İNSANLIQ ETALONU

 

Müəllifini unutduğum şairin bir bəndi həmişəlik olaraq qəlbimə həkk olub:

 

Adamlar cürbəcür, adamlar min-min,

Öz gizli aləmi var ürəklərin.

Hər il qışdan sonra gəlsə də bahar,

Hər yeni baharın öz aləmi var.

 

70 illik ömrümdə sonsuz sayda adamlar ilə təmasda olmuşam. Onların heç də hamısı insanlıq təsiri bağışlamayıb. Lakin təsadüfən elə insanlarla rastlaşmışam ki, keçmişini yaxından tanımasam da özünün yüksək insani keyfiyyəti ilə həmişəlik olaraq qəlbimdə özünə xüsusi yer alıb.

 

2019-cu ilin oktyabr ayının 19-da günorta vaxtları Sumqayıt şəhərindəki “ASAN XİDMƏT”ə gəlmişdim ki, oğlanlarımdan birinə maşınımı sürmək üçün etibarnamə verim. Növbə çox olduğundan ayaq üstə var-gəl edirdim ki, vaxt keçsin. Bu vaxt orta boylu, xoş sifətli, səmimi və üzündə təbəssüm olan bir alicənab insan mənə yaxınlaşdı və məni tanıyan yaxın bir adam kimi ədəb-ərkanla adımla mənə müraciət edərək əl uzadıb mənimlə salamlaşdı. Məni televiziyadan tanıdığını, obyektiv fikirli bir alim kimi çoxdan görüşmək istədiyini və bu xoş təsadüfdən məmnun olduğunu bildirdi. Söhbətimiz o qədər şirin oldu ki, oturacaqlarda yer boşalan kimi əyləşərək davam etdirməli olduq. Söhbət əsnasında telefonlarımızı da qeyd etdik. Söhbətimiz o qədər şirin alındı ki, bir də baxdıq ki, hər ikimizin də uzunmüddətli növbələrimiz artıq çatıb. Sən demə bizim söhbətimiz zamanı həmkarımın övladlarından biri bu tarixi günü telefonunun köməyi ilə foto şəklində tarixiləşdiribmiş. Həmsöhbətim özünün həkim olduğunu bildirərək adının da Elman olduğunu bildirmişdi.

 

Bir müddət keçəndən sonra telefon əlaqələrimiz oldu. Söhbətlərimizin məzmunu o qədər məmnun etmişdi ki, onun millətini sevən şair qəlbli həkim olduğunun inamı getdikcə məndə daha da güclənirdi. Bu səbəbdən də ona 2019-cu il noyabr ayının 14-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təsisçiləri olan “91-lər”dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Munis Bayramovun “Türkün dastanı (poemalar toplusu)” kitabının təqdimatını təşkil etdiyimi dedim və onu da bu ruhda olduğu üçün həmin təqdimata dəvət etdim. Elman həkim həmin təqdimata demək olar ki, hamıdan qabaq gəldi.

 

O, özü ilə mənim üçün “Qibləgahım vətəndir” kitabını da gətirmişdi. Həmin tədbirdə mən ona Munis müəllimin kitabını təqdim etdim. O, da mənə öz kitabını bağışladı. Onun “Qibləgahım vətəndir” kitabı M.Bayramovun “Türkün dastanı (poemalar toplusu)” kitabı ilə bərabər uzun müddət mənim evimdə stolumun üstündə qaldı. Hər iki kitabı ailə üzvlərimin hamısı oxuyaraq geniş müzakirələr etdik.

 

  

 

"Qibləgahım Vətəndir" kitabı müəllifin ikinci şeirlər kitabı olduğunu bildim. Kitabla tanış olduqca o qənaətə gəldik ki, kitabın IX fəslinin hər birindəki şeirlər sadə xalq dilində yazıldığı üçün qəlbimizi fəth edirdi. Şeirlərin demək olar ki, bütün hamısı Vətənə, ata ocağına, qocalara və körpələrə həsr olunmuşdu. Kitab elə birinci səhifədən diqqəti cəlb edir:

 

Atadan-anadan övlada qalan,

Biri ad, biri süd, biri xatirə.

Övladdan onlara nəsə qalarsa,

O da qəbir üstə olan abidə…

 

Bundan sonra mən özümdən asılı olmayaraq Elman həkimin tərcümeyi-halı və kimliyi ilə əlaqədar internetin köməyi ilə maraqlanmağa başladım. Çünki, onunla mənim görüşməyim təsadüf olsa da bu təsadüfün arxasında bir zərurət var idi. Əks təqdirdə biz görüşə bilməzdik. Fəlsəfənin dialektikasından mənə məlumdur ki, təsadüflər zərurətlərin kəsişmə nöqtəsidir.

 

Məlum oldu ki, feysbukda belə bizim xeyli: Abbasqulu Najafzade, Ahmed Baskallı, Arzu Sadik, Azer Alekperov, Elnur Hesenov, Ibrahim Quliyev, Ildirim Qurbanov və Inwallah Rzayev kimi və s. ortaq dostlarımız da vardır. Onların adları feysbukda necə yazılıb elə də yazmışam ki, axtaran olsa elə də tapsın. Həmin mənbədən mənə məlum oldu ki, İbrahimov Elman Məbud oğlu müalicə masajı üzrə baş mütəxəssisdir. Onun mobil telefonu: 050 543 38 94 olmaqla E-poçt ünvanı -- elman.1958@mail.ru kimidir. 15 yanvar 1958-ci ildə Mingəcevir şəhərində anadan olub. 2009-cu ildən Bakı Clinik adlı yerdə müalicə masajı üzrə baş mütəxəssisdir. Bir mütəxəssis kimi skolioz, kifoz, lordoz, bel yırtığı (qrıja), protruziya, osteoxondroz kimi onurğa əyriliklərinini, yastıpəncəlik, körpə və uşaqlarda ətrafların X-vari və O-şəkilli əyriliklərini, "toyuq döşlük", sinədə batıq, oynaq və əzələ-sinir ağrılarını, uşaqlarda uşaq serebral iflicini (DSP), insultdan sonra reabilitasiya işlərini görməklə müalicə edə bilir. Ali və orta məktəblər barədə göstərməyə oxuduğu yerlər yoxdur. Ailəlidir. “Qızıl qələm mükafatı” laureatı olmaqla "Anama məktub" və "Qibləgahım Vətəndir" adlı şeirlər kitablarının müəllifidir. Elman İbrahimov əməli işləri ilə sübut etmişdir ki, masajla onurğa xəstəliklərini aradan qaldırmaq olur. O, Rusiyanın Yekaterinburq şəhərində tibbi təhsil alıb. Yekaterinburq tibb müəssisəsində baş mütəxəssis və icraçı direktor vəzifəsində çalışıb. Rusiya fərdi tibb müəssisəsi tərəfindən yüksək dərəcəli mütəxəssis adına layiq görülüb. Hazırda isə 2009-cu ildən Bakı Clinik müalicə mərkəzində masaj üzrə baş mütəxəssis vəzifəsində çalışır. Həmçinin http://www.anl.az/down/meqale/525/2015/fevral/418068.htm hiper linkinin köməyi ilə Rafiq Əliyev adlı şəxsin 525-ci qəzetin 2015-ci ilin fevral ayının 3-də çap olunmuş sayının 8-ci səhifəsindəki “Elman Məbudun yeni kitabı işıq üzü gördü” məqaləsi də mənə xeyli məlumat verdi. Müəllif məqalədə ürək yanğısı ilə qeyd edir ki, gəlimli-gedimli dünyada özündən sonra iz qoymaq hər adama qismət olmur. Müdriklər əbəs yerə deməyiblər ki, insan sözü-söhbəti, əməlləri yaşadıqca yaşayır. Buna görə də ağıllı insan bütün ömrü boyu xalqı üçün, adının təmizliyi üçün, ailəsinin, el-obanın, qohum-əqrəbasının yanında alnıaçıq, üzüağ olması üçün çalışıb vuruşur. Nə qədər doğru, nə qədər obyektiv fikirdir. Sonra davam edərək qeyd edir ki, xeyirxah və incəqəlbli insan kimi tanınan, gözəl əməlləri ilə ürəklərdə özünə yuva salmış Elman İbrahimov həyatda məhz bu prinsiplə yaşayan insanlardandır. O, ixtisasca həkim olmasına baxmayaraq, poeziyaya marağı uşaqlıq illərindən yaranıb. Yaşa dolduqdan sonra həyatın çətinlikləri ilə təkbətək qalan vaxt onun şeir bulağının gözü yenidən açılıb. Həmin dövr 1990-cı ilin sonlarına təsadüf edir. Elman Məbudun şeirləri əsasən sadə xalq dilində yazılıb. Vətənə, ata ocağına, qocalara və körpələrə bəslənən məhəbbət onun yaradıcılığının əsas mövzusudur. Bundan sonra “Qocalıq” şeirindən nümunə gətirir. Müəllif fikrini davam etdirərək “Bu yaxınlarda Elman Məbudun "Qibləgahım Vətəndir" adlı ikinci şeirlər kitabı işıq üzü görüb” cümləsini işlədir. Həmin kitab mənə də bağışlandığından kitabın ilk və son səhifələrini vərəqlədim. Təəssüflər olsun ki, kitabın ilk və son səhifələrində onun nəşr ilini görə bilmədim. Məəttəl qaldım: tutaq ki, Elman həkimdir, bəs kitabı nəşr edən ““MR” poliqrafiya”? Həmin qurum nəşriyyatdırsa, mətbəədirsə onun axı təcrübəsi var! Niyə belə bir gözəl yaradıcı qəlbə malik insanın əməyinin tarixini vermirlər? Təəssüf hissi, ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, məqalə müəlliflərinin də imzasından sonra onların belə yazılma tarixləri yoxdur. Bunlardan başqa müəllif tərəfindən qələmə alınmış şerlərin əksəriyyətinin yazılma də tarixi yoxdur. Sual olunur niyə??!!

 

 

 

Məqalə müəllifinin müəllif haqqında dediyi: “...o, könüllə canın ayrılmazlığını bədii ifadələr və obrazlar vasitəsilə oxucuya çatdırmağa çalışır” fikri ilə biz də tam razıyıq. Sadəcə olaraq kitabda olan texniki qüsurlarla razılaşa bilmirik. Onu deyə bilərik ki, forma məzmunu üstələsə də onun zənginliyinə xələl gətirmir.

 

70 illik həyat təcrübəmdə elmi tədqiqat işlərim ilə bərabər adamlar üzərində apardığım müşahidələrim əsasında o qənaətə gəlmişəm ki, fəlsəfənin, təbiətin və cəmiyyətin qanunlarına, qanunauyğunluqlarına münasibətdə adamları 4 qrupa bölmək olar. Əlbəttə bu mənim şəxsi subyektiv fikrimdir: bununla razılaşanlar da, razılaşmayanlar da olacaq. Ancaq mən bu qənaətə gəlmişəm:

 

I qrup adamlar o adamlardır ki, ali təhsilləri, vəzifələri və hətta elmi dərəcələri olmağına baxmayaraq onların fəlsəfənin, təbiətin və cəmiyyətin qanunları, qanunauyğunluqları barədə anlayışları belə yoxdur, yəni onları bilmirlər. Lakin bəla burasındadır ki, özləri də bilmirlər ki, bunları bilmirlər. Vallah, billah, simi billah belə adamlar ilə söhbət etmək, yoldaşlıq etmək, fikir mübadiləsi etmək deyərdim ki, qanan bir adam üçün işıqlı dünyada cəhənnəm cəzasıdır. Çünki onlar hər sahədə çox kobud, nəzakətsiz olurlar. Məclislərdə özünə münasib yerində oturmaq istəyənə yer, danışmaq istəyənə söz vermirlər. Elm aləmində, xüsusilə də AMEA-da belələri ilə çox rastlaşmışam.

 

II qrup adamlar o adamlardır ki, ali təhsilləri, vəzifələri və elmi dərəcələri olmağına baxmayaraq onların fəlsəfənin, təbiətin və cəmiyyətin qanunları, qanunauyğunluqları barədə anlayışları belə yoxdur, yəni onları bilmirlər. Lakin xoşbəxtlik ondadır ki, onlar bilirlər ki, bunları bilmirlər. Onlar ali təhsilli və əli kağız diplomlu savadsız olmalarına baxmayaraq yüksək insani keyfiyyətə malikdirlər. Belə ki, hər addımda bir insan kimi etiraf edirlər ki, mən bunu bilmirəm, onu necə etmək olar? Vallah, billah, simi billah belə adamlar ilə söhbət etmək, yoldaşlıq etmək, fikir mübadiləsi etmək deyərdim ki, qanan bir adam üçün işıqlı dünyada cənnəti-məkanda olmaq deməkdir. Elm aləmində də, xüsusilə də AMEA-da belələri ilə çox az rastlaşmışam. Həmişə də onlar ilə yoldaşlıq etməyi özüm üçün böyük şərəf bilmişəm və onlardan etiraf, səbr və təmkin baxımından inanın ki, çox şeylər öyrənmişəm.

 

III qrup adamlar o adamlardır ki, ali təhsilləri, vəzifələri və elmi dərəcələri olmağına baxmayaraq onlar təbiət və cəmiyyətin qanunlarını, qanunauyğunluqlarını bilirlər. Ancaq bəla ondadır ki, onlar bilmirlər ki, onları bilirlər. Mənə elə gəlir ki, belə adamlar barədə onu deyə bilərəm ki, onlar sanki yatmış-yuxulu adamlardır. Sadəcə olaraq onları oyatmaq lazımdır ki, axı sən bunları bilirsən. Onlar savadlı və geniş dünyagörüşlü olmalarına baxmayaraq bir az qorxaq olurlar. Çünki bilmirlər ki, bilirlər. Vallah, billah, simi billah belə adamlar ilə söhbət etmək, yoldaşlıq etmək, fikir mübadiləsi etmək deyərdim ki, qanan bir adam üçün yorucu olsa da rahatlıqdır. Elm aləmində də, xüsusilə də AMEA-da belələri ilə çox az rastlaşmışam. Həmişə də onlar ilə yoldaşlıq etməyi özüm üçün normal hal bilmişəm.

 

IV qrup adamlar o adamlardır ki, ali təhsilləri, vəzifələri və elmi dərəcələri belə olmadığına baxmayaraq onlar fəlsəfənin, təbiətin və cəmiyyətin qanunlarını, qanunauyğunluqlarını elmi əsaslarla olmasa da, lakin dünyagörüşləri və həyat təcrübələri əsasında incəliyinə kimi bilirlər. Özü də bilirlər ki, onları bilirlər!

 

İndi Siz təsəvvür edin: bu qrup adamların ali təhsilliləri, vəzifəliləri və elmi dərəcəliləri olanları nəyə, hansı yüksək insani intellektual inkişaf keyfiyyətlərinə qadirdirlər. Mənə elə gəlir ki, belə adamlar barədə onu deyə bilərəm ki, onlar hərtərəfli inkişaf etmiş yüksək intellektual inkişaf səviyyəli adamlardır. Onlar savadlı və geniş dünyagörüşlü olmaları ilə bərabər, çox cəsarətli olurlar. Çünki bilirlər ki, bilirlər. Belə adamlar vəzifəsindən, rütbəsindən asılı olmayarq heç kimdən qorxmurlar. Çox cəsarətli olurlar. Odur ki, şəxsən mən, belə adamlar ilə təmasda olmaqdan, söhbət etməkdən, yoldaşlıq etməkdən, fikir mübadiləsi etməkdən, dostluq etməkdən həmişə qürur duymuşam. Onlar etibarlı və sədaqətli, səmimi və mehriban, ədalətli və səxavətli, ülvi və pak, cəsarətli və qeyrətli olurlar. Belə adamları gündüz minlik lampa ilə axtarsan belə tapmaq çox çətin olur. Tapandan sonra isə itirmək qeyri mümkündür. Çünki onlar realdırlar, safdırlar. Yaltaq, qorxaq, aciz, müti, kölə, iyrənc və rəzil deyillər. Elm aləmində də, xüsusilə də AMEA-da belələri ilə rastlaşmaq çox nadir hadisədir, ancaq onu görmüşəm və bilirəm ki, var!! Onları ancaq və ancaq saymaq olar: bir, iki, üç, beş, on!! Mən özüm şəxsən belə insanları real həyat hadisələrinin içərisində axtarıb-tapmağa, onlar ilə qaynayıb-qarışmaq, dostluq etməyə çalışmışam. Cəsarətlə qeyd edərdim ki, belə insanlardan biri də Elman Məbud oğlu İbrahimovdur. Özümdən asılı olmayaraq belə insanların simasını aşıq Şəmşirin “Bilməz” rədifli şeirində tam aydın görmüşəm:

 

Bir ocaq qalasan palıddan qala,

Samandan heç zaman köz düşə bilməz!

Namusa deyiblər: alınmaz qala,

Qorusan səmtinə iz düşə bilməz!

Mayasına haram qatmayan insan,

Cəhalət yuxusu yatmayan insan,

Məsləkini pula satmayan insan,

Xalqın nəzərindən tez düşə bilməz!

Qarşıya dağ çıxsa, gərək aşasan,

Yer var ki, susasan, yer var coşasan,

Şəmşir, kişi kimi ömür yaşasan,

Haqqında heç pis söz düşə bilməz!!

 

Hər birimizə yaxşı məlumdur ki, əqidə - insanın şəxsi müşahidə və düşüncələrinin köməyi ilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən istifadə etməsi nəticəsində formalaşır. Bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradır.

 

 

 

İndi isə təkrar da olsa Elman Məbud oğlu İbrahimovun həyat yoluna, ictimai mövqeyinə qısa nəzər salaq: “Ailəlidir. Əməli işləri ilə sübut etmişdir ki, masajla onurga xəstəliklərini aradan qaldırmaq olur. Yekaterinburq şəhərində tibbi təhsil alıb. Yekaterinburq tibb müəssisəsində baş mütəxəssis və icraçı direktor vəzifəsində çalışıb. Rusiya fərdi tibb müəssisəsi tərəfindən yüksək dərəcəli mütəxəssis adına layiq görülüb. 2009-cu ildən Bakı Clinik müalicə mərkəzində masaj üzrə baş mütəxəssis vəzifəsində çalışır.” Bütün bunlardan başqa “Qızıl qələm mükafatı” laureatı olmaqla "Anama məktub" və "Qibləgahım Vətəndir" adlı şeirlər kitablarının müəllifidir. İndi isə üçüncü kitabı olan “Toyda rəqs” artıq çapa hazırdır.

 

 

 

Bu o deməkdir ki, vətəndə və onun hüdudlarından kənarda həmişə ictimaiyyətin sevimlisi olub. Həmçinin yuxarıda qeyd etdiyim kimi adamlar arasında da IV qrupa daxil olanlardandır. Bu səbəbdən də mən bir müşahidəçi kimi o qənaətə gəlirəm ki, Elman Məbud oğlu İbrahimov onu tanıyanların hamısı üçün İnsanlıq etalonudur.

 

Əldə etdiyim məlumata görə həkimin “Toyda rəqs” kitabı girişdən, “Toyda rəqs (sənədli poema)”sından, “A gidi dünya”, “Ölməyə vətən yaxşı”, “Oyan qardaş” başlıqlı bir neçə hissədən ibarətdir. Kitab Əli Tudənin bir bənd şeri ilə başlayır:

 

Bilirəm, borcundan çıxmayacam mən,

İnsan bahar deyil, hər il qayıtsın.

İzn ver qoynunda qoy ölüm ki, mən

Çürüyəm, bir ovuc torpağın artsın....

 

Bu bənd sanki müəllifin təbiətə, həyata, vətənə münasibətini aydın ifadə edir. Oxucuya məlum olur ki, poema Yevlax rayon Xaldan qəsəbə sakini Həmidov Mənsur Adil oğlunun şəxsində Azərbaycanımızın bütövlüyü uğrunda vuruşmuş qəhrəman vətən övladlarına həsr olunub. Sonra isə Həmidov Mənsur Adil oğlunun yığcam tərcümeyi halı verilir. Müəllifin həssas, incə həkim-şair-insan duyğuları elə proloqun özündə açılaraq oxucunun diqqətini cəlb edir: əli qələm tutan şairin gözü varaq axtarır. Riqqətə gələrək qeyd edir ki, qəlbini süfrətək açmasa olmadığını qeyd edir. Həmçinin qeyd edir ki, məst olmaq istəyən şərab axtarır, şair isə etiraf edir ki, göz yaşını içməsə olmur. Nəhayət proloqun sonunda qeyd edir ki, büdrəyən zamanda gəncin ayağı, nişanlısı olur onun dayağı. Körpə, zərif olan qız balamızın ərən sayağı sinə gərdiyini poetik dildə ustalıqla nəzmə çəkir və bunların hamısını həssas insanlıq etalonu olaraq keçmiş illərə qaçmasa olmadığını, qəlbini süfrətək açmasa omadığını vurğulayır və “Adil və sürmə” başlığı ilə poemanı başlayır. Poetik dildə nəzmə çəkilmiş incə duyğular hər bir adamın qəlbini həm kövrəldir, həm sızıldadır və həm də qürurlandıraraq sevinc bəxş edir. Dediklərimizi ancaq poemanı oxuyanda yaşamaq mümkündü.

 

 

 

Kitabın növbəti başlığı “A gidi dünya” adlanır. İzahlı lüğətimizdə “gidi” sözünün “pis, alçaq, yaramaz” mənalarında olduğunun şahidi oluruq. Müəllif isə dünyaya – “Hələ də düyünlü sirdi bu Dünya!” qənaətinə gələrək yekunda fikrini belə ümumiləşdirir:

 

Səyyah tək üz tutub, gəzdim hər yanı,

Tanımaq istədim Qoca Dünyanı.

Dırnağı ucunda tutub Elmanı,

Nə bir kəlmə kəsib, dindi bu Dünya,

Səssizcə qımışıb, güldü bu Dünya!

 

Şəxsən mənim üçün xoşdur ki, Elman həkimin yaradıcılığını incəliyinə kimi araşdıraraq fikirlərimi bildirim. Lakin kitabın özünün həcmi buna imkan vermir. Bu şeirlər ikinci Qarabağ Müharibəsi başlayana kimi yazılıb və indi çap olunur. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı, qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 2020-ci il dekabrın 10-da İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı keçirildi. İnanıram ki, paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etməsindən, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunmasından, Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərdən ruhlanan şair-həkim yeni salnamələr yaradacaqdır.

 

Özümdən asılı olmayaraq Ümummilli liderimiz Heydər Əliyevin müdrik fikirlərindən birini xatırladım və onun həkim-şair dostumuz Elman Məbud oğlu İbrahimovun mənəviyyatında əlamətlərini gördüm: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”.

 

Elman Məbud oğlu İbrahimov da özünün həkim və şair kimi ömrünün məsuliyyətli anlarını Azərbaycanın vətəndaşlarının fiziki

 

və mənəvi cəhətcə sağlam olmasına, sosial-iqtisadi nəticələrə və problemlərin həllinə insanlıq etalonu kimi həssaslığı ilə ustalıqla yanaşmağa həsr emiş, bağışlamışdır.

 

Qəlbimin dərinliyindən bir nida gəldi: - Namuslu, şərəfli və ləyaqətli kişi ömrü yaşamaqla müdrik el təbibi, loğmanı, şairi, ziyalısı, ağsaqqalı yekun nəticədə İnsanlıq etalonu kimi formalaşan Elman Məbud oğlu İbrahimov Sizi, yeni kitabınızın işıq üzü görməsi müqabilində bir daha səmimi qəlbdən təbrik etməklə, dünya hərb tarixində görünməmiş hərbi əməliyyatlarla hamımızı sevindirən Şanlı Ordumuzun igidlərinə həsr edəcəyiniz yeni əsərlər ərsəyə gətirmək üçün Sizə can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Sabir TAĞIYEV, akademik

Azad Azərbaycan.- 2021.- 14 yanvar. S. 10.