Şəhidlik məqamına əbədi ucalanlar

 

Şəhid əsgər Əli Nəcəfov

 

Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.

2004-cü ildə Bakı şəhərində yerləşən 276 nömrıli tam orta məktəbində təhsil alıb.

2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin Maliyyə fakültəsində,  «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra Əli Nəcəfov Vətənə olan vətəndaşlıq borcunu da yerinə yetirməyə hazırlaşırdı. Beləliklə, o, 25 iyul 2020-ci il tarixində hərbi xidmətə yollandı.

Hərbi xidmətini ilk dəfə Suymqayıt şəhərində yerləşən «N» saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirdi.

2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazdı.

2020-ci ilin oktyabrın 20-si Əli Seyran oğlu Nəcəfov qəhrəmancasına şəhidlik məqamına əbədi ucaldı. Oktyabrın 22-də doğulub boya-başa çatdığı Masallı rayonunun Tüklə kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edildi.

 

Şəhid əsgər Cavad Babayev

 

Cavad Gülverdi oğlu Babayev 08 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005 - 2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018- ci illərdə Gədəbəy rayonunda «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti təşkilatlarından birində işləyirdi.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Cavad Gülverdi oğlu Babayevin nəşi Qızılağac kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

Subay idi.

 

Şəhid əsgər Səməndər İsgəndərov

 

Səməndər Vahid oğlu İsgəndərov ​​​​23 iyun 1996-cı ildə  Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə Masallı rayonundan həqiqi hərbi xidmətə yola salınır. «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini topçu kimi uğurla başa vurub.

27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində bir çox istiqamətlərdə gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərən Səməndər düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və itkimizin az olması üçün yaralı əsgərlərimizi döyüş meydanından çıxarmaqdan ötrü əlindən gələni əsirgəməmişdir.

Döyüşdə böyük şücaət göstərən Səməndər İsgəndərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Səməndər Vahid oğlu İsgəndərov Sərçuvar kənd qəbiristanlığında izdihamla torpağa tapşırıldı.

Subay idi. 6 ay idi ki, nişanlanmışdı...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Səməndər Vahid oğlu İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

Əlihüseyn Şükürov

 

Azad Azərbaycan.- 2021.- 26 yanvar.- S.4.