Yazmaram
ürəyim sizi anmasa...
Nakam şair
mikayl Müşfiq
Yanvarın
6-sı XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam
şair Mikayıl Müşfiqin xatirəsini anma
günüdür.O, həyatdan erkən getsə də,
özündən sonra yaradıcılıq eşqi ilə
dolu, bütün zamanlarda seviləcək lirik nümunələr
qoyub.
Mikayıl
Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də
Bakının Dağlı məhəlləsində, ziyalı
ailəsində dünyaya göz açıb. Atası müəllimlik
edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər
yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya
köçüb. Çox körpə ikən anası
Züleyxanı, altı yaşında isə atasını
itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində
böyüyüb. Onun körpə qəlbi bu itkilərdən
yaralansa da, həyatdan küsməyib və hər zəhmətə
qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə
rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə
Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli
ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində oxuyub. Əmək fəaliyyətinə
müəllimliklə başlayıb, Bakı məktəblərində
yeddi il dərs deyib.
Mikayıl
Müşfiqin ilk mətbu əsəri olan "Bu gün”
şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində,
"Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə
"Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar
yaradıcılığı sayəsində 1930-cu ildən
başlayaraq onun "Küləklər”, "Günün səsləri”,
"Buruqlar arasında”, "Bir may”, "Pambıq”,
"Vuruşmalar”, "Şeirlər”, "Şəngül,
Şüngül, Məngül”, "Qaya”, "Kəndli və
ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq
"Seçilmiş əsərləri”, "Əsərləri”,
"Duyğu yarpaqları”, "Əbədiyyət nəğməsi”,
"Könlümün dedikləri”, "Həyat sevgisi” və
digər adlar altında kitabları çap edilib. Şairin
ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci
ildə "Müşfiqli günlərim” adlı xatirələr
kitabı nəşr olunub, kitabın son genişləndirilmiş
nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl
Müşfiq tərcümə ilə də məşğul
olub. A.Puşkinin "Qaraçılar” (Ş.Abbasov ilə
birlikdə), M.Lermontovun "Demon” poemalarını (R.Rza ilə
birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza”
şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və
başqa şairlərin irsindən nümunələri, eləcə
də M.F.Axundzadənin "Şərq poeması”nı Azərbaycan
dilinə çevirib.
Sovet imperiyasının repressiya
dalğasına tuş gələn Mikayıl Müşfiq
1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib.
Nakam şair Azərbaycan xalqı üçün əsl sənət
xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin
açarını da özü ilə əbədiyyətə
aparıb.
Şairin
zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək
("Çoban”, "Mənim dostum”, "Qaya”,
"Sındırılan saz”, "Səhər”,
"Azadlıq dastanı”) lirik növün əksər
janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq,
yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas
bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin,
peyzajların ən mükəmməl nümunələrini
yaradıb.
Mikayıl
Müşfiq poeziyası şifahi xalq və yazılı
klassik ədəbiyyatımızdan bəhrələnib.
Folklora dərindən bələd olması və ondan məharətlə
istifadə etməsi şairin poeziya dilinin
axıcılığını, əsərlərinin maraqla
oxunmasını şərtləndirir:
Yazmaram
ürəyim sizi anmasa,
Sizin
eşqinizlə alovlanmasa;
Burdaca
el durub məndən sordu ki:
Gözdən
yaş çıxarmı ürək yanmasa?
Mikayıl
Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər
verən yığcam, lakin dərin məzmunlu ifadələr
çoxdur: "Həyat həm gülməkdir, həm
ağlamaqdır”, "Bədbəxt bu dünyada tək
yaşayandır”, "Həyat ondan küsənləri incidər”,
"Nə qədər yaraşır insana gülmək!”.
Rəngarəng
mövzuları əhatə edən Mikayıl Müşfiq
poeziyası milli və bəşəri keyfiyyətlərə
malikdir. Milli musiqi alətlərimizdən olan tarın
konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə
məşhur "Oxu, tar!” şeirini yazıb. Bu şeir hər
bir azərbaycanlının qəlbini riqqətə gətirməyə,
onu mübarizəyə ruhlandırmağa qadirdir. "Bayram
axşamı” şeirində Novruz bayramına dair
uşaqlıq xatirələrini danışmaqla müəllif
sovet rejiminin milli adət-ənənənin yaddaşlardan
silinməsinə yönəlmiş siyasətinə
qarşı çıxıb.
Ədibin
poeziyasında Azərbaycanın tərənnümü
xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin
və poetik istedadının qovuşduğu belə əsərlər
("Ölkəm”, "Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən
mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
Mikayıl
Müşfiqin "Sevgilər”, "Maralım”, "Yenə o
bağ olaydı!” şeirləri bəşəri mövzu olan
sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir.
İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm
edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs
hissləri duymağı, qorumağı aşılayır və
bu gün də tərbiyəvi əhəmiyyətə
malikdir.
Müşfiq
poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan
şeirlərinə bəşəri məzmun verməsindədir.
Sovet rejimində "Azadlıq dünyanın dərin ruhudur,
Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin
əsərləri millət, Vətən mənafeyini əsas
tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl
Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin
timsalı, yaradıcılığı isə gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hisslərinin tərbiyəsində
əvəzsiz xəzinədir. Onun şeirlərinə
mahnılar bəstələnib, ədəbi irsi
çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə
çevrilib. Şairin əbədiyaşar sənət naminə
çəkdiyi zəhmət layiqincə qiymətləndirilib.
Onun xatirəsini əbədiləşdirmək
üçün Bakıda büstü qoyulub,
yaşadığı binanın qarşısına xatirə
lövhəsi vurulub, qəsəbəyə, məktəbə,
küçəyə və meydana adı verilib, Xızıda
xatirə muzeyi yaradılıb.
Azad Azərbaycan.-
2021.- 7 yanvar. S. 11.