Rəqs edən
qızcığaz
(Hekayə)
Həyətdən gələn maşın siqnallarının səsini eşidən balaca Mədinə otaqdan çıxıb tez aynabəndə qaçdı. Aynabəndin küncündə olan kətili sürüyüb pəncərənin yaxınlığına çəkdi. Ehtiyatla kətilin üstünə çıxıb, pəncələrinin üzərində dayanaraq həyətə, qırmızı lentlərlə bəzənmiş toy karvanına baxmağa başladı. Sonra otağa sarı çevrilib anasını səslədi:
- Ana, gəl bax ey… gəlin aparırlar.
Cəmilə qızının səsinə səs verərək:
- Allah xoşbəxt eləsin, kimi aparırlar görəsən? - deyib, eyvana çıxdı. Neçə illərdir bu həyətdə yaşadığına baxmayaraq, səhərlər işə, axşam da tələsik evə qayıtdığından demək olar ki, bir-iki qonşunu çıxmaqla o, heç kimi tanımırdı. Balaca qızını arxadan qucaqlayıb, həyətdə əllərində xonçalarla rəqs edən qız-gəlinlərə maraqla tamaşa edən Cəmilə öz-özünə "Allah xoşbəxt eləsin, Allah bəxtini versin!" - dedi və düz 6 il bundan qabaq özünün bu həyətə gəlin köçməyini xatırladı…
Cəmilə tibb texnikumunu bitirib təyinatla təcili yardım stansiyasında tibb bacısı vəzifəsində işləməyə təzəcə başlamışdı. Bir gün stansiyanın baş həkimi həkim briqadası ilə birgə mərkəzi stadionun zalında keçirilən güləş yarışlarında turnir bitənə qədər onun da adını növbətçilik siyahısına salanda Cəmilə etiraz etmək üçün baş həkimin yanına getmək istəyirdi ki, neçə illərdir burada böyük tibb bacısı işləyən Gülbahar onun ağ xələtinin ətəyindən çəkib saxladı:
- Ay qız, niyə getmirsən? Hamısı cavan oğlanlardır, özü də idmançı, bəlkə elə qismətin orda səni gözləyir...
Yarışlar çox gərgin keçirdi. Demək olar ki, gün ərzində bir neçə idmançı zədə alırdı. Həkimlər onları diqqətlə müayinə etdikdən sonra lazım gəldikdə güləşçilərin zədələrini sarımaq tibb bacısı Cəmilənin üzərinə düşürdü. Final yarışı zamanı qolundan bərk zədələnməsinə baxmayaraq, döşəyin üstünü erməni güləşçisi üzərində qələbə ilə tərk edən Ağasəfi həkimlərin yanına gətirən məşqiçisi gülümsəyərək:
- Bu qəhrəman oğlanın qolunu elə müalicə edin ki, gələn yarışa qədər heç bir zədəsi qalmasın, - deyərək, onu həkimlərin yanında olan kətilə otuzdurdu. Həkimlərin müayinəsindən sonra Cəmilə Ağasəfin qoluna ağrıkəsici iynəsi vurub, bintlə möhkəm sarımağa başladı. İşini qurtardıqdan sonra əlini güləşçinin çiyninə ehmalca vuraraq dedi:
- Bir-iki gün məşq eləməyin, keçib gedəcək.
Məşqiçi üzünü Cəmiləyə tutub soruşdu:
- Ciddi bir
şey yoxdur ki, qızım?
Cəmilə:
- Narahat
olmayın, toyuna kimi sağalacaq, hələ döşəyin
üzərinə də çıxacaq, - deyib,
gülümsündü və əllərini yumaq
üçün onlardan aralandı.
Yarışlar bitəndən bir həftə sonra Cəmilə
işdən çıxanda Ağasəf onu əlində
gül dəstəsi ilə qarşıladı. 3 aydan sonra isə
onların toyu oldu. Dövlət tərəfindən iki
ay
öncədən həyat yoldaşına hədiyyə olunmuş iki
otaqlı mənzilə Cəmilə gəlin
köçdükdən 6 ay sonra isə Ağasəf
böyük idmanı atıb, bizneslə məşğul
olmaq adıyla Moskva şəhərinə yola
düşdü. İlk vaxtlar evə tez-tez zəng
eləyib, ayda iki dəfə pul göndərsə də,
bütün bunlar yavaş-yavaş səngiməyə
başladı. Getdiyi gündən artıq
5 ay keçəndə isə əlaqəni tamamilə kəsdi,
nə zəng elədi, nə də pul göndərdi. Cəmilə isə artıq 6 ay idi ki hamiləydi.
Ağasəfin bundan xəbəri yox idi, daha
doğrusu, Cəmilə hamilə olduğunu Ağasəf
qayıdanda ona surpriz etmək istədiyindən, telefonla da məlumat
vermək istəməmişdi. Ağasəf
gedən gündən Cəmilənin anasının bir
ayağı onlarda idi, bəzən gecələr də orda
qalırdı. Atası və
qardaşı lazım olan ərzaqla onu təmin edir, təzəcə
doğulan Mədinənin sağlam böyüməsi
üçün əllərindən gələni əsirgəmirdilər.
Ağasəfin valideyinləri isə rayonda
yaşadıqlarından uşaq anadan olandan sonra cəmi iki dəfə
onları ziyarət etmişdilər. Son iki
ildə isə bircə dəfə zəng edib,
uşağı soruşmuşdular, vəssalam. Düzünə qalanda öz məvacibləri ilə
birtəhər dolanan bu qocalardan Cəmilə heç nə
ummurdu, incimirdi. Düşünürdü ki, əgər
həyat yoldaşı onunla maraqlanmırsa, onun valideyinlərindən
inciməyin yeri yoxdur…
- Ana, gəl
düşək həyətə, gəlinə yaxından
baxaq, - deyən Mədinə anasına sığındı. Qızının səsi Cəmiləni xəyallarından
ayırdı. O, Mədinənin alnından öpərək,
"burdan hər şey görünür də", - deyib,
qızının saçlarını tumarladı. Qadınlar
həzin “Vağzalı” rəqsinin sədaları altında
süzərək, ağ paltarlı gəlini
maşına mindirdilər. Maşın
karvanı siqnal verə-verə həyətdən
çıxdıqdan sonra Mədinə anası ilə birgə
otağa keçdi. Divanda əyləşərək
televizora tamaşa edən Cəmilənin qabağında
oturub, onun dizlərini qucaqlayan Mədinənin sualı
anasını çaşdırdı.
- Ana, bəs
mənim toyum nə vaxt olacaq? Atam gələndə?
Cəmilə
qızının bu sözündən diksinsə də,
özünü itirmədi:
- Hə,
qızım, sən öz toyunda oynayanda atan gələcək.
Mən də atanla birgə sənin toyunda rəqs
edəcəm.
...Bazar
günü yuxudan erkən oyanan Cəmilə
qızının yatmasından istifadə edib, evləri
yığışdırmağa başladı. Çirkli paltarları maşına atıb, onu
işə saldı. Sonra mətbəxdə
axşamdan yığılıb qalan bulaşıqlı
qabları yumaqla məşğul oldu. Anası
da işsiz durmur, nəvəsinə səhər yeməyi
hazırlayır, masanın üzərinə yağ-pendir
düzürdü. Qaynayan çaydanın
səsinə yuxudan oyanıb mətbəxə gələn Mədinə
nənəsinin qucağına atıldı. Nənəsi
mehribancasına onu qucaqlayıb üzündən öpərək:
- Bu
gün baxça yoxdur ki… niyə belə tez durdun, yatardın
da, a quzum, - dedi. Mədinə çiyinlərini çəkərək
dilləndi:
- Birdən
ana toya gedər, yatıb qalaram, məni aparmaz.
Anasının
sual dolu nəzərlərinin ona dikildiyini görən Cəmilə
qızının sözünə düzəliş verdi:
- Nə
toy, a qızım? Toy deyil ey, yubileydir. Ana, bu gün bizim baş həkimin şadlıq
sarayında təntənəli şəkildə 60 illik
yubileyi keçiriləcək. Məni də
dəvət edib, axşam ora gedəcəm.
- Məni
də, məni də apar, özün söz vermişdin
axı, - deyərək, Mədinə anasına dil
tökdü.
-Yaxşı,
səni də aparar, ağlama, - deyərək, nənə nəvəsinin
başını sığalladı, sonra üzünü
qızına tutub, - siz birlikdə gedin, mən də evə
baş çəkim, kişiyə bir dəyim.
Gəlin
deyir ki, kişi bir az nasazdır. Allah
öldürsün mənim kimi arvadı, qalmışam iki
evin arasında, kişi də qalıb yiyəsiz.
Mədinə nənəsinin üzündən
öpüb, onun qucağından yerə düşərək,
yataq otağına qaçdı. Bir-neçə dəqiqədən
sonra baxçada keçirilən yeni il
bayramında geydiyi ağ rəngli “Qar qız” paltarını
gətirib anasına göstərdi:
- Ana, bax,
mən bu donumu geyinəcəm.
Cəmilə
qızının gətirdiyi dona baxıb
gülümsündü:
- Onu niyə,
gəlinsən?
- Hə,
gəlinəm, toyda oynayacam.
Onlar şadlıq sarayının qarşısında
taksidən düşüb, içəri daxil oldular. Eyni foyedə
yerləşən böyük zalla banket zalının
qapısı arasında dayanmış şadlıq
sarayının işçisi Cəmilənin əlində
tutduğu böyük gül buketindən yubiley mərasiminə
gəldiklərini anlayıb, onları banket zalına
ötürdü. Lakin banket zalından fərqli olaraq
böyük zaldan gələn musiqi səsini eşidən Mədinə
anasının əlindən çəkib, onu toy olan zala tərəf
dartaraq:
- Ana, gəl
ora gedək, toy ordadır, bax orda hamı oynayır, - dedikdə,
Cəmilə əsəbi halda qızının əlini
özünə sarı çəkdi. Onlar
banket zalına girib ətrafa nəzər saldılar, Cəmilə
əlindəki gül buketini yubilyara təqdim edərək,
onu təbrik etdikdən sonra göstərilən masanın
arxasında oturdu. Mədinə də
anasının yanındakı stulda əyləşdi. Yubiley mərasimi idarənin həmkarlar təşkilatı
sədrinin uzun-uzadı təbrik nitqi ilə başladı.
10 dəqiqə çəkən
çıxışdan sonra yubileyə dəvət olunmuş
qonaqlar növbə ilə bir-birinin ardınca
çıxış etdilər. Qonşu
zaldan gələn musiqi səsi banket zalında da aydın
eşidilirdi. Yubiley tədbirinin rəsmi
hissəsi başa çatmamış Mədinə ehmalca
stuldan düşüb qapıya tərəf addımladı.
Qızının zaldan çıxdığını hiss eləməyən
Cəmilə isə diqqətlə təbrik söyləyən
qonaqlara qulaq asır, arabir yanında oturan iş yoldaşı
Gülbaharla nə barədəsə söhbətləşirdi.
Mədinə banket zalından çıxıb
şıdırğı musiqi səsi gələn toy gedən
zala daxil oldu.
O, heç kimə məhəl qoymadan ortalıqda oynayan
qonaqlara qoşulub rəqs etməyə başladı. Az sonra musiqi bitdi, tamada rəqs edənləri
öz yerlərində oturmağa dəvət etdi. Hamı keçib öz yerində əyləşdi,
ortalıqda tək qalan Mədinə isə heç kimə
fikir vermir, üzünü bəylə gəlinə tutaraq
gülümsünürdü. Gəlin
ortalıqda dayanan bu balaca qızcığaza əl eləyib,
onu yanına çağırdı. Mədinə
həvəslə onların yanına gəlib, gəlinin
qabağında dayandı. Gəlin əlini Mədinənin
yanağına toxunduraraq soruşdu:
- Sən kimin qızısan?
- Anamın.
- Bəs adın nədir?
- Mədinə.
Bəy də bu balaca şirin qızdan nəsə soruşmaq istəyirdi ki, tamada onları rəqsə dəvət etdi. Buna görə də o, qızın başını sadəcə sığallamaqla kifayətləndi. Bəy, gəlinin əlindən tutaraq onu rəqs etmək üçün zalın ortasına çəkdi. Mədinə də onlara qoşularaq rəqs etməyə başladı.
Cəmilə qızı Mədinəni yanında görməyəndə həyəcanla ətrafa göz gəzdirdi. O, qızını nəzərləri ilə digər masalarda axtardısa da, tapa bilmədi. Narahat-narahat ayağa qalxıb, foyeyə çıxdı. Toy şənliyi keçirilən zalın qapıları taybatay açıq olduğundan, ortalıqda oynayan qızını görüb gülümsəyərək, ona tərəf yaxınlaşdı. Qızının əlindən
tutaraq, zaldan çıxmaq istəyirdi ki, gözü bəylə gəlinə sataşdı, üzündəki gülüşü bir anın içində donub qaldı.
- Ana, sən də oyna, sən də oyna ki, ata gəlsin.
Cəmilə qızını qucağına alıb, zaldan çıxdı və birbaşa həyətdə dayanan taksilərə tərəf addımladı.
Bəy onların dalınca baxaraq, sakitcə "Cəmilə!" desə də, onun səsini özündən başqa eşidən olmadı...
ARİF ƏRŞAD
Azad Azərbaycan.-
2021.- 14 yanvar. S. 11.