Həsirçilik sənəti bu gün də
yaşayır
Həsirçilik
minilliklər əvvəl Azərbaycanda təşəkkül
tapmış xalq sənəti növüdür. Cənub
bölgəsi Masallı, Lənkəran və Astara
rayonlarında indinin özündə də bu qədim xalq sənətini
yaşadanlar vardır. Həsir toxumaq üçün yaz-yay
aylarında qamış toplanılır və 2 həftə ərzində
qurudulur. Bir həsir naxışından, çeşnisindən,
uzunluq və enindən asılı olaraq 3-5 günə
hazırlanır. Özü də il boyu bu sənətlə məşğul
olurlar.
Astara rayonu, Kakalos kənd sakini, fəxri mədəniyyət işçisi Fərbiyə Şabanova həsirçilik haqqında deyir: -Cənub bölgəsinin iqlimi rütubətlidir. Həsir isə qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Döşəməyə həsir sərilən evdə rütubət olmaz. Məhz buna görə də cənub bölgəsində həsirə tələbat böyükdür. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər. Onu da deyim ki, kənd sakini Minarə Əliyevanın toxuduğu həsirlər 1987-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş olunaraq diploma layiq görülüb.
Həm də Kakalos kənd mədəniyyət evi nəzdində yaradılmış Xalq tətbiqi sənəti klubunda yeni nəsil gənclər bu sənəti böyük həvəslə öyrənirlər. Klubun rəhbəri Rüfət Rzayev isə həsirçilik haqqında öz fikirlərini belə bildirir: -Həsir toxunan zaman həndəsi fiqurlardan daha çox istifadə edilir. Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar hazırlanır. Bu gün bizdə çox evlərdə həsir sərilir. Bu da insanların sağlamlığında mühüm rol oynayır. Həmçinin həsirdən meyvələrin təravətli qalmasında, ipəkçilikdə , taxılın saxlamasında istifadə olunur. Azərbaycan Elmlər Akademiyasının arxeoloqları Talış zonasında e.ə. IV minilliyə aid həsir izləri aşkar ediblər .
Onu da bildirək ki, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə istifadə olunan həsir zənbillər cənub bölgəsində toxunulub.
Zəfər
Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Azad Azərbaycan.- 2022.- 2 iyun.- S.6.