Səni
bizdən soruşsalar, nə deyək?
Hamımızın
Allaha bir can borcu var. Əvvəl-axır
çıxınmalıyıq bu borcdan. Çünki
qədər adlı ömür payını doğulan gün
Tanrı bəşər övladının alnına həkk
edir. Bunu bilsək də, ölüm xəbəri
alanda kimi heyifsilənir, kimi köks ötürür, kimi
inanmaq istəmir, kimi də fəryad edir. Fəryad
edir ona görə ki, onun qapısını vaxtsız zənn
etdiyi əcəl döyüb. Elə mən
də sənin ölüm xəbərini astanadan evə daxil
olan kimi alanda, inanmadım, sadəcə inanmaq istəmədim.
İnanandan sonra isə düşündüm
ki, kaş Tanrı vaxtsız ölümü heç kimin payına
yazmayaydı.
Cəmi dörd ay əvvəl səninlə dəvət
etdiyin isti ocağında üzbəsurət əyləşib
müsahibə üçün söhbətləşirdik. Səmimi söhbət isti
münasibətə körpü saldı və ayrılarkən:
“Evi tanıdın, istədiyin vaxt gələ bilərsən”
deyərək, məni yola saldın. Müsahibəni də
çox bəyəndin, ünvanıma xeyli xoş sözlər
dedin, yeni layihələrinlə məni tanış
edəcəyinə söz verdin, amma vədinə xilaf
çıxdın. Sənin haqqında
keçmış zamanda danışmaq istəməsəm də,
dörd ay əvvəlki müsahibəmizlə bu gün səninlə
vidalaşıram (3 sentyabr 2020-ci ildə qəzetimizdə dərc
edilən masahibəni oxucularımıza bir daha təqdim
edirik).
DUYMUŞDUM
Kİ, DÜNYA MƏNƏ ÖZÜ BOYDA DƏRD
VERƏCƏK
Azərbaycan mədəniyyəti, musiqi dünyası,
tamaşaçısı bu adı eşitmədən əvvəl
tanıyıram onu. Tək mən yox, nəhəng bir təhsil
ocağının bütün sakinləri də
tanıyır. Çünki o, bu gün hər
yerdə 190-çılar adı ilə tanınan böyük
bir ordunun musiqi müəllimi olub.
Etiraf edim ki, adətən məktəblərdə musiqi
fənni ən asan hesab olunduğundan, bu dərsə kifayət
qədər vaxt sərf etmək lazım gəlmirdi deyə,
şagirdlər də ona bir əyləncə saatı kimi
baxırdı.
Lakin onun tələbkarlığı, fənninə
olan məhəbbəti və məsuliyyəti, təşkilatçılığı,
hazırladığı yüksək səviyyəli tədbirlər
özünə böyük hörmət də, sevgi də
qazandıra bilmişdi. Özünün dediyi kimi: “Azərbaycan
təhsilində möhürünü vurmuş, əsl məbəd
olan 190 saylı məktəbdə Sona Tağıyevanın rəhbərliyi
altında ürəklə çalışdığım
23 il ömrümün silinməz səhifələridi və
o təhsil fədaisindən sonra orada qalmaq mənə
çox çətin oldu”. Bu sözləri isti
ocağının divarları arasında mənimlə üzbəsurət
oturub səmimi söhbətilə daha yaxından
tanımağa başladığım müsahibim dedi. Bu dəfə
“Qadın gülərsə” rubrikası ilə dərdini,
ağrısını, itkisini içində boğaraq, “yerdə
qalanların nə günahı var?” deyən Azərbaycan
Dövlət Pedaqoji Universitetinin dosenti, Bakı Dövlət
Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin
direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü, Əməkdar incəsənət xadimi,
musiqişünas, bəstəkar Nailə Mirməmmədlinin
qapısını döydük.
ADDIM
1961-ci
ilin may ətirli günlərinin birində bakılı ailəsində
anadan olmuşam. 1979-cu ildə Bülbül adına orta ixtisas
musiqi məktəbini, 1985-ci ildə indiki N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinin musiqişünas, dirijor,
xormeyster, vokal, aranjiman, orkestrovka, 1997-ci ildə Bakı Musiqi
Akademiyasını musiqişünaslıq və bəstəkarlıq
ixtisasları üzrə bitirmişəm. Hər
üç təhsil ocağını fərqlənmə ilə
başa vurmuşam. Pedaqoji Universitetin sonuncu kursunda praktik
təcrübəni ən nümunəvi təhsil ocağı
olan 190 saylı məktəbdə keçəndə, bu
gün də hörmətlə andığım Sona müəllimə
işimi o qədər bəyəndi ki, orda
qalmağımı çox arzu etdi və nəticədə
düz 23 il həmin məktəbdə müsiqi müəllimi
oldum. Sona müəllimə dünyasını
dəyişəndən sonra o möhtəşəm məktəb
məni sıxmağa başladı və oradan
ayrıldım. Müxtəlif illərdə “Bənövşə”
uşaq xorunda, 189 saylı, qısa bir müddət məzunu
olduğum Bülbül adına orta ixtisas
musiqi məktəbində, Avropa liseyində dərs dedim. 2003-cü ildən bu günədək Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində on
bir müxtəlif fəndən dərs deyirəm. Bu il eyni zamanda BDU-nun Mədəniyyət
Yaradıcılıq Mərkəzinin direktoru təyin
edilmişəm. Bütün bunların
fövqündə dayanan isə ruhumun qidası olan musiqi dolu
dünyamdı.
OCAQ
Hər iki valideynim İçərişəhərdəndi. Atam Ağabala
Abdullayev bu günün dili ilə desək, bizneslə məşğul
olub, kafe-restoran işlədib. Hamı onu
çox təmiz, dürüst, ürəyi geniş, səxavətli
insan kimi tanıyıb. Onun adı çəkiləndə
birmənalı olaraq bilirdilər ki, heç bir əyrilikdən
söhbət gedə bilməz. Bayır-bacaqda,
küçədə kimsəsiz, dəliqanlı
uşaqların yollarını azmaması üçün
onları işlə təmin edərdi ki, başpozuqlara
qoşulmağa vaxtları olmasın. Belə
bir ürək sahibi idi atam və bu xüsusiyyət biz
övladlara da keçib. Anam Sima xanım
uzun illər mühasib vəzifəsində
çalışıb, övladlarına, ailəsinə,
ev-eşiyinə çox bağlı əsl Azərbaycan
qadını olub. Bəzən atamın hədsiz
səxavətini görən anam deyərdi ki, ay Ağabala, bu
qədər əvəzsiz yaxşılıqlar edirsən, bir
bizi də düşün. Cavabında atam
deyərdi ki, bunun əvəzi qızımım
qarşısına çıxacaq. O necə demişdisə,
elə də olur. Çıxılmaz, naəlac
vaxtımda qapı döyülüb, ruzi özü gəlib
evimə. Ailənin sonbeşiyiyəm, aramızda on
dörd, on altı, on səkkiz il yaş fərqi
olan bacı və qardaşlarım var. Ailədə gözlənilməyən
uşaq olduğum üçün hədsiz əzizlənib
sevilmişəm. İllər sonra alışdığım
bu münasibətin davamını qurduğum ailədə də
yaşadım, amma heyf ki, bu ocağın istisinə cəmi 21
il qızına bildim.
MUSİQİ
Musiqini sevən, ona dəyər verən, incəliklərini
anlayan bir nəsildənəm. Ata babam Məşədi
Abdulla Təzə Pir məscidinin axundu olub, Racinin qəsidələrinə
mərsiyələr yazıb. Ata nənəmin
əmisi Məşədi Məmməd Fərzəliyev xanəndə
olub. Cabbar Qaryağdı oğlunun
vaxtında tanınmış və sevilən zilxanlardan idi.
Azərbaycan xalq rəqslərinin
ifaçısı, Filarmoniyanın musiqi və rəqs qrupunun
rəhbəri, Xalq artisti olan əmim Əlibaba Abdullayev
Üzeyir bəylə birlikdə çalışıb.
Atam tar sinfini bitirsə də, ürəyində musiqiyə
sevgi ilə başqa sahəyə üz tutub. Ana
babam tək musiqiyə deyil, sözə, qəzələ
çox dəyər verib. Yadımdadı
deyərdi ki, Əliağa Vahid bizim evdə böyüyüb.
Desəm ki, musiqi ilə bərabər
böyümüşəm, bu, doğru olar. İki yaş yarımlıq olanda atam mənə
“Bayatı Şiraz” təsnifini pianoda çalmağı
öyrədib. O zamanlar iki böyük bobini olan “Dnepr”
maqnitofonu var idi, onu indiyə qədər saxlamışam. Atam o bobinlərin üstünə gəlincik
qoyardı və o lentlərə yazılmış babamın
mərsiyələri, muğamlar, təsniflər, rənglər
səsləndikcə, mən gözlərimi fırlanan gəlinciklərdən
ayırmazdım. Gözümə
maraqlı gələn bu əyləncə heç demə
eşidib, lakin hələ dərk etmədiklərimi
yaddaşıma həkk edərmiş. Sonra
da yaddaşımda olanları pianoda axtara-axtara çalmağa
çalışardım. Bunu görən atam və əmim
məni Bülbül adına orta ixtisas məktəbinin
direktoru Nazim Əliverdibəyovun yanına apardı. Atam ondan məni məktəbə götürməyi
xahiş etdi. Çaşqın qalan Nazim müəllim
bunun mümkün olmadığını və beş yaşında məni gətirməyi məsləhət
görüb. Onun dediyi kimi beş
yaşımda məni yenə məktəbə gətiriblər.
O zaman Bülbül adına orta ixtisas
musiqi məktəbi konservatoriyanın nəzdində idi.
İki il hazırlıqda oxuduqdan sonra məktəbin
birinci sinfinə getdim. İkinci sinifdən sonra Bülbül adına məktəb indiki ünvanında
ayrıca təhsil ocağı kimi fəaliyyətə
başladı. Və beləliklə,
ömrümün musiqi salnaməsinin ilk səhifələri
yazılmağa başladı. Heç demə
orada oxuduğum dövrdə qonşuluqdakı 190 saylı məktəbdə
Tanrının alnıma yazdığı qismət payımla
bir-birindən xəbərsiz eyni illəri
yaşamışıq.
BƏSTƏKAR
Musiqi yazmağa başlayanda dördüncü sinifdə
oxuyurdum. İlk bəstəm fortepiano üçün
prelüd oldu. Yazdıqlarım kiçik
etüdlər, prelüdlər olsa da, müəllimlərim
onları üzə çıxarmağı məsləhət
görmürdü. Səbəbini bilmirdim, amma indi
düşünürəm ki, qızıl dövr adlanan
yaşadığım zamanda Azərbaycan musiqisinin
bünövrəsini qoyan nəhəng bəstəkarlar nəsli
vardı – Q.Qarayev, F.Əmirov, C.Cahangirov, T.Quliyev,
V.Adıgözəlov... Onların hərəsi
bir dünya idi. Biz belə bir mühitdə
yetişmişik, onların musiqisindən qidalanaraq,
özümüzü dərk edib tanımışıq.
Müəllimlərim deyirdi ki, sən elə
pianoçu ol, musiqi bəstələmə. Düzü, mahnı bəstələmək haqda
fkirləşməmişəm. Zövqümə
daha çox uyğun olan simfonik və xor əsərləri
olub. Birinci il Bakı Musiqi
Akademiyasına daxil ola bilməyəndə yolboyu atama nə
deyəcəyimi bilmirdim. Çünki onun
ümidini qırmağa və mənimlə bağlı
arzularını puç etməyə haqqım yox idi. Qərarım bu oldu ki, ya güclü pianoçu
olacam, ya da bəstəkar. Lakin eləsindən
olacam ki, on nəfərdən biri kimi seçilim. Bu da atamın sözü idi. “Sən
böyüyəndə bəstəkar ol, çünki sənin
barmaqlarında improvizasiya var, bu da bəstəkara mütləq
lazımdı”. Bu sözləri mənə
on bir yaşım olanda Emin Sabitoğlu bir dəfə dinləməklə
onun mahnısını ifa etdiyimi eşidəndə
demişdi. Tale elə gətirdi ki, Bakı
Musiqi Akademiyasının musiqişünaslıq və korifey sənətkar
Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisaslarına yiyələnmək
mənə nəsib oldu. Bu, artıq o zaman
idi ki, Hikmətlə məni ortaq mərkəzə gətirən
yaradıcılıq, artıq taleyimizi bir-birinə
bağlamışdı. Və bu
yaradıcılıq yoluna sözümü tutub on nəfərdən
biri kimi seçilmək üçün “Ya Allah” deyib qədəm
qoyduq. Sahəsindən asılı
olmayaraq, yaradıcılıq elə bir xəstəlikdir ki,
harda, nə zaman səni yaxalayacağını bilmirsən.
Əgər mahnı gəlmək istəyirsə, o, səni
yolda da, iş başında da haqlayacaq. Olub ki,
mahnı məni yuxudan oyadıb. Qalxıb
onu nota yazmağa tənbəllik etmişəm və yaddan
çıxıb. Elə də olub ki,
musiqi məni yerimdən qalxmağa məcbur edib. Rəhmətlik
Tofiq müəllimin bir sözü vardı: “Notu yazdın sənindi,
yazmadın, artıq onu itirdin”.
Beləcə,
illəri adlaya-adlaya əsl bəstəkar adına
layiq olmaq, professional kimi tanınmaq naminə biz yorulmadan əl-ələ
verib çalışdıq. Bu gün bir bəstəkar
kimi, mənə mahnı və xor əsərləri daha
yaxındı. Mahnını bəstələmək
üçün şeir mənə çox təsir etməlidi.
Öz dilimi hədsiz sevirəm və şeir Azərbaycan
dilində o qədər səlis, mükəmməl
yazılmalıdı ki, mən də musiqini bəstələyim.
Mahnı üçün yazılan şeirin
daxili ritmi, avazı, ölçüsü olmalıdı.
Bunlar olmasa, o şeir musiqini gətirə bilməz.
Mahnı elə bir janrdı ki, yadda qalması
üçün bəsit olmalıdı. Şair
yazır, bəstəkar mahnıya həyat verir, onun yaşadan
isə müğənni ifasıdı. Mənim
ixtisaslarımdan biri də vokaldı. Mahnını
məndən yaxşı ifa edən müğənni ilə
işləmək həm rahatdı, həm də bundan zövq
alıram. Əgər müğənni zəifdisə,
ona öyrədə bilirəm, çünki bu da mənim
ixtisasımdı, 37 ildi pedaqoqam. Tamam zəif
müğənni ilə işləmək isə çox əziyyətli
olduğundan, ondan zəhmət haqqımı alıram. Günümüzün reallığı budu. Yaxşı gənc müğənnilərimiz var,
lakin yaşları ötür, üzə çıxmaq
üçün yol tapa bilmirlər. Elə
gənclərimiz var ki, yaxşı ifası var, lakin bəsitdi.
Səsinin diapazonunu, tembrini,
xırdalıqlarını göstərmək
üçün musiqisi yoxdu. Əlində
olan musiqi onun üzə çıxmasına imkan vermir və
o maraqsız bir ifaçıya çevrilir. Mən çox irad bildirmək istəmirəm,
çünki inciyənlər olur. Lakin elə
məqamlar olur ki, orada susmaq, sənətə xəyanət
kimidi. Meyxana janrına böyük hörmətim
var, bu, bizim folklorumuzdu. Lakin musiqili meyxana
yazıb Azərbaycan musiqisinin bundan ibarət olduğunu
göstərmək çox yanlışdı. Musiqili meyxana deyilən bir janrı yaradanlar bunu
özləri də bilir. Bu janra üz tutanar arasında
klassika, estrada, vokal imkanı olanlar var. Təəssüf
ki, bu imkanlarından istifadə edə bilmir. Nəticədə
həm özləri bəsitləşir, həm də eynilik
artır. Bir dəfə televizoru izləyən rəhmətlik
anam iki müxtəlif ifanı dinləyəndən sonra dedi,
ay qızım, bu mahnını indi oxudular ki... Bizim
musiqimiz dəryadı. Yeddi əsas
muğamımız, onların qolları, şöbələri.
Bunlar bitib tükənən deyil, bu dəryaya
baş vurmaq lazımdı. Üzdəniraqlar
elə bir ucdan mahnılarımızı oğurlayıb
özəlləşdirməkdən əldən
düşüb, biz isə bu varidatın dəyərini
azaldırıq. Bu, məni çox
ağrıdır. Özündən razılıq kimi səslənməsin
az-çox sözünü deyən, işini nümayiş
etdirə bilən, böyük dinləyicisi olan bir bəstəkar
kimi Cavanşir Quliyevi, Eldar Mansurovu, Faiq Sücəddinovu, mərhum
Tahir Əkbəri ürəklə, həvəslə dinləyirəm.
Çünki onların mahnılarında musiqi
var, yaradıcılıq var, zövq var. Lakin bu gün elə
mahnılar səslənir ki, musiqisi calaqdı. Mən
musiqişünas olduğumdan bu calağı dərhal hiss edirəm.
Bu da başqa bir ağrıdı.
ÖMUR
1983-cü
il qonşu məktəbin məzunu olan Nailə
Abdullayeva və Hikmət Mirməmmədlini iki gənc
yaradıcı insan kimi tanış etdi. Artıq
hər ikimizin bəstələri vardı və bu
tanışlıqdan sonra yaradıcılığımız
daha məhsuldar oldu. Bir-birimizi həvəsləndirdik,
qol-qanad verdik, səhvlərimizi görə bildik. Və sonda anladıq ki,
yaradıcılığımız da, həyatımız da bərabər
yürüyə bilər. Musiqi
Akademiyasını bitirənə qədər bəstələrimiz
xalq mahnısı adı altında səslənirdi,
çünki o zaman buna icazə verilmirdi. Yalnız
bəstəkar diplomunu alandan sonra Nailə və Hikmət Mirməmmədlilərin
müəllif kimi adının çəkilməyinə biz də
razılıq verdik, çünki hər ikimizin tərbiyəsində
böyüklərə hörmət və ehtiram hissi
güclü olub. 90-cı illərin əvvəlindən
bizim yüksəliş dövrümüz başladı.
Uğurlu layihələr, sevilən mahnılar,
səviyyəli tədbirlər, keyfiyyətli
yaradıcılıq bizim yol yoldaşımız oldu. Biz sənətimizi sevdiyimiz kimi, sevilməyi də
bacardıq. Mənim üçün şəxsiyyət
olan müəllimim mərhum Tofiq Quliyev deyirdi ki, siz
mahnılarınızı çox gözəl və
güclü təqdim edə bilirsiniz. Ona
görə də istər müğənnilər, istər
xor kollektivi bəstələrinizi asanlıqla və ürəklə
ifa edir.
Özümüzdən
asılı olmayaraq, sanki bir devizimiz vardı - əl
qoyduğumuz hər işdə uğur bizim olmalıdı və
şükürlər olsun ki, qısa yaradıcılıq
yolumuzda buna həmişə nail ola bildik. Belə bir vaxtda həyat bizə çox ağır
bir zərbə vurdu. 16 yaşına
düz bir həftə qalmış oğlumuz Hüseyni faciəli
şəkildə itirdik. Valideyn
üçün övlad itkisi yaşamaq ağırdan da
ağırdı. Mən yaşayacaqlarımı həmişə
hiss etmişəm, yuxularımda görmüşəm, bu
uşaqlıqda da belə olub. Hikmət
yuxularımdan çox qorxardı. Duymuşdum
ki, dünya mənə özü boyda dərd verəcək.
Oğlumun ölümündən beş il
əvvəl bir mahnı bəstələdim – “Dərd verdin”. Mahnını təqdim etdiyim müğənni Mətanət
İsgəndərli heç cürə onu lentə yazdıra
bilmirdi, sanki bir əl tutub onu saxlamışdı.
Beş il yol gözləyən mahnı
oğlumun üç mərasimi günü lentə
yazıldi. İfanı dinləyəndə
inanmadım ki, bu mahnının bəstəkarı mənəm.
Mən hönkürtü ilə
ağlamağı bacarmıram, çünki o, mənim
içimdədi. Oğlumdan sonra bəstələrim
damla-damla da olsa, mənə bir yüngüllük gətirirdi.
Bir də ki, o zaman arxamda Hikmət vardı,
dayağım vardı, bu yükü bərabər çəkə
biləcəyim sirdaşım, məsləkdaşım
vardı. Amma həyat onu da mənə
çox gördü. Mənimlə
oynadığı amansız oyunla bu dəfəki zərbəni
elə vurdu ki, dünyam dağıldı. Təbiətimdə
heç zaman üsyankarlıq olmayıb, verən də, alan da Allahdı. Hansı
üsyankarlıq gedəni qaytara bilib? Artıq
bir çiynimdə çətinlik vardı, o birində həyata
davam etmək missiyası, çünki qarşımda
üç övladımız dayanmışdı, onların
isə heç bir günahı yox idi. Hikmətdən
sonra bir boşluğa düşdüm, altı ay sonra isə
anamı itirdim. O ərəfədə dostlarım məni
Allahın evinə - Məkkəyə göndərdi. Bu olmasa idi, nə edəcəyəm sualının
cavabını düşünməkdən, yəqin ki,
ağlımı itirərdim. Ölümündən
düz bir həftə əvvəl dövlətimiz bizə
Əməkdar İncəsənət Xadimi fəxri
adını vermişdi, sanki layiq olduğu mükafatı
gözləyirdi Hikmət. Zəhmətinin,
istedadının qiymətini aldı və vur-tut 21
yaşı olan birgə həyatımızın
qapısını bağlayıb getdi. Bir il
efirləri özümə yasaq etdim, lakin həyat öz
axarı ilə davm edirdi, evdə Hikmətin üç əmanəti
vardı. Anladım ki, bu ağır yükü
onsuz da daşımaq məcburiyyətindəyəm. Hikmətsiz keçən bu on üç ildə
onunla düşündüm, onunla yaratdım, onunla məsləhətləşdim,
onunla dərdləşdim. Fəqət
onsuz uşaqları böyütdüm, təhsil verdim, gəlin
gətirdim, nənə oldum. İndi Hikmətin
ailəsində daha bir Nailə Mirməmmədli
böyüyür, onun ilk nəvəsi. Babasını
yalnız şəkillərdən tanıyan, səsini lent
yazılarından eşidən nəvəsi...
NAİLƏ
Hikmət
kimi bir dost, ömür yoldaşı qazanmaq Allahın mənə
bir lütfü idi. Onu itirəndən sonra
üsyan etmək bir ibadət əhlinə yaddı. Mən Allahımı o qədər sevirəm ki, onun
nəzərindən düşməyə qorxuram. Elə bir ailədə böyümüşəm
ki, evdə yüksək səslə danışmağın nə
olduğunu bilməmişəm. İndi
anlayıram ki, heç demə o vaxt da atamın nəzərindən
düşməkdən qorxmuşam. Musiqi dünyası
ilə məni tanış edən atam
olub. Onun özü kimi şeirə, sözə,
musiqiyə dəyər verən dostları vardı. İndiyə kimi yadımdadı onlar – zabratlı
Gülmurad dayı, Mürsəl dayı, iki Ağasəlim
dayı vardı. Birinə qara Ağasəlim
deyərdilər ki, söhbətin kimdən getdiyi bilinsin.
Gülmurad dayının Zabratdakı evində
tez-tez şeir, qəzəl, musiqi məclisi qurulardı.
Kimlər olardı orada – Tofiq Bayram, Hüseyn Arif, Niyazi, Emin
Sabitoğlu, Mirzə Babayev, Səttar Bəhlulzadə... Atam gedəndə məni də özü ilə
aparardı. Bu dahiləri görüb
tanıyanda on bir yaşım vardı, hardan biləydim ki,
söz və musiqi sərraflarını görürəm.
Biz uşaqlar şüşəbəndin bu tərəfində
oynayar, o tərəfdə isə musiqi sözlə, qəzəllə
yarışardı. Mənə
uşaqlarla vaxt keçirməkdən daha çox, o tərəfdə
baş verənlər maraqlı olurdu. Emin
Sabitoğlu hər dəfə yeni mahnı ilə gəlirdi,
Mirzə Babayev də bu bəstələrə öz
möhürünü vururdu. Bir dəfə yenə də
Mirzə dayının növbəti ifasından sonra atam Emin
Sabitoğluna dedi ki, icazə ver qızım indi oxunan bu
mahnını pianoda ifa etsin. Emin müəllim təəccüb
içində dedi ki, ay Ağabala, mahnı nota yazılıb,
bu uşaqdı, onu necə çalacaq. Atam şirin dillə bəstəkarın
icazəsini alandan sonra mən pianinonun arxasına keçib və
artıq hafizəmin yaddaşına
köçürdüyüm mahnını səlis ifa edəndə,
Emin Sabitoğlu heyrətini gizlədə bilməyib dedi ki, sən
böyüyəndə bəstəkar ol. Mənsə
on bir yaşlı qızcığaz kimin qarşısında
ifa etdiyimdən çox bixəbərdim. Həmin vaxt
orada olan rəssam Həsən Haqverdiyev qələmlə piano
arxasında şəklimi çəkib mənə verdi. O şəkil indi də evimin
divarını bəzəyir. İllər
ötdü, mən Musiqi Akademiyasını bitirdim. O
zaman prorektor olan, professor, gözəl xanım Zemfira Qafarovaya
yaxınlaşıb dedim ki, bizim atalarımız dost olub. Və ona atası Həsən Haqverdiyevin çəkdiyi
on bir yaşlı qızın piano arxasındakı şəklini
göstərəndə o həm sevindi, həm təsirləndi,
həm də məni qınadı ki, niyə bu illər ərzində
ona yaxınlaşmamışam. Mən
Zemfira xanıma gözlədiyim məqamda
yaxınlaşdım, çünki özüm
üçün oxumuşam, qiymətim neçə olub onu da
almışam. İndi həmin şəklin
surəti onun kabinetində asılıb. Klassik
əsərlərimizin üzə çıxmasını
çox istəyirəm. Özüm
qapı döyməyi bacarmıram. Bu
işə marağı, təklifi olan qurumlardan səs
gözləyirəm. Bu gün dəbdə
olan bir söz var – sponsor. Elə bir sponsor olsun ki, əsl
Azərbaycan musiqisini xalqın eşitməsi üçün
şərait yaratsın, seçim müxtəlifliyi olsun, təkrarçılıq
yox. Qəbələ Beynəlxalq Musiqi
Festivalları keçiriləndə, hədsiz sevinirdim. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi,
P.Bülbüloğlunun mədəniyyət naziri olan dönəmlərdə
tələb vardı. Əsas mövzu vətənpərvərlik
olmaqla, tez-tez müsabiqələr kecirilirdi, konsertlər təşkil
olunurdu ki, bəstəkarlar öz əsərlərini təqdim
etsinlər. Səni həm
maraqlandırırdılar, həm də rəqabətə yol
açırdılar. Elə bir tədbir,
dövlət konserti olmurdu ki, orada Hikmətlə mənim
mahnım səslənməsin. Hər dəfə
gənc müğənnilərlə işləyirdik. Bilirdin ki, sənin millətə, xalqa lazım
olduğunu bildirən qurum var. İndi sanki bizi
söndürüblər. Mən illərdir
libretto axtarıram ki, orada mərd qadın obrazı olsun.
Nə onu tapıram, nə də o librettonu yazan var. Bəlkə
Hikmət olsaydı, o librettonu mənim üçün tapardı,
çünki bir musiqiçi kimi hamı ilə ünsiyyətdə
olan biri idi.
2006-cı ildə bizim son konsertimiz oldu. Ondan sonra
konsert verməyə ürək etmirəm. Çox şükür edirəm ki,
üzümüzü qaraldan övladlarım yoxdu. Ailədə hörmət var, böyük-kiçik
arasında pərdə var – bunlar ailədən
aldıqlarımdı ki, onlara ötürə bilmişəm.
Övladlarımı oxşayıb, əzizləməyi
bacarmasam da, onlar hər an mənim məhəbbətimi, onlara
olan sevgimi hiss ediblər. Onların mənimlə
fəxr etdiyini duymaq mənim üçün böyük fəxarətdi.
Xoşbəxtəm ki, bunu bacarmışam.
VƏTƏN
Vətən mənim özüməm. Özümü
qoruduğum kimi, Vətənimi də qorumağa borcluyam.
Mirməmmədlilərin
yaradıcılığının ana xətti vətənpərvərlik
olub və mən bu gün də onu davam edirəm. SSRİ dağılandan sonra bu sahədə bir
boşluq yarandı və onu mütləq doldurmaq lazım idi.
Biz dayanmadan işlədik və istədiyimizə nail olduq. Hər
il Təhsil Nazirliyi və Həmkarlar
İttifaqı ilə birlikdə yaradıcı tələbələr
arasında müsabiqə keçirilir. Müsabiqənin
son hissəsini özüm hazırlayıram və vətənpərvərlik
mövzusunda mütləq nəsə yazıram. Aprel
döyüşlərinə həsr olunan “Qələbə
marşı”nı Baba Vəziroğlu ilə
birlikdə təqdim etdik. İndi də səbirsizliklə
şanlı qələbəmizi gözləyirəm və
bilirəm ki, o, çox yaxındadı.
QADIN
GÜLƏRSƏ
Səmimi söhbətə şərait
yaratdığınız üçün qəzetinizə təşəkkür
edirəm. Ailəsində əmin-amanlıq, rahatlıq,
xoşbəxtlik olanda qadının üzü gülür.
Biz 21 il ömür sürsək də, bu,
mənim xöşbəxtliyimdi. Bu gün mənə bir məclisdə
salam verib, hörmət və diqqət
göstərirlərsə, bu, xoşbəxtlikdi. Çünki o hörməti qazanmaq
üçün özümə çox qadağalar qoyub,
özümü qorumuşam. Şükürlər
olsun ki, qazandıqlarıma görə gülməyə
haqqım var və bunu özünə dəyər verən
bütün xanımlara arzu edirəm.
SON SÖZ
Bəli, qazandıqlarına görə gülməyə haqqın olsa da, o gülüşləri dondurmağa haqqın yox idi, Nailə xanım. Müsahibələrinin birində demişdin: “... qorxuram ki, yaradıcılığımda nəyi isə çatdırmayım, qorxuram ki, bir ömrə sığışmayan Hikmətin, mənim yarımçıq əsərlərimizi tamamlaya bilməyim, övladlarımı yerbəyer edəndə bir nöqsana yol verməkdən qorxuram”. Əslində sən güclü insan idin, bununla belə heç demə qorxuların da varmış. Elə bu qorxularınla da sevdiyin ruhlara qovuşdun. Bizi isə cavabsız bir sualla üz-üzə qoydun: “Səni bizdən soruşsalar, nə deyək???”
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.-
2021.- 14 yanvar. S. 7.