Vətən sevgisindən
doğan hünər
44 günlük Azərbaycan xalqının
tarixi zəfərində
astaralı gənclərin
də xüsusi yeri vardır. Belə ki, ötən
ilin 27 sentyabrında başlanan Qarabağ müharibəsində qəhrəman
igidlərimizdən biri
olan Abbas İbrahimli sözün əsl mənasında erməni dığalarına
qan qusdurub.
Həmişə vətən, torpaq qeyrəti çəkən
kamil insanların sırasında olan, doğma el-obanın dərin etimadını qazanan, köksündə xalqına sevgi dolu ürək daşıyan Abbas İbrahimli Astara şəhərində yaşayır.
Onun həyatına məna qatan insanlığın zinəti
sayılan saf, ülvi dəyərlərin
kökündə əsl
azərbaycanlı adət-ənənələri
üzərində qərar
tutan ailə mühitində aldığı
tərbiyə durur.
2013-cü ildə Astara Pedaqoji Kollecinin Bədən tərbiyəsi və idman fakültəsini atletika müəllimi ixtisası üzrə bitirəndən xalqına
fayda vermək, yaxşılıq gözündə
yaşa dolmaq onun ali məqsədi
olur. Nəcib həyat amalı, xeyirxah məqsədləri
indi Abbasa Astara rayonunda böyük sevgi gətirib.
Abbas həqiqi
hərbi xidmətini Naftalan şəhərində
keçirir. Tank əleyhinə tağımda
tuşlayıcı vəzifəsini
icra edir. Daim nümunəvi xidməti ilə fərqlənir, təlimlərdə əla
döyüşçü keyfiyyətləri göstərir.
Ən əsası vətən sevgisi, doğma torpağı qorumaq eşqi Abbası sözün həqiqi mənasında zabitlərin, əsgərlərin
yanında başıuca
edir. O, vətən
qarşısında oğulluq
borcunu ləyaqətlə
verib doğma Astaraya qayıdır. Çay fabrikində, Astara bələdiyyəsində,
Əmək Məsələləri
Dövlət Komitəsinin
Masallı rayon şöbəsində, Astara
Rayon İcra və Probasiya şöbəsində çalışır.
Abbasın insanları
nəcib məqsədlərə
yönəltmək istəyini,
məramını görüb
onu Astarada Gənclər və İdman İdarəsində
gənclərlə iş
üzrə nümayəndə
seçirlər. Və
gördüyü işlərdə
xalqına fayda vermək əzmi mənəvi dünyasına
daxil olmaqla ona xoşbəxt gələcəyin, işıqlı
sabahların ünvanını
göstərir. Qaldı ki,
erməni dığaların
Azərbaycanın müqəddəs
guşəsi sayılan
Qarabağ torpaqlarına
ədalətsiz təcavüzü
vətəni canından,
qanından artıq sevən Abbası bir an belə
rahat buraxmır, düşməndən qisas
alacağı günü
gözləyir. Məhz
buna görə də İkinci Vətən Müharibəsi
başlananda ürəyinin
istəyini əsas götürərək könülü
mənfur düşmənə
qarşı çıxır.
Abbasın gərgin
döyüş günləri
Füzulidən başlanır.
Dığalar onun sarsıdıcı zərbələrinə
tab gətirə bilmir. Qazanılan qələbələr ona
yeni güc, qüvvə verir. Daha sonra Xocavənd
və Hadrutda Vətən torpağının
hər qarışı
uğrunda intiqam hissi ilə vuruşur, böyük şücaət göstərir,
düşməndən qisas
alır. Qubadlıda mərmi partlayışında
ağır yaralanır.
Hospitalda müalicə
olunsa da, şanlı ordumuzun qələbəsinə ürəkdən
inanır...
Hazırda Abbas
yaşadığı Astarada
səmərəli işgüzar
fəaliyyəti ilə
hamının etimadını
doğruldur. Necə deyərlər, adəti üzrə xalq üçün çalışmaq,
insanlara fayda vermək onun iç dünyasından, mənəvi aləmindən
qaynaqlanır. Hələlik
qəlpə alnında,
yanağında durur. Abbas deyir ki,
vətəndən üstün,
qiymətli şey yoxdur: «30 ilə yaxın vətənimizin bir parçası işğal altında idi. Prezidentimizin müdrik siyasəti, Ordumuzun cəsarəti nəticəsində torpaqlarımız
azad edildi. Bu tarixdə bizim üçün Şanlı Zəfər oldu. Fəxr edirəm ki, onda bir vətən
övladı kimi mənim payım da vardır».
Zəfər ORUCOĞLU
Azad
Azərbaycan.-2021.- 14 yanvar.- S.5.