Milli adət və ənənələrin öyrənilməsi həmişə aktualdır

 

Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var

 

Müasir dövrümüz kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya" özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Ancaq sevindirici haldır ki, bütün bunlar bizim xalqımızın milli, əxlaqi və mənəvi dəyərlər sisteminə təsir göstərə bilməmişdir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib.

 

Min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev, “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, -deyib.

 

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində milli bayramlarımız da özünəməxsus yer tutur.

 

Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır. Əgər qız və oğlan bir-birini bəyənib, talelərini nikah vasitəsilə birləşdirmək arzusundadırlarsa, onlar, ilk növbədə, valideynlərinin razılığını almalıdırlar.

 

Yas mərasimləri ilə bağlı da azərbaycanlıların bir maraqlı adət və ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Kişilər üzlərini qırxmırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar. Yas günlərində mərhumun yaxınları özgə toylarına, şənliklərə və hətta təqdimat mərasimlərinə belə getmirlər.

 

Nəhayət, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

 

Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu öndər Heydər Əliyev, “Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”, - deyib.

 

Bütün bunlar da Ulu Öndərin adət və ənənələrimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bir daha sübut edir.

 

Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan görkəmli dövlət xadimi yaxşı başa düşürdü ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişir və dövlətin daha da güclü olmasına öz töhfəsini verir.

 

Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi ulu öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Dövlət başçısı bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

 

Bir sözlə, ulu öndər Heydər Əliyev milli adət və ənənələrimizin və bu müstəvidə formalaşdırılan milli dəyərlər sisteminin qorunub saxlanılmasında və bunun əsasında güclü və qüdrətli dövlət qurulması istiqamətində mühüm tədbirlər həyata keçirdi.

 

Azərbaycanda adət və ənənələrin  qorunub saxlanılması və bu müstəvidə daha güclü və dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Bunu Prezident İlham Əliyevin iştirakı ilə milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi də sübut edir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olmasına diqqəti cəlb edərək, “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”, -deyib.

 

Beləliklə, milli adət və ənənələrimiz və onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır.

 

Cavanşir QƏDİMOV

Azad Azərbaycan.- 2021.- 14 yanvar. S. 9.