Əyyubun ilk ovu və böyük qələbəsi
(Sənədli
hekayə)
Bu mövzunu mənə danışan dəyərli
ziyalı,
özünün təfəkkürü,
xeyirxahlığı, mübarizliyi,
vətənpərvərliyi ilə ömrünü
xalqın yolunda
çıraq eləyən, müstəqilliyimiz,
dövlətçiliyimiz
üçün həmişə böyük təbliğat
aparan sadiq dostum
Əlimusa Musayevin 70 illik yubileyinə ithaf eləyirəm.
Müəllif
Həyatda Əyyub peyğəmbər kimi səbrli insan olan Əyyubun həmyaşıdları, ondan yaşca böyüklər və bir qədər cavanlar arasında Sovet quruluşundan söhbətləri düşəndə o, heç cürə səbrini cilovlaya bilmirdi. Çünki bu quruluş milyonlarla insan kimi onların ailəsinə də çox böyük sitəmlər eləmiş, zərbələr vurmuşdu. Bu quruluş onların Çəmənli adlanan dağ kəndlərinə gələndə, ulu babalarının əllərində nələri vardısa hamısını alıb, kolxoz quruluşuna vermişdi və həmin vaxtlar mahalda beş kişidən biri sayılan, indi Əyyubun adını daşıdığı ulu babası Əyyub kişi qırmızı imperiyanın “kəramətindən” dönüb olmuşdu kəndin ən kasıb adamlarından biri. Amma o, bu var-dövləti özünün, övladlarının böyük əməyinin, yuxusuz gecələrinin, alın tərinin hesabına qazanmışdı. Kənd adamlarının çoxu gecələr evlərində rahat yatdığı vaxt Əyyub kişi övladları ilə birlikdə torpağında əkdiyi məhsulları becərir, sulayır, qoyun-quzusunu, mal-qarasını otarırdı ki, ac qalmasınlar və həmin qoyunlar, mal-qara doğub-törəsinlər. Amma Sovet quruluşu Əyyub kişiyə yalandan “qolçomaq” adı qoyub, onu müflis eləmişdi. O da qorxusundan səsini çıxarıb bir söz deyə bilmirdi. Çünki yaxın qohumlarını səslərini çıxardığına görə həbs eləyib, Sibirə göndərmişdilər və nə ölmələrindən, nə də qalmalarından heç bir xəbər yox idi. Əyyubun atası Musa kişinı də o vaxt “qolçomaq oğlu” damğası ilə məktəbə getməyə qoymamışdılar. Amma evdə atasının və savadlı qohumlarının hesabına yazıb-oxumağı öyrənmiş və həm də İslam dinini, ərəb-fars dillərini öyrənmişdi. Heç bir məktəb qurtarmasa da elə öz yaşıdları arasında kəndin ən savadlı adamı sayılırdı. Amma iki eşşəyin arpasını bölə bilməyənlər bu kəndə rəhbərlik edir və camaata qan uddururdular...
Atası Musa kişi, ailədə səkkiz uşaq olan Əyyubgili Çəmənli və qonşu kəndlərdə mollalıq eləməklə, yas yerlərinə getməklə, kəndin dəyirmanında dəyirmançı işləməklə, çox çətinliklə dolandırırdı...
Bir vaxtlar Sovetlər quruluşu bu ailənin təkcə qoyun-quzusunu, mal-qarasını yox, həm də örüş, torpaq yerlərini tutub əllərindən almışdı. Və hətta ən maraqlısı bu idi ki, onlara bir vaxtlar verilən cəmi 7 sotluq torpağı da kolxoz sədrinin, kənd sovetinin əmri ilə həftə səkkiz- mən doqquz, ən azından ayda iki dəfə gəlib ölçürdülər. Əyyubgil heç cürə başa düşə bilmirdilər ki, axı bu torpaq nə artıb, nə də azala bilməz. Bütün bunlar məhz ona görə idi ki, onların həyəti kəndin ən yaraşıqlı yerində, dağın döşündə idi. Savalan dağı da oradan çox aydın görünürdü və Savalanın mehi həmişə bu kəndə böyük ab-hava gətirirdi. Əyyubgilin evi kəndin qırağında olduğuna görə bu xoş mehi ilk qarşılayan Əyyubgil olurdu. Kolxoz sədrinin bu yerə gözü düşmüşdü və istəyirdi ki, Musa kişini əsəbiləşdirsin və o da bütün bunlardan bezib, həmin yerləri tərk eləyib başqa yerə köçsün və kolxoz sədri də buranı zəbt eləsin, arzusuna çatsın. Həddindən artıq səbrli, uzaqgörən siyasətli, uca boylu, yaraşıqlı, mavi gözlü kişi olan və kolxoz sədrinin, kənd soveti sədrinin, partkomun onu aşağılamaq üçün ironiya və şəbədə ilə dediyi “ dəyirmançı molla Musa” kimi təqdimatına da heç bir münasibət bildirmirdi Musa kişi... O, elə bu susmağı ilə də onların bağrını çartladırdı...
Ailənin böyük oğlu Əyyub lap uşaq yaşlarından çox diribaş və zəhmətkeş idi. Hamı deyirdi ki, babası Əyyubun ruhu bu uşaqda yaşayır. Həm də dərslərini yaxşı oxuğundan ailədə hamı ona böyük ümidlə baxırdı... Çox maraqlıdır ki, Əyyubla eyni sinifdə kolxoz sədrinin oğlu, partkomun oğlu, baş mühasibin qızı, poçt müdirinin oğlu, kənd sovetinin qızı da oxuyurdu. Müəllimlər də onların heç birindən dərs soruşmadan “5” qiymətlər yazırdılar. Özü də məktəb direktorunun əmri ilə onları qabaq cərgədə və kasıb-kusubların uşaqlarını isə arxa cərgədə otuzdururdular. Gəl indi bunların yanında baş çıxar, görüm necə baş çıxarırsan... Bu haqsızlığı görən məktəb şagirdi Əyyub, artıq müəllimlərinə də nifrət edirdi...
... Artıq Sovetlər quruluşunun dağıldığından on il keçmişdi. Bu quruluşun dağılması çoxlarının “aşına soğan” doğramışdısa amma, Əyyubun ürəyincə idi. Axı bu quruluş onların ailəsinə, qohumlarına “dağlar” çəkmişdi. Müstəqilliyimizə ürəkdən sevinən Əyyub, bu on ildə özünün ağlı, zəkası və bacarığı ilə ailəsinə lazım olan şərait yaratmışdı. Doğulduğu Çəmənli kənd camaatı da bu işinə görə Əyyuba böyük hörmət edirdi. O, qardaş-bacılarını ətrafına toplayıb, babasına məxsus torpaqların bir hissəsini məhkəmə ilə geri qaytartdırıb, fermer təsərrüfatı yaradaraq, bütün qohumlar orada işləməklə onlar üçün lazım olan şərait yaratmağa çalışırdı. Tez-tez Bakıdan kəndlərinə gedir, camaatın problemləri ilə maraqlanır və öz imkanı daxilində onları həll edirdi. Hətta kəndlərinə öz qazancı hesabına çox rahat magistral yol da çəkdirmişdi. Sovetlərin dövründə isə bu kəndə yalnız atlar, araba ilə getmək mümkün idi...
Bir dəfə Əyyubun baş mühasib işlədiyi respublika səviyyəli müəssisədə bu quruluşu müdafiə eləyən və bu quruluşun yenə də qayıdacağına ümid bəsləyən adamlarla Əyyubun böyük mübahisəsi düşdü. Heç vaxt ailələrinin başına gələn müsibətləri iş yoldaşlarına danışmayan Əyyub, axır ki, qırmızı imperiyanın dəhşətlərini danışmaqla, onlara yaxşı bir “dərs” verməkçün dedi:
- O vaxt atam kənd dəyirmanında işləyirdi və həm də ruhani savadı vardı. O vaxtlar bizim bölgədə molla olmadığına görə kəndimizin və qonşu kəndlərin mollası idi. Ailədə səkkiz uşaq idik. Bu gün hələ vəziyyətin yaxşı bir vaxtında 3-4 nəfərlik ailəni dolandırmaq çətin olduğu vaxtda, o zaman 10 nəfərlik ailəni dağ kəndi kimi yerdə dolandırmaq doğrudan da çox çətin, məşəqqətli olduğundan biz valideyinlərimizə bütün işlərdə və kolxozda işləməklə köməklik edirdik ki, acımızdan ölməyək. Səmimi etiraf eləyim ki, mən insanların bir-birinə pislik elədiyini, yuxarı təbəqəli adamların imkansızları adam yerinə qoymadığını, onları hər an təhqir etdiyini, alçaltdığını, kölə kimi işlətməsini lap kiçik yaşlarımdan görmüşəm və bu mənə elə həmin vaxtlardan əzab verib. O vaxtlar bizim kənddə barmaqla sayılası imkanlı adam vardı. Bunlar kolxozun sədri, kənd sovetinin sədri, partkom, mühasib, poçtun müdiri və bir neçə nəfər onların əlaltıları, qulbeçələri idi. İnanın, onlar kənd camaatına qan uddururdular. Adamları həmişə Sovet quruluşunun asıb-kəsən qanunları ilə qorxudurdular. O qanunların demək olar ki, çoxu həmin vəzifədə olan adamların əlində kasıb, yetim-yesir insanlarçün Domoklın qılıncı kimi bir silah idi. O nadürüstlər heç kimə imkan vermirdi ki, adamlar yaxşı yaşasın. Kimin iki-üç mal-qarası, beş-altı qoyun-quzusu vardısa, tutub əllərindən alırdılar. Ya da elə yüksək vergi qoyurdular ki, adamlar məcbur olurdular həmin mal-qaranı, qoyun-quzunu satsın. Bilirsiniz ki, o vaxt işləyən və işləməyən adam gərək eyni səviyyədə yaşayaydı. Hamının vəziyyəti eyni cür olmalıydı...
Əgər istəsəniz sizə həmin illərlə bağlı bir neçə kitabın mövzusu olan çoxlu acılı-şirinli xatirələrimi danışaram. Amma elə mənim öz başıma gələn onlarla hadisədən yalnız ikisini deyim, sonra siz özünüz qərar qəbul eləyin və nəticə çıxarın...
-Axı siz heç nəyi danışmağı xoşlamırsız, ay Əyyub müəllim.
-Amma indi danışacam ki, bütün söhbətlərə son qoyulsun. Yadıma gəlir ki, atam mənə 16 nömrəli ov tüfəngi almışdı. O vaxt 12 yaşım vardı. İndi 70 yaşım var. Bir gün gördüm ki, bir göyərçin gəlib qondu bizim həyətdən bir qədər aralı olan uca çinar ağacına. Mən başa düşdüm ki, bu çöl göyərçinidi. Çünki ev göyərçini ağaca qonmur. Fikirləşdim ki, bunu vurum, anam heç olmasa nə isə hazırlayar və bizim kasıb ailə də içində ət olan nə isə dadlı bir yemək yeyər. Tez gedib evdən tüfəngi götürüb, içinə patron qoyub evdən çıxdım. Mən ilk dəfə idi ki, bu tüfəngi əlimə götürüb, güllə atırdım. Çox həyacanlı idim. Allahdan güllə göyərçinə dəydi və o yerə düşdü. Mən tez bıçağı çıxarıb, göyərçinin üzünü qibləyə tutub kəsdim. Bu vaxt gördüm ki, tüfəngin səsinə bir adam bizim çəpərin yanındakı yoncalıqdan göründü. Bu kənd sovetinin sədri, kənddə hamının nifrət elədiyi Məsi idi. Onun atası və bütün nəsli Dövlət Təhlükəsizlik Komitəsinə işləməklə, işverənliklə vəzifə qazanmışdılar. Mənə dedi ki, “nə vurmusan”? Dedim ki, göyərçin. Dedi: “Ay köpək oğlu, kolxozun göyərçinini niyə vurubsan? Tez onu mənə ver!” Dedim ki, bu kolxozun deyil, çöl göyərçinidir. Göynən uçub və gəlib ağaca qonub. O, ucadan bağıraraq dedi:
- Məgər sən bilmirsən ki, burada hər şey kolxoza məxsusdur? Hətta bu kolxozun sahəsinin üstündən uçan quşlar da kolxoza məxsusdur. İt balası! Tez göyərçini mənə ver! Yoxsa inək balasını tapdalayan kimi səni ayağımın altına salıb tapdalayaram!
Mən də tərs uşaq idim. O, nə qədər zəhmli olsa da, mən ondan qorxmadım. Gördüm üstümə gəlir, tez tüfəngə patron qoyub ona tuşladım və əsəbi dedim:
-Məsi,
it balası da, eşşək balası da sən özünsən.
İşverən köpək oğlu! Əgər sən
göyərçini məndən almaq istəsən həzrət
Abbas haqqı səni vuracam! Onsuz da bu kənddə sən,
kolxoz sədri, partkom və sizin qulbeçələriniz
hamının canını boğazına
yığıbsız. Səni öldürsəm hamı mənə
sağ ol deyəcək. Həm də deyəcəklər ki,
bu əbləhlərdən biri axır ki, cəhnnəmə
vasil oldu. İndi kişisən, yaxın gəl!..
Mənim
ucadan, hirslə və inamla dediyim bu sözlərdən o, həqiqətən
də qorxdu və geri çəkildi. Tez göyərçini
götürüb, evimiz tərəfə qaçdım. Sonra
geri baxdım və gördüm ki, o, ardımca gəlmir.
İnanın, həmin gün evimizdə toy-bayram oldu. Anam həmin
göyərçinin ətindən sulu yemək bişirdi.
Hamımız doyunca yedik. O dad indi də mənim
damağımdadır... Bax, bu idi Sovet quruluşu...
-Onu
düz deyirsən ey Əyyub müəllim. Belə şeylər
o vaxtlar çox olurdu,- deyə Sovetlər quruluşunun ən
böyük təbliğatçısı olan Cavid onun
sözlərini təsdiqlədi. Elə 1937-38-ci illərdə
gör nə qədər düşünən beyinlərimizi
həbs elədilər. Çoxunu məhkəməsiz güllələdilər.
Elə mən adını daşıdığım
Hüseyn Cavidi həbs eləməklə, sürgündə
öldürməklə, gör millətimizə necə
böyük zərbə vurublar. Amma...
- Bunun nə
amması ola bilər, ay Cavid kişi. Elə böyük
dühaları həbs eləməklə hakimiyyətə gədalar,
savadsızlar, tör-töküntülər gəldi. O gədalardan
biri bizim rayonda Pasport idarəsinin rəisi idi. Çox
rüşvətxor, natəmiz, dəyyus adam idi. Adamların
başına turp əkirdi. Bax, bir acı əhvalat tez-tez
yadıma düşəndə həddindən artıq
kövrəlirəm...
- O
hansı əhvalatdı,- deyə Cavid kişi və oradakılar
maraqla Əyyub Musazadəyə baxdılar.
-
Atamın pulu olmadığından, səkkizinci sinfi qurtarana qədər
mənə doğum şəhadətnaməsi
almamışdılar. Eləcə də səkkiz
uşağın heç birinə şəhadətnamə
ala bilməmişdi. Həm də bizim kəndlə rayon mərkəzi
arasında düz 40 kilometr məsafə vardı. Kəndlə
rayon mərkəzinin arasında olan yol elə bərbad idi ki,
adamlar heç illərlə rayon mərkəzinə gedə
bilmirdilər. Mən səkkizinci sinfi bitirəndən sonra
atam istəyirdi ki, Bakıya gəlib sənət məktəblərindən
birində, ya da texnikumda təhsil alım və sonra rayona
qayıdıb işləyim, ailəni dolandırmaqda ona
köməkçi olum. Ona görə də o, məni
götürüb, rayon mərkəzinə gətirdi. Mən o
vaxt ilk dəfə idi ki, rayon mərkəzini
görürdüm. Baxdım ki, bizim kənddən daha
yaraşıqlıdı. Xoşuma gəldi. Atam məni Milis
idarəsindəki pasport şöbəsinə gətirdi.
Özü bir otağa girdi. Qapı açıq qaldı.
Gördüm həmin kişi atamı tanıdı.
Çünki atam, otağa girəndə o, atama müraciətlə
və dolamaqla belə dedi: “Mollayev, xeyir ola bura gəlməkdə?”
Atam dedi ki, “ uşağı gətirmişəm, ona şəhadətnamə
almaq istəyirəm”. Sonra atam məni həmin otağa
çağırdı. Gördüm həmin adan yekəpər,
bazburtlu, domba gözlü, qara, eybəcər, əyriburun, yekə
bığlı, qulaqları uzun, sifəti də
uzunqulağı xatırladan bir kişidir. Məni görəndə
gülümsündü və dedi: “Mollayev, uşaq budur? Bu ki,
yekə kişidir. Niyə bu vaxta qədər ona metirka
almamısan?” Atam dedi ki, “ nəçənnik, kənd yeridi,
heç kim istəməyib, ona görə də
almamışam. Həm də bizim kənddən rayon mərkəzinə
xeyli yoldur”... Gördüm ki, həmin adam mənə şəhadətnamə
vermək istəmir. Utanmaz-utanmaz atamın üzünə
hırıldayaraq dedi:
- Mollayev,
bunun xərci var. Məgər sən bilmirsən? Bizdə
metirka havayı verilmir. Atam cibindən bir dəsmal
çıxartdı. Onun belə şakəri vardı.
Pulları dəsmala bağlayıb cibinə qoyardı.
Kağız pulları da ayrı, qəpikləri də
ayrı. Həmin dəsmalı açıb, içindəki
pulları yekəpər kişinin qarşısına qoydu.
Gördüm kişinin sifəti dəyişdi və
başladı gülümsəməyə. Pulları
saydı. Orada 27 manat və nə qədərsə qəpik
vardı. Atam günahkarcasına dedi ki, “ rəis,vallah olan
pulum budur. Bunu da səkkiz balamın boğazından kəsib
yığmışam ki, gətirib uşağa şəhadətnamə
alım”. O adam pulların 25 manatını götürüb,
stolun siyirməsini açıb və xətkeş ilə
pulları ora tökdü və yerdə qalan 2 manat və
neçə qəpiyi xətkeş ilə atama sarı itələyib
hırıldadı və dedi:
-Kəndə
qayıtmağa sizə bəs eləyər. Mollayev, sən
azından gərək 50 manat verməliydin bu metirkaya görə.
Daha neynim rayonun mollasısan də, - deyə yenə atamın
üzünə hırıldadı.
O nainsaf, əbləh
oğlu atamın halal pulundan heç 5 manat da qaytarmadı ki,
atam heç olmasa kəndə qayıdanda rayon mərkəzindən
uşaqlara bir toyuq və yavanlıq ala bilsin. Həmin gün mənə
şahadətnamə yazıb verdilər. Sənədə isə
pul rüsumi cəmi 1 manat 50 qəpik yazdılar və mənə
də qol çəkdirdilər. Həmin şəhadətnaməni
alanda mən heç sevinmədim. Çünki həmin eybəcər
və yekəpər kişinin hərəkəti mənə
çox pis təsir eləmişdi. Onun adı Söyzü
idi. Camaat isə ona “uzunqulaq Söyzü” adını
qoymuşdu. O kişinin adını yadımda saxladım.
İllər boyu onu unutmadım. Bakıda, Respublika Həmkarlar
Təşkilatında şöbə müdiri işlədiyim
vaxt bizim rayondan bir oğlan işlə bağlı mənə
müraciət elədi. Soruşdum kimlərdənsən? Dedi
həmin Söyzünün oğluyam. Əvvəlcə ona
köməklik etmək istəmədim və atasını
tanıdığımı da bildirmədim. Amma sonra fikirləşdim
ki, həmin Söyzünün bizim ailəyə elədiyi
pisliyin əvəzini necə çıxım və oğlana
dedim: “Sənin işini həll edə bilərəm. Amma bu
işin 150 manat xərci var”. Oğlan heç nə deməyib
150 manat əvəzinə 300 manat çıxarıb stolun
üstünə qoydu. Mən 150 manatı götürdüm və
qalan 150 manatı ona qaytarıb dedim ki, bunu özünə
götür. 150 manata mən sənin işini həll eləyəcəm.
Oğlan çox sevindi və həmin 150 manatı
götürüb, tez cibinə qoydu. Yəqin fikirləşdi
ki, bəlkə mən sözümü dəyişə bilərəm.
Mən tezliklə onun məsələsini həll elədim. O
vaxt həmin 150 manat yekəpər kişinin atamdan
aldığı pulun üç misli həcmindən çox
idi. Bax, o yekəpər, uzunqulaq Söyzüdən
“hayıfımı” beləcə aldım. Sonra söz
arası oğlandan atası haqqında soruşdum. Dedi ki, atam
uzun illər xəstə yatdı. Bədəni
çürüdü və çox zülmlə
öldü. Bax, Sovet quruluşunun vəzifədə olan
adamlarından çoxu elə uzunqulaq Söyzü kimi
faşist xislətli adamlar olduğuna görə kasıb, əlsiz,
ayaqsız adamların ah-naləsi də həmin quruluşu
yıxdı. Ona yalandan “xidmət eləyən” Söyzü
kimi adamları da zülmlə öldürdü.
Çünki günahsız insanların taleyi, qanı
bahasına qurulan və adamların qırmızı terror
adlandırdıqları quruluşun taleyi elə belə
olmalı idi. Həmin quruluş, bütün insanları bir qəlibə
salmışdı...
Axı bu
müstəqilliyin qurulması, məmləkətimizin azad
olması üçün minlərlə həmvətənlərimiz
zaman-zaman şəhid olub. Həbs olunub. Orta Asiyanın qumsal
çöllərinə, Sibirə sürgün olunub. Həmin
quruluş, millətimizə olmazın əzablarını
verib. Yəqin elə sizin hər birinizin nəslindən olan
adamlardan da qırmızı terrorun qurbanı olanlar olub. Bəlkə
elə deyil?..
Hamı
başı ilə bu sualı təsdiq elədi. Amma heç
kim onun bu sualına sözlə cavab vermədi. Çünki
uca boylu, çox yaraşıqlı, sifətində nur olan,
tünd mavi gözlü Əyyub Musazadə hamının
“sarı siminə” toxunmuşdu. Əyyub yüzlərlə
tanıdığı insanın Sovet quruluşundakı
taleyini, babasının qırmızı terrorun nəticəsində
ürəyinin necə qubar olub partladığını yada
salıb, acı-acı gülümsündü...
Əyyub, bu tutarlı söhbəti ilə artıq öz iş yoldaşlarını elə bil ki, ovladı və həmin gündən sonra iş yerində Sovetlər quruluşu ilə bağlı söhbətlər bütövlükdə kəsildi. Çünki onlar özləri də görürdülər ki, Sovetlər quruluşu dağılandan sonra Əyyub, öz işindən sonra azad sahibkarlıqla məşğul olmaqla özünə lazım olan şərait yarada bilib. Amma bu adamlar Sovetlər quruluşunun ələbaxımlığından hələ də qurtara bilməyib, işləsərlər də, işləməsələr də gözlərini müəssisədən aldıqları quruca cüzi əmək haqqına dikmişdilər. Müstəqil quruluşumuzun üstünlüyünü onlar indi, Əyyubun bu söhbətindən sonra dərk eləməyə başlayırdılar... Bu, Əyyubun böyük qələbəsi idi...
Ağalar
İDRİSOĞLU
Azad Azərbaycan.- 2022.- 7 iyul.- S.7.