
yazıçıdır. Uşaq yaşlarında Az.TV-nin
respublika rəsm müsabiqələrində 4 dəfə
birinci yerin mükafatçısı olub. Uzaq Yaponiyada batal
janrına həsr olunmuş dünya uşaq rəsm sərgisində
1-ci yeri tutmuş, Bakıda və Lənkəranda fərdi sərgisi
təşkil olunmuşdur. İdris müəllim, Anar uşaq
olarkən onu oxuculara ilk dəfə siz, jurnalist Əlisəfa
Həsənov və şair Şəkər Aslan
tanıdıb. 2018-ci ildə Anar “Sultan Məhəmməd”adlı
tarixi romanını çap etdirmişdir. Bu, onun birinci
kitabıdır. Onun “Bəndər əfsanəsi” hekayəsini
şair Şəkər Aslan ilk dəfə olaraq o zamankı
“Leninçi” qəzetində çap etdirmişdi.
-
Mavi ekranlarda şou verilişlər sizi razı salırmı?
-
Çığır-bağırla nəyə isə nail
olmaq qeyri-mümkündür. Tamaşaçılar hər
şeyi görür və gördüklərinə də
düzgün qiymət verirlər. Şit, yüngül,
bayağı hərəkətlər, zövqü oxşamayan
“muğamlar”, oxşamalar, ağlaşmalar, mələşmələr
tamaşaçını yorur, usandırır və hiddətləndirir.
Hətta qulaqlarına sırğa taxan kişi “müğənniləri”
görəndə lap hövsələdən
çıxıram. Mənim fikrim belədir ki,
adlı-sanlı müğənni, yaxşı xanəndə
şoumenlərdən uzaq durmalıdır. Onun xeyrindənsə
zərəri daha çoxdur. Şoumenlər
tamaşaçının zövqünü nəzərə
almalı, milli mentalitetimizə yad olan elementlərdən kənar
durmalıdır.
- 75
yaşda yazıb-yaratmaq sizə çətin gəlmirmi?
-
Yazıb-yaratmağa sevgi tükənməyibsə,
ömrümün sonunadək bu işdən əl çəkmək
öz-özümə xəyanət olardı. Bəzən ədəbi
əsərlərdə janrların tələblərinə
cavab verməyən əsərlərlə
rastlaşırıq. Ədəbi əsər oxucuların
ürəyini fəth etmək üçündür. Ədəbiyyatla
peşəkarlar məşğul olmalıdır. Təsadüfi
yazarlar özlərindən sonra heç bir iz qoya bilməzlər.
- Kədərli
gününüz olubmu?
-
Vlideynlərimi, bacımı və dostlarım Yunus Mustafayev və
Yusifəli Quliyevin yeganə oğlanlarını itirdikləri
günlər ən kədərli günlərim olub. Məşhur
filoloq, bacım Firəngiz İbrahimova Cəlilabadın
Hacıavad kəndində qərib bir təpədə dəfn
olunub. Eyvanımızdan Talış dağları apaydın
görünür. Hər dəfə dağlara baxanda
bacımın qərib pıçıltılarını
eşidirəm... nakam pıçıltılarını...
-
İndi hamının ağsaqqal öyüdünə, məsləhətinə
ehtiyacı var.
- Cəmiyyətin-gənclərin,
orta yaşlıların həmişə ağsaqqalların
öyüd-nəsihətlərinə, məsləhətlərinə,
müdrikliyinə ehtiyacı olub və bu gün də var. Odur
ki, biz ağsaqqal sözünün bəhrə verdiyini görəndə
çox sevinirik. Mən də ictimai fəaliyyətimlə əlaqədar
Liman şəhəri üzrə Ağsaqqallar
Şurasının sədri, eyni zamanda, Lənkəran rayon
Ağsaqqallar Şurasının sədr müaviniyəm. Vətən
Müharibəsi gedərkən gənclərlə
apardığım söhbətlər onların vətənpərvərlik
hisslərini artırıbsa, deməli, nəyə isə nail
olmuşam.
- Siz
mətbuat səhifələrində çap etdirdiyiniz məqalələrinizlə
bəzən kinoşünasları
xatırladırsınız. Bu sahəyə maraq haradandır
sizdə?
-
Yaxşı deyiblər ki, incəsənətdən ən əhəmiyyətlisi
kinodur. Kino həyat hadisələrini sanki bizə əyani
göstərir. Habelə, kino hiss və duyğularımıza
təsir edir, həyatı, insanları sevməyi, pisliklərə
nifrət etməyi öyrədir, keçmişdən bu
günə körpü qoyur, maarifçilik missiyasını
yerinə yetirir, bizi darıxmağa qoymur. Kinoya marağım
çoxdur. Bu maraq məndə yeniyetməlik dövründən
başlayıb, hələ ki, tükənməyib. Əsasən
hind retro filmlərini daha çox sevirəm və onları həvəslə
təhlil edib oxuculara çatdırıram və bundan
böyük zövq alıram. Müasir hind filmlərinə
baxmıram. Çünki müasir hind filmləri çox
aşağı səviyyədədir. Bu vaxtadək mətbuat
səhifələrində “Multikulturalizm: hind filmlərinin
dünəni və bu günü”, “Ramanalı Yaşar, yoxsa,
kinoşünas?”, “Hind filmlərinin unudulmaz müğənnisi
Məhəmməd Rəfi Sahab”, “Bollivud filmlərinin vokalisti
və ulduzu Lata Mangeskar”, “Avara” filmi məhəbbət
elegiyasıdır”, “Rac Kapur: gülüş və kədər
ustası”, “Unudulmaz Vyjayantimala Bali”, “Nərgiz (Rita)-(Fatimə
Əbdül Rəşid) və oğlu Sancay Dutt”, “Dilip Kumar:
hind kino sənətinin korifeyi”, “Bir nəslin kino salnaməsi”
esselərim gənc nəslimizi hind kino sənətinin korifeyləri
haqqında maarifləndirmə işində, mənə elə
gəlir ki, mədəniyyətlərin
yaxınlaşdırılmasında ən gözəl vasitədir.
Axı biz yazarlardan kimlərsə bu xeyirxah işləri
görməlidir, ya yox?
-
Sizin hövsələnizə və səbrinizə
heyranlığımı bildirirəm. Səyavuş müəllim,
mən sizinlə-çağdaş ədəbiyyatımızın
Cənub bölgəsinin tanınmış istedadlı
yazıçı-publisisti ilə sağollaşır, anadan
olmağınızın 75 illiyini təbrik edir və ümid
edirəm ki, bundan sonra da yeni əsərlərinizlə bizi
sevindirəcəksiniz. Sizə yeni yaradıcılıq
uğurları və ən əsası isə
cansağlığı arzulayıram.
-
Çox sağ olun, İdris müəllim. Sizə də can
sağlığı arzulayıram, əziz dostum.
İdris
ŞÜKÜRLÜ, Əməkdar jurnalist
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 10.