Teatrı ikinci evi bilən sənətkar
Rauf
Ağakişiyev - 50
(Portret cizgiləri)
Rauf
Ağakişiyev: “Səhnədən fərqli olaraq həyatda
heç vaxt rol oynamamışam”
Onunla etdiyim
söhbət zamanı nə yaxşı təvözkar,
istedadlı, gözü-könlü tox, sənətini ürəkdən
sevən, Vətənə qəlbən bağlı, təəssübkeş
insanlarımız var,- deyə düşündüm. O, sadəliyi
və səmimiliyi ilə bütün söhbəti zamanı
diqqətimi çəkdi. Suallarımı əhatəli, ətraflı
cavablandırmaqla özünün bir daha istedadlı aktyor
olmasını təsdiqlədi. Əlbəttə, bu təsdiq
onun yaradıcılıq fəaliyyəti boyu həmişə
özünü göstərib. Məhz oxucularımızı
da onun haqqında müəyyən qədər məlumatlandırmaq,
bugünki düşüncələri ilə baş-başa
qoymaq məqsədilə apardığımız söhbət
vaxtın xeyli keçməsini hiss etmədən axarınca
davam edirdi. Bir qürur, bir fəxr hissi ilə, arada giley və
təəsübkeşlik gizlədilmədən söhbətmizdə
son fikir də elə bu oldu: nə yaxşı, yaxşı
insanlarımız var. Bəli, elə söhbətimiz bu
yaxşılar və yaxşılıqlarla əhatələndi.
Keçək əsas mətləbə. Kimdir, bu yazımın
qəhrəmanı? Öncə qeyd edim ki, səhnədə
bir çox əsas obrazlar yaradan, elə həyatda da müsbət
keyfiyyətləri ilə onu tanıyanların hörmət və
rəğbətini qazanan aktyorumuz Rauf Fikrət oğlu
Ağakişiyev haqqında hələ gələcəkdə
daha çox yazılmasına ehtiyac duyulan sənətkardır,
desəm səhv etmərəm. Bütün varlığı
ilə peşəsinin vurğunu olan aktyor fəaliyyət
göstərdiyi müddət ərzində teatr ictimaiyyətinin,
tamaşaçılarının alqışına layiq olub,
püxtələşib, sevilib, özünü sənətkar
kimi doğruldub. Təsadüfi deyil ki, o, dövlətimizin
başçısı cənab İlham Əliyev tərəfindən
2004-cü il dekabrın 24-də “Tərəqqi” medalı ilə
təltif edilib, 2014-ci ildə Əməkdar artist fəxri
adına, bu yaxınlarda isə Prezident mükafatına laiq
görülüb.
Söhbət əsnasında öyrəndim ki, o, 1972-ci il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə daxil olub və həmin Universiteti 1997-ci ildə bitirərək, təyinatını teatrın bədii rəhbəri və direktoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun təqdimatı ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili - Dram Teatrına alıb. 1998-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni açılmaqda olan Əziz Əliyev adına Azərbaycan Dövlət Dram Teatrına göndərilib. Həmin teatrın ilk pərdəsinin açılışında mərhum Xalq artisti Vaqif Əsədovun quruluşunda Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” əsərində Zəfər obrazını oynayıb. İsi Məlikzadənin “Gəl qohum olaq” pyesində isə Ədalət rolunu yaradıb. İki ildən sonra doğma Sumqayıt teatrına qayıdıb. İndiyədək 100-ə yaxın obrazı səhnədə canlandıran aktyor Georgi Xuqayevin ( tərcümə edəni Ağalar İdrisoğlu) “Varlı ev” faciəsində Uari, “Ailə” əsərində Kavril, Mirzə İbrahmovun “Yaxşı adam”əsərində Azər, Ağalar İdrisoğlunun “Şah İsmayıl” tarixi faciəsində Sərkərdə, Əbdürrəhim bəy Haqverdiyevin və Jan Küverin “Xacə şah” pyesində Cəfərquluxan, Cabbarlı Cabbarlının “Almaz”ında Hacı Əhməd, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”də Qıdı kirvə, Altay Məmmədovun “Həmyerlilər” tamaşasında Sığortaçı, İsi Məlikzadənin “Gəl, qohum olaq”da Ədalət, Əli Əmirlinin “Varlı qadın” da Əmrayın, Abdulla Şaiqin “Qaraca qız”da Bəy, Aqşin Babayevin “Xilaskar” əsərində Ədalət , Əvəz Mahmud Lələdağın “Qorxaq” tamaşasında Mahir, “Dağlarda tufan”ında Kazım bəy, Teymur bəy, “Tələ”sində Səfərxan, Famil Süleymanovun “Qisas”ında Saleh bəy, Əyyub Qiyasın “Qarışqa yuvası”nda İlqar, “Cəhənnəm ekspresi” ndə Zabit, Fatma Həsənzadənin “Anası öpməyən qız”da Hüseyn Hüsnüxor, Hafis Ataxanlının “Missiya”sında Milli Qəhrəman Eyvazov , “Xəzinə” sində Nizami və bir çox rolları ilə tamaşaçı qəlbinə yol tapıb, həmişə uzun sürən alqışlarlarla müşayiət olunub.
Kinofilmlərə və teleseriallara da dəvət alan aktyor həmişə maraqlı obrazlar canlandırır. Belə ki, Vahid Mustafayevin “Seçilən” filmində, həmçinin Ramiz Fətəliyevin “Həqiqət anları”, rejissor Emil Babayevin “Cinayət və cəsa”sənədli filmində ürəklə, böyük həvəslə iştirak edib və maraqlı rollar yaradıb. Həmçinin istedadlı aktyor və rejissor Şahmar Qəriblinin Lider televiziyasında yayımlanmış “Özümüz bilərik” telelayihəsində rol alaraq xeyli tamaşaçı rəğbəti qazanıb. “Hörümçək toru”, “Uçurum”,”İmtahan”, “Həyat varsa”, “İfşa -Çətin hədəf” və digər tele-seriallarda, Xoşbəxt Yusifzadə, Polad Həşimova və şəhid həkimlərimizə həsr olunan “Şəfadan şəhadətə” filmlərində və sairələrində aparıcı rollara çəkilib Rauf Ağakişiyev.
O, Azərbaycan Teatr Xadimləri İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rauf Ağakişiyev qayğıkeş
atadır. Bir oğlu, bir qızı var. Qızı Bakı Dövlət
Universitetinin tarix fakültəsinin birinci kursunda oxuyur. Oğlu
məktəblidir.
Bəs
Rauf Ağakişiyevi teatr sahəsinə bağlayan səbəb
nə olub? Sualımıza cavab olaraq o, çox böyük
hörmətlə tanınmış yazıçı,
rejissor, dramaturq, Əməkdar incəsənət xadimi
Ağalar İdrisoğlunun adını çəkdi və
yaradıcılığında onun əhəmiyyətli rol
oynadığını xüsusilə vurğuladı. Məhz
Ağalar müəllim mənə teatrı sevməyimə təkan
olub, deyə ilk müəllimindən ağızdolusu
danışdı Rauf Ağakişiyev. Hələ orta məktəbdə
oxuyarkən Ağalar İdrisoğlunun rejissorluğu ilə Kərim
Həsənovun “Sehirli yaylıq” tamaşasına baxmış
və sonra onun dəvətilə “28 May” mədəniyyət
evində yerləşən Sumqayıt Gənclərinin Tənqid-Təbliğ
Xalq Teatrının üzvü olmuş, o zamandan onun məsləhət
və tövsiyələrinə əməl edərək teatr
sənətinin incəliklərinə yiyələnmişdir.
Ali məktəbdə isə əsl sənət müəllimi
tanınmış rejissor-pedaqoq Nəsir Sadıqzadə olub.
Xalq artisti Həsənağa Turabovdan da dərs alıb Rauf
Ağakişiyev.
Hazırda
həyatının əllinci baharını qarşılayan,
yaradıcılığının otuz illiyini qeyd edən Rauf
Ağakişiyev nəinki Sumqayıtda, eləcə də
paytaxtda da peşəkar aktyor kimi tanınır və yüksək
dəyərləndirlir.
Dövlətmizin
başçısı cənab İlham Əliyevin və
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın
bütün sahələrdə olduğu kimi, mədəniyyət
və incəsənət sahəsində çalşan
insanlara böyük önəm vermələrini və
onların həmişə
mükafatlandırılmasını sevinclə və minnətdarlıqla
qarşılayan aktyor bundan sonra da daha səylə və məsuliyyətlə
çalışacağını xüsusi vurğuladı.
Bəli,
yaxşılar və yaxşılıqlardan danışarkən
Rauf Ağakişiyev Sumqayıt şəhərinin İcra
Hakimiyyəti başçısı Zakir Fərəcovun
göstərdiyi diqqət və qayğıdan da
razılıqla danışdı. Qeyd etdi ki, Zakir müəllimin
əsl rəhbər, xeyirxah insan, cəfakeş ziyalı kimi
teatrla həmişə maraqlanması, aktyorların sosial-məişət
problemlərini həll etməsi, onlara hərtərəfli dəstəyi
kollektivimizə böyük stimul verir.
Söhbətimizdə
gileyə bir qədər yer verən aktyor ürək
ağrısı ilə tamaşaçı
qıtlığından da danışdı və teatra
tamaşaçı axınının zəifliyini bildirdi. 500
mindən çox əhalisi olan Sumqayıtın yeganə
peşəkar teatrının hazırda aşağı
kateqoriya ilə işlədiyini təəsüf hissilə
qeyd etdi. Teatr mənim ikinci evimdir, deyən Əməkdar artist
Rauf Ağakişiyev arzuladı ki,
çalışdığı sənət ocağının
Ağalar İdrisoğlunun rəhbərliyi dövründə
-1989-97-ci illərdəki əvvəlki şöhrəti
özünə qaytarılsın, bütün aktyorarın
maddi rifah halı yaxşılaşsın, hər biri layiqli dəyərini,
qiymətini alsın. İllərlə fəxri adlar gözləyənlərə
fəxri adlar verilsin.
Əməkdar
artist Rauf Ağakişiyev həmçinin pozitiv əhval-ruhiyyəsini
gizlətmədi və gələcəyə ümidlə
baxdığını söylədi. Sumqayıt
teatrının yetirmələrinin, bir vaxtlar bu teatrda işləyən
aktyorların paytaxt səhnələrində əvəzsiz
rollar oynamasının, xalqın sevmlisinə çevrilməsinin,
Sumqayıt teatrının Bakı teatrları
üçün bir baza olduğunun danılmaz fakt olduğunu
xüsusi vurğuladı.
Müzəffər
Ali Baş Komandanımızın sayəsində 44
günlük Vətən müharibsində tarixi Qələbə
əldə etməyimizi sevinclə dilə gətirən aktyor
şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə
isə şəfalar dilədi. Bildirdi ki, ailəsində Ordu
sıralarında layqincə xidmət edəcək vətənpərvər
oğul böyüdür.
Rauf Ağakişiyev eyni zamanda əlavə elədi ki, “səhnədən fərqli olaraq həyatda heç vaxt rol oynamamışam. Səhnədə hər tipdə insan olmuşam, amma həyatda yalnız yaxşı insan olmağa çalışmışam. Rol oynayanda aktyor kimi heç bir çətinlik çəkməmişəm.Tamaşaçı sevgisi həmişə ən böyük qazancım olub. Bu məhəbbəti də qoruyub saxlamağa çalışıram”. Onu diqqətlə dinləyərək hiss etdim ki, Raufun həyat və yaradıcılığının daha böyük uğurları hələ qarşıdadır. Və mən də öz növbəmdə sevimli aktyorumuza yeni-yeni nailiyyətlər, can sağlığı diləməklə, gələcək görüşlərədək, söylədik!
Məşhur Paul Skofieldin aktyorlar haqqında belə bir maraqlı deyimi var: “Aktyor tamaşaçıya yazarın varlığını, rejissorun varlığını, hətta aktyorun varlığını da unutdurmalıdır”. Bax, bunu yalnız əsl sənətkar aktyorlar edə bilər.
İlhamə
MƏHƏMMƏDQIZI,
şairə-jurnalist
Azad Azərbaycan.- 2022.- 2 iyun.- S.7.