YAMAQ

 

(hekayə)

 

Məmmədəlinin həyat yoldaşı Yasəmən  il yarım idi ki, haqq dünyasına qovuşmuşdu. Bu bir il yarım Məmmədəli üçün  elə bil cəhənnəm əzabı kimi keçmişdi. Ev onunçün cansıxıcı keçdiyinə və hər yerdə Yasəməni gördüyünə görə, çalışırdıki, evdə çox az olsun. Vaxtının çoxunu dostları ilə keçirirdi. Altımış beş yaşı təzə tamam  olduğuna görə artıq işdən də çıxmışdı. O, böyük bir tikinti şirkətinin baş mühəndisi işləmişdi. Yasəmən öləndən sonra  birinci ili işdə olduğundan başı qarışırdı və evə yalnız axşam gəlirdi. Amma indi... Artıq altı  ay idi ki, işdən çıxdığından bu altı ay ona elə bir il kimi  görünürdü...

Məmmədəlinin uç  övladı vardı. Hər üçü ailəli idi. Üçü də xarici ölkələrdə yaşayırdılar. Burada, məmmələkətdə özlərinə iş tapa bilmədiyindən cəlayi-Vətən olmuşdular. Oğlu Almaniyada, qızlarından biri Türkiyədə, o biri isə Rusiyada yaşayırdı. Dediklərinə görə dolanışıqları  pis deyildi. Yaşadığı yerdə də böyük hörmət sahibi idilər. Amma necə olsa qərib ölkədə yaşayırdılar. “Qərib quşun da Vətəni olmaz”,- deyib atalar. Elə bu da Məmmədəlini çox sıxırdı. Övladları yanında olsaydı, heç olmasa o,  nəvələri ilə vaxtını keçirər, başını qatardı. Övladları da ona həyan olardı. Yeməyini bişirib, paltarını yuyardılar. Qohumları da rayonda yaşadığından Məmmədəli şəhərdə tək idi. Bax, bütün bunlar ona böyük əzab verirdi.  Qohumları, dostları da ona tənə edirdilər ki, evlənsin. Yoxsa belə tək yaşaya bilməyəcək... O, artıq başa düşürdü ki, həyat yoldaşı ölən kişişlər, hansılar ki, ailəyə bağlıdırlar, həqiqətən də yetim olurlar. Övladları da artıq ona tənə edirdilər ki, ya gəlib onlarla yaşasın, ya da halal süd əmmiş bir qadınla  evlənsin. Amma Məmmədəli təsəvvür eləyə bilmirdi ki, Yasəmən kimi halal süd əmmişi və ona sadiq qadını  haradan tapsın? Yasəmən həqiqətən də mələk xislətli insan idi. Özü də həmişə deyirdi ki, “Allah məni səndən tez öldürsün. Yoxsa səndən sonra mənim başıma hava gələr. Dərddən, ürəyim partlayar”. Elə bil Böyük Yaradan  onu eşitdi... Altımış yaşında ürək çatışmazlığından bir göz qırpımında haqq dünyasına qovuşdu...

İl yarım idi ki, Məmmədəlinin iki təskinliyi vardı. Birinci  o, həftənin ən azı üç-dörd gününü Yasəmənin qəbrinin üstünə gedib, iki-üç saat onun xəyalı ilə söhbət edirdi. Bir də onlar ailə qurmalarının 40 illiyi münasibətilə Yasəmənin lap cavanlıq illərindən arzuladığı çox yaraşıqlı Çex istehsalı olan  bir vaza alıb gətirmişdi. Və bu vazanın üstünə toy günləri çəkilən şəkili, uşaqları ilə şəkillərini və 40 illik münasibətilə çəkilən bir şəkili həkk etdirmişdi. Yasəmən də bu vazanı dünyada ən əziz və müqəddəs hədiyyə kimi qəbul eləmişdi.

Yasəmən haqq dünyasına qovuşandan sonra Məmmədəli bu vazanı, Yasəmənlə toy günləri, uşaqları ilə  bir yerdə və  40 illik münasibətilə çəkilən şəkilləri də böyüdüb çərçivəyə saldırmışdı. Evə girəndə sağ tərəfdə divarda həmin şəkilləri asmış və onların qarşısında  balaca bir masanın üstündə həmin vazanı qoymuşdu. Vazanın içərisinə isə ayrı-ayrı rənglərdə 40 ədəd süni qızıl gül yerləşdirmişdi. Güllərin ayrı-ayrı rəngdə olması onların ağlı-qaralı, xoş və məşəqqətli keçən həyatlarının rəmzi mənasını daşıyırdı.  Ən maraqlısı isə Məmmədəli şəkillərin altından bir çərçivənin içində  ağ rəngdə parçanın  üzərinə  rəssam fırçası ilə, qarışıq rənglərlə cavanlıq illərində  müdrik bir ağssaqqaldan eşitdiyi bu sözləri yazmışdı: “Çox düşünmə, insan! Ömür üç gündür... Birinci gün ərk edirsən. İkinci gün dərk edirsən. Üçüncü gün tərk edirsən”.  Bu künc bir növ evdə ən müqəddəs yer sayılırdı. Artıq həmin şəkillər, vaza,  güllər Məmmədəlini evə daha çox bağlayırdı. Evə girən hər kəsin  nəzərləri, baxışı həmin yerdə olurdu. Ümumiyyətlə, bu evə gələn hər bir adamın gördüyü ilk yer, məhz bura olurdu. Məmmədəli evə girən kimi, başı ilə şəkilləri salamlayır və gəlib vazanın yanında  telefon üçün  divara vurulan balaca taxtanın  yanındakı stulda otururdu. Beləcə o, 40 illik ailə həyatının ağrılı-acılı illərini kino lenti kimi gözlərinin qarşısından keçirirdi. Son vaxtlar o, çox kövrək olmuşdu və tez-tez kövrəlirdi...  Hiss olunurdu ki, böyük depressiya keçirir.

Bir gün Məmmədəlinin ana əvəzi olan bacısı Mətanət ona zəng vurdu ki, rayondan onu görməyə gəlir, evdə olsun. Amma gəlişinin məqsədini demədi. Mətanətin isə məqsədi nəyin bahasına olursa-olsun Məmmədəlini evləndirmək idi. Uşaqları da bibilərinə zəng vurub, bunu ondan xahiş etmişdilər. Hamı bilirdi ki, Məmmədəli  ana əvəzi olan böyük bacısının sözündən çıxan deyil. Çünki Məmmədəlinin böyük bacısı ondan on yaş, kiçik bacısı Sevildən on iki  yaş böyük idi. Onların anaları  Bənövşə  cavan yaşında haqq dünyasına qovuşanda, Mətanət bir növ onlara analıq etmişdi. Ataları da daha ailə qurmamışdı. Mətanət öz əmisi oğlu ilə ailə qurandan sonra bir həyətdə yaşadıqlarından, əli bir növ onların üstündə olmuşdu. Ataları Məmmədhəsən 80 il yaşasa da ikinci dəfə ailə həyatı qurmamışdı. O, ikinci ailəni “yamaq” adlandırırdı.

Mətanət artıq hazırlıqlı gəlirdi. Belə ki, o,qardaşına alacaq qadın da tapmışdı. Bu qadın 55 yaşlarında olan Fəramuş xanım idi. Fəramuş Bakıda kollecdə fransız dili müəlliməsi idi. Pedaqoji elmlər namizədi dərəcəsi də vardı. Özü də çox yaraşıqlı xanım idi. Fəramuş onlarla bir kənddən idi. Hələ bir az da onlarla uzaq qohumluqları da çatırdı. O, bu il yayı kəndə gəlmişdi. Mətanət də onu kənddə bir qohumunun evində görmüşdü. Fəramuşdan xoşu gəlmişdi. Öyrənmişdi ki, subaydır. Cəmi altı ayın gəlini olub. Ərindən boşanandan sonra  ailə həyatı qurmayıb. Taleyini dərs deməyə və elmə həsr eləyib. Çox qılıqlı qadın olan Mətanət  Fəramuşla tez dil tapmışdı. Qardaşı Məmmədəlinin şəklini  ona göstərmişdi. Çox yaraşıqlı  kişi  olan, uca boylu, nazik bığ saxlayan Məmmədəli yaşından cavan görünürdü.  O, müsbət qəhrəman rolları oynayan Türk  kino aktyorlarına oxşayırdı. Saçları  qara idi. Yalnız gicgahları bir az ağarmışdı. Məmmədəli ilk baxışdan Fəramuşun xoşuna gəlmişdi.

... Bacı-qardaş çox mehriban görüşdülər. Yasəmənin ilindən sonra Mətanət qardaşı ilə gəlib görüşə bilməmişdi. Məmmədəli də bu yay rayona gedib bacıları ilə görüşməmişdi. Məmmədəli Məlahət gələnə qədər  yeməkxanadan yemək alıb gətirmişdi. Bacı-qardaş bir yerdə çörək yedilər.

-Ay qardaş, ölənlə ölmək olmaz. Allah Yasəmənə rəhmət eləsin. Yaxşı xanım idi. Səni də çox sevirdi. İndi onun dünyasını dəyişməsindən bir il yarım keçir. Sən nə vaxta qədər subay gəzəcəksən,- deyə Mətanət bir ana kimi qardaşına tənəli baxdı.

- Nə bilim... Yəqin ölənə kimi.

-Ölsün səni istəməyənlər. Yəqin Yasəmən də torpağın altında narahatdır ki, sən  il yarımdır subay gəzirsən. Onu da bilirəm ki, sən lap cavanlıqdan gözü dağınıq olmayıbsan. Bu il yarımda da yəqin ki, bir qaraltın yoxdur.

-Əlbəttə, yoxdur. Mən Yasəməni başqa qadına necə dəyişə bilərəm?!

-Axı belə sən özünü çürüdə bilərsən. Hər gün gəlib bu şəkilin qarşısında oturmaqla, özünü qəbr evinə yaxınlaşdırırsan. Eşitmişəm ki, axır vaxtlar  ürəyində də bəzi problemlər yaranıb...

-Hə. Yaranıb.

-İndi Allah eləməmiş gecə ürəyin tutdu, evdə də heç kim yox. Sonra necə olacaq?

-Həkim də onu deyir...

-Gördün? Deməli, sənə hökmən bir qulaq yoldaşı lazımdı. Mən elə bu məqsədlə bura gəlmişəm. Uşaqların da mənə yalvarıb-yaxarıblar ki, sən mənim sözümdən çıxmazsan. Bizim kənddən bir yaraşıqlı xanım var.  Bakıda kollecdə müəllimə işləyir,- deyə o, çantasından Fəramuşun şəklini çıxarıb  stolun üstünə qoydu. Bu yay kənddə idi. Çox söhbət elədik. Hətta mən onu evimizə də dəvət eləmişdim. Sənin bizim evin divarında olan şəkillərini və mənə telefonda göndərdiyin şəkilləri  ona göstərdim. Sən onun çox xoşuna gəldin.  Hədsiz mədəni, savadlı, tərbiyəli qadındır. Sən də savadlı adamsan. Deməli, sənə də özünə bab bir qadın olmalıdır. Bu qadını əldən buraxmaq olmaz. Bax, bir suyu da anamız Bənəövşəyə oxşayır.

Məmmədəli şəkilə diqqətlə baxdı. Doğrudan da Fəramuş gözəl qadın idi.

-Axı mən evlənmək istəmirəm.

-İstəyirsən ki, bir neçə aya sənin də ölüm xəbərini eşidək,-deyə Mətanət doluxsundu. Uşaqların da, biz bacıların da sənə görə çox xiffət eləyirik. Sən öləndən sonra elə biz də sənin ardınca bir neşə günə qəbirisatana gedəcəyik...

Mətanət hönkürtü ilə ağladı. Məmmədəli də doluxsundu. Bir müddət sükut yarandı. Mətanət hiss elədi ki, Məmmədəli yumşalıb.

-Mən gələndə yolda Fəramuşla danışmışam ki, sabah qardaşımla sizə gələcəyik. O da razılıq verib.

-Elə bu qaçhaçaqda sabah hökmən onlara getmək lazımdı?

-Mən də rayona qayıtmalıyam. Əmin oğlu da xəstədi. Cavanlığını gedib Rusiyada matişkələrlə keyf çəkdi, indi  qocalığı, xəstə vəziyyəti  mənim payıma düşüb... Mal-qaraya da baxmaq gəlin üçün çətindi. Bir də atalar deyib ki, bu günün işini sabaha saxlamazlar. Sabah gördün ki, səndən qoçaq biri çıxıb, Fəramuşu aldı. Sonra necə olacaq? Bu gün tərbiyəli, ağıllı  subay qadın tapmaq çox çətindi.

Beləliklə, onlar razılığa gəldilər və səhəri gün saat 12 radələrində Fəramuş gilə getdilər.  Fəramuşun yaşadığı evlə Məmmədəlinin yaşadığı evin arasında taksi ilə yarım  saatlıq yol  idi. Məmmədəli yaxşı bazarlıq eləmişdi.

Qapını Fəramuş açanda  çox yaxşı ətir iyi Mətanəti və Məmmədəlini bihuş elədi. O, çox zövqlə geyinmişdi. Əynindəki mavi rəngli paltar ona çox yaraşıq verirdi. Onun mələk siması bir andaca adamı özünə cəlb eləyirdi. Elə Məmmədəlidə də ilk baxışdan ona qarşı bir doğmalıq yarandı.

-Xoş gəlmişsiniz. Ay aman, bu nə bazarlıqdı  siz edibsiniz? Bunlar mənimçün bir ayın yeməkləridir. Vallah, evdə hər şey  var.

-Mənim qardaşım lap cavanlıqdan belədi. Hara qonaq gedibsə, belə əli dolu gedib. Bu onun şakəridi. Kəndə,  bizə gələndə də yalan olmasın bir maşın şey gətirir.

-Köhnə kişilərdəndi də,- deyə Fəramuş gülümsündü. Bu gülüş ona çox yaraşırdı. Mənim atam rəhmətlik də belə idi. Anam həmişə buna görə onunla dalaşırdı və deyirdi: “Evə də belə bazarlıq elə də”. O da zarafata salıb deyirdi: “Mən ev kişisi yox, çöl kişisəyəm”.

Bu sözlərdən hər üçü güldülər. Evə keçdilər. Fəramuşun mənzili iki otaqlı idi. Burada zövqlə təzə təmir işi görülmüşdü.

Tikinti mühəndisi ixtisaslı, yaxşı memar və rəssamlıq qabiliyyəti olan Məmmədəlinin bu təmir çox xoşuna gəldi.

-Yaxşı təmir ediblər.

-Bu təmirin iş icraçısı, memarı mən özüm olmuşam. Ustaların başı üstündə durmuşam,  demişəm onu da eləyiblər.

-Zövqünüz yaxşıdır, -deyə Məmmədəli ona baxdı.

-Məndə lap cavanlıqdan orta məxrəc yoxdur. Ya yaxşı, ya da pis. Çalışıram ki, hər işi mükəmməl görüm. Doktorluq elmi işim üç ildir hazırdır. Hələ də müdafiə eləməyə  tələsmirəm. Sizi yaman söhbətə tutdum.  Xahiş edirəm, əyləşin. Artıq  günorta yeməyinin vaxtıdır. Bir qismət çörək kəsəcəyik. Məlahət xanım da süfrəni bəzəməyə mənə köməklik eləyəcək.

-Mətbəxdən dadlı yemək iyi gəlir,-deyə Mətanət də gülümsündü.  Elə mən də acmışam.

Xanimlar mətbəxə keçdilər. Mətanət him-cimlə qardaşı  Məmmədəli haqqında Fəramuşun fikrini öyrənmək istədi. Fəramuş da öz razılığını bildirdi.

Tezliklə süfrə hazır oldu. Fəramuş bir neçə növ  yemək bişirmişdi. Hərəsindən də az-az. Onun bişirdiyi yeməklər çox dadlı idi. Məmmədəli  il yarım idi belə dadlı yeməklər yeməməişdi. Ona görə dedi:

-Açığı çox dadlı yeməklər bişiribsiniz. Xoşuma gəldi.

-Boş yerə deməyiblər ki, kişinin məhəbbəti mədəsindən keçir,-deyə Fəramuş gülümsündü.

Onlar üç-dörd saat söhbət etdilər. Bu söhbətlər  həm Məmmədəlinin və həm də Fəramuşun xoşuna gəldi. Sonda belə qərara gəldilər ki, on beş gündən sonra kiçik yığıncaq etsinlər. Çünki Məmmədəlinin oğlu və qızları da bu yığıncaqda iştirak etməliydi. Amma bu on beş gündə Məmmədəli ilə Fəramuş bir neçə dəfə görüşdülər. Bir qismət çörək kəsdilər. Maraqlı söhbət etdilər. Hətta kinofilmlərə də gedib baxdılar. Artıq aralarında yaxın münasibət  yarandı... Məmmədəli istəyirdi ki, onlar nikah qeydiyyatına gedib, qanuni ər-arvad olsunlar. Amma Fəramuş təklif etmişdi ki, nikaha getməyə tələsmək lazım deyil. Çünki o, Avropa təbiətli olduğuna görə deyirdi ki, “biz yetkin insanlarıq. Bir müddət yaşayaq və görək  bir-birimizi tam başa düşürük, ya yox, sonra gedib qeydiyyatdan keçərik”. Məmmədəli də onunla razılaşmışdı.

Beləliklə, on beş gündən sonra Məmmədəli ilə Fəramuş xanımın toyu oldu. Bu məclisə otuz nəfər ən yaxın  adamlar  dəvət olunmuşdu.

Məmmədəlinin övladlarının  Fəramuş xanım  çox  xoşlarına gəlmişdi. Eləcə də Fəramuş xanımın qohumlarının da Məmmədəli xoşlarına gəlmişdi.

Fəramuş xanım Məmmədəlinin evinə gələndə ilk günlər onun arvadı Yasəmənin şəklinin qarşısında oturmasını adi hal kimi qəbul etsə də, sonra günlər keçdikcə onda bir qısqanclıq hissləri baş qaldırırdı. Çünki Məmmədəlinin bəzən iki saat orada sakit oturub, harasa uzaqlara baxması və bəzən də kövrəlməsi artıq Fəramuşun  əsəblərinə  təsir edirdi. Hətta elə olurdu ki, Məmmədəli o yatan otağa gəlməyib, elə o biri otaqda divanın üstündə yatırdı. Bununla bağlı Fəramuş dəfələrlə Məmmədəliyə öz incikliyini bildirsə də Məmmədəli başını aşağı salıb belə  deyirdi:

 

Ardı var

 

AĞALAR  İDRİSOĞLU

 

Azad Azərbaycan.- 2022.- 17 noyabr.- S.7.