PROFESSOR

 

Əslində həyatını elmə həsr etmiş  insanlar haqqında yazmaq çətindi. İlk cümləni yazmaq üçün fikirlərini toparlamağa çalışırsan, amma suallar Ərəbzəngi kimi önünü kəsir: "Necə yazacaqsan?  Nədən yazacaqsan? Hardan başlayıb, harda bitirəcəksən"?.. Və sən qalırsan bu suallar qarşısında aciz. Baxırsan onların yaradıcılıqlarına, görürsən ki, nə yazmaq lazımdırsa, hamısını yazıblar, sənə heç nə qalmayıb.  Həm elmi, həm ədəbi-bədii, həm də  adi yöndən qələmə alınan o yazılar elm işığında yazılıb, elmin yollarında diktə olunub. Ona görə də alim haqqında düşünmək, onun şəxsiyyətini xarakterizə edib yazıya köçürmək üçün  sən də, ən azı, elm dəryasına baş vurmalısan. Ki... bu dəryada alimin necə üzdüyünü anlaya biləsən. Amma elm dəryasının da dibi görünməzdi, çox dərindi.  Kimisi o dərinliklərə qədər getməyə çalışır, kimisi yarıya  qədər üzür, kimisi də ortalıqda əl-qol atır.  Ən mahir üzgüçülər dəryanın  görünməzliyinə qədər gedə bilənlərdi.

Bu yazıda mahir "üzgü"çülərdən biri  -filologiya elmləri doktoru, professor Əjdər İsmayılov haqqında  söz açmaq istəyirəm. O Əjdər İsmayılov ki, Azərbaycan elminin ədəbiyyat,   türkologiya və filologiya sahəsi ilə məşğul olub. O, həm də tarixçi və siyasətçi olub. Azərbaycanın siyasi elitası onu 91-lərdən və YAP-ın yaradıcılarından biri kimi dəyərləndirir, hörmət edirlər. Vikipediyada professor  haqqında belə  yazılıb: "Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur. Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, hüquqşunas Cavid İsmayılovun atasıdır".

Mən bu üç nəsil adları sadalanan insanlardan şəxsən tanıdığım Cavid İsmayılovdu. Amma onu  filosof, hüquqşünas və iqtisadçı kimi deyil, jurnalist  və "Turan Araşdırma Mərkəzi" içtimai birliyinin  sədr müavini  kimi tanıyıram. Cavid müəllimlə şəxsi tanışlığım isə  jurnalist cameəsindən   başlayıb. Və onun necə türkçü və vətənpərvər olduğunu, millətini sevən, xalqına hörmət edən, dövlətə və dövlətçiliyə dəyər verən Vətən oğlu olduğunu tanıdığım gündən hiss etdim. Əminəm ki, bunlar ona  genetik olaraq qanla keçib, eləcə də aldığı tərbiyədən, böyüdüyü ziyalı mühitindən hopub. Əjdər İsmayılovdan söz düşəndə də ona  ata yox, professor deyir: "Professor  belə yazıb, professor elə deyib, professor məqamında söz açıb" və s. və i.a.x. Bu, bir oğulun atasının şəxsiyyətinə verdiyi ən böyük dəyər olmaqla yanaşı, həm də onun savadı, elmi qarşısında baş əyməkdi. Nə gözəl!

                                                               ***

Professoru Azərbaycanın elmi ictimaiyyəti çox yaxşı tanıyır. Əjdər İsmayılov istər elm xadimi, istərsə də insan kimi hər kəsin qəbul etdiyi, hörmətlə yanaşdığı, sevdiyi, diqqət göstərdiyi bir alimdi. O, həm də cəmiyyətdə tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, turançı kimi tanınır. Bu yazıya başlamamışdan əvvəl professorun yaradıcılığı  və həyatı ilə daha ətraflı  tanış olmaq üçün internetdə axtarışa çıxdım.  Və heyrətə gəldim. 84 illik ömürdə 84 rəqəminin sanbalı, çəkisi ilə həmahəng işlər görən Əjdər müəllim usanmayıb, yorulmayıb, mübarizələrlə dolu həyat yolu keçib.  Ömür yolunda  şərəf və ləyaqət, məsuliyyət, xalqa, Vətənə, dövlətə və dövlətçiliyə xidmət onunla çiyin-çiyinə addımlayıb.  Professorun addımladığı yol xeyirli-bərəkətli, işıqlı-nurlu olmaqla yanaşı, həm də çətin və enişli-yoxuşlu olub. Çox "mənəm-mənəm" deyənlər bu yola çıxıblar, amma sona qədər gedə bilməyiblər. Çünki bu cür yolu Əjdər İsmayılov kimi nəhəng şəxsiyyətlər salır. Nəhənglərin yolu ilə zəiflər və cılızlar gedə bilməzlər.

Əjdər İsmayılovun nəhəngliyi ondadır ki, o,  bu yolda özünü fəda edib, elm işığında gözünün nurunu itirib. Əlində qələm oturduğu stolda belini əyib, amma  bir gün, bir saat olsun belə Azərbycan adlı məmləkətin sabahına ümidini itirməyib. Çox gözəl  bilib ki, ömrünü havayı yaşamır, taleyini  türkçülüyə nahaqdan bağlamır. Hər zaman düşünüb ki, bir gün gələcək bütün türklər birləşəcək, müstəqil dövlət quracaq. Bu, siyasi bir düşüncə olsa da onun həyata keçəcəyinə ürəkdən inanıb. Elə bu inam da ona Turan Araşdırmalar Mərkəzi İctimai Birliyini təsis etməyə əsas verib.

                                                             ***Professor bir ömür addımladığı elm yolunda  hər zaman mənəvi saflığı, qətiyyəti və bacarığı, təmkini və qabiliyyəti ilə seçilib. Yüksək enerjisi, məsuliyyət hissi, sağlam tələbkarlığı elmi axtarışlarında, türkologiya və  filologiya elminin inkişafında, eləcə də təkmilləşdirilməsində, tərəqqisində ona baş ucalığı gətirib. Özünün zəkası və zəhməti  sayəsində ədəbiyyatın çətin yollarında ciddi axtarışlar apararaq sanballı uğurlar qazanıb.  Bu uğurların kökündə çoxlu sayda elmi əsərləri, monoqrafiyaları, elmi-kütləvi kitabları, məqalələri dayanıb.

"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitablarında ermənilərin iç üzünü açıb, tarixi faktlarla onların saxtakar və yalançı olduğunu sübut edib. Erməni deyilən bir millətin  heç vaxt vətəni olmadığını, Azərbaycan torpaqlarına köçürüldüklərini araşdıraraq ortaya sanballı əsər qoyub. Bu, böyük zəhmət, yuxusuz gecələr, mənsub olduğu millətə, xalqa və dövlətə təmənnasız xidmətdi. Aydın məqsəd, çətin və mürəkkəb olanı sadələşdirə biləcək təfəkkür, istedad sahibi olmaq deməkdi. Məhz bu parametrləri  Əjdər İsmayılovda görən professor Qəzənfər Kazımov deyib: "Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun  çox böyük zəhmət nəticəsində meydana gətirdiyi "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları"  kitabıdır."

Əjdər müəllimin adı çəkiləndə Hüseyn Cavid yada düşür. Çünki Cavidi  tədqiq edən bir filoloq kimi onun araşdırmaları bu sahədə çalışan digər alimlərin yaradıcılığından bir qədər fərqlənir. "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Azərbaycan sovet ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" filologiya elmində önəmli yer tutan tədqiqatlardı.

                                                                  ***

Əjdər müəllim təkcə yaradıcı şəxsiyyət kimi deyil, həm də insan kimi illərdi ucalıqda dayanan və çoxlarının əli çatmayan bir zirvədə  qərar tutanlardandır. Buradaca "o, Azərbaycan xalqının sevimli oğullarından biridi"  fikrini yazmağımdan dolayı yəqin ki, kimsə məni qınamaz. Çünki o İNSANı tanıyanlar Əjdər İsmayılovun kimliyinə, şəxsiyyətinə yaxşı bələddirlər. Hər kəs alimin böyük ömür yolunda necə addımladığını, bu günkü və daha sonrakı nəsillər üçün hansı töhfələr qoyduğundan xəbərdardı. Professorun ömür yoluna baxanda düşünürəm ki, onun ən dəyərli titulu insanlığı özünün şəxsiyyətində  ölümsüzləşdirməyidi. Ona görə də bu sözü böyük hərflərlə yazmağı vacib bildim.

Əjdər İsmayılovu yaxından tanıyan bir rəfiqəm onun dərin təfəkkürə malik parlaq şəxsiyyət, yüksək mədəniyyətli, geniş erudusiyalı, zəngin dünyagörüşü olan alicənab bir İNSAN olduğunu dedi. Söylədiklərini olduğu kimi yazıram: "Bir var sadəcə alim, bir də var fədai. Bir var sadəcə vətəndaş, bir də var  "hər şey vətən üçün" deyən fədai. Bu ali keyfiyyətlərin daşıyıcısı professor Əjdər İsmayılov idi. Əjdər müəllimin atası  da ermənilərlə vuruşub, özü də - biri silahla, o biri qələmlə. Professor cavidşünas idi. Hüseyn Cavid sevgisini oğlunun  adını Cavid qoymaqla həm qəlbində daşıdı, həm də övladına ötürdü. Nəvəsi Oğuz adını daşıyır. Bu da türkçülükdən, türk sevdalısı olmaqdan gələn bir dəyərdi". Söhbət zamanı rəfiqəm  professorun  xəstə yatağında nəvəsinə dediyi son sözləri xüsusi vurğuladı: "Vətəni qoruyun". Bu iki kəlmə dünyanın ən müqəddəs sözüdü. Çünki o, bir ALİMin dilindən çıxıb. Bu bir elm fədaisinin ən ali dəyəri, ən uca məqamıdı.

Professor bir neçə il əvvəl  şəhid körpələrin unudulmaması haqqında prezident İlham Əliyevə müraciət etmişdi. Müraciətdə deyilirdi: "Erməni qatillərin kəndlərimizdən keçən çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları  axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə oynayan  uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı. Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun

4 - də yenicə dil açan, "ata-ana" deyən 18 aylıq  məsum körpə Zəhra  balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər. Erməni qatillərinin uşaqlarımıza qarşı zaman - zaman törətdikləri qətliamları,  eyni zamanda, milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə  memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif

edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini  əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq!"

O zaman bu müraciətlə bağlı, professorun fikirlərini dəstəkləyən bir yazı yazmışdım. Sözünün çəkisi və sanbalı olan, dünya görmüş ziyalının, dəyərli  alimin haqlı çağırışına səs vermişdim. Əjdər müəllim qəlb yanğısı ilə SOS siqnalı verərək həyəcan təbili çalmışdı. Demək istəmişdi ki, uşaqlarımız müqəddəsdi, safdı, təmizdi, toxunulmazdı. Onların qatillər tərəfindən öldürülməsinə göz yummaq özü bir günahdı. Günaha batmayaq, ən azı, onların xatirəsini əbədiləşdirək - dövlət səviyyəsində.

Nə yazıq ki, Əjdər İsmayılovun bu təklifi arzu olaraq qaldı. Amma nə xoş ki, erməni faşistlərindən qətlə yetirdikləri uşaqların intiqamı alındı və professor bunu gördü. Vətən müharibəsindəki Zəfər təntənəsinin sevincini yaşadı. İtirilmiş torpaqlarımızın şəhidlərin qanı bahasına qaytarılmasına şahid oldu. Əminəm ki, professor Vətənin 30 illik yarasının sağalmasından dolayı bir  rahatlıq tapdı.

Adamlar tanıyıram ki, bu millətə, bu xalqa, bu dövlətə bir qara qəpiklik xeyir verməyiblər. Amma imkanları aşıb-daşır, pulu, sərvəti, vəzifəsi ilə diqqət çəkir. Elmdən bixəbər, savadsız olan belələri haqqında nələr yazmayıblar, İlahi?! Dağ başına qaldırılan bu adamlar, əslində, dağın ətəyindən zirvəyə baxmalı olanlardı. Nə etməli? Həyatda hər kəs layiq olduğu yerdə otursaydı nə vardı ki?! Qurd quzu ilə otlayardı.

Adamlar da tanıyıram ki,  bütün ömrünü, mənalı həyatını, bilik və bacarığını, qabiliyyətini, savadını xalq, millət üçün sərf edir, elm fədaisi kimi zülmətə işıq salır. Hər gün çalışır, zəhmət çəkir, elm yolunda gözünün nurunu itirir, saçlarını ağardır, hörmətli, şərəfli bir ömür sürür. Həmin ömrün sükanı  ALİM əlində olduğu üçün başqalarına örnək olur. Professor Əjdər İsmayılov məhz bu cür müdrik ömür sahibi, bu cür örnək idi.

 O, ömrünün müdriklik zirvəsində gözlərini əbədi yumub dünyasını dəyişdi. 40 gün əvvəl son yolçuluğunu etdi. Professorun ömür yolu 84 illik bir tale kitabına yazıldı.  Sözünün ağası olan, ağa ağ, qaraya qara deyən müdrik bir şəxsiyyət kimi  Azərbaycan ədəbiyyatında, Turan dünyasında, türk ellərində iz qoydu.

                                                      ***

Bu gün professor aramızda yoxdu, Haqq Dünyasındadı, əbədi dünyanın sakinidi.  Bu gün  onun ruhu Naxçıvanda - doğulduğu Çomaxtur kəndində əzizlərinin, doğmalarının, qohumlarının, kənd sakinlərinin, rayon əhalisinin başı üzərindədi, onlarla birlikdədi. Əminəm ki, bir alim işığına toplaşan həmin insanlar dünyadan köç etməsinin 40-cı günündə Əjdər İsmayılovun xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, ehtiram göstərirlər.

Bu gün, həm də professorun ailə üzvləri üçün tam fərqli bir gündü. Əjdər müəllimin doğum günüdü. Qəribə gündü, deyilmi? Əminəm ki, professorun ailə üzvləri ikili hiss keçirirlər.  Kədərləri sevinclərinə qarışıb. "Nə yaxşı ki, ata, baba, qardaş titulu daşıyan Əjdər müəllim dünyaya gəlib" düşüncəsinin xoş duyğusuna bürünən ailə kədərin 40-cı gününü yaşayır. Amma nə olur-olsun, kim nə düşünür - düşünsün bu mübarək günün mistikası həmişə İsmayılovlar ailəsi ilə birlikdə olacaq, heç zaman unudulmayacaq.

Başınız sağ olsun, Cavid müəllim!

Doğum gününüz mübarək, Professor!

 

Züleyxa NADİR

 

Azad Azərbaycan.- 2022.- 28 aprel.- S.5.