"O, çox maraqlı, xeyirxah insan və
görkəmli yazıçı idi"
1987-ci ildən yaxından
tanıdığım, dəyərli ziyalı, istedadlı
şair, nasir, daramtuq, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun
haqq dünyasına qovuşmasını eşidəndə bu,
mənə çox pis təsir elədi. Çünki biz
onunla “Ağdaban harayı” adlı pyes üzərində
işləyirdik.Çox istəyrdim ki, o, bu pyesin
premyerasında iştirak eləsin. Biz onunla bir vaxtlar “Caninin
etirafı” romanı əsasında eyni adlı pyesini işləmişdik.
Bu pyesə mən 2018-ci ilin oktyabr ayında Mingəçevir
Dövlət Dram Teatrında quruluş vermişdim. O, pyesin məşqləri
ilə tez-tez maraqlanırdı, amma xəstə olduğuna
görə Mingəçevirə gələ bilmirdi. Mən də
məşqlərin uğurlu getməsi ilə bağlı ona
məlumat verirdim.2018-ci ilin oktyabr ayının 25-də
tamaşanın ilk premyerası yüksək səviyyədə
qarşılandı. Qənbər müəllim bunu eşidəndə
çox sevindi. Elə bu pyeslə də Qənbər
Şəmşiroğlu həm də dramaturq kimi yaddaşlarda
qaldı. Bu tamaşa az bir vaxtda təkcə Mingəçevirdə
yox, qonşu rayonlarda və hətta Gəncədə kəlbəcərlilər
məskunlaşan ərazidə göstərməklə
böyük tamaşaçı marağına səbəb
oldu. Biz bu tamaşanı 2019-cu ilin fevral
ayının 17 və 18 tarixlərində Azərbaycan Milli
Akademik Dram Teatrının səhnəsində oynamaqla tələbkar
paytaxt tamaşaçılarının da maraqla
qarşıladığını gördük. 18 fevral
tarixindəki tamaşaya Qənbər Şəmşiroğlu
xəstə olsa da gəlib baxdı.Tamaşadan çox
razı qaldı. Tamaşa haqqında özünün ürək
sözlərini dedi və bunlar da video lentə çəkildi.
Həmin gün bir neçə özəl televiziya
kanalları gəlib tamaşanı çəkdilər.
Çoxlu jurnalistlər, teatrşünaslar tamaşa
haqqında maraqlı ressenziyalar yazdılar.
Oynadığımız hər iki tamaşa böyük
anşlaqla keçdi. Hətta zalda yer
olmadığından əlavə çoxlu stul da zala
qoyulmuşdu ki, tamaşaçılar ayaq üstə
qalmasın.Tamaşanın hər bir epizodu da böyük
tamaşaçı alqışları ilə
qarşılanırdı. Həmin tarixi günlərdən
çoxlu foto şəkillər və üç video çəkiliş
də bizə yadigar qaldı.Hələ 2018-ci ildə
“Caninin etirafı” pyesi üzərində işlədiyimiz
vaxtı Qənbər müəllim mənə Ağdaban kəndinə
erməni faşistlərinin necə divan tutması ilə
bağlı maraqlı məlumatlar da verirdi və deyirdi: “Bu
pyesdən sonra biz sizinlə “Ağdaban harayı” adlı bir
pyes də işləyək. Bununla başlı mənim
çoxlu yazım var. Kəlbəcərin ən böyük
yaşayış massivlərindən olan Ağdaban kəndinin
faciəsini Xocalı faciəsindən sonra Qarabağda ən böyük
faciə hesab etmək olar. Bu kənd ermənilər tərəfində
iki dəfə işğal olunub. 1992-ci ilin aprel ayının
8-də və bir də 1993-cü ilin aprelində. İlk
hücum zamanı erməni faşistləri həmin kənddə
53 evi tamamilə yandırıblar. Kəndin bütün
mal-qarasını və qoyun sürülərini aparıblar.
Həmin döyüşdə Ağdabanda 40 nəfər adam
faciəli surətdə həlak olub. Onlardan elə 14 nəfəri
mənim əmim, əmim uşaqları olub. Babam
Ağdabanlı Qurbanın və atam Dədə Şəmşirin
bütün əlyazmalarını erməni gavurları
yandırıblar”…Dünyanı lərzəyə salan
COVİD-19 pandemiyasının 2019-cu ilin mart ayından Azərbaycanda
da tüğyan eləməsi bizim Ağdabanla bağlı
arzumuzu bir qədər ləngitdi. Biz daha Qənbər
müəllimlə görüşə bilmədik. Amma onun mənə verdiyi çoxlu sənədlər
və yazılar əsasında mən həmin pyesi işləməyə
başladım. 2020-ci ilin sentyabr ayının 27-də
başlayan Vətən Müharibəsi də 44 günə
Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən
siyasəti, qətiyyəti və yüksək təfəkkürü,
igid əsgərlərimizin rəşadəti sayəsində
bu müharibənin bizim qələbəmizlə başa
çatması müllətimizi və bizi sevən millətləri
çox sevindirdi. Bü müharibə dünya hərb elminə
analoqu olmayan hadisə kimi daxil oldu. Hətta Ağdam, Kəlbəcər
və Laçın bir güllə belə atmadan ermənilərdən
təmizləndi. Bu, daha böyük tarixi hadisə oldu. Qənbər
müəllim buna çox sevinirdi. O, gedib Kəlbəcəri
də gördü. Hətta biz keçən ilin oktyabr
ayında maraqlı şair, jurnalist, publisist, Əməkdar həkim
Nəriman Ocaqlı ilə birlikdə “Caninin etirafı” pyesini,
tamaşadan şəkilləri, tamaşa haqqında
ressenziyaları toplayıb bir kitab kimi çap etdirdik. Qənbər
müəllim bu kitabı görəndə çox sevindi.
Artıq “Ağdaban harayı” pyesi üzərində işlərimiz
sürətləndi. Demək olar ki, pyes üzərində son
işlər getdiyi bir ərəfədə acı bir xəbər
eşitdim. Qənbər Şəmşiroğlu 2021-ci ilin
dekabr ayının 30-da 88 yaşında haqq dünyasına
qovuşub. Eşitdim ki, pandemiya qadağalarına baxmayaraq,
onun dəfni çox böyük izdihamla keçib. Bu da
xalqımızın böyük ziyalısına, dəyərli
yazıçısına, ictimai xadiminə, el
ağsaqqalına olan sevgisinin, hörmətinin bariz nümunəsi
idi. Mənə pis təsir bağışlayan o idi ki,
çox istəyirdim Qənbər Şəmşiroğlu
“Ağdaban harayı” pyesinin də tamaşasını
görsün. O, özü də bunu çox istəyirdi. Nə
etmək olar? Deməli, Ulu Tanrı belə məsləhət
bilibmiş. Onun işinə qarışmaq olmaz…
Hörmətli professorumuz, Milli Aviasiya
Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə
ilə zəngələşib birlikdə Qənbər Şəmşiroğlunun
yasına getdik. Mən bilirdim ki, onların dostluğu çox
qədimdir. Hətta mən “Caninin etirafı”
tamaşasını məşq edəndə Nəriman müəllim
də zəng vurub, məşqlərin gedişi ilə
maraqlanırdı. 2019-cu ilin fevral ayının 17-də gəlib
Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində
bu tamaşaya baxdı və çox xoşuna gəldi. Tamaşa haqqında maraqlı ressenziya da yazdı.
Yasa gedəndə və yasdan qayıdanda mən yol boyu Nəriman
müəllimin Qənbər Şəmşiroğlu ilə
necə tanış olması və bu
tanışlığın necə müqəddəs
dostluğa çevrilməsi ilə bağlı ona bir
neçə sual verdim. Elə ilk sualım da belə
oldu:
-Nəriman müəllim, siz Qənbər Şəmşiroğlu
ilə necə tanış olmusunuz?
-Qənbər Şəmşiroğlu ilə mənim
tanışlığımın, dostluğumun təxminən
60 ildən çox tarixçəsi var. Yadıma gəlir ki,
1950-ci illərin axırlarında Azərbaycan
Yazıçılar İttifaqında bir neçə
şair, nasirlə söhbət edirdik. Həmin vaxtı ora uca
boylu, ağ saçlı bir kişi və onun yanında elə
onun kimi uca boylu cavan bir oğlan gəldi. Onlar bizdən bir qədər
aralıda duran bir cavan yazıçıdan Osman Sarıvəllinin
otağını soruşdular. Həmin cavan çox
etinasız cavab verdi. Mən bu kişinin şəkillərini
gördüyümdən, haqqında yazılanları
oxuduğumdan maraqlanıb onlara yaxınlaşdım və
dedim:
-Siz aşıq Şəmşirsiniz?
Həmin
cavan dedi:
-Bəli.
Aşıq Şəmşirdi.
Artıq həmin cavanlar da onlara maraqla baxmağa
başladılar.Çünki Azərbaycanda hamı həmin
vaxtlar dahi Səməd Vurğunla, Aşıq Şəmşir
haqqında çox tez-tez danışırdılar.Onların
maraqlı deyişmələri, dostluğu bir dastan kimi
xatırlanırdı. Həmin vaxtı artıq Səməd
Vurğun haqq dünyasına qovuşmuşdu. Söhbət
əsnasında məlum oldu ki, Aşıq Şəmşir
Osman Sarıvəllinin təkidi ilə şeirlərini, qəzəllərini,
qoşmalarını gətirib ona versin. Çünki
hələ ustadımız Səməd Vurğun
sağlığında Aşıq Şəmşiri məcbur
eləmişdi ki, şeirilərini, qəzəllərini,
qoşmalarını gətirsin və Azərbaycan
Yazıçılar İttifaqı onları kitab kimi çap
etdirsin. Həm də Aşıq Şəmşiri
Azərbaycan Yazıçılar İttifaqının
üzvü eləsinlər. Amma
Aşıq Şəmşir çox təvazökar
olduğundan bunu eləməmişdi. Çünki
o, heç vaxt özünün təbliği ilə məşğul
olmurdu. Aşıq Şəmşir Səməd
Vurğunla dostluğundan fəxr edirdi. Səməd
Vurğun da Osman Sarıvəlliyə vəsiyyət eləmişdi
ki, Aşıq Şəmşirin şeirlərini, qəzəllərini,
qoşmalarını çap etdrisin və özünü də
Yazıçılar İttifaqının üzvü eləsinlər.
Xalq şairi Osman Sarıvəlli də həmin
vaxtı Yazıçılar İttifaqının poeziya
üzrə məsləhətçisi idi. Mən onları Osman Sarıvəllinin yanına
apardım. Onlar Aşıq Şəmşirlə
çox mehriban görüşdülər. Biz yenə də elə foyedə idik.
Sonra onlar Osman Sarıvəlli ilə birlikdə otaqdan
çıxdılar. Mən onlara yaxınlaşdım və məlum
oldu ki, Osman müəllim ona kömək etməyə söz
verib. Biz həmin cavan oğlanla tanış
olduq. Dedi adım Qənbərdir. Aşıq
Şəmşirin oğluyam. Mən onlarla
birlikdə Sahil bağına (keçmiş 26-lar bağı)
düşdüm. Orada yenə də
Aşıq Şəmşirlə və Qənbər müəllimlə
söhbət elədik. Bax, həmin vaxtdan
bizim tanışlığımız başladı. Aşıq Şəmşir və Qənbər
Qurbanov məni Kəlbəcərə dəvət elədilər.
Həyat yoldaşım Sara xanımla onlara qonaq
getdim. Bizi çox yaxşı
qarşıladılar. Elə həmin
vaxtlardan bizim artıq ailəvi dostluğumuz
başlamışdı. Orada mən Aşıq Şəmşirin
ömür-gün yoldaşı Güllü ana ilə də tanış oldum. Sinəsi
sözlə dolu olan bu xanım, həqiqətən də
Aşıq Şəmşirə təkcə həyat
yoldaşı yox, həm də özünün uzaqgörənliyi
ilə bir arxa, dayaq, həmdərd idi. Yaradıcı
insanın həyat yoldaşı belə olanda, ona böyük
ilham verir. Az bir vaxtda Osman Sarıvəllinin
köməkliyi ilə Aşıq Şəmşirin
Yazıçılar İttifaqı tərəfindən
kitabı çap olundu və özünü də Azərbaycan
Yazıçılar İttifaqının üzvü elədilər.
Ulu öndər Heydər Əliyevin sayəsində
ona Azərbaycan Respublikasının Əməkdar incəsənət
xadimi fəxri adı verildi. Sonra mən
“Ədəbiyyat və İncəsənət” qəzetinin
baş redaktoru olanda qəzetdə Aşıq Şəmşirin
şeirlərini, qəzəllərini, qoşmalarını
çap edirdim. O vaxtlar bilirdim ki, Qənbər Şəmşiroğlu
( Qurbanov) da şeirlər yazır, amma
dövlət vəzifəsində işlədiyinə görə
həmin bədii əsərlərini çap etdirmək istəmir.
Müstəqillik dövrümüzdə isə
artıq Qənbər Şəmşiroğlu da öz bədii
əsərlərini çap etdirməyə
başladı.Ara-sıra mən onun çap olunan əsərlərini
oxuyurdum.Dostumun bu uğurlarına sevinirdim. Mən sonra yenə də Kəlbəcərdə Qənbər
müəllimin qonağı olmuşdum. O vaxt Dədə
Şəmşir artıq haqq dünyasına qovuşmuşdu.
-Eşitmişəm.
Sizin həyat yoldaşınız Sara xanım sağalmaz
onkoloji xəstəliyə tutulanda siz onu
inandırıbsınız ki, Qarabağa, Kəlbəcərə
gəzməyə getsək sən sağalacaqsan. Beləliklə, siz onunla Qarabağı gəzibsiniz
və sonra bir həftədən çox Kəlbəcərdə
Qənbər müəllimin qonağı olubsunuz. Bunu mənə Qənbər müəllim
danışıb.
- Elədi.
Həmin vaxtı mənə həkimlər dedilər
ki, Sara xanımın fikrini dağıtmaq, ona xoş əhval-ruhiyyə
yaratmaq üçün siz Bakıdan harasa getməlisiniz.
Mən də Qarabağı seçdim. Orada mənim çoxlu dostum vardı. Ən əsas dostum da Qənbər müəllim idi.
Biz Qarabağı gəzdikcə həqiqətən
də Sara xanımın əhvalı yaxşılaşdı.
Sonra Kəlbəcərdə Qənbər müəllimin
bizi əziz qardaşı və dostu kimi qarşılaması
Sara xanımın da ürəyincə oldu. Onun övladları da mənə əmi kimi hörmət
edirdilər. O vaxt Qənbər müəllim Kəlbəcər
rayon İcraiyyə Komitəsinin sədri idi. Orada
təkcə atası Dədə Şəmşirə görə
yox, özünün də böyük bacarığına,
ziyalılığına, təşkilatçılığına
görə hörməti çox idi. Kəlbəcərlilər
onu çox sevirdi. O, Kəlbəcərdə əsl el
ağsaqqalı idi. Biz orada olduğumuz müddətdə
bunun tam şahidi olduq.
-1993-cü ilin aprel ayında Kəlbəcər erməni
faşistləri tərəfindən işğal olunandan sonra
sizin Qənbər müəllimlə yenidən
görüşləriniz olubmu?
-Əlbəttə. Bizim həmin vaxtdan sonra onunla
görüşlərimiz daha çox olurdu. Qənbər
Şəmşiroğlu bütün gücünü,
bacarığını sərf elədi ki, kəlbəcərlilər
respublikanın rayonlarına yayılmasınlar, onlar bir yerdə
məskunlaşsınlar. Ona görə də
Gəncə və Daşkəsən Kəlbəcərə
daha yaxın olduğuna görə o, bir qrup kəlbəcərli
ziyalılarla birlikdə buna nail oldu. Kəlbəcərlilər
üçün Gəncədə ayrıca böyük bir qəsəbə
salındı. Kəlbəcərlilərin
bir hissəsi də Yevlaxda yerləşdirildi. Elə Qənbər müəllim özü də
Yevlaxda yerləşdi. Orada məskunlaşan
kəlbəcərlilərə ağsaqqallıq elədi.
Sonra onun oğlu, böyük ziyalı, gözəl
təşkilatçı insan Cavid Qurbanov kəlbəcərlilər
tərəfindən Millət vəkili seçiləndən
sonra o da Kəlbəcər camaatı üçün
böyük işlər gördü. Kəlbəcər
camaatı onun bu böyük əməyini həmişə
yüksək qiymətləndirir. Ölkə
başçımız, xalqımızın sevimlisi,
Qarabağ müharibəsinin fatehi cənab İlham Əliyev
Cavid Qurbanovun belə böyük təşkilatçılığını
görüb, onu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar
Cəmiyyətinin sədri təyin elədi. Cavid müəllim də ölkə
başçımızın bu ümidini doğrultdu və bu
gün dəmir yolu sahəsində böyük, perspektivli
işlər görülür.
-Qənbər
müəllim deyirdi ki, onu yaradıcılığa siz daha
çox həvəsləndiribsiniz.
-Mən hələ
Kəlbəcərdə olanda onun çoxlu şeirlərini,
qoşmalarını, qəzəllərini və nəsr əsərlərini
oxudum. Hamısı xoşuma gəldi. Dedim
ki, bunları çap etdirmək lazımdır. Bu əsərlər çap olunub, xalqa
çatdırılmalıdır. O, bu işlə ciddi məşğul
oldu və artıq 30-dan çox kitabı çap olunub. Bu kitablar da onu yaşadacaq. Həmin
kitabların hamısını mənə verib. Hətta 6 cildlik seçilmiş əsərlərini
də dostum Qənbər Şəmşiroğlu mənə ərməğan
edib. 2018-ci ildə siz də bir dəfə
söhbətimiz əsnasında dediniz ki, “Qənbər Şəmşiroğlunun
“Caninin etirafı” romanı əsasında səhnələşdirdiyimiz
pyesə Mingəçevir Dövlət Dram Teatrında
quruluş verəcəm”. Mən buna
çox sevindim və sizə uğurlar arzu elədim. Siz həmin ilin sentyabr ayında bu əsərin məşqlərinə
başladınız. Mən dostum Qənbər
Şəmşiroğlunun ilk pyesinin məşqlərinin necə
getdiyi ilə sizə zəng vurub maraqlanırdım. Siz də mobil telefonla mənə zəng vurub dediniz
ki, “çox maraqlı tamaşa hazırlayıbsız. Tamaşaçılar da tamaşanı çox
yaxşı qarşılayıblar”. Həmin
vaxtı mən dostum Qənbər müəllimə zəng
vurub, bu tarixi hadisə münasibətilə onu təbrik elədim.
Ədəbiyyatda dramaturgiya janrı çox
çətin janrdı. Dostumun bu sahədə
də uğuruna çox sevindim. Nəhayət,
2019-cu ilin fevral ayında siz bizə gəlib mənə dəvətnamə
gətirdiniz ki, fevral ayının 17 və 18-də həmin
tamaşanı Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində
oynayacaqsınız. Bu, mənim
üçün bir sürpriz oldu. Çünki
cavanlıq dostum Qənbər Şəmşiroğlunun ilk səhnə
əsərinə baxmaq mənə nəsib olacaqdı.
Beləliklə, fevral ayının 17-də dostlarım-tarix
elmləri doktoru, professor Musa Quluzadə, Əməkdar mədəniyyət
işçisi, teatrşünas Atababa İsmayıloğlu ilə
həmin tamaşaya baxmağa getdik. Elə ilk
başlanğıcdan tamaşa bizi çox
maraqlandırdı. Çünki
tamaşada olan kalliziyalar, çox konfliktli, dramatik səhnələr,
tez-tez hadisələrin maraqlı formada, aktyorların peşəkar
oyunu və rejissorun maraqlı tapıntıları
tamaşaçılarda böyük maraq yaradırdı.
İlk dəfə səhnə əsəri
işləyən, cavanlıq dostumun dramaturgiya sahəsindəki
bu peşəkarlığına heyran qaldım. Tamaşa böyük uğurla,
tamaşaçıların tez-tez səslənən gurultulu
alqışları ilə sona yetdi. Bu
tamaşada son vaxtlar maraqla baxdığım səhnəəsərlərindən
biri kimi yaddaşımda qaldı. Tamaşadan
evə gələndə ona zəng vurub, bu uğuruna görə
dostumu təbrik elədim. Ona dedim ki, “gün o gün
olsun ki, bu tamaşa Kəlbəcərdə
oynanılsın”. Eşitdim ki, Qənbər
Şəmşiroğlu özü də xəstə
olmasına baxmayaraq, fevralın 18-də tamaşaya gəlib
baxıb. Elə həmin axşam da zəng
vurub, cavanlıq dostumu bu böyük uğuru münasibətilə
bir daha təbrik elədim.
Artıq mənim həmin arzum çin olub. Ali Baş
Komandanımız, cənab prezidentimiz İlham Əliyevin qətiyyəti
və igid əsgərlərimizin təkrarolunmaz qəhrəmanlığı
sayəsində 44 günlük Vətən Müharibəsi ilə
Qarabağı erməni gavurlarından təmizləmişik. Bununla bağlı mən də qəhrəmanlıq
odası olan “Qarabağ Azərbaycandı, “Qarabağnamə”m
İlhamdı” adlı səhnə əsəri
yazmışam. Həmin əsərə də
siz Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında quruluş verməyə
hazırlaşırsınız. Sizə də
uğurlar diləyirəm və minnətdarlığımı
bildirirəm. Bir vaxtlar mənim də
böyük həvəslə getdiyim, çoxlu xatirəmin
beşiyi sayılan Kəlbəcər də artıq
yağı düşmənlərdən təmizlənib.
Deməli, “Caninin etirafı” tamaşası
tezliklə Kəlbəcərdə göstəriləcək.
Arzum, istəyim bu idi ki, hər iki tamaşa Kəlbəcərdə
və bütövlükdə Qarabağda oynanılsın.
Biz də cavanlıq dostum Qənbər Şəmşiroğlu
ilə birlikdə Kəlbəcərdə və başqa
bölgələrdə həmin tamaşalara baxaq. Əfsus ki, Ulu Tanrı mənim bu müqəddəs
arzumun çin olmasına imkan vermədi. 60 ildən
çox müddətdə dostluq elədiyim Qənbər
Şəmşiroğlunun haqq dünyasına qovuşması
elə bil ki, mənim qolumu-qanadımı sındırdı… ( Nəriman müəllim bu sözlərdən
sonra tutuldu. Arada sükut yarandı. Bir qədər sonra yenə də sözünə
davam elədi.)
1990-cı
ilin 10 iyun tarixində Bakıdan Kəlbəcərə ailəsinə
baş çəkməyə gedən zaman Ağdərə
rayonundan Kəlbəcər ərazisinə keçəndə
Tərtər çayının sahilində yerləşən
Otaqqaya deyilən yerdən avtobus karvanı keçən zaman
meşədə gizlənən erməni terrorçuları Kəlbəcərə
gedən avtomobil karvanını gülləbaran ediblər. Həmin vaxtı Dədə Şəmşirin
qızı, Qənbər müəllimin bacısı
Çimnaz xanım bir sıra kəlbəcərlilər kimi
atışma zamanı şəhid olub. Mən
həmin vaxtı bunu eşidəndə çox pis oldum.
Elə həmin vaxtı da bu faciə ilə
bağlı bir şeir yazdım. O şeir qəzetlərdə
çap olundu. Bu şeirə görə mənə
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyi tərəfindən Dədə
Şəmşir medalı verildi.
Qənbər müəllimin də vəfat etməsi məni
çox yandırdı. 60 illik dostuma bir şeir də həsr elədim.
Belə adlanır: “Dost itgisi ağırdı”. Bu
şeiri Cavid Qurbanova müraciətlə yazmışam.
İstəyirəm həmin şeiri
sizinçün oxuyum.
-Oxuyun. Bu, çox maraqlı olar.
- Cavid, nə
Gülüstan, nə bağ itirdin,
Ata timsalında bir dağ itirdin.
Kəlbəcərdə
bir Qarabağ itirdin,
Əymə
qamətini, şax dayan, oğlum.
Şəmşirin
sazıydı, sözüydü Qənbər,
Şəmşir ocağının közüydü Qənbər.
Bir elin,
obanın özüydü Qənbər,
Ayrılma o eldən- obadan, oğlum.
Gedən,
hayıf olan ömürdü, yaşdı,
Yaşamaq özü də bir ehtiyacdı.
Gördüm,
el yeridi, el vidalaşdı,
İndi səni deyir Ağdaban, oğlum.
Əsliniz-
nəsliniz ocaqdı, pirdi,
Dağlar o dağlardı, yerlər o yerdi.
Allah o
ilhamı sənə də verdi,
Bu tale çıxarmı heç yaddan, oğlum.
Bu
dünya daimi bir tamaşadı,
Sevinci tək gəlir, qəmi qoşadı.
Halal
ömür sürdü, halal yaşadı
Həm Nəriman əmin, həm atan, oğlum.
-Sağ
olun, Nəriman müəllim. Çox maraqlı
və səmimi şeirdi. Allah size qorusun.
-Mən
tam inanıram ki, cənab Prezidentimizin sayəsində
Qarabağ yenidən cənnətməkan bir diyar olcaq. Kəlbəcər də əvvəlkindən daha
gözəl olcaq.Tezliklə ora qayıdış başlayacaq.
Kəlbəcərlilər Qənbər Şəmşiroğlunun
adını hökmən əbədiləşdirəcəklər.
Hətta sizin onunla birlikdə yazdığınız
“Ağdaban harayı” tamaşası da “Caninin etirafi” ilə
birlikdə Kəlbəcərdə göstəriləcək. Həmin vaxt mənim əziz dostum Qənbər
müəllimin də ruhu bu tamaşaları böyük
sevinclə seyr eləyəcək. İndi
isə dostuma Allahdan rəhmət diləyirəm. Allah bizə səbr, sağlamlıq versin ki, qeyd
etdiyim tarixi günləri biz də görək.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2022.- 17 fevral.- S.4