Jurnalist fikir və düşüncələrinin tərcümanı olmalıdır

 

Bu gün sizlərə təqdim edəcəyim müsahibim söhbət əsnasında bir fikri dəfələrlə vurğuladı: “Jurnalist dürüst, düzgün faktlara söykənən, ədalətli, haqq tərəfdarı olmalıdı”. Elə onun bu fikri ilə yazımın girişinə rəvac verdim.

Etiraf edim ki, onu bir həmkar kimi nə uzaqdan, nə də yaxından tanımamışam. Çox dəyər və hörmət etdiyim bir həmkarımız müsahibə üçün mənə məsləhət bildiyi bir neçə nəfərin sırasında onun da adını söylədi. Əslində qadın həmkar arayıb tapmaqda çətinlik çəkirəm. Bu adla tanışlığım olmasa da, qadın həmrəyliyinin hər zaman tərəfdarı olmuşam. Və elə bu düşüncələrlə məramımı bildirmək üçün ona zəng çaldım. Telefonun o biri ucunda mənə doğma olan ləhcə səslənəndə, içimdə sanki sarı sim titrədi. Məqsədimi ona bildirəndə, məmnunluqla razılıq verdi və müsahibənin vaxtı üçün vədələşdik. Bu əsnada sosial şəbəkələrə üz tutub tanımadığım həmkarımı azacıq da olsa, tanımağa çalışdım ki, görüşə əliboş getməyim.

Düşünürəm ki, öyrəndiklərimi oxucularla bölüşmək məqamı çatdı. Dolğun yaradıcılığı olan həmkarımızın zəhməti zaman-zaman xeyli sayda diplom və mükafatlara layiq görülüb. “Həmkar” bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, I Qarabağ müharibəsində qələmini süngüyə çevirərək ön cəbhədə şahidi olduğu hadisələri, taleləri, qəhrəman qızlarımızın keçdiyi döyüş yollarını sonradan kitab şəklində milyonlara çatdıran, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vətən” və daha neçə-neçə diplomların laureatı, “Tərəqqi” medallı, Prezident mükafatçısı, jurnalist-publisist, yazıçı, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin yaradıcı dünyasının qapısını döydü.

 

MƏN

 

1955-ci ilin qış fəslində şeirə, sənətə, adət-ənənəyə yüksək dəyər verilən, böyüyə dərin ehtiram bəslənən Bakının Maştağa kəndində anadan olmuşam. 1973-cü ildə C.Cabbarlı adına 187 saylı qəsəbə məktəbini fərqlənmə, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini qırmızı diplomla bitirmişəm. Tələbəlik illərindən yazılarımla çap olunduğum “Bakı” və “Baku” qəzetinə müəllimim Nəsir İmanquliyevin israrı ilə təyinatla gələrək 25 il orada çalışmışam. 2003-2015-ci illərdə Elmira Süleymanovanın dəvəti ilə Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri olmuşam. Hazırda yol-yoldaşım olan qələmimlə yaradıcılığımı davam etdirirəm.

 

OCAQ

 

Mən valideynlərim haqqında həmişə fəxrlə danışıram, çünki müəllim ailəsində böyüyüb, müəllim çörəyi yemişəm. Atam İsmayıl müəllim, anam Mədinə xanım tələbə yoldaşı olub. O zaman Azərbaycan Dövlət Darülfünunu adlanan indiki Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təhsil alıblar. Tale elə gətirib ki, ulduzları barışıb və ailə qurublar. İllər sonra onların bu taleyini yaşamaq mənə də nəsib olub. Tələbə yoldaşım Qulu Məhərrəmli ilə sonuncu kursda ailə həyatı qurmaq üçün ilk addımı atmışıq. Atam bir müddət müəllimlik edəndən sonra universitetin verdiyi ikinci ixtisasın ardınca gedərək mühəndis kimi çalışdı, anam isə öz peşəsinə sadiq qalaraq, 43 il məktəbdə coğrafiya fənnini tədris etdi. İki bacı, iki qardaşdan ibarət olan ailənin ikinci övladıyam. Baxmayaraq ki, zabitəli valideynlərimiz vardı, çox sadə və rahat bir ailədə böyümüşük. Sovet dövrünün müəllim ailəsinin bütün qanunları ilə yanaşı, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, böyük-kiçik yerini bilmək, halallıq kimi vərdişlər bizə kiçik yaşlarından aşılanıb. Valideynlərimiz bircə dəfə bizə başa salıb ki, evdə dörd uşaq böyüyürsüz – üçünüz məktəbli, biri bağça yaşlı. Mövsüm dəyişəndə biz hamınıza eyni vaxtda geyim ala bilmirik. Kimə daha vacibdirsə, ona da alınmalıdı. Bu kimi nəfsə hakim olmağa, gözütoxluğa, halallığa yönələn vərdişlərlə, anlayışla böyüməyimizə görə artıq haqq dünyasında olan ata-anama bu gün də minnətdaram.

 

YOL

 

Oxuduğum məktəb sanki adını daşıdığı Cəfər Cabbarlının ədəbi ruhu ilə yaşayırdı. Nədənsə məktəb ədəbiyyat istiqamətinə daha çox yönlü idi. Ədibin adı ilə bağlı tədbirlər, müsamirələr hər il bir-birini əvəz edirdi. Həm əlaçı, həm sinif nümayəndəsi, həm məktəb komsomol komitəsinin katibi kimi bütün tədbirlərin fəalı idim. Hələ kiçik siniflərdən ədibin ailə üzvlərini görüb, tanımışam və bunun davamı kimi universitet illərində C.Cabbarlının nəvələri ilə eyni təhsil ocağında oxumuşam. Təkcə ailə üzvlərini deyil, dramaturqun tədqiqatçıları Məmməd Cəfəri, Məmməd Arif Dadaşzadəni, şair Cabir Novruzu görmüşəm və o zaman balaca məktəbli qız olan mən onların kimliyindən təbii ki, bixəbər idim. Mütaliəni hədsiz sevirdim, beşinci sinifdə artıq xeyli xalq yazıçılarının əsərlərini oxuyub başa vurmuşdum. Yeni əsər çıxan kimi kitabı əldə etmək üçün növbə gözləyirdik. Süleyman Rəhimovun “Mehman” əsərindən necə təsirlənmişdimsə, hüquqşünas olmaq qərarına gəlmişdim, lakin ruhuma daha yaxın olan ədəbiyyat bu fikri üstələdi. Yazmaq məni çox cəlb edirdi, qələmlə doğmalaşırdım. Artıq yuxarı siniflərdə jurnalistikaya gedəcəyim dəqiq idi. O zaman bu fakültəyə daxil olmaq üçün qəbul imtahanlarından əlavə qabiliyyət yoxlaması da olurdu. Bunu bildiyimdən özümə uyğun müxtəlif mövzularda xırda xəbərlər yazırdım. Məktəb illərindən “Bakı” və “Baku” qəzetlərinə ayaq açan bu yazılar heç demə gələcək yaradıcılıq yolumun ünvanı imiş.

 

JURNALİST

 

Jurnalist fəaliyyətim elə ilk kursdan başlayıb desəm, yanılmaram. Taleyimə yazılan “Bakı” və “Baku qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev həm də müəllimim idi. Yaxşı oxumağım, aktiv tələbə olmağım, peşəyə olan sevgim, məsuliyyətim onun diqqətindən yayınmadığından, rəhbərlik etdiyi qəzetdə imzam görünməyə başladı. İxtisas seçimində mən radio-televiziya jurnalistikasına yönəldiyimdən təyinatım Azərbaycan televiziyasına oldu. Dövlət imtahanları ərəfəsində dəhlizdə Nəsir müəllimlə rastlaşdıq. Hal-əhvaldan sonra təyinatımla maraqlandı. Biləndə ki, təyinatım televiziyayadı Nəsir müəllim sanki od püskürdü. Çox ehtiyatla televiziya səhəsində də özümü sınamaq istədiyimdən bu addımı atmışam deyə bildim. O zaman Nəsir müəllim dedi ki, elə şey heç vaxt olmayacaq, çünki mən səni artıq işə qəbul etmişəm. Məni dekanın otağına apardı, bir başa rektorla əlaqə yaratdı və təyinatımın dəyişilməyini istədi. Məlum oldu ki, bunun üçün bircə gün vaxt var. Və həmin bircə gün hər şeyi Nəsir müəllimin istədiyi kimi həll etdi. 1978-ci ildən əlimdə qırmızı diplomla “Bakı” və “Baku” şəhər qəzetlərinin əməkdaşı oldum. Addım-addım yol gəldim, pillə-pillə ucaldım. Korrektor daha sonra müxbir oldum. Müxbir bölmə rəhbərinə qədər çatdı və sonda “Elm, təhsil və mədəniyyət” şöbəsinin müdiri pilləsində dayandı. Orada çalışdığım iyirmi beş ili ömrümün salnaməsi hesab edirəm, çünki həmin illərdə Qarabağ adlı bir yolda da yürümək nəsibim oldu. 90-cı illərin əvvəllərində respublikada başlayan gərginlik mənim cəbhə jurnalistikamın başlanğıcı oldu. Bu, peşə borcumla yanaşı Vətənə olan bağlılıq idi. Etiraf edirəm ki, Vətən sevgisi peşəmdən öndə dayanırdı. Elə bir dövr idi ki, yalan, xəyanət, fitnə-fəsadla üz-üzə qalmışdıq. Anladıq ki, özümüz özümüzə arxa-dayaq olmalıyıq, arxa cəbhə ilə ön cəbhə bir vəhdət təşkil etməli idi. Ayağa qalxan xalqın vətənpərvərlik hissi yerə-göyə sığmırdı. Biz jurnalistlər qaynar nöqtələrə getməyə can atırdıq, lakin Salatın ruhlu yazarlar hələ az idi. Onun şəhadəti əsl jurnalist adının sübutu oldu. Silahı qələm olan Salatın sözünün əsgəri idi. Bütün bunlar içimdə bir təlatüm yaratmışdı. Evdə iki azyaşlı uşağın, həyat yoldaşımın qaynar nöqtələrdə olmasına baxmayaraq, qərara gəldim ki, mən getməliyəm. Nə yaxşı ki, uşaqlara baxa biləcək anam vardı və bu arxayınlıqla qaynar nöqtələrə üz tütdum. Bəzən mənə, “Şəhər qəzetində çalışırsan, niyə gedirsən ki?” deyənlər də olub. Vətən adı çəkilən yerdə susmaq olardımı? Söhbət insanların səbirsizliklə gözlədiyi informasiyadan gedirdi və bu mənim birbaşa peşə borcum idisə, dayanmaq mümkün deyildi. Və beləcə qəzetimizdə “Cəbhə reportajı” rubrikası yarandı. Ağdam, Cəbrayıl, Zəngilan, Tərtər, Bərdə, Ağdərə ən çox üz tutduğum qaynar nöqtələr idi. Bizi ön cəbhəyə buraxmırdılar, söhbətlərimiz kazarmalarda, qərargahlarda olurdu. İndi o rəngi saralmış qəzetləri görəndə, həmin illəri təkrar yaşamış kimi oluram. Cəbhədə vuruşan çiyni paqonlu qızlarımıza həmişə qibtə hissi ilə baxırdım, onların cəsarətinə həsəd aparmamaq mümkün deyildi. Beləcə, onlar haqqında yazmağa qərar verdim. Müxtəlif xarakterlər, müxtəlif talelər sıralansa da, mənim üçün yalnız bir qəhrəmanım vardı – döyüşən qadın. Qarabağ mövzulu yazılarımda 100-ə qədər döyüşçü igid qızlarımızın taleyi öz əksini tapıb. Üst-üstə yığılan bu sənədli hekayələr yavaş-yavaş kitaba çevrilməyə başladı. “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Qarabağ müharibəsi: zərif talelər” və daha neçə-neçə kitab... Fəaliyyətimdə publisistikaya daha üstünlük verirdim, çünki bu, biz jurnalistlərə daha yaxın bir janrdı. Publisistikada çağırış, mübarizlik, istiqamətləndirən, sövq etmək kimi motivlər digər janrlara nisbətən daha çoxdu. Jurnalist fəaliyyətimin belə bir dönəmində 1997-ci ilin 8 Mart ərəfəsində “Döyüşə qızlar gedir” kitabım çapdan çıxdı. Həmin günlərdə mərhum Xalq şairi Qabil redaksiyamıza gəldi. Nəsir müəllimi gözlədiyindən iş otağımda oturdu və gözü masanın üzərindəki kitaba sataşdı. Kitabı götürüb vərəqlədi və dedi ki, bu kitabı Hüseyn Abbaszadə görsə, nə yaxşı olardı. Ardınca dedi ki, «qızım, bu kitabdan birini Hüseyn müəllim, birini də mənim üçün imzala». Çaşqın halda olsam da, şairin dediyi kimi etdim və o, kitabları götürüb getdi. Üç gündən sonra iş otağıma bir telefon zəngi gəldi. Tanımadığım yaşlı bir səs ahəstə-ahəstə Hüseyn Abbaszadə olduğunu bildirdi, kitabım haqqında xeyli xoş sözlər söylədi və ardınca dedi: “Sən insan taleləri haqda çox gözəl sənədli hekayələr yazırsan. Belə bacarığın varsa, niyə bədii hekayə yazmayasan. Bunu sənə müharibə mövzusuna bələd olan, “General” romanının müəllifi olaraq deyirəm ki, təcili publisistikadan bədii nəsrə keç”. Çaşqınlıqdan nə deyəcəyimi bilməsəm də, onun sözləri içimdə bir təbəddülat yaratdı. Evə gəlib özümə böyük həmkar hesab etdiyim həyat yoldaşım Qulu Məhərrəmli ilə məsləhətləşdim. Xalq yazıçısından sonra onun fikri mənə sanki qol-qanad verdi və beləcə, yaxın dostum, sirdaşım, hisslərimi paylaşdığım qələmim publisistikadan bədii nəsrə köklənərək, hekayələr yazmağa başladı. Nəticədə “Oyuncaq” adlı kitabım ərsəyə gəldi. Bədii yaradıcılığımda öz təxəyyülümün əlavələri ilə mövzuları həyat həqiqətləri üzərində qurmağa üstünlük verirəm. Artıq neçə ildi bi yolda yürüyürəm, hekayə və povestlərim çoxdu. Etiraf edim ki, yazıçı olmaq çox maraqlı və məsuliyyətlidi. Hazırda yeni bir roman üzərində işləyirəm, burda mövzu bir qədər fərqlidi, hələlik sirr olaraq qalsın. Sayca 15-ci kitab olacaq bu yaradıcılıq məhsulunu oxuculara çatdırmağa çox tələsirəm. Bununla belə, yaradıcılığımda mənə doğma olan jurnalistikanın yeri xüsusidi.

 

MEDİA

 

Bugünkü jurnalistikadan giley-güzar çoxdu. Unutmaq olmaz ki, bizim ciddi çağdaş jurnalistika Həsən bəy Zərdabidən qaynaqlanır. Təəssüf ki, son illər bu unudulmuşdu. Geriləyən jurnalistikamızda əsas nöqsan qütbləşməyə meyllilik oldu. Mətbuata nəzarət işlərində boşluqlar yarandı. Bu səbəbdən jurnalistika gerilədi, peşəkarlıq səviyyə baxımından xeyli zəiflədi. Jurnalist heç vaxt tərəf ola bilməz. Ona sərbəstlik vermək və ondan gerçəyi yazmağı gözləmək lazımdı. İstər oxucu, istər tamaşaçı jurnalisti faktlara söykənən həqiqəti bilmək üçün izləyir. Jurnalistin sifarişli yazı yazmağa, kiminsə haqqını yeyib onu tapdamağa haqqı yoxdu. Jurnalistin birinə zərbə vurub, digərinin tərəfində olmağa haqqı yoxdu. Jurnalistin insanların şəxsi həyatında var-gəl etməyə haqqı yoxdu. Azərbaycan mətbuatında reket jurnalistikası at oynadırdı. Təəssüf ki, bütün bunlar var idi və nəyin müqabilində olurdu, o da hamıya bəllidi. Nə yaxşı ki, ölkə rəhbərliyinin qətiyyətli, düzgün, məqsədyönlü addımları bu mənfiliklərin qarşısını almağa müvəffəq oldu. Bu günlərdə Medianın İnkişafı Agentliyi yarandı. Gözləntilərimiz çoxdu, artıq olan və olacaqlar məni qane edir. İnanırıq ki, mətbuat öz çərçivəsində bərqərar olacaq, jurnalist adını daşıyan hər kəs peşə etikasını unutmayacaq. Jurnalist yaradıcı insan olduğunu birdəfəlik beyninə həkk etməlidi, fikir və düşüncələrinin tərcümanı olmalıdı. Mən jurnalistikanı fikirlərimin ifadəçisi hesab etmişəm. Həyatda dürüstlük qədər önəm verdiyim ikinci prinsip yoxdu və peşəkar jurnalist üçün bu prinsip mütləqdi.

 

VƏTƏN

 

Vətən bitib-tükənməyən bir məfhumdu. Mənim üçün doğulduğum evin qarşısındakı söyüd ağacı Vətəndi. Həyətimizdə atamın əkdiyi qızılgül, nərgüz gülü kolları, qardaşlarımın futbol oynadığı dalan belə, Vətəndi. Vətənsiz insanın dəyəri olmaz. Vətən sevgisi olmasa idi, Qarabağla bağlı kitablarım ərsəyə gəlməzdi. O kitabları yazanda tez-tez qarabağlısan sualını eşidirdim. Vətənin ağrı-acısını yazmaq üçün azərbaycanlı olmağımız kifayət edər. Mən, sən, o adlanan varlıq bizlər şəklində cəmləşərsə, bax, onda Vətən yaranar.

 

HƏMKAR

 

2003-cü ildə mənə Ombudsman Aparatından iş təklifi gələndə, dərhal qərar verə bilmədim, çünki bu, jurnalistika adlı 25 illik bir yoldan ayrılmaq demək idi. Xeyli düşündüm, götür-qoy etdim və sonda işimin mətbuatla əlaqəli olması məni yola gətirdi. Orada işlədiyim on iki il ərzində dünyanın 30-dan çox xarici ölkəsinə səfərlərim oldu. Çoxsaylı beynəlxalq konfrans və seminarlarda iştirak və çıxış etmişəm. Harda olmuşamsa, əvvəl Azərbaycan adını, daha sonra qələmimi uca tutmuşam. Jurnalistikada nəyə nail olmuşamsa, buna görə həyatda iki insana borcluyam. Biri arxam, dayağım, köməyim, əlimdən tutub harayıma gələnim rəhmətlik anam Mədinə xanım olub. O biri isə mənə imkan verən, heç zaman təzyiq göstərməyən, yaradıcılığıma şərait yaradan, məni anlayan ömür-gün yoldaşım Qulu Məhərrəmli. Bunları unutmaq böyük günah olar. Anam çox zəhmətkeş qadın olub. Məktəbdə dərsarası boşluq olanda, dərhal evə gəlib yeməyimizi hazır edib yenidən məktəbə qayıdardı. Bununla belə evdarlığına söz ola bilməzdi, biş-düşündən hamı bəh-bəhlə danışardı. Atamı itirəndə universitetin sonuncu kursunda idim və ondan sonra anam dörd övladın zəhmətini öz zərif çiyinlərində daşıdı. Kiçik yaşlarından mənə də, bacıma da evdarlığın sirlərini öyrədib. Mətbəxə çox meyilli olsam da, yaradıcılıq məni ondan bir qədər uzaq salıb. Amma bununla belə, bayram süfrəsini, ailədaxili əlamətdar günlərin, xüsusi qonaqlarımın hazırlığını özüm edirəm və bundan çox zövq alıram. İki qız övladının valideynləriyik. Onların böyüməyində, tərbiyəsində yenə də anamın böyük zəhməti olub. Özüm çox mühafizəkar ana olmuşam. Atalarının iş yükü çox olduğundan, ağırlıq mənim çiyinlərimdə idi. Etiraf edirəm ki, qızlara sərbəstlik verməmişəm, özüm aparıb, özüm gətirmişəm. Zənnimcə ailədən aldıqlarımı onlara ötürə bilmişəm. Bir dəfə səhhətimdə narahatlıq oldu. İkisi də dərhal başımın üstünü aldı. Onlara baxıb dedim ki, görəsən ahıl yaşımızda da bizə belə baxacaqsız. İkisinin də cavabı eyni oldu: “Ana, atam Mirvari nənəyə necə oğul, sən Mədinə nənəyə necə qız olmusansa, biz də görüb-götürdüyümüz qayğı, diqqət, nəvazişlə qulluğunuzda olacağıq”. Ailədə iki həmkar olaraq yaşasaq da, bir-birinin yaradıcılığına müdaxiləmiz olmayıb. Çox vaxt Qulu müəllimlə fikirlərimiz üst-üstə düşür, faydalı məsləhətlərimizi bir-birimizdən əsirgəməsək də, hərə öz fəaliyyətinin peşindədi. Həmkarlarım mənə çox doğmadı. Jurnalistika həyatdı və o həyatı sevib ona bağlanmasan, o yolda yürüyə bilməzsən. Onlara demək istərdim ki, qələmlərindən çıxan zəhmətin sonuna atdıqları imzaya hörmətlə yanaşsınlar. Elin gözü tərəzidi, çalışın ki, o imza saflığını itirməsin.

 

QIRX DÖRD GÜN

 

Ailəmiz I Qarabağ müharibəsinin canlı şahididi. Həyat yoldaşım kameranın gözü ilə, mən qələmimlə gördüyümüzü, həqiqətləri xalqa çardırmaq uğrunda özümüzü belə unutmuşduq. Lakin o zaman Azərbaycan xəyanət adlı rəzil bir əməlin qurbanı oldu. Torpaqlarını itirdi, qaçqın və məcburi köçkünlərinə minbir çətinliklə öz köksündə yer edə bildi. İldən ilə Azərbaycan inkişaf etdi, gücləndi, sözünü deyə bildi, haqq səsini heç zaman boğmadı, yüksək tribunalardan: “Azərbaycanda ikinci Ermənistan dövləti heç vaxt olmayacaq” deyə nərə çəkdi. Bütün bunlara namərd düşmən və onun havadarları istehza edib xısın-xısın gülüşdülər.az, nə çox, düz 30 il bu gülüş onların iyrənc sifətindən çəkilmədi. Və günlərin bir günü polad bir yumruq, “QARABAĞ AZƏRBAYCANDIR” deyib, cəmi 44 gün çəkən ədalətli müharibədə ərazi bütövlüyünü bərpa etdi, çünki artıq bıçaq sümüyə dayanmışdı, sülh deməkdən usanmışdı. Bu baxımdan II Qarabağ müharibəsi mütləq idi. Ötən ilin iyul ayındakı Tovuz hadisələrindən nəticə şıxarmayan cılız xalq, 44 gün ardıcıl başına dəyən yumruqlardan sonra kimin kim olduğunu anladı. Bunu tək onlar yox, havadarları və bütün dünya anladı. Çünki onlar birlik olub uzun illər xalqımızın heysiyyəti ilə, hissləri ilə oynayaraq, münaqişənin həllinə mane olurdu. BMT-nin məlum qətnamələri yerinə yetirilmədən kağız üzərində də qalırdı, ATƏT-in Minsk qrupunun da yarıtmaz fəaliyyəti göz qabağında idi. Divin canı şüşədə olduğu kimi, düşmənin də canı uydurduğu yalanlarda, ona dəstək olanlarda, erməni lobbisinin milyonlarında idi. Amma onların illərlə yaşadığı bu mifi darmadağın etmək üçün günlər kifayət etdi. Bəzən düşünürəm ki, ömrün gözəl anlarını yad etmək şirin, qəlbə hüzur gətirən bir duyğudur. Amma heç demə nə vaxtsa xatırladığımız bu sevincli anlar, itirilmiş torpaqlarımızı düşməndən azad edən milli ordumuzun çağdaş günlərimizdə ürəyimizi dağa döndərən zəfər yürüşlərinin bizə yaşatdığı qələbə hissi ilə müqayisədə necə də zəif bir işartı imiş. Bizə bu təlatümü, sevinc dalğasını yaşadan, yumruq tək birləşib çəkici bir zindana vurmaq nümunəsi göstərən Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə minnətdarlıq duyğumuz sonsuzdu. İllərlə arzusunda olduğumuz qələbə bizi çox gözlətsə də, dövlət, ordu, xalq birliyinin vəhdəti, əzmi, mübariz ruhu bizə bu gözləntini unutdura bildi, çünki ilk gündən yol olan zəfərlər qələbəmizin sorağı idi.

 

SÖZ ARDI

 

Müsahibə boyu hiss etdim ki, həmkarımın yaradıcılığında Qarabağ motivləri ona çox doğmadı. Bu doğmalıq sonbeşik övlada olan məhəbbətə bənzəyirdi, çünki hər cavabın sonu mütləq bu mövzuya gətirib çıxarırdı. Bunu duyduğumdan, müsahibəyə tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamalın həmkarımın “Qarabağ müharibəsi: Zərif talelər” adlı kitabı haqqında bu günlərdə “525-ci qəzet”də dərc olunan məqaləsindəki fikirlərlə nöqtə qoymaq istədim: “Qarabağ müharibəsi xalqımızın mənəvi-əxlaqi dəyərlərinin tarixi sınağa çəkildiyi hadisə idi. Zemfira Məhərrəmlinin istedadlı qələmi Azərbaycan qızlarının bu ağır, taleyüklü imtahandan şərəflə çıxmasını, Səma Kərimova, Rəhilə Orucova, Mərziyə Piriyeva, Nurcahan Hüseynova və başqa qəhrəman qızlarımız haqqında oçerkləri qürur və iftixar hissilə oxuyursan”.

 

Tamilla TEYMURQIZI

 

Azad Azərbaycan.- 2021.- 28 yanvar.- S.4.