Zəhmətinin bəhrəsini dadan sənətkar
(Portret cizgiləri)
Ağalar İdrisoğlu: “Çox
da böyük ümidlərlə, arzularla işə
başlamayın ki, işiniz alınmayanda heyifsilənməyəsiz”
Əlli
ildən çoxdur Azərbaycan ədəbiyyatına, teatr sənətinə,
jurnalistikasına, publisistikasına bacardığı qədər
xidmət edən, aktyor kimi 40-dan çox rolda oyanayan, rejissor
kimi 140-dan çox tamaşaya quruluş verən,
yazıçı kimi 6 romanın, 10 povestin, 150-dən çox
hekayənin, pritçanın, essenin, elegiyanın, 16 pyesin, 20
teatrlaşdırılmış tamaşa üçün
ssenarinin, jurnalist-publisist kimi 1500-dən artıq məqalənin,
ressenziyanın, tarixi, analitik yazıların müəllifi
olan, uzun illər teatrların bədii rəhbəri-direktoru işləmiş,
Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin
üzvü, katibi, Sumqayıt Bölgə Şöbəsinin
sədri olmuş, quruluş verdiyi tamaşalardan
Feyruz Məmmədovun “Bir bayraq altında”
teatrlaşdırılmış tamaşası SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin “Qızıl” medalına, Akif Həsənoğlunun
“Yanmış evin nağılı” Osman Mirzəyev adına
mükafata, özünün yazdığı Şah
İsmayıl tarixi faciəsi “Qızıl
Dərviş” mükafatına layiq görülən,
yazıçı-rejissor kimi “Avropa Mətbuu” evinin
“Qızıl” medalını alan, Mirzağa Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsini
(indiki Dövlət Mədəniyyət və İncəsənət
Universiteti), Moskvada Anatoli Vasilyeviç Lunaçarsi adına
Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq
fakültəsini bitirmiş ( indiki Beynəlxalq
Teatr Akademiyası), “İnan mənə” pyesinə görə
48 dramaturqun arasında 1985-ci ildə SSRİ dramaturqları
laureatı olan, “Şah İsimayıl” pyesinə görə
2010-cu ildə 34 dramaturqun arasında ikinci dərəcəli
mükafatı alan ( birinci yer heç bir
pyesə verilməyib), Prezident mükafatçısı,
Əməkdar incəsənət xadimi Ağalar
İdrisoğlunun mart ayının 16-da 72 yaşı tamam
olur. Bu doğum günü ilə əlaqədər biz onunla
həmsöhbət olduq. Həmin müsahibəni sizə təqdim
edirəm, əziz oxucular:
- Ağalar müəllim,
gəlin, ömrünüzün naxışlarına nəzər
yetirək, söhbət ilə. Bu naxışların rəngarəngliyi
necə olub?
- Bu naxışlar bəlkə də elə mənim
alın yazımdır. İstəmişəm
yazıçı, jurnalist, aktyor, rejissor olum, olmuşam.
İstəmişəm özüm ayrıca teatr yaradım,
yaratmışam. Sumqayıtda “Ümid” adlı teatr-studiya,
Sumqayıt Gənclərinin Xalq Teatrı, Dağıstanda Azərbaycan-Dağıstan
Beynəlmiləl Teatr Truppası, Azərbaycan Teatr Xadimləri
İttifaqının nəzdində “Yaşar” Teatrı,
Şabranda “Şabran” teatr-studiyası yaratmışam. İstəmişəm teatrlara rəhbərlik edim,
etmişəm. Ağdam Dövlət Dram Teatrının,
Sumqayıt Dövlət Dram Teatrının rəhbəri
olmuşam. İstəmişəm Sumqayıt
Dövlər Dram Teatrını Musiqili-Dram Teatrı edim,
etmişəm və teatra əlavə 80 ştat da
almışam. Ümumiyyətlə, mən
məqsədyönlü adamam. Qarşıma
bir məqsəd qoysam, bütün gücümü sərf
edib, ona nail oluram. Bu da lap uşaqlıq illərimdən
belədir. İnsan hər şeyi və həm
də səbrlə etməyi bacarmalıdır. Bunun da başında ilk öncə zəhmət
dayanır. Bu zəhmət də atamdan irəli
gəlir. Onun belə bir kəlamı vardı və biz
qardaşları zəhmətə öyrədib, belə
deyirdi: “Kişi hər şeyi öz zəhəməti ilə
əldə edər. Başqasının
hesabına yüksələn adamlar, heç vaxt həmin
yüksəklikdə əbədi dayana bilmirlər”. Zaman keçdikcə və hər şeyi öz zəhmətimlə
əldə etdikcə, atamın dediyinin tam şahidi oldum.
Ona görə də insanın öz hissləri
üzərində hakim olmağı bacarması, mənəvi
böyüklüyün əsasıdır.
- Siz möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən "Əməkdar incəsənət
xadimi" fəxri adına layiq
görülmüsünüz. Azərbaycanda təxminən
cəmi 30 nəfər bu gün belə fəxri adın
sahibidir. Bunu biləndə hansı hisslər
qəlbinizdən keçib?
- Mən
bu fəxri adı hələ 1980-ci illərdə
almalıydım. İmkan vermədilər.
1993-cü ildə almalıydım. Həmin vaxtı bu halalca adımı almağa da
çox mane oldular. Fəxri ad almağa
görə çox vaxt Mədəniyyət Nazirliyinin əvvəlki
rəhbərləri təmənna umublar. Amma
mən təmənna ilə fəxri ad almağı heç
vaxt ağlıma gətirməmişəm. Axır ki, mədəniyyətə
rəhbərlik edənlərin vicdanı dilə gəldi və
2013-cü ildə məcbur olub mənim də adımı
Əməkdar incəsənət xadimi fəxri adına
göndərdilər və cənab Prezident də əmr verdi,
mən bu adı aldım. Sizə bir həqiqəti
deyim ki, bunu da adi bir hal kimi qarşıladım. Çünki mənim çoxlu yetirməm Əməkdar
artist və hətta Xalq artisti adını çoxdan
alıblar. Mən də ən azı 10 il
bundan qabaq Xalq artisti olmalıydım. Təvazökarlıqdan
uzaq olsa da mənim Azərbaycan ədəbiyyatında, teatr aləmində
və jurnalistikasında azdan-çoxdan xidmətim var. Fəxri
ad yox, elə bunlar mənimçün böyük təsəllidir.
Ona görə də mən həmişə özümə
və başqalarına belə deyirəm: “Çox da
böyük ümidlərlə, arzularla işə
başlamayın ki, işiniz alınmayanda heyifsilənməyəsiz”.
- Bilidiyimiz kimi, həyat yolunuz, əmək
fəaliyyətiniz Sumqayıtla bağlıdır. Bu şəhər gözləriniz önündə
böyüyüb, inkişaf edib. Sumqayıtın dünəni,
bu günü, sabahı barədə düşüncələriniz...
- Mən Sumqat Dövlət DramTeatrına 1976-cı ildə
aktyor işləməyə gəlmişəm. Bu teatrda
işləməklə paralel, “Ümid” teatr-studiyası və
Sumqayıt Gənclərinin Xalq Teatrını
yaratmışam. On il isə
Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru
işləmişəm. Bu gün də bu şəhərdə
yaşayıram. Fəxr edirəm ki, mən 500 mindən
çox əhailisi olan bu şəhərin və
doğulduğum, 230 mindən çox əhalisi olan Masallı
rayonunun Moskvada teatr sahəsində təhsil alan ilk peşəkar
teatr rejissoruyam, ilk peşəkar dramaturquyam və ilk Əməkdar
incəsənət xadimiyəm. Bəli.
Sumqayıt şəhəri minlərlə insan kim
mənim də tale şəhərimdir. Bu şəhərdə
ailə qurmuşam. Övladlarım, nəvərəlim
də bu şəhərdə dünayaya gəliblər.
Mən Sumqayıt və onun insanları
haqqında həddindən çox məqalə, portret
yazıları və “Həyatın astanasında”, “Sumqayıt
səhifələri” adlı pyeslər yazmışam. Hətta bu şəhərlə, onun insanları ilə
bağlı “Əfsanələrdən yaranan şəhər
və onun insanları” adlı bir kitab üzərində də
işləyirəm. Yəqin ki, bu il
tamamlayacam. Mən, Sumqayıtın və
sumqayıtlıların ən kiçik uğuruna belə
sevinirəm. Sumqayıtın
günü-gündən gözəlləşməsinə
çox heyranlıqla tamaşa edirəm. Həmişə
də deyirəm: “Sağ olsun bu gözəlliyi yaradanlar”.
- Gəlin, bir qədər məsul
vəzifədə işlədiyiniz teatrların həyatınızdakı
rolundan söhbət edək.
-
Ümumiyyətlə, mən məsuliyyəti sevən insanam. Həmişə də çalışmışam
ki, mənə tapşırılan işi məsuliyyətlə
yerinə yetirim. Ən kiçik
nöqsanlarıma da çalışmışam ki,
dözülməz olum.Çalışmışam ki, bir dəfə
elədiyim nöqsanı bir də təzələməyim.
Rəhbərlik etdiyim teatrlarda da
çalışmışam ki, hər şeyi kollektiv
üçün eləyim. Yəqin ki, bunu mənimlə
işləyənlərdən heç kim
dana bilməz. Hətta bir vaxtlar Sumqayıt
Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim
vaxtı özümə düşən evi teatrın aktyoruna
vermişəm. Çünki onun mənzili
yox idi və təzə evlənmişdi. Mənim
isə iki otaqlı mənzilim vardı. Amma
çox təəssüf ki, bu gün 10 nəfər ailə
üzvümlə həmin iki otaqlı mənzildə
yaşayıram. Dəfələrlə Mədəniyyət
Nazirliyinə, hətta cənab prezident İlham Əliyevə,
Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya evlə
bağlı müraciət etsəm də hələ ki, mənə
əlavə mənzil verilməyib. İnanıram
ki, gec-tez haqq öz yerini tapacaq. Bu barədə
özüm-özümə deyirəm: “Səbr elə. Hər şeyin çiçəklənən bir
dövrü yəqin ki, olacaq”. Axı insan
qəlbini ələ almağı bacarmaq böyük istedad, mərhəmət
hissidir. Yüksək rəhbər
işçidə isə bu daha çox olmalıdır.
İnanıram ki, yüksək rütbəli məmurlarda bu
hiss olacaq və bu hissdən yəqin mənə də pay
düşəcəkdir...
- Azərbaycan teatr mühitində bu
gün vəziyyət necədir? Teatrın
ümumi mənzərəsini necə dəyərləndirirsiniz?
- Açığı Azərbaycan teatr aləmində vəziyyət
heç də ürəkaçan deyil. Yuxarıda əyləşən
rəhbərlər hələ də başa düşə
bilmirlər ki, “teatr millətin güzgüsü və
tacı deməkdir”. Teatrları dirçlətmək
üçün Sovetlərin vaxtında olduğu kimi,
tamaşaların quruluş xərclərinə dövlət tərəfindən
pul ayrılmalıdır. Əgər belə
olmasa, teatrları dirçəltmək mümkün olmayacaq.
Çünki heç bir teatr tamaşalardan gələn
bilet pulları ilə yüksək səviyyəli tamaşalar
hazırlaya bilməz. Yaxşı
tamaşa hazırlamaq üçün quruluş xərclərinə
yaxşı pul xərcləmək lazımdır. Axı indi XXI əsrdir. Baxaq
görək dünya teatrları tamaşaların quruluşuna
nə qədər pul xərcləyir? Çox
böyük vəsait. Həmin
tamaşaların yanında iki-üç min manata
hazırladığımız bizim tamaşalar çox bəsit
və primitiv görünür. Belə olan halda biz
dünya teatr aləmində öz sözümümzü
yüksək səviyyədə necə deyə bilərik?..
- Sizi respublukamızda istedadlı
teatr rejissoru və yazar kimi yaxşı tanıyırlar. Teatr və ədəbi yaradıclıq. Hansı sizə daha doğmadır?
- Azərbaycan
oxucuları yəqin yaxşı bilirlər ki, mən iki nəfərin
həyat yolunu daşıyıram və davam etdirirəm. Yəni,
özümlə bərabər,1944-cü
ilin şaxtalı fevral ayında atam müharibədə olan
vaxtı anamın qucağında acından ölən 4
yaşlı Ağa adlı qardışımın həyatı
da mənim içimdə yaşayır. Mənə
Ağalar adını da ona görə qoyublar ki, iki taleni
yaşadam. Uşaq yaşlarımdan da
valideynlərim bunu mənə təlqin eləyiblər.
Bununla bağlı mənim “Anamın nağılı” və
“Qardaşım” adlı hekayələrim də var. Mən iki ali məktəb qurtarmışam. Həmişə iki işdə paralel işləmişəm.
Qardaşımın əvəzinə
yazıçıyam, jurnalistəm və öz əvəzimə
də rejissoram, teatr rəhbəriyəm. Ona görə
də bu hər iki iş mənə doğmadır. Sizə bir həqiqəti deyim ki, bədii əsərlər
və məqalələr yazanda elə fikirləşirəm
ki, Ağa adlı qardaşım mənə kənardan nələrisə
deyir. Mən də onun dediklərini
yazıya köçürürəm.
- İlləri illərə
calamaq o qədər də hünər deyil, uzun illər bu həyatı
həyat kimi yaşamaq hünərdir. Elə deyilmi?
- İndiki zəmanədə öz təmizliyini qorumaq,
məddahlıq eləməmək və ailənə
böyük əziyyətlə də olsa çörək
pulu qazanmaq açığı çox çətindir. Əgər
ziyalı xalqının düşünən beyni, görən
gözü, danışan dili olmasa, o, ilk öncə
özünün, ailəsinin və sonra da xalqının
düşmənidir. Rəhbərlər gəldi-gedərdi.
Əgər ziyalı hər rəhbərə xoş
gəlsin deyə mənliyini, şəxsiyyətini satıb qəndələş
ağacı kimi əyiləcəksə, gec-tez külək
onu yıxıb, məhv eləyəcək. Ona görə çox yaşamağın gözəlliyi
ləyaqətlə, vicdanla yaşamaqdır.
- Siz Azərbaycanda
yaradıcılıq sahəsində hər kəsə nəsib
olmayan nüfuz sahiblərindən biri
sayılırsınız. Bu
zirvəyə çatmaq üçün insan nələri qət
etməli, hansı yolları keçməlidir?
-
Üç müqəddəs nəsnə insanı
ucaldır: səbr, savad və zəhmət. Bunlar
yoxdursa insan heç vaxt istədiyinə çata bilməz.
Hətta arxasında dayananalar güclü olsa
belə. Həmçinin çoxlu pulu olsa
belə çox şeyi reallaşdıra bilməz. Gec-tez səbirsizlik etməklə, onun
savadsızlığı, tənbəlliyi ona böyük bəla
olacaq. Özünə ağılla, səbrlə
yol açan daha çox irəli gedir, nəinki qeyri-müəyyənliklə
yol açan.
- Yazılarınızın ilk
oxucusu kimdir?
- Mən
nə yazıramsa, onu heç vaxt tez-tələsik çap
etdirməyə tələsmirəm. İlk
öncə mənə səmimi olan doğmalarıma,
yaxınlarıma, dostlarıma verirəm oxuyurlar. Onların fikrini öyərnirəm. Sonra özüm yenidən kənar oxucu kimi oxuyub
düzəlişlər edirəm və çap etdirirəm.
Yazıçı, jurnalist
yazdığını pozmağı da bacara bilməsə
uğur qazana bilməz. Hətta
yazdığım pyeslərə özüm quruluş verəndə,
dramaturq Ağalar İdrisoğluna öz iradlarımı
bildirib, xoşuma gəlməyən epizodları pozuram və
yaxud yazıçı Ağalar İdrisoğlunu məcbur
edirəm ki, rejissor Ağalar İdrisoğlunun dediklərini eləsin.
Adi bir misal. Qənbər Şəmşiroğlunun
“Caninin etirafı” romanını səhnələşdirəndən
sonra bu pyesi çoxlu mütəxəssis oxudu və heç kim öz iradını demədi və hamı
dedi ki, hər şey yaxşıdır. Əla
pyesdir. Amma rejissor Ağalar İdrisoğlu bu pyesi Mingəçevir
Dövlət Dram Teatrında tamaşaya hazırlayan vaxtı,
bu pyesin başına elə bir oyun gətirdi ki, hətta bu
romanı səhnələşdirən Ağalar
İdrisoğluna belə dedi: “Əgər istəyirsən bu
tamaşa maraqlı olsun, onda mən deyənə qulaq as və
pyesin çoxlu epizodunu yenidən işlə”. Dramaturq
Ağalar İdrisoğlu da onun dediklərini səbrlə yenidən
işlədi və həqiqətən də sensassiya yaradan
çox maraqlı, baxımlı bir tamaşa alındı.
Deməli, rejissor Ağalar İdrisoğlu, dramaturq
Ağalar İdrisoğlunu buna inandıra bildi. ( gülümsünür.) Çox
vaxt əksər yaradıcı adamlar hər şeydə, ətrafında
olan insanlarda, güzəranda belə qara rəng axtarırlar.
Amma başa düşmək gərəkdir ki,
qara rəng hər yerdə var. Hətta müqəddəs Kəbə
daşında da.
-
Yaradıcılığınızdan qürur duyursunuzmu?
- Əgər yaradıcı insan öz
yazdıqlarından qürur duyursa, özünü əvəzolunmaz
bilirsə, elə onun yaradıcılığı həmin
anda dayanır.
Hər bir yazıçı, jurnalist, rejissor,
ümumiyyətlə yaradıcı insan
başladığı yeni işə gəcəkdə ən
böyük və son işi kimi baxmasa və bu
düşüncə ilə yaşamasa uğur qazana bilməz.
İnsanın ən böyük səhvi və
qəbahəti özündən müştəbeh və əlçatmaz
fikirdə olmasıdır. Bu da bəzi
yaradıcı adamlarda daha çox olur. Özündən
razılıq ürəyin, beyinin
kasıblığıdır.
- Qələm adamları ilə
çox ünsiyyətdə oluram, hamısı da bir şeydən
şikayətlənir ki, yazmamaq olmur. Siz necə, yazmaya bilərsinizmi?
- Mən
yazmadığım günü öz həyatımın
xoş günü hesab etmirəm. Həmin
günü həyatımın mənasız günü hesab
edirəm. Çox əfsus ki, həyatımda
belə günlər çox olub. Həmin
günlərimə çox-çox heyifsilənirəm.
Əgər belə olmasaydı mən daha çox iş görə bilərdim. Çünki
beynimdə, ürəyimdə yazılası çoxlu
mövzular var, amma vaxt çatdıra bilmirəm. Hər
bir dəqiqəsinin qədrini bilməyən insan bunu başa
düşəndə çox gec olur...
- Bu yaxınlarda daha məhsuldar
işləyərək yeni kitablar yazmısınız. Onlardan danışaq. Sizdə bu
ideyalar necə yarandı?
-
Keçən il mənim dörd kitabım
çap olunub. Bunlar- “Bir təbib
ömrünün salnaməsi”. “Ramiz
İslamoğlu sorağında”. “Şah
İsmayıl” pyeslər toplum. Bu toplumda
altı pyesim çap olunub. Və
tanınmış yazıçı Qənbər Şəmşiroğlunun
“Caninin etirafı” romanı əsasında səhnələşdirdiyimiz
pyes və onun yaranma prosesi. Bu iş də Azərbaycan
teatr aləmində ilk iş idi. Belə ki, pyes,
tamaşa haqqında ressenziyalar, rolları ifa edən aktyorlar və
tamaşanın şəkilləri bir kitab formasında
çap olundu. Beləliklə, əbədilik
tarixdə qaldı. Bu da mənim öz
ideyam idi. Oxucular tərəfindən də
yaxşı qarşılandı.
Bu il altı kitabımı çap etdirməyi
planlaşdırıram. Azərbaycan dövləti və
dövlətçiliyi sahəsində böyük xidmətləri
olan, mənim inkişafımda özünün maraqlı məsləhətləri,
tövsiyələri ilə əvəzsiz işlər görən,
31 il raykom katibi işləmiş mərhum Sadıq Murtuzayevə
həsr elədiyim 750 səhifləik kitabım artıq
çapa hazırlanır. Hələ Sadıq
müəllimin sağlığında Müzəffər
Ağazadə və mən, üçümüz birlikdə
dünyanın dahilərinin, səmavi insanlarının
qızıldan qiymətli sözlərindən, aforizmlərindən,
kəlamlarından ibarət kitab üzrində işləyirdik.
Onları Azərbaycan dilinə tərcümə
eləmişik. Təxminən altı mindən
çox aforizm olacaq 400 səhifəlik bu kitab da aprel ayında
çap ediləcək. Bu kitabların hər
ikisi inanıram oxucuların xoşuna gələcək.
Bu il hekayələrimdən ibarət iki
cildlik kitabımı, həyatımın keşməkeşli,
burulğanlı yollarına həsr olunan “Sərhədsiz
dünyamız” kitabımı da çap etdirməyi
planlaşdırıram. Azərbaycan teatrı
üçün böyük işlər görmüş tələbəlik
dostum, Əməkdar incəsənət xadimi, cəmi 57 il
ömür sürmüş Hüseynağa Atakişiyevə
həsr etdiyim “Teatr sənətinin aşiqi” adlı kitabım
da yəqin bu il işıq üzü görəcək. On povestimi də kitab kimi çap etdirməyi
planlaşdırıram. Pyeslər
kitabımın da ikinci cildini çap etdirməyi fikirləşirəm.
Açığı mənim çap
olunmağa 15 kitabım hazırdır. Sadəcə
maliyyə imkanım olmadığına görə onları
çap etdirə bilmirəm. Təki sağlıq
olsun...
- Əsər
yazdığınız vaxt oxucu yadınıza
düşürmü və onun zövqünü nəzərə
alırsınızmı?
- Mən
nə yazıramsa, hansı tamaşanı hazırlayıramsa
ilk öncə oxucunu və tamaşaçını
düşürürəm. Özümü
onların yerində qoyub, əsərlərimi oxucu kimi oxuyur və
tamaşalarıma da tamaşaçı kimi baxıram. Əgər orada maraqsız nə isə görürəmsə,
elə həmin dəqiqə dəyişdirirəm.
- Özünüzü nə zaman
xoşbəxt hiss edirsiniz?
-Yaradıcılıqla
məşğul olanda və ailə üzvlərimin,
dostlarımın, xalqımın sevincini görəndə. Çünki ruh yüksəkliyi ilə yaşamaq
geniş ürəkliyin, xeyirxahlığın, qəhrəmanlığın
mənbəyidir.
- Bu günün insanında sizi nə
heyrətləndirir?
- Bu
günki insanların tənbəlliyi, biganəliyi,
savadsızlığı məni çox heyrətləndirir.
Və fikirləşirəm ki, yəqin bu adam
elə fikirləşir bundan sonra yenə də doğulacaq və
təkrar yenə də yaşayacaq...
- Gəncliyinizdə sizə
qayğı olubmu?
- Bəli,
olub. Taleyimdən bir şeyə görə
çox razıyam ki, mənə həyatda təmənnasız
kömək edən, ağıllı məsləhətlər
verən insanlar çox olub. Bunlar mənim
valideynlərim, məndən böyük iki qardaşım,
müəllimlərim, yaxın dostlarım, ailə üzvlərim
və məndən ağsaqqal olan insanlar həyatda mənə
çoxlu məsləhət veriblər. Beynimə
batanları, qəbul etdiklərimi reallaşdırmağa
çalışmışam. İnsan o
vaxt güclü olur ki, ona kömək etmək istəyənlər
çox olur.
- Gənclərimizdən
razısınızmı?
-
Açığı, gənclərimizin çoxundan razı
deyiləm. Çünki indiki gənclərin əksəriyyəti
savadsız, biganə və tənbəldir. Elə fikirləşirlər ki, hər şey onlara
qızıl teştdə hazır verilməlidir. Amma savadlı, bacarıqlı gəncləri görəndə
çox sevinirəm. Çalışıram
ki, onlara bacardığım köməkliyi eləyim. Axı gənclərimiz bizim gələcəyimiz deməkdir.
Cəngliyi savadlı, elmli olan millət, həmişə
öndə gedər.
- Həyat təcrübənizə əsaslanaraq
gənclərə nələri tövsiyə edərdiniz?
-Hazırda
indiki əsr elm, texnika, savad əsridir. Əgər
biz bir millət kimi dünyada bu sahələrdə öz
sözümüzü layiqincə demək istəyiriksə,
hökmən elmə, texnikaya, savada mükəmməl yiyələnməliyik.
Çünki indiki cavanlar gələcəkdə
bizi dünyada təmsil eləyəcəklər. İndiki cavanlar bilməlidirlər ki, insanın mənəviyyatı,
ucalığı, böyüklüyü üç müqəddəs
şeylə ölçülür. Xeyirxah iş. Xeyirxah söz. Xeyirxah əməl.
Onun dediyi söz, gördüyü iş,
göstərdiyi əməl arasında bir uyarlıq
olmalıdır. Belə olarsa onun ruhu, qəlbi
azad olar və o, düzlük carçısı, paklıq
mücəssəməsinə çevrilər. Gənclər
bilməlidirlər ki, “ yalnız
ağıl həyatın sərmayəsidir”.
- Ailədə övladlarınız,
nəvələriniz, sözsüz ki, sizinlə fəxr edirlər.
Siz necə, onlardan razısınızmı?
- Əlbəttə, razıyam. Onlar mənə
böyük uğurlara imza atmaqda özlərinin tərbiyəsi,
savadı, bir valideyn kimi mənə böyük inamı,
hörmətlərilə məni həmişə yeni işlər
görməyə ruhlandırıblar.
- İnsanın
ömür payında arzuları bir-birini əvəz edir,
heç vaxt tükənmir. Bu
maraqlı söhbətimizin sonunda arzularınızı,
ürək sözlərinizi eşitmək istərdik.
- Əfsus ki, “həyat bir iynədir, sapı çox
qısa”. Beynimdə yazacağım çoxlu əsər,
quruluş verəcəyim çoxlu pyes var. Ömür vəfa
etsə, onları reallaşdırmaq istəyirəm. Çap olunası çoxlu kitabım var. Onların
reallaşmasını görmək istəyirəm. Ən əsası isə istərdim ki, ölkə
başçımız mənə mənzil versin və
övladlarım, nəvələrim də görsünlər
ki, mənim bu qədər xidmətlərimin bariz dəyəri
olub. Qoy onlar bu qayğını
görüb sevinsinlər. Əlbəttə
ki, heç vaxt ümidimi üzən olmamşam. Belə
bir hikmət var: “Ümid həyatın sərmayəsidir”.
Ən
böyük arzumisə xalqımızla birlikdə Xankəndinə,
Xocalıya, Ağdərəyə, Xocavəndə, Əskərana
Azərbaycanın üçrəngli bayrağının
sancıldığı günü, həmçinin o
taylı, bu taylı Azərbaycanın birləşməsini
görməkdi. İnanıram ki, bu, dünyada
yaşayan bütün azərbaycanlıların ən
böyük arzusudur və tezliklə reallaşacaq. Allah xalqımızı bütün çətinliklərdən
hifz eləsin, bəlalardan qorusun. Bütün dünyada
sülh və əmin-amanlıq bərqərar olsun! Müharibə tarixlər boyu heç bir xalqa baş
ucalığı gətirməyib.
İlhamə MƏHƏMMƏDQIZI,
şairə-jurnalist
Azad Azərbaycan.- 2022.- 31 mart.- S.7.