Səhiyyənin əsas sahələrindən
olan fizeoterapiya
Aybəniz İbrahimova: “Fizeoterapiya
səhiyyənin şah əsərlərindən biri
olmaqla, təbii
üsulla müalicə tarix boyu böyük
sınaqlardan
çıxmış klassik müalicə metodudur”.
Sumqayıt səhiyyəsini Azərbaycan tibb sahəsinin ən
aparıcı qollarından biri hesab etmək olar. Belə ki, hələ
40-cı illərdən şəhər səhiyyəsinin əsasını
təşkil edən həkimlər həqiqətən işlərinin bilicisi, cəfakeş
olublar.Təclili Tibbi Yardım Xəstəxanası və 1
nömrəli şəhər Xəstəxanası isə
lokomativ rolunu oynayıblar desək, yəqin ki,
yanılmarıq. Burada İzzət Sadıxov, Məlik Əliyev və peşəsini dərindən bilən
digər yüksək səviyyəli həkimlər
çalışıblar.
Məlik Əliyev vaxtilə Sumqayıt səhiyyəsinə rəhbərlik edərək tibb işçilərinin daha peşəkar olmasında böyük səy göstərib və çoxlu davamçı yetişdirib. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə 1 nömrəli şəhər Xəstəxanasında fizeoterapiya kabineti yaradılıb. Hazırda isə şöbə olaraq daha da genişləndirilib. Müalicə almaq istəyilə buraya müraciət eləyən xəstələrin sayı artıb. Şöbəyə uzun illərdir ki, Aybəniz İbrahimova rəhbərlik edir.Onun mehriban münasibəti, diqqət və qayğısı, tibbi sənədləri dəqiq oxuyandan sonra burada çalışan yüksək ixtisaslı mütəxəssislərə lazımi göstərişlər verməsi müalicə alanlar tərəfindən çox razılıqla qarşılanır. Məhz mən də xeyli vaxtdır ki, Aybəniz İbrahimovanın düzgün təyinatı ilə ildə iki dəfə kurs müalicəsi alıram. Ona görə də bu şöbənin uğurlu işlərindən yazmamışdan əvvəl istəyirəm ki, Aybəniz həkimlə oxucuları daha yaxından tanış eləyim:
Qısa arayış: Aybəniz Həsən qızı İbrahimova 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Bakı şəhəri Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Sonra təhsilini elə bu rayonun 62 nömrəli tam orta məktəbində davam etdirərək, buranı əla qiymətlərlə bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub (indiki Dövlət Tibb Akademiyası). 1985-ci ildə institutun müalicə işi fakültəsini böyük müvəffəqiyyətlə bitirib. 1986-87-ci illərdə 24 saylı Birləşmiş şəhər Xəstəxanasında internatura keçib və gənc mütəxəssis kimi təyinatla Sumqayıt şəhərinə göndərilib. Bu həmin vaxtlar idi ki, şəhərdə böyük quruculuq işləri gedirdi. O, 3 nömrəli Poliklinikada sahə terapevti kimi iş fəaliyyətinə başlayıb. 1996-cı ildən 1 nömrəli Xəstəxananın fizeoterapiya şöbəsində həkim-fizeoterapevt kimi işini davam etdirib. Burada tanınmş həkim Məlik Əliyevdən fiseoterapiyanın sirrlərini mükəmməl öyrənib. Həm də özünü bacarıqlı həkim kimi göstərdiyinə görə 1997-ci ildə Məlik həkimin təklif və tövsiyəsi ilə Aybəniz xanımı fizeoterapiya şöbəsinin müdiri təyin ediblər. Məlik həkim səhhətilə əlaqədar bu şöbədə həkim kimi işləməklə, fizeoterapiya işinin incələiklərini və təşkilatçılığı yetirməsinə hərtərəfli, mükəmməl başa salıb. Bu günə qədər də, yəni 25 ildir ki, Aybəniz həkim bu sahəyə böyük uğurla rəhbərlik eləyir. O, dəfələrlə Bakı şəhərindəki Həkimləri Təkmilləşdirmə İnstitutunda fizeoterapiya kurslarında təhsilini davam etdirib. 2014 və 2019-cu illərdə fizeoterapiya üzrə iki dəfə beynəlxalq səviyyəli sertifikat alıb. Aybəniz xanıma çiyin-çiyinə işlədiyi həmkarlarının, tibb bacılarının və eləcə də xəstələrin böyük hörməti var. Hətta başqa şöbələrdə çalışanlar da çox vaxt ondan dəyərli məsləhətlər alırlar. Axı Aybəniz həkim adı Azərbaycan tibb tarixinə düşən Məlik Əliyevin yetirməsidir?! Hazırda onun metodu ilə yaradılan sahədə bütün işləri bacarıqlı mütəxəssis kimi böyük uğurla davam etdirir. Yaxın günlərdə Aybəniz həkimlə görüşüb söhbət edtik. İşinin çox olmasına və şöbəyə xeyli xəstə gəlməsinə baxmayaraq, ondan müsahibə götürməyimə razılaşdı. İlk sualım sözsüz ki, Məlik həkimlə bağlı oldu.
-Azərbaycan tibb
sahəsinin tanınmış simalarından olan Məlik
Əliyev sizin yaddaşınızda necə qalıb?
– Fəxr eləyirəm ki, Məlik həkimin yetirməsiyəm. Burada çalışdığım ilk gündən istəmişəm ki, fizeoterapiya işini ondan mükəmməl səviyyədə öyrənim. Onun isanlarla münasibətinə valeh olmuşdum. O, həkimlərlə, xəstələrlə həmişə çox gözəl ünsiyyətdə idi. Savadı, səbri, təcrübəsi o vaxt biz gənc mütəxəssislər üçün bir örnək, məktəbidi. Məhz onun təklifilə məni 1997-ci ildə bu şöbənin müdiri təyin etdilər. Məlik həkim eyni zamanda işlərimə nəzarət edir və fizeoterapiya sahəsini mənə daha dərindən öyrədirdi. Onunla 10 ildən çox bir yerdə işləmişik. 2009-cu ildə xəstəliyilə əlaqədar Məlik həkim işdən azad olundu. Biz tez-tez evlərinə gedib ona baş çəkirdik. 2011-ci ildə dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət eləsin. Mən çox istəyirəm ki, onun Sumqayıt səhiyyəsi üçün gördüyü böyük işlər haqqında daha ətraflı yazılsın. Yaşadığı binaya “Xatirə lövhəsi” vurulsun. Əmək təcrübəsi geniş təbliğ olunsun. Əlbəttə, böyük mənbə olaraq bundan Azərbaycan səhiyyəsində çalışanlar yaxşı faydalana bilərlər.
-Deyirsiniz ki, Məlik
həkimlə 10 ildən çox bir yerdə işləmisiniz. Onun haqqında deyəcəkləriniz gənc mütəxəssislərə
çox gərəkli ola bilər…
– Məlik həkim həm yüksək ixtisaslı rentgenoloq, pediatr, həm də peşəkar fizeoterapevt idi. Eyni zamanda, yaxşı manual terapevt idi. Bütün bu sahələrin yüksək bilicisi olduğuna görə yanına çoxlu xəstə gəlirdi və onun şəfalı əllərinin sayəsində tam sağalırdılar. O, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri olmaqla yaxşı səhiyyə əlaçısı, təşkilatçısı idi. Xəstəxanalarda, poliklinikalarda təcrübəsini geniş tətbiq edirdi. Bu gün Sumqayıt şəhərindəki bütün səhiyyə ocaqlarında çalışan təcrübəli fiseoterapiya həkimlərinin, tibb bacılarının əksəriyyti Məlik həkimin yetirmələridir. O, həmişə bizə tövsiyə eləyirdi ki, böyük uğur qazanmaq üçün öz işimizi mükəmməl bilməklə yanaşı, tibbin digər sahələrini də yaxşı mənimsəməyə çalışaq. Bizə iş təcrübəsindən tez-tez danışırdı. Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdu. Müharibədə həm feldşer, həm də həkim kimi çox insanı ölümün pəncəsindən almışdı. Hətta xəstələri qanlı döyüş meydanından çıxaran vaxt özü də ağır yaralanmışdı. Məlik həkimin sinəsini xeyli orden və medal bəzəyirdi. Müharibədən sonra Sumqayıt şəhərinə gəlib, burada səhiyyə işini təşkil eləyib. Sumqayıt səhiyyə şöbəsinin ilk müdiri və təşkilatçısı olub. Uzun illər bu şöbəyə rəhbərlik eləyib. Mən Allahımdan razıyam ki, tale qismət eləyib, onunla birgə işləmişəm. Hazırda burada çalşanların çoxu onun yetirməsi olduğuna görə bir-birimizi yarı sözdən başa düşürük. Hamımız onu tez-tez xatırlayır, rəhmətlə anırıq. Xüsusilə qeyd edim ki, şöbəmizin bütün işçiləri çox fədakardırlar. COVİD19 pandemiyası vaxtı bu fədakarlıq özünü daha yüksək səviyyədə göstərdi. Bizim xəstəxananın cərrahiyyə şöbəsinin cərrahı, Qarabağ müharibəsi əlili, gözəl təbib Şaiq Baxış oğlu Əliyev pandemiyadan yüzlərlə xəstələri sağaltsada, amma özü bu xəstəlikdən dünyasını dəyişdi. Bizim şöbədə işləyən onun həyat yoldaşı Yaqut Əliyeva, baş tibb bacısı Zəmilə İsmayılova, Şəlalə Qəribova, Raminə Rüstəmova, Hicran Cəlilova da COVİD-19 pandemiyası dövründə çox böyük fədakarlıqlar göstərdilər. Pandemiya da elə müharibə deməkdir. Rus-alman müharibəsini görmüş, şəhər səhiyyəsinin yaranmasında və inkişafında fəal rolu olmuş Məlik Əliyevdən bəhrələnən həkimlərimiz həqiqətən qəhrəman sayılırlar. Adları tarixə düşməlidir. Həmçinin 44 günlük Vətən müharibəsində şücaət göstərən tibb işçilərimizə hər zaman borcluyuq.
– Aybəniz həkim, sizinlə tam razıyam. Azərbaycan səhiyyəsində çalışanlar həmin vaxtlarda doğrudan da çox böyük işlər gördülər. Mən neçə illərdir ki, bura müalicəyə gəlirəm və hər dəfə siz çox dəqiq və düzgün təyinatlar verirsiniz. Sizin yaxşı işinizdən, insanlara xoş münasibətinizdən, sadəliyinizdən bütün xəstələr razılıq eləyirlər…
-Bütün xəstələrə öz doğmamız kimi baxırıq. Çalışırıq ki, onlara bacardığımız qədər müasir üsullarla xidmət eləyək. İstəyirik ki, şöbəmizə müraciət edənlər görsünlər və başa düşsünlər ki, bizim üsulla daha tez və yaxşı sağalırlar, nəinki kimyəvi dərmanlarla. Kimyəvi dərmanların əksəriyyəti insan orqanının birini sağaldırsa, digərini sıradan çıxarır. Amma xəstələrimiz burada sağalandan sonra, öz yaxınlarına da burada müalicə olunmağı tövsiyə edirlər. Deməli, onlar həm də bizim ən böyük təbliğatçılarımızdırlar.
-Bəli,
haqlısınız. Kimyəvi dərmanların insan orqanizminə mənfi təsirləri də
vardır. Bəs təbii üsullarla müalicənin insan
orqanizminə hansı xeyirləri var?
-Təbii üsulla müalicə orqanizmi möhkəmləndirir, immuniteti artırır. Onun insan orqanizminə müsbət təsirləri çoxdur. Ümumiyyətlə, kimyəvi dərman pereparatları ilə insanları çox yükləmək olmaz. Mənim məsləhətim budur ki, hər bir həkim dərmanlardan az istifadə etməklə fizeoterapiya üsuluna üstünlük versə, müalicənin effekti daha yaxşı olar və xəstələr tez bir zamanda sağalar. Belə həkimlərə xəstələrin inamı xeyli artar. Dünya şöhrətli təbib İbn Sinanın belə bir maraqlı deyimi var: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”. Deməli, həkim öz işini mükəmməl bilməlidir. Təbii üsulla müalicə tarixlər boyu böyük sınaqlardan çıxmışdır. İbn Sina da təbabətdə bu üsulu həmişə önə çəkib. Azərbaycanda son vaxtlar bu istiqamətdə fəaliyyət göstərən xəstəxanalar artıb. Eyni zamanda, Naxçıvanda Duz dağı, Naftalanda natfalanla müalicə sanatoriyası, Bakıda, Masallıda, Lənkəranda, Şabranda, Xaçmazda mineral istu su şəfa ocağı olan mənbələr, sanatoriyalar, Şabranda böyrək müalicəsi üçün mineral sular və sairə bu kimi gözəl, müalicəvi yerlər çoxdur. Hətta xarici ölklərdən insanlar müalicə olunmaq üçün məmləkətimizə gəlirlər. Amma öz vətəndaşlarımız təbii sərvətlərimizdən çox az istifadə eləyirlər. Bu, təəssüf doğuran haldır ki, həmvətənlərimizn süni üsulla müalicə metodlarına daha çox üstünlük verirlər. Əgər həkimlərimizin əksəriyyəti fizeoterapiya sahəsini dəyərləndirsə, o zaman xəstələrə müalicə olunmaq üçün ünvanı düzgün müəyyənləşdirərlər.
-Bəzən görürük ki, həkim xəstəyə
tez sağalması üçün birdən-birə 5-10 kimyəvi dərman
yazır. Bu dərmanlar isə xəstəni
sağaltmaqdansa, əksinə ağır vəziyyətə
salır. Sizin buna münasibətiniz necədir?
-Bir daha vurğulayıram ki, ümumiyyətlə, xəstəni kimyəvi dərmanlarla çox yükləmək qəti olmaz. Çünki həmin dərmanlar bəzi hallarda əks təsir də göstərir, böyrəkləri, mədə-bağırsağı və digər orqanları zədələyir. Əgər əksər həkimlər fizeoterapiya sahəsində çalışanlarla müştərək işləsələr uğur əldə edər, onlara yaxşı məsləhətlər verilər, çox dərman yazmaqdan çəkinərlər. Nəticədə xəstənin orqanizmində fəsadlar yaranmaz. Onların belə həkimlərə inamları artar. Sözsüz ki, xəstə həkimə pənah gətirərək ona ümid bəsləməsə sağalmaz.
-Sizin işlədiyiniz Sumqayıt şəhər 1 nömrəli Xəstəxanada təmir işləri aparılıb və görürük ki, indi şəraitiniz əvvəlkindən daha yaxşıdır.
– Əlbəttə, ölkə başçımız cənab İlham Əliyevin səhiyyə sahəsinə böyük diqqət və qayğısı hamımızı sevindirir. Onun sərəncamı ilə bir neçə il əvvəl xəstəxanamızda əsaslı təmir işləri aparılmışdır. Artıq xəstələr mövcud şəraitdən razılıq edirlər. Çünki onların sağalması üçün burada bütün imkanlar və yüksək keyfiyyətli tibbi avadanlıqlar vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovun şəhərimizdə bütün sahələrin, eyni zamanda səhiyyənin inkişafına nəzarəti də danılmazdır. Ümumiyyətlə, Sumqayıt dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Yaşıllıq, təmiz hava, sosial mühit yaxşı yaranan yerdə yaşayan insanlarn isə sağlamlığı daha yüksək səviyyədə olur. Xəstəxanamızın sabiq baş həkimi, dəyərli insan Həsən Hüseynov Sumqayıt şəhər Səhiyyə şöbəsinə müdir müavini təyin olunduğuna görə, uzun illər burada urologiya şöbəsində işləyən Mətləb Musayev yeni baş həkim təyin olunub. O da həm peşəkar həkim və həm də yaxşı təşkilatçıdır. İnanırıq ki, işlərimiz indən belə də öz axarı ilə gedəcək, xəstəxanamız şəhərdə əvvəlki birinciliyini qoruyub saxlayacaq.
– Sumqayıtın artıq 73 yaşı var.
Ömrünün
böyük bir hissəsini bu şəhərdə yaşayan
həkim kimi sizin tövsiyələrinizi, arzu və istəklərinizi
bilmək istərdik…
-İlk öncə müzəffər Prezidentimiz cənab İlham Əliyev, birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla xalqımıza can sağlığı, gözəl, firavan həyat arzu edirəm. Ən böyük istəyim işğal altında olmuş torpaqlarımızın düşməndən azad edilməsini görmək idi. Bu arzuma Ali Baş komandanımızın və Ordumuzun şücaəti sayəsində çatdım. 44 günlük Vətən müharibəsi Zəfərlə yekunlaşdı. Bir həkim kimi vurğulayım ki, torpaqlarımız nə qədər ki, düşmən tapdağı altında idi, sttersslər, depressiyalar və xəsətəliklər də çox idi. Çünki insanlarımız torpaq dərdi, qəmi çəkməklə böyük əsəb gərginlikləri keçirirdilər. Bu isə onların sağlamlıqlarına mənfi təsir göstərirdi. Artıq xəstəliklər azalmağa başlayır. Biz qalib xalqıq. Bütün xəstəliklərə sinə gərməliyik. Qarabağımızı cənnətməkan etməli, müqəddəs ziyarətgaha çevirməliyik. Çünki bura başdan-başa şəfa ocağıdır. İbn Sina deyib ki: “Sağalmaz xəstəlik yoxdur. Ona görə gərək insanın iradəsi möhkəm olsun. Bitkiləri yaxşı tanıyandan sonra onların insan orqanizminə necə təsir etdiyini də bilirsən və özün öz həkimin olursan”. Təsdiq edilib ki, tibb sahəsində təbii üsulla müalicə kimyəvi dərmanlarla müalicədən qat-qat yaxşıdır. Tövsiyə və arzu edirəm ki, insanlarımız müasir fizioterapiya sahəsinə daha çox üstünlük versinlər, vaxtaşırı fizioterapiya ilə müalicəyə müraciət etsinlər. Onun effektini daha çox görə bilərlər.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2022.- 28 aprel.-
S.6.